Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Səbuhi Hüseynov yazır: "Azıx mağarasında aparılan qanunsuz qazıntılar və..."

Son günlər, mənim, facebook sosial şəbəkəsində yazdığım statusa cavab olaraq Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağda son 10 ildə apardığı arxeoloji qazıntılar haqqında Kütləvi İnformasiya Vasitələrinə açıqlama verdi.  Açıqlamalarında, hətta Qarabağın arxeoloji cəhətdən ən yaxşı tətqid olunan bölgələrindən də olduğunu dilə gətirməkdən çəkinmədilər. Bundan sonra, institutun rəhbərliyi daha qabağa gedərək, mənim statusumu belə qiymətləndirdi. “Əslində belə məsuliyyətsiz, qərəzli yazıların arxeologiya elmindən xəbərsiz müəllifləri ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında apardıqları qeyri-qanuni arxeoloji qazıntıları təbliğ etməklə məşğuldurlar.”

Bu açıqlamadan da görünür ki, Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini, onun Azərbaycan xalqına gətirdikləri bəlaları, faciəni hələ də dərk etmir. Mənim, Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyinin bu sahədə aparılmayan işi və ya kağız üzərində aparılan qazıntılarına qarşı etirazım, heç bir halda erməni qazıntılarının təbliğ edilməsi kimi qiymətləndirilməməlidir. İnstitut rəhbərliyinin öz məsuliyyətini dərk etməsi üçün, mən Azıxda ermənilər tərəfindən aparılan qanunsuz qazıntıların əsl mahiyyətini, bu hadisədən xəbərsiz İnstitut rəhbərliyinin diqqətinə çatdırmağı özümə borc bilirəm.

Azıx mağarası dünyanın ən qədim insan məskənlərindən olmasını demək olar ki, Azərbaycanda bilməyən yoxdur. Qarabağın Quruçay dərəsində, yerləşən bu abidə inzibati cəhətdən Xocavənd ərazisinə düşür. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar edildi. Daha sonra 1968-ci ildə buradan tapılan və sonra elmi ədəbiyyata Azıx adamı kimi düşən çənə sümüyü bu abidəni dünyaya da tanıtdı. Hətta sovet dövründə də bütün bu sahəsinin alimlərinin diqqət mərkəzində oldu.

Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan Azıx abidəsinin yerləşdiyi ərazi də digər işğal olunmuş ərazilər kimi ermənilər tərəfindən işğal edildi.

Bundan sonra, Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə nəzarəti Ermənistan ya birbaşa öz silahlı qüvvələri ilə, ya da onun hərbi yaxud digər dəstəyi sayəsində mövcud olan separatçı rejim vasitəsilə həyata keçirməyə başladı.

Münaqişənin 12 may 1994-cü il tarixindən, yəni atəşkəs imzalanan tarixdən sonrakı dövründə artıq ermənilər öz işğallarını hər cür hiylələrlə hüququ don geyindirməyə çalışdıqları bir dövrdür. Əsas məqsədləri də yuxarıda adını çəkdiyimiz separatçı rejim olan Qondarma Dağlıq Qarabağ  rejimini bir dövlət kimi tanıtmağa çalışmalarıdır. Ermənilər separat rejimi tanıtmaq yollarından birini də məhz arxeologiyanın bu yolda istifadə edilməsində görürdülər.

Bəs ermənilər, arxeoloqları bu əraziyə necə cəlb edə bilərdilər? İş orasında idi ki, Avropa alimlərini insanlığın və canlıların Afrikadan Avropa və Asiyaya yayılma yollarının araşdırılmasında, Avropaya yayılmasında miqrasiya yolları məsələsi maraqlandırırdı. Ermənilər isə bunu çox yaxşı bilirdilər. Azıxda hələ 1968-ci ildə aşkar edilmiş alt çənə isə burada preneandertalın olduğunun təsdiq edirdi. Bu fakt artıq alimlərin də marağını bu bölgəyə artırmışdı.

Beləliklə, ermənilər qanunsuz qazıntılara başlayanda, hətta avropalı alimlər özləri maliyyəni tapmaqda canfəşanlıq göstərdilər. Ermənilər bilirdi ki, bu qazıntını aparmaq istəyən saysız hesabsız avropa alimləri var ki, bu onlar üçün böyük elmi karyera demək idi.

Məhz, bu məqsədlə, 1999-cu ildə Azıxda beynəlxalq tərkibli arxeoloji ekspedisiya və qanunsuz qazıntılara təşəbbüsü də ermənilər göstərdi.

İlk baxışdan, oxucuda belə təəssürat yarana bilər ki, Azıx mağarasında aparılan qanunsuz erməni qazıntıları onların axmaq və sırtıqlığından irəli gəlirdi və ermənilər öz qədim əcdadlarının Qarabağda izlərini tapmaq üçün bu canfəşanlığı edirdilər. Əslində isə, bu belə deyildi, ermənilər Azıx mağarasında qazıntı aparmaqla Azərbaycana qarşı çox məkrli bir plan qurmuşlar.

Qanunsuz qazıtılara ermənilər tərəfindən Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyan rəhbərlik etməli idi. Avropa ölkələrindən isə Britaniya Təbiət Tarixi Muzeyinin əməkdaşı Piter Endryus (onun əsərlərinə bu günə qədər 8813 istinad verilmişdir) bu layihənin elmi məsləhətçisi, İspaniyanın Madrid şəhərində yerləşən Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Jalvo (onun elmi əsərlərinə bu günə qədər 3128 istinad verilmişdir), Patrisiyo Dominqes və İzabella Torres, İrlandiyadan isə Con Myurri və b. oldular.

Göründüyü kimi, ermənilər avropa alimlərinin ovuna çıxdıqları zaman öz məkrli planlarına alət etmək üçün kifayət qədər tanınmış alimlər tapmışdılar.

1999-2001-ci illərdə Azıxda qanunsuz olaraq həyata keçirilən bu qazıntılara maliyyəni də Avropa fondlarından həmin bu alimlərin hesabına əldə etdilər. Bu qanunsuz qazıntılara British Airways/British Mediterranean Airways, London Universitetinin Arxeologiya İnstitutu, The Harold Hyam Wingate Trust Fondu, İspaniyanın elm və Texnologiya Nazirliyi, The Royal Society maliyyə dəstəyi ayırmışdılar.

Məqsəd nə idi? O zaman Azərbaycan mətbuatında göstərildiyi kimi, ermənilər öz qədim əcdadlarının Azıxda yaşadığını sübut etmək istədiklərini düşünmək sadəcə uşaqlıq olardı. Bəs, onda ermənilər milyon il öncələrə gedib çıxan bu mağarada nə axtarırdılar?

Məqsəd aydındır. İşğal etdikləri ərazilərdə Qondarma Dağlıq Qarabağ  rejimini heç bir ölkə tanımır. Onlar isə bu işğalı rəsmiləşdirmək uğrunda bütün vasitələrdən istifadə etməyi qarşılarına məqsəd qoymuşdular. Bu işdə ermənilər həm Ermənistan respublikası, həm erməni lobbisi və həm də erməni kilsəsinin böyük imkanlarına malik idilər. Bu yolda vasitələrdən biri isə arxeologiya elmi idi. Gün kimi aydındır ki, ermənilər Azıxdan öz təbliğat işlərində, Azərbaycana qarşı informasiya müharibəsində bir növ alət kimi istifadə etmək istəyirdilər. Əgər bu misraları oxuyan oxucu da düşünürsə, ermənilər Azıxda öz əcdadlarının qədimliyini axtrırdılar, onda deyə bilərəm ki,  bu belə deyildi. Çünki Azıx düşərgəsindən aşkar edilmiş çənə sinantrop tipli insanla neandertal adamı arasında keçid mərhələsinə aid olduğundan burada yaşayan qədim insanın heç bir millətə aidiyyət yox idi. Bunu bütün elm dünyası bilirdi.

Azərbaycan dövləti dərhal bu qanunsuz qazıntılara hər yerdə etirazlar etməyə başladı. Bütün qüvvələri səfərbər edən Azərbaycan Dövləti Avropa ölkələrində fəaliyyət göstərən səfirliklərimizin vasitəsi ilə qanunsuz qazıntıları maliyyələşdirən fondlara etriaz məktubları göndərdi. Erməninstanla Azərbaycan arasında əslində informasiya müharibəsi getdiyi bir zamanda Azərbaycan dövləti sakit qala da bilməzdi.

Azərbaycan dövlətinin rəhbərliyi ilk başdan bu qanunsuz qazıntıların məqsədindən xəbərdar idi və qabaqlayıcı tədbirlər də görürdü.

Azıx mağarası qazıntıları ermənilər tərəfindən düşünülmüş bir oyun idi. Onlar yaxşı bilirdilər ki, bura gələn xarici alimlərin sayı artıqca dünya mətbuatının da bu yerə marağı artacaq. Dünya mətbuatı isə qazıntılar və bu unikal abidə haqqında danışanda mütləq heç kim tərəfindən tanınmayan bu Qondarma Dağlıq Qarabağ  rejimi haqqında danışmalı olacaq. Elə belə də olurdu. İstənilən təqdimatlarda, istənilən reportajlarda ilk olaraq Qarabağda baş verən konflikt və bu konfliktdə “yazıq erməni xalqı”nın “azadlıq mübarizəsi” şişirdilirdi. Maraqlıdır ki, 2002-ci ildən bu yana Azıxda toplam 40-dan çox beynəlxalq ekspedisiya üzvü çalışdı. Bu tərkibin hər bir üzvü Avropanı hər il dolaşa dolaşa bütün beynəlxalq elmi konfranslarda çıxışlar etdilər. Hər çıxışda ilk sual bu oldu! Azıx harada yerləşir? Və bu zaman, artıq ermənilərin bizə qarşı təbliğatı virus kimi işləməyə başlayırdı.

2008-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bəyan etmişdi ki, Azıx mağarasında qazıntılar qanunsuzdur və “Silahlı münaqişə zamanı mədəni dəyərlərin saxlanması haqqında” Haaqa Konvensiyasına, “Arxeoloji dəyərlərin qorunması haqqında” Avropa Konvensiyası, UNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasına ziddir.

2016-cı ilin dekabr ayında, “Qolos Armeniya” qəzetinə müsahibə verən Azıxda aparılan qanunsuz qazıntıların ermənilər tərəfindən olan rəhbəri Levon Yepiskoposyan Azərbaycan dövlətinin hətta bu sahədə onlara maneə olmağı bacardığını da etiraf etmişdi. Onun sözlərinə görə, ermənilər Amerika Birləşmiş Ştatlarından Azıxda qazıntı aparmaq üçün küllü miqdarda qrant almaq istəyirmişlər. Hətta fondun birinci turundan da keçdiklərindən ermənilər artıq maliyyəni əldə edib daha böyük qazıntılar aparmaqlarına da inanmışdılar. Lakin Azərbaycan dövlətinin işə qarışması və Amerika Birləşmiş Ştatlarında yerləşən bu fondla danışıqlardan sonra qanunsuz olaraq aparılan bu qazıntıların Azərbaycanın icazəsi olmadan  həyata keçirildiyini sübut edə bilmişdi və fond ermənilərdən bu işə Azərbaycanın icazəsi olmadan qrant ayırmayacağını deyərək, Azərbaycandan icazə sənədinin onlara təqdim edilməsini tələb edir. Ermənilər Qondarma Dağlıq Qarabağ rejiminin sənədləri ilə fonda müraciət etdiyində isə bu adda bir ölkənin olmadığı onlara bildirilir və beləliklə Azərbaycan dövləti ermənilərin qanunsuz qazıntılarında əsas maliyyə yollarından birini kəsməyə müvəffəq olur.

Təəssüflər olsun ki, ermənilər daha sonra xaricdə fəaliyyət göstərən erməni lobbisinin və bu qanunsuz qazıntılara gəlməklə karyera qurmağa can atan avropa alimlərinin hesabına az da olsa maliyyə yardımlarını yenə əldə edə bilirdilər. Qanunsuz qazıntılar davam etdirilirdi. Çünki qondarma rejim də 2009-cu ildən artıq qazıntıları da maliyyələşdirirdi. Artiq uzun müddətdir ki, Azıxda qanunsuz qazıntılar aparılır. Hətta Qanunsuz qzıntının rəhbəri Levon Yepiskopsyan bu yaxınlarda öz mətbuatlarına müsahibə verərək, onu da bildirdi ki, bu ildən gələn xaricilərin adlarını gizli saxlayacayıq.

Beləliklə, Qanunsuz qazıntılardan sonra, Azıx mağarası haqqında müxtəlif mediya nəhəngləri reportajlar, məlumatlar verməyə başladılar. Avropanın ixtisaslaşmış mətbuat orqanlarında məqalələr yazılmağa başladı. Bütün dünya bu unikal abidəni müzakirə edərkən hər zaman orda “yazıq erməni xalqı”nın “azadlıq mübarizəsi”ni dilə gətirirdi və dırnaq arası “azadlıq” nəticəsində onların tanınması məslələrinə qədər diskusiyalar gedib çıxırdı.

Hətta erməni mətbuatına müsahibələrinin birində ermənilər tərəfindən Beynəlxalq ekspedisiyanın rəhbəri Yepiskoposyan Azıx qazıntılarından danışarkən onun Qondarma Dağlıq Qarabağ rejimi üçün çox böyük önəm daşıdığını dilə gətirdi. Onun sözlərinə görə, Azıx mağarasında qazıntılar getdiyi təqdirdə dünya onun yerləşdiyi yer və orada yaşayan ermənilərin tanınmamış dövləti haqqında məlumat alacaqlar və əgər qazıntıya rəsmi sənədləri burada olan dövlət veribsə, xarici dövlətlər icazə verən ölkənin sənədlərini tanıyaraq zaman zaman həmin ölkəni də tanımağa məcbur olacaq. Bu idi erməni kələyi... Lakin Azərbaycan tərəfi bu qanunsuz icazə sənədlərinin tanınmamasına müvəffəq olmuşdu.

Azərbaycan dövləti bütün iri tədbirlərdə bu qanunsuz qazıntının yol verilməz olduğunu dünyaya çatdırırdı. Məsələn, Avropa Şurasında bu məsələ dilə gətirildi.

Həmin vaxt isə, bizim alimlər yerli mətbuatlarımızda çıxış edərək Azıxda ermənilərin əcdadının olmaması haqqında arqument gətirməyə başladılar. Hətta bəzi internet saytlarında bu mağarada yaşayan qədim insanların Azərbaycanlıların əcdadları olmasını söyləməkdən belə çəkinmədilər. Həmişəki kimi, erməninin Azərbaycan qarşı antitəbliğat maşını iş başında idi. Ən azı aydın məsələ idi ki, preneandertal olan Azıx adamı müasir insandan heç birinin əcdadı ola bilməzdi. Bu insan tipi çoxdan yox olmuşdur. Biz müasir insanların əcdadlarına heç bir aidiyyəti yoxdur.

Bu qazıntılar 2002-ci ildən 2016-ci ilə kimi Ermənistanın Azərbaycana qarşı anti təbliğat maşınına və dolayısı ilə Qondarma Dağlıq Qarabağ rejiminin dünyaya mesajlarını çatdırmağa xidmət edirdi. Nəhayət, 2015 –ci ildə beynəlxalq ekspedisiyanın üzvlərindən biri müsahibə verərək bildirdi ki, Azıx qazıntıları haqqında yekun bir kitab-toplu da çap olunacaq. Kitabdan çox hesabat xarakterli toplu. Hesabat “Azokh Cave and the Transcaucasian Corridor – 2016” adlanacaqdı. 2015 ci ildə mənim Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi şurasında bu qazıntı barədə çıxışım da olmuşdu. Çəxəşəmda mən belə bir toplunun hazırlandığı haqqında bizim arxeoloqlara da məlumat vermişdim. Bu mətbuatda da, o zaman çıxışım haqqında məlumatlar getmişdi. Təəssüf ki, həmişə kimi, bizim institut yenə əhəmiyyət vermədi bu məsələlərə.

2015-ci ildə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının elə ilk iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Avropa Şurası Nazirlər Komitəsinin sədrinə Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinin daha bir təhlükəli aspektinə - mədəni irsimizin oğurlanması siyasətinə toxunaraq belə bir sualla müraciət etdi: “Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinin fəsadları yalnız ərazilərin zəbt edilməsi ilə bitmir. Bu təcavüz genişmiqyaslı, çoxistiqamətli xarakter daşıyır. İşğal altındakı Füzuli şəhərinin yaxınlığında yerləşən, 700 min il əvvələ aid olan, Avropa insanının ilk yaşayış məskənlərindən sayılan Azıx mağarası dünyanın nadir mədəni sərvətlərindəndir. Erməni işğalçıları bir müddət buranı silah anbarına, müəyyən dövrdə isə əsgərlərin silahatma məşqləri keçirildiyi yerə çeviriblər. İndi isə Ermənistan xarici alimləri də cəlb etməklə burada qanunsuz arxeoloji qazıntılar aparır, Azərbaycana məxsus olan bu qədim sərvəti özününküləşdirmək, yalnız indiki əraziləri deyil, tarixi də mənimsəmək üçün təxribatçı fəaliyyətlərlə məşğuldur. Nazirlər Komitəsi ona məxsus səlahiyyətlər çərçivəsində xarici şirkətləri və alimləri cəlb etməklə Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazisində, Azıx mağarasında apardığı həmin qeyri-qanuni arxeoloji araşdırmaların dayandırılması üçün hansı addımlar ata bilər?”

Suala cavab verərkən Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Qrnadak bildirib ki, qaldırılan problemi çox vacib hesab edir və öz ölkəsinin nümunəsində bunun nə qədər həssas, siyasi və tarixi əhəmiyyətli olduğunu yaxşı anlayır. Buna oxşar problemlərlə bağlı öz ölkəsinin parlamenti və hökuməti səviyyəsində dəfələrlə müzakirələr keçirildiyini qeyd edən nazir təəssüfünü ifadə edib ki, Avropa Şurası Nazirlər Komitəsində hələ bu məsələyə baxılmayıb. İ.Qrnadak mədəni və tarixi irsin mənimsənilməsinin, belə qanunsuz arxeoloji tədqiqatların yolverilməz olduğunu söyləyərək üzv ölkələrin hər birinin beynəlxalq konvensiyalara əməl etməyə borclu olduğunu vurğuladı.

Sonra İqor Qrnadak 2015-ci ildə Nyu-Yorkda iki ölkənin xarici işlər nazirlərinin görüşündə Azıx mağarası ilə bağlı Ermənistanın xarici alimləri cəlb etməklə apardığı qanunsuz arxeoloji araşdırmaların da həmin danışıqlarda yer almasının məqsədəuyğunluğu üzərində dayanaraq sualdan bir təhər yayınmışdı.

Beləliklə, kitab Springer nəşriyyatı tərəfindən çapa hazırlanmalı idi. Kitabın hazırlanmasında 20-dən çox Avropa Universiteti iştirak edəcəkdi. Bu artıq mənim aləmimdə, erməni təbliğatının Azıxdan istifadəsinin kluminasiya nöqtəsi idi. Niyə məhs Springer? Springerin nə olduğunu nəzərdən keçirək.

Springer Science Business Media 1842-ci ildə əsası qoyularaq bu günə qədər baş ofisi Lyuksemburq şəhərində olmaqla fəaliyyət göstərir. Bu gün bu şirkətin yer kürəsinin müxtəlif yerlərində 70-dən çox şirkəti və 5000-dən çox işçisi fəaliyyət göstərməkdədir. Təkcə 2005-ci ilə olan məlumatdan belə aydın olur ki, Springer akademik kitab və məqalələrin satışından 838 milyon yevro əldə etmişdir. Niyə, məhz, bu şirkəti erməni anti təbliğat maşını seçmişdir? İş orasındadır ki, Springer bu gün dünyanın ikinci iri akademik bazası olmaqla yanaşı, yalnız Elseiver adlı bazadan geri qalırdı. Yer kürəsinin ən güclü alimlərinin məqalələri məhz bu bazada çıxdıqdan sonra dünyada şöhrət qazanır, hər alimin məqalələri bu bazaya düşə də bilmir. Onu da deyim ki, hələ ki, Azərbaycan arxeoloqlarından heç kimin bu bazada bir dənə də olsun Qarabağla bağlı nə məqaləsi, nə də kitabına rast gəlinmir. Bu olduqca çətin tələbləri olan və elmi yanaşma tələb edən bir bazadır.

Ermənilərin də məqsədi elə bu idi. Ən güclü bazalarda qanunsuz apardıqları Azıx mağarasının qazıntılarının da yer alması və bundan sonra dünya alimlərinin bu məqalələrə istinadlar verməsinə şərait yaratmaq!!! Bundan sonra iş virus kimi davam etməli idi. Dünya alimləri sözsüz ki, öz elmi məqaləsi üzərində işləyərkən ilk insan məskənləri haqqında danışmalı və bu zaman istinad etdiyi bu kitabda yer alan Azıxdan danışarkən, orda erməni və avropalı alimlərindən danışmalı, Azıxın yerləşdiyi yer və onların tanınmamış ərazisi haqqında məlumat verməli idi.

Məkrli planları işə yaramışdı! Springer onların təklifini qəbul edərək kitab hazır olunmamışdan bir neçə ay əvvəl öz elektron sistemində ilkin satışlara belə getmişdi.

“Azokh Cave and the Transcaucasian Corridor – 2016” toplunu xarici alimlərlə sona çatdırıb Springer bazasından satışa buraxdılar. Artıq satışdadı. Bu gün olan məlumata görə, artıq yer kürəsinin müxtəlif yerlərindən qədim dövr üzrə mütəxəsisləri tərəfindən Azokh Cave and the Transcaucasian Corridor - 2016 adlı bu toplu alınmaqdadır.

Toplunun elektron versiyası 83,29 EURO, hardcover yəni kitab formasında olan versiyası isə 106,95 evroya satılır. Bu günə, bu kitabı 2520 alim artıq almışdır və Azıxda aparılan qanunsuz qazıntılar və onların elmi məqaləsinə 103 istinad verilmişdir.

Elmdə istinad verilməsi ən vacib faktorlardan biridir və bu verilən istinadlar da əslində çox mürəkkəb bir elmi alqoritmlə hesablanmaqdadır. İstinadlar artıq hər il artaraq davam edəcək və Azərbaycana qarşı erməni təbliğat maşını hər gün virus kimi bax belə işləyir. Bu  məqalə üzərində işləyəndə, Qarabağda aparılan qanunsuz qazıntılarda iştirakşı olmuşavropa alimlərinin məqalələrini nəzərdən keçirdim. Məqalələr ingilis dilində olmaqla bu gün www.Researchgate.net ünvaninda yerləşdirilir. Hər bir məqaləyə verilən istinadlara baxanda görünür ki, ermənilərin Azərbaycana qarşı antitəbliğat proqramı məhz elə buna hesablanmışdı. Əksər məqalələrin axirinda ya əvvəlində Qarabağda gedən bu qanunsuz qazintilarda iştirak edən alimlər ilk öncə, onlara yaradilan şəraitə görə Qondarma Dağlıq Qarabağ  rejiminə öz təşəkkürlərini bildirirlər. Daha sonra orada həmin bu rejim tərəfindən yaradılmış Artsax Dövlət Universitetinə təşəkkürlərini bildirirlər. Bu artıq arxeologiya elmindən Azərbaycan dövlətinə qarşı istifadə etmək metodlarından hələ biri idi.

2016-cı ilin noyabrında Azərbaycan XİN Azıx mağarasında tədqiqatlar aparan arxeoloqlar qrupunu “qara siyahı”ya daxil edib.

Azərbaycan Baş Prokurorluğu erməni silahlı birləşmələrinin nəzarətində olan Dağlıq Qarabağdakı Azıx mağarasında tədqiqatlar aparan Ermənistanın Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskoposyan, İspaniyanın Milli Təbiət Elmi Muzeyinin tədqiqatçısı Yolanda Fernandes Xalvo (Yolanda Fernandez-Jalvo), Böyük Britaniyanın Blanford Muzeyinin “Azox layihəsi”nin direktoru Tanya Kinq və Londonda Təbiət Tarixi Muzeyinin elmi işçisi Piter Endryusun 2002-ci ildən etibarən işğal edilmiş ərazilərimizdə yerləşən Azıx mağarasında arxeoloji qazıntı işlərini həyata keçirmələrinə, İspaniyanın Milli Təbiət Muzeyi və həmin ölkənin Elm və Texnologiya Nazirliyi, Böyük Britaniyanın Qaluay Universiteti, “Armenian General Benevolent Union”un London filialının qazıntı işlərinə maliyyə və digər dəstək vermələrinə əsaslı şübhələr müəyyən edildiyindən Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrilə onların barəsində cinayət işi qaldırdı və interpol xətti ilə axtarışa da verdi. Yenə erməni məkri işləyərək interpol tərəfindən bu alimlər üçün axtarış dayandırıldı.

Azərbaycan dövləti, Qarabağda qanunsuz qazıntıların aparılmasına başlandığı tarixdən, erməni hiyləsini anlamışdı. Məhz, bu baxımdan istənilən beynəlxalq tədbirlərdə dövlət nümayəndələri qanunsuz qazıntılara öz etirazlarını yüksək kürsülərdən Avropaya çatdırırdılar. Hətta 2008-ci ildən Azıxda aparılan qanunsuz qazıntılara maliyyənin Avropa fondlarından kəsilməsinin səbəbi iqtisadi böhran yox, məhz Azərbaycan dövlətinin erməni antitəbliğat maşınına qarşı informasiya müharibəsində cavabı idi. Artıq Azərbaycan dövlətinin narazılıqlarından ehtiyat edən fondlar ermənilərdən bir başa Azərbaycandan icazə sənədini də tələb etməyə başlamışdılar. Bu yolda Azərbaycan dövləti və rəsmiləri dəfələrlə, informasiya müharibəsində mübarizəni davam etdirir.

Göründüyü kimi, Azıx qazıntıları bir arxeoloji qazıntı olmaqdan çoxdan çıxmışdır və əsas məqsəd Azərbaycana qarşı antitəbliğat vasitəsi rolunu oynamışdır. Təəsüflə qeyd etməliyəm ki, bu gün də bu antitəbliğat maşını öz işini görməkdədir.

Bəs, bir başa AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun bu antitəbliğat maşınına qarşı hansı mübarizəni göstərdiyinə baxaq. İnstitutun Qarabağda arxeoloji qazıntıları ilə bağlı son günlərin açıqlamasından belə aydın olur ki, son 10 ildə Neolit və Eneolit və tunc dövrünə aid arxeoloji qazıntılarla məşğul olduğunu iddia edir. Hərçənd bu qazıntıların da ayrıca nəzərdən keçirilməsinə böyük ehtiyac var. Yaxın vaxtlarda bununla da bağlı araşdırma aparacağam. Qarabağla bağlı son 10 ildə bir neçə Beynəlxalq Konfrans keçirdiyini yazır. Sual oluna bilər ki, məsələn keçən ilin noyabr ayında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən keçirilən “Qarabağın Arxeoloji İrsi” Beynəlxalq Konfransı Qarabağ üçün hansı yeni elmi yeniliklərlə yadda qaldı, xarici ölkələrdən dəvət olunan alimlər kimlər idi və onlar Qarabağla bağlı hansı yenilikləri bu konfransda təqdim etdilər.  Hərçənd bu elmi konfransda iki müştərək məqalə də elə mənim idi. Mən bu məqaləni hazırlayarkən, xüsusilə həmin konfransın materiallarını nəzərdən keçirdim. Azıxa həsr olunmuş bir neçə məqalənin heç birində ermənilərin qanunsuz qazıntılarından bir kəlmə belə yazılmır. Ola bilsin ki, çıxışlarda bu mövzuya toxunulur, amma aydın məsələdir ki, konfrans materiallarında da etiraz edilməsi lazım idi. Ümumiyyətlə, konfrans materiallarını nəzərdən keçirəndə belə bir təəssürat yaranır ki, Qarabağda bu gün erməni işğalı sadəcə yoxdur.  Nəhayət, bu konfransın əsas məqsədlərindən biri ermənilərin Qarabağda qanunsuz qazıntılarına qarşı birgə bəyanatın qəbul edilməsi və etiraz məktubunun bir sıra Avropa alimlərinin çalışdığı institutlara göndərilməsi ilə düzgün olmazdımı? Təkcə Azıxda aparılan qanunsuz qazıntılarda 45-dən çox  Avropa və Amerikadan olan alimlər iştirak etmişdir. Siz nə edirsiniz? Kağız üzərində bir elmi konfransa quş qoymaq! “Qarabağın Arxeoloji İrsi” Beynəlxalq Konfransına Arxeologiya və Etnoqrafiya İnstitutunun dəvət etdiyi alimlərə baxsaq bu qonaq alimlər cəmi 4 ölkədən olmuşdu. İrandan 2 nəfər, Rusiyadan 2 nəfər, Ukraynadan 1 nəfər. Bu adamların heç biri öz məqaləsində və ya tezisində Azərbaycanın Qarabağla bağlı yarasına toxunmurlar. Qarabağla bağlı bir kəlmə də danışmırlar. Cənablar və xanımlar, gedin impakt faktorlu jurnallarda xarici alimlərin Azıx haqqında çıxardığı məqalələrə baxın. Misal üçün birini sizə deməyi özümə borc bilirəm. Bir vaxtlar hətta Azərbaycan gələrək hansısa yollarla, institutun fondunda olan Azıx materialları ilə tanış olmuş və daha sonra ermənilərə qoşulmuş bir alim Jan Van der Made (İspaniya), paleobilologiya üzrə mütəxəssislərdən biridir. O özünün Azıxla bağlı məqaləsində hətta Qarabağda olan qondarma rejimə öz təşəkkürünü belə yazmağı unutmur. Bizə dəvət edilən alimlərin Qarabağ haqqında nəsə deməsi qəbahət idimi? Və ya Qarabağa yaxından uzaqdan heç bir əlaqəsi olmayan iki üç alim çağırıb, Qarabağın Arxeoloji irsi adlı konfrans keçirib nə etməyinizi düşünmüşdünüz ki?

Cənablar və xanımlar ermənilərin qanunsuz qazıntılarına, Qarabağın işğalına qarşı mübarizəni beləmi aparmalı idiniz?

Tək Azıx mövzusunda bu institut gənc kadrlar hazırlayıbmı?

Bundan başqa, qanunsuz erməni qazıntılarında iştirak edən alimlərin də iştirak etdiyi beynəlxalq elmi konfranslara Arxeologiya və Etnoqrafiya İnstitutunun da alimlərini ezam etmək olmazdımı?  Etirazlar oralarda da aparıla bilməzdimi?

Qarabağda qanunsuz arxeoloji qazıntılarda iştirak edən xarici alimlərimlərin çalışdığı müəssisələrə etiraz məktubları göndərmək olmazdımı?

Azıxda aparılan qanunsuz qazıntıların toplusu çap olunarkən bir elmi institut kimi Springerə də etiraz məktubu ilə müraciət etmək olmazdımı?

Azıxla bağlı yeni elmi araşdırmaları impakt faktorlu jurnallarda, Springer və digər iri nəşriyyatlarda çapına çalışmaq olmazdımı? Bunu ki, separat rejiminin nümayəndələri bacarmışdı.

Bütün yuxarıda dediklərimi həyata keçirmək üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 5 fevral 2008-ci il və 26 aprel 2012-ci il tarixli sərəncamlar Azərbaycanın maddi-mədəniyyətinin, o cümlədən Qarabağın arxeoloji irsinin öyrənilməsində yeni imkanlar yaratmışdır. Sadəcə İnstitutun rəhbərliyi bu imkanlardan yararlanaraq ermənilərə qarşı düzgün işlər aparmalı idi və Qarabağda aparılan qazıntıları gücləndirməli idi. Bütün elmi vasitələrlə, Azıxda qanunsuz qazıntılarda iştirak edən avropa alimlərinin iştirak etdiyi beynəlxalq konfranslarda öz əməkdaşlarını vaxtaşırı ezam etməli idi. Erməni arqumentlərinə cavabları yerində verməli idi. Azərbaycanda təşkil etdiyi Beynəlxalq Elmi Konfranslarında Arxeologiyada sözü keçən Avropa alimlərini çağırmalı idi, onlara qanunsuz qazıntılar barədə bütün məlumatları verməli idi. Onların da öz ölkələrində yolunu azmış və Azıxda qanunsuz qazıntılar aparan alimlərinə təsir etmələrinə şərait yaratmalı idi. Bu yolda ölkəmizin apardığı mübarizəyə qoşulmalı idi. İmpakt faktorlu jurnallarda bu qazıntıların qanunsuz olaraq aparılması ilə başlanan elmi məqalələr yazılmasına dəstək olmalı idi. Təəssüf ki, bu sadaladıqlarımın heç biri edilmədi.

Sizin işləməyiniz üçün dövlətimiz tərəfindən hər cür şərait yaradıldığı halda, bəs onda, cənablar və xanımlar SİZƏ MANE OLAN NƏ İDİ?

Son olaraq, onu demək istəyirəm ki, ermənilərin növbəti oyunu Ağdamın işğal olunmuş hissəsində, Şahbulaq adlı yerdə apardığı qanunsuz “Tiqranakert” adlı arxeoloji qazıntıları olacaq. Artıq yavaş yavaş xarici alimləri də bu qazıntılara cəlb etməyə başlayıblar. Bir daha ermənilərin arxeologiya vasitəsi ilə bizə qarşı antitəbliğat oyunu apara bilməməsi üçün nə etməli olduğunuzu düşünün! Çünki bu qazıntıda erməni oyunu daha böyükdür.

 






27 Mart, 2018  15:38 Baxılıb: 2438 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner