Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

PORTRET - Hökümə Qurbanova

Dosye: Hökümə Abbasəli qızı Qurbanova 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində doğulub. 1931-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirib. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasının fortepiano sinfində təhsil alıb. Hələ konservatoriyada oxuduğu illərdə Hökümə xanımın aktrisalıq istedadı Cəfər Cabbarlının diqqətindən yayınmır və onun təşəbbüsü ilə gələcəyin məşhur aktrisası bu yolda ilk addımını atır – "Almaz" filmində Yaxşı rolunu ifa edir. Beləliklə həm şəxsiyyəti, həm də zəngin yaradıcılığı ilə yaddaşlara həkk olunacaq aktrisa ilk imtahandan uğurla keçir və həyatını səhnəyə bağlayır. O, 1938-ci ildən ömrünün sonunadək Dram Teatrda çalışır. Hökümə xanım, ifa etdiyi bir neçə epizodik rolu nəzərə alınmazsa, bütün fəaliyyəti ərzində daim əsas rolların ifaçısı olur. 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1960-cı ildə xalq artisti, 1965-ci ildə isə SSRİ xalq artisti fəxri adlarına layiq görülüb.

Hökümə Qurbanova iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1988-ci il noyabr ayının 2-də Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.

Hökümə xanımın qəlbində sənətə bağlılıq və sevgi hələ uşaq yaşlarında ailədəki mühitin təsirindən yaranmışdı. Anası Malikat xanım böyük bəstəkar Müslüm Maqomayevin bacısı idi. Müslüm Maqomayevin evində yaşayan bu ailə incəsənət vurğunu idi. Günlərin birində Hökümə xanım dayısı ilə bərabər ilk dəfə teatra gedir və  "Leyli və Məcnun" tamaşasına baxır. Tamaşa ona çox güclü təsir edir. Uzun müddət bu təsirdən qurtula bilmir. Bu barədə Hökümə xanım öz xatirələrində yazır: "Operaya ayaq açandan sonra, o biri tamaşalara da baxmışam: "Əsli və Kərəm", "Şah İsmayıl", "Aşıq Qərib", "Arşın mal alan".  Bəzilərinə də təkrar-təkrar heyran kəsilərdim. "Leyli və Məcnun"u o vaxt, yalan olmasın, 4-5 dəfə dinləmişəm. Hüseynqulu Sarabskinin özünü Məcnun rolunda görmüşəm. Onun mağaradan çıxışını və səhrada "Şahnaz" üstə oxuduğu qəzəli xatırlayanda həmişə gözlərim yaşarır”.

Nəhayət o, sənət seçimini edir, həyat yolunu teatra bağlayır. Bu bağlılığı möhkəmləndirən ikinci vacib şərt isə onun dahi sənətkar Ələsgər Ələkbərovla ailə həyatı qurması olur. Lakin sənətdə onun yüksəlişinə böyük təkan verən ailə xöşbəxtliyi uzun sürmür, ayrılırlar. Şəxsi həyatındakı  uğursuzluqdan irəli gələn mənəvi əzab və sarsıntılar Hökümə xanımın yaratdığı lirik-psixoloji və faciəvi obrazları daha da canlı edir. Bir müddət sonra aktrisa ikinci dəfə ailə həyatı qurur. Onun teatrın baş rəssamı Nüsrət Fətullayevlə evliliyi 25 ilə yaxın davam edir. Bu nikahdan aktrisanın bir qız övladı dünyaya gəlir. Və bu qız – Vəfa Fətullayeva, anasının yolunu davam etdirir. Yaddaqalan obrazları ilə Azərbaycan teatr tarixinə öz adını yazır. Lakin 42 yaşında dünyasını dəyişir. Övlad itkisinin gətirdiyi sarsıntı, vurduğu zərbə çox güclü olur. Aktrisa xəstələnir, həyatla ölüm arasında mübarizə aparır...

Hökümə Qurbanovanın Azərbaycan səhnəsində yaratdığı rollardan hər biri yaradıcılıq məktəbinə çevrilir. İllər keçsə də, aktrisanın oynadığı obrazlar yaddaşlardan silinmir. O, gözəl səsi, musiqi duyumu və  əvəzolunmaz ifası ilə elə bitkin bir obraz yaradır ki... Məhz bu istedadı nəticəsində lirik-psixoloji, komik və faciəvi rolları eyni dərəcədə yüksək məharətlə oynayır. Əslində, rolu yaratmır, yaşayırdı... Elə buna görə də, onun adı Azərbaycan teatr tarixində silinməz iz qoyan korifey sənətkarlar sırasında çəkilir.

Hökümə Qurbanovanın Dövlət Dram Teatrında ilk rolu "Vaqif" tamaşasında (1939-cu il) gürcü qızı Tamara olub. Bu tamaşada rolun mətni cəmi 8 misralıq monoloqdan ibarət idi. Lakin rejissorlar tezliklə mürəkkəb xarakterli rolları məhz ona etibar edirlər. Rollarının böyük əksəriyyətini rejissor Ədil İsgəndərovla birlikdə yaradan Hökümə Qurbanova verdiyi müsahibələrin birində deyirdi: "Xasiyyətindəki sərtliyə baxmayaraq Adil İsgəndərovla işləmək asan idi. Onu yarı sözündən, hətta bəzən sözsüz də başa düşmək olurdu. Adil İsgəndərov qurduğu səhnənin məğzini yaxşı duyduğu üçün məşq vaxtı ifaçı əhvalında olurdu. O, təbii mizanları xoşlayırdı. Onun fikirlərini davranışından, baxışından, mimikasından, jestlərindən oxuya bilirdik".

Rejissor Mehdi Məmmədovun Hökümə xanıma böyük rəğbəti yaranır. O, aktrisa haqqında "Onun sənət ulduzu" adlı monoqrafiya yazır. Həmin kitabda maraqlı bir fikir var: "Azərbaycan aktrisasının səhnəyə gəlişi və qələbə çalması böyük hadisədir, qızıl hərflərlə yazılmağa layiq qəhrəmanlıq dastanıdır. Mən kitabımda bu dastanın bircə fəslini yazdım – sənət kəhkəşanında onun ulduzunu nişan vermək üçün".

Daha sonra Hökümə  xanım rejissor Tofiq Kazımovun  da tamaşalarında  iştirak edir. O, Hüseyn Cavidin "Şeyx Sənan" əsərində Xumar, Vilyam Şekspirin "Antoni və Kleopatra" əsərində Kleopatra, Fridrix Şillerin "Orlean qızı" əsərində Janna d'Are, Cəfər Cabbarlının "Od gəlini" faciəsində Solmaz kimi  mürəkkəb faciə qəhrəmanlarının obrazını yaradır. Onun oynadığı lirik-psixoloji rollar ən yaddaqalan obrazlardır. Aktrisa yumoristik rolları ılə də tamaşaçıların sevimlisinə çevrilməyi bacarır.

Hökümə xanım səhnə fədaisi olsa da,  Azərbaycanın kino tarixində də öz sözünü deyib. Aktrisa  "Bir ailə" filmində Leyla, "Onu bağışlamaq olarmı?"da  Laçın, "Mən rəqs edəcəyəm"də Mahmudun anası, "İnsan məskən salır"da Ana obrazlarını yaradır.

Hökümə xanım cox hökmlü, eyni zamanda, yüksək mədəniyyətə malik bir xanım idi. Onun gözəlliyi standart deyildi. Bu gözəllikdə məzmun müxtəlifliyi vardı. Formasını həmişə saxlayırdı. Tamaşa günü dincələr az yeyərdi. Onun xarakteri də çox güclü, mürəkkəb və möhtəşəm olub. Öz qarşısına  yüksək tələblər qoyur və tutduğu qaydaları pozmurdu. Tərəf-müqabillərinə və qızına qarşı da eyni tələbkarlıqla yanaşıb. Tofiq Kazımovun tamaşaya qoyduğu “Antoni və Kleopatra” əsərində  Hökümə xanım bütün daxili gücünü Kleopatraya yönəldir. Bu tamaşa ilə Moskvada qastrol səfərində olanda rus alimləri ona heyran olur. Bir gün Hökümə xanım gözlənilmədən xəstələnir. Moskvaya müayinə olunmağa gedir. Məlum olur ki, onkoloji xəstəliyi var. O vaxt Müslüm Maqomayevin oğlu Cəlal Maqomayev Azərbaycanın Rusiyadakı daimi nümayəndəsi imiş. Onun məsləhəti ilə Hökümə xanım Moskvada əməliyyat olunur. Xəstəliyi haqqında  bir kəlmə də danışmayan aktrisa yenidən sənətə qayıdır. Bir müddət sonra isə məlum olur ki, onun qızı Vəfa da xərçəng xəstəsidir. Amma  öz güclü xarakteri ilə hətta xəstəliyə də qalib gələn Hökümə xanımdan fərqli olaraq, həssas və kövrək qəlbli Vəfa xəstəliyə təslim olur. O 27 may 1987-ci ildə – 41 yaşında dünyasını dəyişir. Görünür tale öz sözünü demişdi. Hökümə xanım nə qədər güclü olsa da, bu dərdə dözmədi, xəstələndi. Bir müddət sonra isə o, səhnə həyatından – həyat səhnəsindən həmişəlik ayrıldı. 1988-ci il noyabr ayının 2-də əbədi olaraq bu dünyaya gözlərini yumdu...

İsmət Ələkbərqızı(Simsar jurnalı)






18 Aprel, 2017  09:29 Baxılıb: 4243 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner