Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

Namiq Qurban yazır: "Süpürgəçi ana və işıq dirəyində unudulmuş bayram gülü…"

Bu il gözəl təsadüf oldu. 8 mart beynəlxalq qadınlar gününün səhəri Xanım Fatimeyi-Zəhra(s.ə)-nın mübarək mövludunu qeyd etdik. Sosial medyadan tutmuş şəhər küçələrində müxtəlif təşkilat və qurumların keçirdiyi “gül hədiyyəsi” flaşmoblarına kimi hər şey bir daha  qadına rəğbəti, ehtiramı gündəmə gətirdi.

Qadına hörmət və sevgi bir cəmiyyət üçün xoşbəxtlik meyarıdır.Axı bütün cəmiyyət qadın rəhmində formalaşır.Demək, qadını xoşbəxt olan cəmiyyət də xoşbəxt olur.

Bir-birinə qovuşmuş iki bayram coşqusunu hamı  kimi mən də yaşadım.  Amma bu bayram xatirəmdə çox təzadlı bir hadisəylə qaldı. Dərhal yazsam da nəşrini bir az gecikdirdim. Əziz bayramların xoş ovqatına nisgil qatmaq istəmədim.

***

Dostumun ofisi var. Allah işini avand eləsin, hər cür şərait yaradıb və mən də bir çox işlərimi ordaca yoluna qoyuram. Bayramdan əvvəlki gün idi. Ofisin qarşısında dayanıb siqaretimi yandırdım. Təxminən 50 m aralıda bir xanım küçə süpürürdü. Əynindəki fosfor rəngli gödəkçəsindən jek işçisi olduğu anlaşılırdı.Yaşmağı üzünün yarısını örtsə də gözlərinin kənarındakı və alnındakı qırışlardan yaşının  65-70 olduğu sezilirdi. Doğrusu  aramızdakı məsafəyə və gözlərimin zəifləməsinə rəğmən süpürgəçi anamıza diqqət kəsildim.Yaşlı analarımızın küçə süpürməsinə heç zaman biganə olmamışam. Hətta belə mənzərələr məni yaman incidir. Doğulandan gülüş payı əsirgənmiş kimi üzündə təbəssümdən kiçik nişanə belə yox idi. Özlüyümdə onun kefsizliyinə bəraət də qazandırdım. Zavallı ana hansı gününə sevinsin ki? Nəvələrini ətəyinə yığıb ocağının başında əyləşməli olduğu bir yaşda niyə küçə süpürsün ki? Dərd birdir, ikidir ki? Nə isə…

Başını aşağı salıb bir az da utanırmış kimi sakitcə işiylə məşğul idi. Mənsə fikirlərimlə süpürgəçi ananın bütün həyatını təftiş edirdim. Beynimdə doğan saysız-hesabsız  suallara cavab tapmağa o qədər aludə oldum ki,əlimdəki siqaretin yanıb bitməyindən, hətta biixtiyar ikincisini yandırmağımdan belə xəbərim olmayıb. Görəsən, bu yaşda onu işləməyə vadar edən nədir? Övladları varmı? Bəlkə hansısa doğması xəstədir və pula-paraya ehtiyacı var? Bəlkə banka borcu var filan? Axı hansısa dərdi üçün və ya işsiz-gücsüz övladlarını dolandırmaq üçün ahıl yaşında canını oda-közə yaxan, çörək sexlərində gecə növbəsində xəmir yoğuran, kiminsə evini təmizləyən, paltarlarını yuyan, hətta dayəlik edən nə qədər analar tanıyıram. Bura Azərbaycandır. Son nəfəsinə qədər  valideyn öz kölgəsini övladının üzərindən çəkmir.

Elə bu andaca qəfil xarici, fəqət markası elə də məşhur olmayan bir avtomobil ananın tuşunda dayandı. İçindən  gənc bir oğlan və hicablı bir qız düşdü. Qız əlindəki  qızılgülü anaya uzatdı, üstəlik doğması kimi sarılıb hər iki üzündən öpdü. Ana isə əyin-başının çirkli olacağından çəkinirmiş  kimi  “ boooy, sizə qurvan olum,bu nənə qurvan olsun sizə,çox sağ olun, ay qızım, üst-başını bulaşdırdım”deyib hey minnətdarlıq edirdi. Ananın bayaqkı durğun ovqatı dəyişmişdi.Yaşmağını açmışdı. Üzü də, gözləri də gülürdü.İlahi, nə gözəl yaraşır ana çöhrəsinə gülüş! Hicablı qız isə sanki dogma anasıtək ona sarılıb buraxmadı. Bağrına qısılıb o üzündən-bu üzündən öpür və dualar edirdi. Hələ selfi filan da çəkdirdilər.

Mənzərə mənim də əhvalıma sirayət etmişdi. O  qədər sevindim ki. Həmişə deyirəm, dinindən, milliyətindən, sosial kimliyindən asılı olmayaraq hər bir ananın sevinci  hamının sevinci, kədəri isə hamının kədəridir.Elə bilirəm ki, bir ana gülsə, bütün dünya güləcək, yox, əgər ağlasa, dünyanın sevinməyə haqqı yox. Hələ bu cür dəyərsevər gənclərimizi demirəm. Adamın ürəyi dağa dönür.Zənnim məni yanıltmırsa, gənclər hansısa dini təşkilatı təmsil edirdilər və Xanım Fatimeyi-Zəhra(s.ə)-nın  mövludu ilə əlaqədar belə bir tədbir keçirirdilər.

Beləcə bir neçə dəqiqəlik söhbətdən sonra  gənclər sağollaşıb  maşına əyləşib  getdilər. Gözümü süpürgəçi anadan əsla çəkmirəm. Bir ana sevincini kənardan seyr etməyin ləzzəti  də tamam başqaymış. Yaman sevinmişdi. Nəsə axtarırmış kimi ora-bura boylandı. Deyəsən,əlindəki gülü qoymağa yer axtarırdı. Nəhayət,süpürgəsini söykədiyi işıq dirəyində balaca bir dəlik tapıb gülü ora sancdı. Öz-özümə düşünürəm ki, gör ha, onu bu qədər xoşbəxt edən biricik gülə nə qədər dəyər verir. Onu yanındakı otu təzəcə göyərmiş qazona qoymadı. Yəni yerə qoymadı və dirəkdən asdı. Sonra kənara çəkilib bir xeyli gülə tamaşa elədi. Xeyli əzizlədi  gülünü. Əli ilə yarpaqlarını sığalladı, əzilməsin deyə gövdəsini düzəltdi. Daha sonra  ləçəkləri bulaşmasın deyə gülün toxunduğu dəmir dirəyin paslı hissəsini əli ilə sildi. Nə bilim, vallah… Bir qadın, bir ana qəlbini sevindirmək nə qədər asanmış…

Sonra süpürgəsini əlinə alıb öz işinə davam etdi. Süpürə-süpürə bir gözü elə hey güldəydi. Hər dəfə gülə nəzər salanda  üzündə ömür illərinin iz saldığı qırışları açılır və  gözlərində təbəssüm parlayırdı.

Siqaretimin sonuncu qullabını ciyərimə çəkib kötüyü zibil qutusuna atdım. Ofisə içəri keçmək istəyirdim ki, arxamda, küçədə tükürpədici əyləc səsinə diksinıb baxdım. Ağ rəngli Prado markalı bir cip maşını  ananın dəngində, amma küçənin o biri səmtində qəfil dayandı. Ayaq saxladım. Düşündüm ki, yəqin hansısa vətəndaşımızdır, yolda  ananı görüb bayramlıq vermək istəyib. Rəhmətlik atamı da xatırladım bu arada. O da belə edərdi. Həmişə rastlaşanda binamızı süpürən xanımın cibinə pul qoyardı. Sükanın arxasında  qara  paltolu, qara kepkalı, bir sözlə səliqəli geyinmiş və cüssəli bir kişi əyləşmişdi. Yaşı hardasa 60-65 civarında olardı.

Ana onu görcək işini saxladı. Təşvişə düşməsini tələskənliyi biruzə verirdi. Süpürgəni güllə şərəflənmiş  dirəyə söykəyib maşına tərəf tələsdi. “ Bəlkə əridir?” deyə düşündüm. Ədalı kişi heç maşından düşmədi də. Eləcə, qadının yaxınlaşdığı tərəfdə şüşəni aşağı saldı. Hər iki əlini önündə yellədərək odlu-alovlu tərzdə nəsə dedi. Dedi sözü çox yumşaq oldu. Əslində, əməlli-başlı püskürdü. Ana dillənmək istədi. Amma kişi macal vermədi. Aralıdan səsini duymasam da kişinin nəyəsə bərk qəzəbləndiyini təxmin etmək olurdu. Nə baş verirdi? Maraq məni gəmirirdi. Ana başını aşağı salmışdı, üzündəki bayaqkı sevinc bir andaca tar-mar olmuşdu. Nigaran  gözləri üzünün qırışları arasında sanki yox oldu. Könülsüz halda kişini axıradək dinlədi. Deyəsən, kişi də hikkəsini qusub bitirmişdi. Şüşəni qaldırdı və əsla yaşına yaraşmayan tərzdə  nəhəng cipini yerindən prokrutkayla hərəkətə gətirib ordan uzaqlaşdı. Yaşına bax, papanın gül balasıtək ərköyün şıltaqlığına bax, deyə təəccüb içində küçə boyunca sürətlə şütüyən cipin ardınca baxa-baxa qaldım.

Ana yaman pərişan olmuşdu. İncimiş uşaqtək əlləri yanında, başı aşağı halda yerində karıxıb  qalmışdı. Handan hana ağır addımlarla küçəni adlayıb bayaqkı yerinə qayıtdı. Süpürgəsinin, xəkəndazının, zibil vedrəsinin və dirəyə sancdığı bayram gülünün yanına.İki əliylə süpürgəsinin ağacına söykəndi.Yaman pərt olmuşdu. Kədərli baxışlarını ətrafında gəzdirib yenidən qarşısındakı zibil vedrəsinə zillədi. Deyəsən, gülü də yadından çıxmışdı.

Ürəyim dağ oldu. Dayanammadım. Yelli-yelli özümü anaya yetirdim:

- Anacan, nooldu sənə? Kim idi bu kişi? Nə işi vardı səninlə?

Başını qaldırdı. Mənim bu quru dəstək sözlərim üstünə çökmüş kədəri dağıda bilməsə də cavabı ləngitmədi:

- A bala, jekin müdiridir.

Göz-gözə gəldik.Deyəsən, baş verənləri gördüyümü və heç nəyi gizlədə bilməyəcəyini anlamışdı. Ananın dərdi açıldı:

- Elə məni məcbur edir ki, küçəni ta o başdan  bu başa qədər süpürüm. Ora mənim yerim döy kü. Bu küçəyə 2-3 süpürgəçi baxır. Ştata götürüf pulunu bu yeyir, amma məni də süpürməyə məcbur edir.

Qəhər yaman boğmuşdu. Danışarkən çənəsi əsirdi. Gözündən yanağına süzülən ağır göz yaşını sağ əlinin arxa tərəfi ilə sildi. Özümü demirəm. Bilən bilir, gözümün yaşı ovcumdadır. Eləcə haya bəndəm.

Aramızdakı bir neçə anlıq sükutu yenə mən pozdum:

-Kaş məni çağırardın onunla özüm danışardım.

-Yox, ay bala, qurvan olum,onun qanajağı-məyrifəti olsaydı, heç olma bu bayram günlərində mən biçareyi ajılamazdı.Neynəh, a bala,qoy, çalıf çafsın, hələki dövran onundur. Amma unutmasın ki,  bu dünyanın Saahıbı (Sahibi) var. Bir gün əkdiyini elə özünə də biçdirəjəhlər- dedi.

Deyəsən, bir xeyli toxtamışdı da.

-Anacan, səni and verirəm Allaha, süpürmə. Gəlib bir söz desə, bax, mən burdayam, onunla  özüm danışacam.

-Yox, nənə qurvan,  onsuz da süpürməyəjəm. Bu boyda küçeyi süpürməyə güjümmü var?

Qoy, neynir, eləsin. Canım azarrıdı, a bala.Təzyiq bir yannan, şəkər də bir yannan canımı əridif sökür.Dərmənimin birini alanda beşini alammıram.Sinəmdəki nəfəslərimi sayıram.Heş kimin başqasının dərdinnən xavarı olmaz.Bu yaşımda xoş günümə işləmirəm ki. 5 baş ailəyə baxıram.Oğlum çörək dalınca Sivirin soyux çöllərində qalıf. Güjüm çatanı süpürəjəm.Çox baş qoşma bunlara, nənə qurvan sənə. Bə bilmirsənmi, arxalı köpək qurd basar.

Yerimdə donub qalmışam.

Elə ananın da əli işdən yaman soyumuşdu. Səkinin dibində qalaqladığı zibili tələm-tələsik vedrəyə doldurub çıxıb getdi. Küçənin o başında, ta ki gözdən itənə qədər ardınca baxdım. Birdən gözüm dirəkdəki gülə sataşdı. Bayaqdan əzizlədiyi gülünü götürməyi də unutmuşdu. Düşündüm ki, yəqin əlindəki avadanlığı iş yerinə təhvil verib evə yollananda  burdan keçəcək və gülünü də götürəcək.

Ofisə qayıtdım. Bayram günlərində şahidi olduğum təzadlı olay ovqatımı  yaman pozmuşdu. Süpürgəçi anaya bir güllə dünya boyda sevinc bəxş edən gənclər də, o sevinci bir andaca yerlə yeksan edən harınlamış jek müdiri də gözlərimin önündən çəkilmirdi.Pərt olmuş və yaşmağının altında sakitcə giley-güzar edən ana isə o gün və ömürlük yaddaşıma həkk olan acı xatirəm oldu.

***

Ofisə bir də iki gündən sonra gəldim.Yolumu qəsdən  küçənin həmin səmtindən saldım. Süpürgəçi ananı bəlkə görərəm deyə. Görmədim.

Bayram gülü isə dirəkdəcə qalmışdı. Bayram günlərində  əsən küləklər gövdəsini yola doğru əymişdi.

Sanki onu unutmuş sahibinin yoluna  boylanırdı…

 

 





Aliexpress INT
14 Mart, 2018  12:29 Baxılıb: 1373 Çap

Bu bölmədə


XƏBƏR LENTİ












17 Aprel, 2018  10:49






13 Aprel, 2018  09:44

11 Aprel, 2018  21:41




10 Aprel, 2018  18:19


9 Aprel, 2018  11:21




6 Aprel, 2018  09:50








31 Mart, 2018  10:54









28 Mart, 2018  10:07

27 Mart, 2018  16:05