Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

"İraq gündəliyi" - QƏNİRƏ PAŞAYEVA YAZIR

(Qənirə Paşayeva “İraq gündəliyi”, 6-cı yazı)

İraqda savaşın ən qızğın çağlarıydı… Artıq paytaxt Bağdad özü mühasirədə idi və Səddam Hüseynin bu savaşı uduzduğu açıq görünürdü. Bir çox generalları, yaxınları belə onu satmışdı... ABŞ-ın yaratdığı koalisiya gücləri Bağdada daxil olmağa başlamışdı. Səddam Hüseyn haradadır? - sualı bütün jurnalistlər kimi məni də, elə hər kəsi maraqlandıran bir məsələ idi. Səddam Hüseynçün sonun gəldiyi aydın görünürdü…

***

Fatimə…

Onunla İraq televiziyası yaxınlığından bağlandığım canlı yayım sonrası tanış olmuşduq. Diqqətlə mənə baxırdı. Sanki başa düşmədiyi bir dildən nələrisə anlamağa çalışırdı. Canlı yayım sonrası, təxminən 15 dəqiqədir bir qıraqdan diqqətlə məni dinləyən bu qadına yaxınlaşdım. Tərcüməçiyə “soruş gör niyə belə diqqətlə dinləyir, ona nə lazımdır?” dedim. “Bizə doğru xəbər vermirlər, əslində nə baş verir onu öyrənmək üçün gəlmişəm. Xarici jurnalistlər daha doğrusunu söylər...” dedi. Ona son xəbərləri söylədim. Üzündə qayğılı bir ifadə vardı amma dediyim üzücü xəbərlər deyəsən ona o qədər də təsir etməmişdi. Fürsətdən yararlanıb, “Mənə axşam xəbərləri üçün sadə İraqlılarla müsahibə lazımdı. Sizinlə müsahibə edə bilərmmi?” deyə soruşdum. “Olar” dedi ürəklə. Onunla müsahibəyə başlayanda üzündəki qırışlara baxdım. O qədər yaşlı deyildi amma yaşadığı əzabın dərinliyini anladan qat-qat qırışlar qalaqlanmışdı üzündə sanki... Ölkəsində savaş gedirdi amma o çox da üzüntülü, kədərli görünmürdü elə bil... Səbəbini soruşanda iki əllini də göyə qaldırıb: “gec oldu amma sonunda Allah dualarımı eşitdi, inşallah bizə yaşatdıqlarını yaşamadan ölməyəcək!..” dedi..

- Kim?

- Səddam… O zalım!..

- Səddam Hüseyndən niyə bu qədər nifrət edirsiz? Nifrətiniz ölkənizin taleyi ilə bağlı düşünməyə imkan verməyəcək qədərmi böyükdür?

Tərcüməçi sualı çevirdiyində üzündə bir neçə saniyədə fərqli məna daşıyan o qədər ifadə keçdi, indi də xatırlayanda ürpəşirəm. – Qəzəb, iztehsa, üsyan..!

- O zalım və adamları mənim bütün ailəmi məhv etdi. Çox gənc yaşlarımdan bu günə qədər hər gün qorxu içində yaşadım. Sən qorxu nədir bilirsənmi?

- Əlbəttə, bilirəm, mən də bir insanam…

- Yox, sən mən yaşadığım qorxunun nə olduğunu bilmirsən. Elə bir vəziyyətə gəlirsən ki, hər kəsdən, hər şeydən qorxursan: Gələcəkdən, keçmişdən, düşünməkdən və insanlara təkrar güvənməkdən qorxursan... qorxursan. Mən 20 ildən çoxdur, bu qorxu ilə yaşayıram. İndi anladınmı mənim içimdə nifrətdən də daha ağır bir şeylər var..? Tək güvəncim İlahi ədalət idi, indi onu görməyə başlayıram və siz məndən illərlə gözlədiyim bu anda “nədən özünü üzüntülü hiss etmirsən?” deyə soruşursan…

- Yanlış anlama məni, Vətəniniz üçün də ağır günlərdir, ona görə bunu söylədim və sual etdim…

- Sən heç yalnız qalmaqdan qorxdunmu? – Yapayalnız… İnsanlar sizinlə dostluq etmək istəməz, sizdən uzaq gəzər, vəbalı bir xəstə kimi hiss edərsən özünü… Yapayalnız! Mən çox qorxuram ondan… Çünki yaşadım. Evin divarlarının üstümə gəlməsini, nəfəs ala bilməməyi, sanki indicə öləcəkmiş kimi nəfəs alamamağı… Qışqırmaq istəyirsən amma səsin çıxmır. Az qalır ürəyin partlasın. Evində qışqırmaqdan belə qorxursan… Hələ onsuz da hayına gələn olmayacağını da bilirsənsə, iş tamamdır…

Sonra dəhşətli bir üsyan başlayar içində… Bütün qəlbin, ruhun üsyan edər… Yaradanın varlığını belə sorğulayarsan o anlarda. “Hardasan? Nədən görmürsən? Hardadır sənin ədalətin?!” deyə… “Niyə? Niyə mən?” deyə suallarına cavab almaq istərsən amma ala bilməzsən… bilməzsən.

Danışdıqca üzündəki cizgilərdən sanki ağrı yayılırdı ətrafa. O ağlamırdı amma mənim gözlərim dolmuşdu, özümü güclə saxlayırdım…

- Bax, sən ağlaya bilirsən amma mənim ağlamaqdan gözdamarlarım da quruyub. Gözlərim ağlamır amma səndən fərqli olaraq mənim içim ağlayır… Sən bilirsənmi insanın içi necə ağlayır… Ağlamağın göstəricisi sadəcə gözyaşı deyil… Ən ağırı içinin ağlamasıdır…

- Bu qədər acı çəkdirmələrinin səbəbi nə idi axı?

- Heç nə… Yaxın qohumlarımız arasında Səddamın sevmədiyi, rəqib, düşmən hesab etdiyi adamlar vardı. Biz illərlə sadəcə onlarla qohum olmanın acısını çəkdik. Kimsi öldürüldü, kimisi qaçıb qürbətdə qaldı, kimisi də bizim kimi ölkə içərisində əzablarla yaşamağa məhkum oldu. İnsanları qohumlarına görə bir ömür əzab və qorxu altında yaşatmaq ədalətdəndimi?! Soruşuram səndən. Bizə acımadılar. Mən də acımayacam… Bunu məndən heç kəs gözləyə bilməz… İndi özünü “buranın Allahı” sayıb, hökmdar da, ədalət də hamısı mənəm deyən ədalət qarşısında cavab verəcək və mənim içimdəki illərlə gəzdirdiyim ağırı bir az da olsa sakitləşəcək. İllərlə gözlədiyin günün yaxınlaşdığını hiss etmək! – bu çox qəribə hissdir. Sən məni anlamazsan, jurnalist. Əgər zamanın varsa, otur, sənə geniş danışım ailəmin taleyini, ondan sonra nə istəyirsən gedib onu da yazarsan… Amma ən sonda mənim dediyim cümlə ilə bitir, lütfən. – Yaz ki: bunu yaşamayan anlaya bilməz bizi…

- Tamam, oldu – dedim və o mənə təxminən 2 saat içində ailəsinin yaşadığı zülmləri, həbsləri, əzabları, qorxuları anlatdı… Onu başa düşməyimi istəyirdi… Hətta israr edirdi. Sanki illərlə içərisində gəzdirdiyi acılar israrla “bizi anlayın” deyirdi… “Nəhayət anlayın bizi!” deyə üsyan edirdi…

- Sənin əlindən nəyini alsam məni heç zaman bağışlamazsan, jurnalist?

- İndi dəqiq deyə bilmərəm, xanım… niyə soruşursuz?..

- Mənim əlimdən gəncliyim alındı, yaşamaq istədiyim arzularım, xəyallarım alındı əlimdən… İndi sən mənə bunu edənin ədalət qarşısında cavab verməsinə niyə sevinirsən? deyirsən, eləmi?

- Xeyr, xeyr, mən belə bir şey söyləmədim… Hər kəs haqq etdiyi cəzanı almalıdır, əlbət. Sadəcə ölkəniz bir cəhənnəmə çevrilir bunu söyləmək istədim…

- Biz onsuz da cəhənnəmdə yaşamışıq neçə illər… Bundan daha betər cəhənnəm olmayacaq ki!

- Təki hər şey yaxşı olsun. Biz də burada yaşayan insanlarçün bunu diləyirik.

- İndi sən mənim hekayəmi yazacaqsan, göstərəcəksən televizorda, eləmi?..

- Hə, əgər sən razısansa, sənin həyatını, İraqın bir başqa üzünü də anlatmaq istəyərdim…

- O zaman yazarsan ki, insanların hər zaman itirməyə bir şey(lər)i olmalıdır. Nə olursa olsun insana hər zaman itirmək üçün bir şey(lər) buraxmaq lazımdır. Dünyada itirməyə heç bir şeyi olmayan insandan qorxmaq lazımdır…

- Sizə nə söyləyəcəyimi bilmirəm… Üzgünəm… Həm də çox..!

- Sən məndən qorxma, jurnalist. Çünki mənim itirməyə bir şeyim qalıb hələ...

- Nə..?

- Ümid!.. İlahi ədalətə ümid..! Şükr ki, o qalıb hələ…






19 Aprel, 2017  09:58 Baxılıb: 2602 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner