Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məhəmmədəli Qəribli: "Jurnalistika yalnız maaş verilən iş yeri deyil"

Azinforum.az saytının təsisçisi və baş redaktoru Məhəmmədəli Qəriblinin 1905.az saytına müsahibəsi.

– Məhəmmədəli müəllim, sanki bir çox ciddi mövzular mediada arxa planda qalıb. Ciddi mövzuları avansəhnəyə gətirmək üçün media quruluşlarının rəhbərləri nə edə bilərlər?

– Həqiqi jurnalistika ilə məşğul olan, onun təəssübünü çəkən, fəaliyyəti məhz bununla bağlı olan hər bir kəsi bu sual çox düşündürür. Amma buna bir qədər kompleks yanaşmaq lazımdır. Yaşımız elədir ki, sovet dövrü mediası ilə indiki media arasında müqayisə apara bilirik. Görürük ki, bu iki dövr mediası arasında kəskin fərq mövcuddur. Məsələn, gəlin biz kriminal mövzunu götürək. Adama elə gəlir ki, əvvəllər bu qədər kriminal hadisələr baş vermirdi. Əlbəttə, indi əhalinin sayı artıb, şəhərlər inkişaf edib, müvafiq olaraq kriminal hadisələr də çoxalıb. Sovet dövründə də kriminal hadisələr baş verirdi, amma Azərbaycan mətbuatı nəzarət altında olduğundan, xəbərlər süzgəcdən keçirilib və mediaya daşınmayıb. Qeyri-ciddi mövzuların mediada bu qədər geniş yayılmasını şərtləndirən əsas səbəblərdən biri, vətəndaş jurnalistikasının geniş inkişaf etməsi ilə bağlıdır. Bu gün texniki vəsait və sosial şəbəkələr az qala hər kəsə jurnalist fəaliyyəti ilə məşğul olmaq imkanı verir. Balaca bir xəbər və şəkil böyük bir məzmundan xəbər verə bilər. Və əsl jurnalistika üçün xammal rolu oynayar. Son 5 il ərzində görünür ki, vətəndaşların bu işə meyli artıb. Tutaq ki, bir nəfər damdan özünü atmaq istəyir, jurnalistlər xəbər tutana kimi bu barədə xəbər, foto və video artıq sosial şəbəkələrdə yayılır. Hətta elə olur ki, jurnalistlər həmin xəbəri vətəndaşın Facebook profilindən, bloqundan və Youtube kanalından götürüb, yayırlar. Bu gün xəbər saytlarının bolluğudur, hətta ifrat dərəcədə çoxalıb. Amma saytların ixtisaslaşmasında problem var. Məsələn, əvvəllər ictimai-siyasi, hüquq qəzetləri olurdu. İndi isə hər kəs hər şeydən yazır. Siyasi ağırlıqlı xəbər saytları, bizim lazımsız saydığımız xəbərləri verməyəndə, həmin sayta giriş sayı kəskin surətdə aşağı düşür və rəqabətdə uduzur. Qəzetdə çərçivə var. Mən ilk gündən qəzet jurnalistikası ilə məşğulam və bilirəm ki, 16 səhifəlik qəzetdə hansı mövzuya neçə səhifə veriləcək. İstəsək də, əhəmiyyətli mövzunu kənara qoyub, qeyri-əhəmiyyətlini sala bilmirik. Saytlarda isə belə “baryer”lər yoxdur.

– Yaxşı qeyd etdiniz ki, qəzetdə ənənəvi bölgü var. Rəsmi xəbərlər, ictimai-siyasi, iqtisadi, mədəni, idman və hava haqqında xəbərlər bir-birinin ardınca gəlir. Kriminal xəbər də olsun, şou-biznes xəbərləri də, amma axı ciddi mövzulr çox az işıqlandırılır.

– Təəssüf ki, mediaya təsadüfən gələnlərin sayı çoxdur. Mediaya tramplin kimi baxanlar da var. Yaxud bütün bu əziyyətlərə qatlaşıb qalanlar da var. Məncə, Azərbaycan jurnalistikasının çiçəklənmə dövrü 1990-cı illərə təsadüf edir. Əvvəlki entuziazm indiki jurnalistlərdə yoxdur. Hərçənd indiki jurnalistlərin əvvəlkilərlə müqayisədə əmək haqları da çoxdur, texniki imkanları da genişdir. İndiki jurnalistlərin həvəsləri yoxdur. Düşünürəm ki, onları redaktorlar stimullaşdırmalıdır. Üstəlik kadr qıtlığı da var. Bütün ürəyimizdən keçənləri edə bilmirik. Amma imkanları geniş, kadrları çox olan media quruluşları, təsisatları da bəzən bunları etmir. Dediyiniz çatışmamazlıqları görə mən daha çox həmin saytları qınayıram. Bu baxımdan məsuliyyət də həmin saytı yönədən jurnalistlərin üzərinə düşür. Dediyiniz kimi, bu gün biz mediada ciddi yazıların, araşdırmaların və hətta reportajların qıtlığını müşahidə edirik.

– Ənənəvi olaraq auditoriya da  günahlandırılır.  Məsələn, hansısa redaktor deəy bilər ki, qanuni oğrularla bağlı yazdıqları yazını 50 min nəfər, ciddi yazını isə təqribən 500 nəfər oxuyur. Üstəlik ciddi yazıların yazılmasına çeşidli tabular da mane olur.

–  Mən bununla bağlı bir məsələyə toxunmaq istəyirəm. Mən fəal Facebook istifadəçisiyəm. Hər gün də müəyyən şərhlər yazıram və bölüşürəm. Bir gün tanıdığım bloger yazdı ki, məndən müsahibə götürmək istəyir. Mövzunu öyrəndim, cavab verdi ki, mənim   Facebook fəaliyyətimlə maraqlanır. Deməli, müsahibəni çəkir və öz Youtube kanalında yerləşdirir. Gəldi, oturduq, söhbət etdik. Qoca-Fədayə Laçın olayları həmin dövrdə aktual idi. Müxtəlif suallardan sonra, dedi ki, Qocanın qatardan qaçması ilə bağlı mənim statusumu oxuyub. Mən  yazmışdım ki, onun qaçmasında “konvoy”ların da rolu olub. Bundan sonra rəsmi versiya elan olundu və mənim statusumda qeyd olunanlarla üst-üstə düşdü.  Bizim müsahibəmizin çox az hissəsi bununla bağlı idi. Həmin şəxs gedib məhz müsahibənin bu hissəsini Youtube-da yerləşdirmişdi və az bir zaman ərzində 175 min nəfər izləmişdi. İndi isə baxış sayı lap çoxdur. Müsahibənin qalan hissəsi ilə bağlı soruşanda isə dedi ki, onu hissə-hissə verəcək. Hələ ki, o biri hissələrdən xəbər yoxdur. Deməli, oxucu ancaq bu cür xəbərləri gözləyir. Yəqin elə bilir ki, jurnalist Məhəmmədəli Qəriblinin ictimai-siyasi hadisələrə reaksiyası bu qədər maraqla qarşılanmayacaq. İndi sualınıza qayıtmaq istəyirəm. İnternetə giriş məhdudiyyəti yoxdur. Qəzeti isə daha çox yaşlı və orta yaşlı təbəqə alır. Sayt oxucuları isə hiss olunur ki, ciddi xəbərlərə, yazılara meyil göstərmirlər. Amma bu o demək deyil ki, bizim media məhz həmin şəxslərin ardınca getməlidir.

– Əslində isə media məhz “sensasiyalı” xəbər dalınca gedir. Amma audotoriyanı günahlandıranda şərti olaraq “ciddi mövzu” adlandıra biləcəyimiz mövzularda da oxumaq istəyən adamların mövcudluğunu unutmamalıyıq.

–  Bilirsiniz ki, çox vaxt Qərb mediası ilə rus mediasını müqayisə edirlər. Qərb mediasında xəbər jurnalistikası, operativ jurnalistika daha çox inkişaf edib, Rusiyada isə analitik jurnalistika. Bu gün heç Qərb mediasında da analizlərə çox rast gəlinmir. Türk mətbuatı da Qərb jurnalistikasının təsiri altındadır. Araşdırma jurnalistikası isə Rusiyada indi də çox güclüdür. Bu gün çoxları şikayət edirlər ki, qəzetlər oxunmur, satılmır. Sizi inandırıram ki, elə mövzular var ki, qəzetlər onlardan yazsalar, qəzeti əl-əl axtararlar.

–  Belə qənaətə gələ bilərikmi ki, ciddi, düşünməyə meyilli və nəticə çıxara biləcək oxucuları maraqlandıran materiallan olmaması səbəbləri aşağıdakılardır: jurnalistlərin peşə hazırlığının aşağı düşməsi, auditoriyanın “zövqü”, nəhayət, tabuların mövcudluğu. Bu tabular haqqında nə demək olar? Jurnalistlər bəzən iddia edirlər ki, onlar elə bir yazı yazıbmışlar, amma redaktor onun dərcinə imkan verməyib.

– Bu gün jurnalistlər üçün unikal imkanlar yaranıb. Hətta redaktorun buraxmadığı yazıları da Fasebook-da dərc edə bilərlər. Mən məsələn, bu gün balaca bir status yazdım, ümumi götürsək, bəlkə də 100 min dəfədən artıq oxunub. Halbuki mən bu statusu bir anons kimi vermişdim. Anons material kimi oxunub və ona maraq artıb. Düzdür, həm keçmişdə, həm də indi jurnalistlər bilirlər ki, bəzi məsələlər barəsində yazmaq o qədər də məqsədəuyğun deyil. Amma bəzi şəxslərin yazılan yazılara münasibəti, dözümsüzlüyü də anlaşılan deyil. İnsan ilk növbədə öz səhvini etiraf etməlidir. Sən səhv edəcəksənsə, jurnalist də bunu yazacaq. Hər halda tabular yazmamaq üçün əsas deyil.

–  Gəlin bir qədər də özünüsenzuradan danışaq. Mən tabulardan qaynaqlanan özünüsenzuranı nəzərdə tutmuram. Bəzi insanlar üçün media sadəcə olaraq iş yeridir.

– Jurnalistika yalnız maaş verilən iş yeri deyil. Jurnalistdə bir qədər həvəs də olmalıdır. Dünyanın çox yerində heç jurnalistika bir sənət kimi tədris olunmur. Azərbaycanın da praktikasında görürük ki, bir çox media qurumlarının rəhbərləri, tanınmış jurnalistlər heç jurnalistika fakültəsini bitirməyiblər. Bu bir yaradıcılıq sahəsidir. Amma dediyiniz kimi, özünüsenzura da mövcuddur. Mental dəyərlər bəzi mövzuların üstündən keçməyi şərtləndirir. Bir çox mövzular da var ki, onların işlənilməsi cəsarət tələb edir. Bu gün jurnalistika ilə bağlı bir çox layihələr icra olunur. Lakin tutaq ki, elə sahələr var ki, jurnalistlərin çoxu onu bilmir. Mən də daxil olmaqla bir çox jurnalistlər çəkilişlər aparır, amma onun montajını edə bilmirlər. Olmazdımı ki, jurnalistlər üçün bu video-montaj işini öyrədən bir neçə aylıq kurslar təşkil olunaydı? Bu işi bacarsaydım, kameranı götürüb, ən riskli yerlərdə belə çəkilişlər aparardım. İşi öyrənəndən sonra onu hətta əlimiz çatan texnikalarda da icra etmək olardı. Jurnalistikada nəsə etmək istəyən yetərincə həvəsli insanlar var. Bilirsiniz, biz oxucunu hansısa materialı oxumağa məcbur edə bilmərik. Yaxud oxucu nəyisə yazmağı jurnalistdən tələb edə bilməz. Bununla belə deyə bilərəm ki, ciddi jurnalistika, ciddi yazılar həmişə yadda qalır. Elə bunu öz üzərimdə də hiss etmişəm. Neçə illər sonra kimsə yadına salır ki, mənim hansısa yazımı filan vaxt oxuyubmuş. Bu göstərir ki, oxucu qiyməti düzgün qiymətdir. Yazdığın gözəl yazı, ciddi araşdırma həmişə ünvanına çatır.

Mən dövlətin mediaya qayğısından da danışmaq istərdim. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu KİV-lərə maddi yardım ayırır. Mövzulara və ayrılan məbləğə baxanda aydın olur ki, bir yazıya kifayət qədər vəsait düşür. Dövlət vəsait ayırıb, mövzular müəyyənləşdirilib: Azərbaycanda milli-mənəvi dəyərlərin təbliği, gənc nəsildə vətənpərvərlik hisslərinin təbliği, Azərbaycançılıq ideologiyasının təbliği, reket mediasının qarşısının alınması, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətləri və s. Baxırsan ki, mövzular yetərincə ciddidir. Mövzuları necə və hansı istiqamətdə işləmək isə redaksiyaların öz seçimindən asılıdır. Bu baxımdan redaksiyaların üzərinə böyük yük düşür.

–  İndi də Sizin öz karyeranızdan danışaq. Media yolunuz, mərhələlər və planlarınız barəsində.

–  Böyük mütəfəkkirlərdən birinin sözüdür: “Arzularınızı qısaldın ki, bəlkə xoşbəxt olasınız”. Dəfələrlə görmüşəm ki, dərindən düşündüklərim heç vaxt baş vermir. Amma bu hədəflərimizin olmaması anlamına gəlmir. Heç olmasa yarımstrateji hədəflərimiz olmalıdır. Mən universitetdə oxuduğum vaxtlarda jurnalistikaya başlamışam. Müxtəlif qəzetlərdə çalışmışam. Artıq 7 ildir ki, “Bakı-xəbər” qəzetində işləyirəm. 2013-cü ildən isə azinforum.az saytını da təsis etmişik. Çox məhdud imkanlar çərçivəsində saytı yaşatmağa və dirçəltməyə çalışırıq. Tam bizi qane etməsə də, bu gün özünə müəyyən yer tutub, layihələr həyata keçiririk, yazdıqlarımıza ciddi reaksiyaların olduğunu görürük. Sosial problemlərlə bağlı qaldırdığımız məslələr həllini tapır, informasiyalarımız daha yaşlı, daha imkanlı saytlar tərəfindən tirajlanır. Bu, bizi sevindirir, amma hələlik təbii ki, tam qane etmir. Hədəflərimiz böyükdür.






15 Dekabr, 2017  10:39 Baxılıb: 1536 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ

16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














sagbanner