Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərləri bəyanat qəbul ediblər

Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşünün yekunu üzrə birgə bəyanat qəbul ediblər. Trend-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə brifinqdə deyib.

Bəyanatda qeyd olunur ki, 26 may 2014-cü il tarixində Bakı, 29 yanvar 2015-ci il tarixində Aşqabad və 28 avqust 2015-ci il tarixində Antalya şəhərində keçirilmiş xarici işlər nazirlərinin üçtərəfli görüşlərində qəbul olunmuş birgə bəyanatlara sadiqliklərini təsdiqləyərək, “2015-2017-ci illər üçün Azərbaycan-Türkmənistan-Türkiyə əməkdaşlığının Çərçivə Proqram”ının həyata keçirilməsi üzrə birgə səylərin vacibliyini qeyd etdilər.

Nazirlər qarşılıqlı şəkildə dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlərini və qətiyyətli dəstəklərini bir daha təsdiqləyib, bu kontekstdə münaqişələrin qısa zamanda suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə riayət əsasında həllinin zəruriliyini qeyd ediblər.

XİN rəhbərləri Azərbaycan, Türkiyə və Türkmənistanın Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlığı Təşkilatı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və digər müvafiq regional və beynəlxalq təşkilatlarda, həmçinin Asiyanın Ürəyi-İstanbul Prosesi kimi arenalarda və qarşılıqlı fəaliyyətin vacibliyini qeyd edib; terrorçuluq, separatizm, ekstremizm və ayrı-seçkiliyin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və onların prekursorlarının və silahların qanunsuz dövriyyəsi, insan alveri, mədəni və tarixi irs əleyhinə cinayətlər, kibercinayətlər və qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Onlar 5 iyun 2014-cü il tarixində Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə görüşü zamanı baş tutmuş Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin üçtərəfli görüşünün yüksək əhəmiyyətini xüsusi olaraq qeyd edib və dövlət başçılarının Türkmənistanda keçirilməsi nəzərdə tutulan birinci üçtərəfli zirvə görüşünün əhəmiyyətini vurğulayıblar.

Həmçinin üçtərəfli iqtisadi əməkdaşlığın, habelə üç ölkə arasında iqtisadi tərəfdaşlığın müqavilə-hüquq bazasının gücləndirilməsinin vacibliyini qeyd edib; iqtisadi-ticari əməkdaşlığı gücləndirmək, sərmayə və ticarətin təşviq edilməsi üçün mövcud potensialdan istifadə etmək, həmçinin gömrük, enerji, nəqliyyat, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət, turizm və ətraf mühit sahələrində birgə layihə və proqramların həyata keçirilməsi yolu ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək verəcəklərinə, eləcə də dövlət başçılarının Türkmənistanda keçiriləcək üçtərəfli zirvə görüşü zamanı Azərbaycan-Türkiyə-Türkmənistan biznes-forumunun keçirilməsi imkanlarının nəzərdən keçiriləcəyinə dair razılığa gəliblər.

Nazirlər hər üç ölkənin kiçik və orta sahibkarlıq müəssisələri arasında mövcud əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini, nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması istiqamətində yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar; bu kontekstdə bu ölkələri birləşdirən nəqliyyat-tranzit dəhlizlərinə dair geniş spektrli məsələlərin müzakirə olunduğu üç ölkənin nəqliyyat nazirlərinin 1 sentyabr 2016-cı il tarixlərində Aşqabad şəhərində keçirilmiş birinci görüşünün əhəmiyyətini qeyd ediblər; Xəzər dənizindən keçməklə Türkmənistanı Azərbaycanla birləşdirən və Türkiyə vasitəsilə (Bakı-Tbilisi-Qars dəmir yolu) Avropaya çıxışı olan Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivlərini müzakirə ediblər və üç ölkənin Böyük İpək Yolunun bərpasına yönəlmiş səylərinə mühüm töhfə verəcəyini vurğulayıblar; Xəzər dənizi hövzəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq Limanının Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi üzərində mühüm nəqliyyat logistika qovşağına, eyni zamanda Avropa və Asiyanı birləşdirən geniş beynəlxalq logistika şəbəkəsinin bir hissəsinə çevriləcəyini və bununla da tarixi İpək Yolunun yenidən canlanmasına xüsusi töhfə verəcəyini qeyd ediblər.

XİN rəhbərləri Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsinin əhəmiyyətini vurğulayaraq, sözügedən dəhlizə zəruri dəstəyin davam etdiriləcəyini bəyan ediblər.

Onlar regionda rəqəmsal informasiya cəmiyyətinin qurulması üçün ölkələr arasında informasiya (internet) infrastrukturunun yaradılması vasitəsilə davamlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan, habelə Avropa və Asiya arasında telekommunikasiya tranziti yollarının diversifikasiyası və təkmillədşirilməsinə dəstək olan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin Trans Xəzər hissəsinin önəmliliyini yüksək qiymətləndirərək, tərəflər dövlət və özəl sektorunun iştirakını həvəsləndirməklə layihəyə dəstək olacaqları barədə razılığa gəliblər.

Enerji sahəsində əməkdaşlığın inkişafının vacibliyini nəzərə alaraq, Azərbaycan və Türkmənistan təbii qazının Azərbaycan və Türkiyə vasitəsilə Avropa və digər beynəlxalq bazarlara ötürülməsinin xüsusi əhəmiyyətini qeyd ediblər; təhsil, elm, mədəniyyət və digər humanitar sahələrdə Azərbaycan, türk və türkmən xalqlarının ümumi mədəniyyət, dil və tarixi irsinə əsaslanan əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.

Nazirlər türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığın səmərəliliyinin daha da artırılması məqsədilə adıçəkilən dövlətlərin rəhbərlərinin zirvə görüşlərinin və ikitərəfli, həmçinin çoxtərəfli təmaslarının vacibliyini, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd ediblər və hər üç dövlət üçün ümumi maraq kəsb edən məsələlər üzrə qarşılıqlı dəstəyin verilməsinin vacibliyini vurğulayıblar.

Onlar Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi ili" elan edilməsini və bu kontekstdə İslam mədəniyyəti və mənəvi dəyərlərinin bütün dünyada təşviqinə mühüm töhfə kimi Bakıda yüksək səviyyədə təşkil olunmuş IV İslam Həmrəylik Oyunlarının əhəmiyyətini qeyd ediblər; 2017-ci ilin sentyabr ayında Aşqabadda keçiriləcək 5-ci Asiya Qapalı və Döyüş Növləri Oyunlarının uğurlu təşkilinə dəstəklərini ifadə ediblər.

XİN rəhbərləri Türkmənistanda keçiriləcək Zirvə görüşü zamanı imzalanması nəzərdə tutulan enerji, nəqliyyat, iqtisadiyyat, ticarət, gömrük, elm, təhsil və mədəniyyət sahələrində saziş layihələri ilə bağlı əldə edilmiş irəliləyişi vurğulayıblar, siyasi dialoq, qlobal və regional məsələlər üzrə əməkdaşlıq və əlaqələndirmənin gələcəkdə də davam etdirilməsi məqsədilə hazırkı üçtərəfli formatda mütəmadi görüşlərin keçirilməsinin vacibliyini qeyd ediblər.

E.Məmmədyarov, Mövlud Çavuşoğlu və Rəşid Meredov növbəti üçtərəfli görüşün Türkmənistanda keçirilməsinə dair razılığa gəliblər. Görüşün tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.






19 İyul, 2017  14:28 Baxılıb: 1417 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner