Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"Həmkarlarla səhər yeməyində" - Mövzu: YUMORUMUZ - YENİ LAYİHƏ

Simsar.az saytında yeni layihəyə start verdik. "Həmkarlarla səhər yeməyi" layihəsində jurnalist dostlarımızla nahar edərək hər dəfə bir movzunu müzakirə edəcəyik. Təbii ki, toplaşacağımız məkanı da əvvəldən seçmişdik. Şəhərin maraqlı məkanlarından biri olan İmparator İbo Kebap öz qapılarını jurnalistlərin üzünə açdı. Ləziz təamları ilə həm bizim həm də qonaqlarımızın zövqüncə olan məkanda sanki öz evimizdəymişik kimi həm nahar etdik, həm də tam rahat şəkildə müzakirəmizi apardıq.

İlk görüşümüzdə istədik yumorumuzdan danışaq. Biz nəyə gülürük? - sualı ətrafında komediya filmlərindən başladıq, teatrlar, yumor ustaları, komediya ssenariləri və konseertlərindən danışdıq. İlk qonaqlarımız, necə deyərlər medianın qaymaqları Lent.az saytının baş redaktoru Səbuhi Məmmədli, Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov, jurnalist Leyla Əliyeva, Simsar.az saytının baş redaktoru İradə Nurəddinqızı və mən Simsar.az -ın redaktoru Nihadə Eyyubova. Ətirli çay içdikdən sonra söhbətimizə girişi İradə xanım verdi.

İradə Nürəddinqızı - Əslində çox vacib mövzulardan biridir. Bu gün biz nəyə gülürük. Güldüyümüzdən düşünüb nəticə çıxara bilirikmi? Yumorumuz deyəndə, bura həm komediya filmlərimiz, həm tamaşalarımız, həm aktyorlarımız, həm lətifələrimiz  daxildir. Ümumilikdə, yumorumuzun səviyyəsi necədir? Mənə qalsa bizdə bu gün yumor qalmayıb, hamısı məsxərədir.

Səbuhi Məmmədli - Məncə ən uğurlu yumorlar ekspromt yumorlardır. Məsələn, baxırsan “Bəyin Oğurlanması”, “Yol Əhvalatı” filmlərinə heç bir ssenarisi yox, baş qəhrəman da bilinmir kimdir, amma bu gün də baxanda gülürsən. Hətta bildiyimə görə Ələsgər Məmmədov, Kinostudiyanın qapısının ağzında daşın üstünə oturubmuş birdən maşınla rəhmətlik Ceyhun Mirzəyev çıxıb. Deyib ki, Ələsgər, neynirsən burda, o da deyib heç nə siqaret çəkirəm.  “Gəl otur,gedək səni filmə çəkim" -deyib və Ələsgəri aparıb. Heç o rol o filmdə olmayıb, amma necə uğurlu alınıb. Indi isə çəkilən filmlərimiz faciədir.

Məmməd Gülməmmədov - Mən yeni çəkilən filmlərin təqdimatlarında olmuşam. Bir tək “Bayram Axşamı” həqiqi mənada gülə biləcəyiniz filmdir. Murad Dadaşovun özü ümumiyyətlə, yaradıcı insandır. Və bu, onun ilk filmidir. Özü də deyir ki, bu film bəlkə də on dəfə silinib yenidən çəkilib. Düzdür, bu filmlər kommersiya filmləridir. Bizim indi çəkilən filmlərimiz izləyici sayına görə kinoteatrlarda xarici filmləri keçir. Bu gün ola bilər ki, müəyyən filmlərimiz bayağı alınır.  Bu filmlərin üzərinə çox getməməliyik. Tənqid olunmalıdır, mütləq. Amma onların həvəsini qırmaq da olmaz. Çünki bu kommersiya filmləri Azərbaycan filminin inkişafı üçün çox vacibdir. Bu dövr bir körpü rolunu oynayır. Türkiyədə bu gün seriallar ,məsələn, “Muhteşem Yüzyıl”ın özü dünyanın 60 ölkəsində eyni anda vizyona girir.  Bu gün “Kurtlar Vadisi”nin ilk bölümünə baxın, çox primitiv görsənir. Demək istəyirəm ki, türk filmləri, serialları bu yolu keçib.

İradə Nurəddinqızı - Deyək ki, bu filmlər bir körpü rolunu oynayır, mən sizinlə razı. Söhbət isə ümümilikdə, yumorumuzdan gedir. Bizim Musiqili Komediya Teatrı kimi fundamental bir komediya teatrımız var. Orada tamaşaçı nəyə gülür?

Məmməd Gülməmmədov - Mənim əmim orada direktor olduğu üçün əvəllər tez- tez gedirdim. Indi bilmirəm orda tamaşaların səviyyəsi necədir. Amma o vaxt sırf plan doldurmaq üçün tamaşalar göstərilirdi. 15 il bundan qabaq hələ  korifeylərimiz ölməmişdi, amma o vaxt da mənə o tamaşalar plan doldurmaq kimi gəlirdi. Tamaşalar yola verilirdi. Bu, yeni nəsildə də var. Baxırsan ki, tapşırılıb gəlib, yəni bu aktyor seçilib gəlmiyib.

Səbuhi Məmmədli - Gəlin belə bir eksperiment edək. Tutaq ki, Məmmədlə mən “Hicran” tamaşasında oynayırıq. Indi “Hicran” mənasız obrazdır, onu qoyuruq kənara. O böyük üçlük  ki, var, Nəsibə, Siyavuş, Hacıbaba. Bu üçlüyün oynadığı rolları kim oynayacaq? 120-150 manata heç kim gedib, AzDramada tamaşada oynamaz.

Məmməd Gülməmmədov - Hələ o 120-150 manatın içərisində o qədər kompramatlar, intriqalar olur ki. Bir-birləri haqqında o qədər söz- söhbətlər yaradırlar.

Iradə Nürəddinqızı - Bu yaxında aktyorlardan biri qonağımız oldu, deyir ki, teatrda böyük haqsızlıqlar olur, niyə Fuad Poladovla, mən də eyni maaşı almalıyam. Hollivud bilsəydi, Fuad Poladov kimi bir aktyor var, onu necə saxlayardı.

Səbuhi Məmmədli - Biz hələ də köhnə nəslin üstündə qalırıq. Bir söz deyim, test sistemini mən ikiqat bəyənirəm, amma elə spesifik sahələr var ki, məsələn jurnalistika, incəsənət sahələri bura seçim olmalıdır.

Iradə Nürəddinqızı - Bu gün bizə yumor ustası kimi sırınan insanların yarısından çoxu “İncəsənət”i bitirməyiblər. Amma "yumor ustasıdırlar". Düşünürəm yumordan danışırıqsa, “Bu Şəhərdə”dən də yan keçməməliyik.

Məmməd Gülməmmədov - Baxmışam, onların konsertlərinə. Oradakı yumor da çox aşağı səviyyədədir...

Leyla Əliyeva - Məişət məsxərələridir.

Məmməd Gülməmmədov – “Bu Şəhərdə “nin “Parni İz Baku”-dan  fərqi ondadır ki, çox  aşağı formada güldürür insanı. Burada 6 nəfər oturmuşuq, kimsə ağzından bir mənasız söz çıxarsa, beşimiz də güləcəyik. Orada həmin anı, həmin mənasız sözü tuturlar. Müğənniləri məsxərəyə qoymaq ümumiyyətlə, biabırçılıqdır. “Parni İz Baku” bir "vatsap yazışması" ilə bağlı sujet hazırlamışdı, bir milyona yaxın baxışı oldu. Biri var düşündürən yumor, biri də var ki, geyinir hansısa bir qadının paltarını ailə məişət mövzusunda nəsə hazırlayır.  Bu artıq 8-ci sinif uşağının məktəbdə hazırladığı səhnəcikdir.

Iradə Nürəddinqızı - Deyirlər igidi öldür, amma haqqını yemə. Rafael İsgəndərov bu sahədə istedadlıdır. Bir zamanlar “Tək Səbir ” komandası var idi. İndi onları ayrı-ayrılıqda tanıyırıq, Fərda, Elməddin, Müşfiq, Ramiz, Tərlan və sairə. Əslində bu insanların ayrı-ayrılıqda istedadları vardı. Mən "Tək səbir"də olduqları dövrdən danışıram. Sadəcə, mənə maraqlıdır, bu uşaqların yolunu kim dəyişdi? “Tək Səbir” də maraqlı monoloqları vardı, orada yumorlar birbaşa hədəfə vurulurdu, düşündürüb güldürürdü.

Məmməd Gülməmmədov - Tamamilə razıyam. Yadımdadır, Fərdanın xaricə getmək monoloqu var idi. Ona bu gün də gülürəm.

Səbuhi Məmmədli - Onları heç kim yönləndirmədi. Ona görə o günə düşdülər. Rafael kimi istedadlı adam batdı. “Bala Başa Bəla” da Rafael bir balaca rol oynayır, amma necə mükəmməl alınıb. Coşqunun isə  istedadı yoxdur. Yaxud da Fərdagil. Onunla işləyən  erməni olsaydı,onları yontalayıb aktyor yaradardılar. Əvvəllər Standap da bir Telman Adıgözəlov idi. Bizdə ümumiyyətlə, standap “şkola”sı olmayıb.

Iradə Nürəddinqızı - T.Adıgözəlovun standaplarını xatırlayıram. Bayram proqramlarında çıxış edirdi.  Məmməd Gülməmmədov- Ümumiyyətlə, aktyor, aktrisa təkbaşına iş görmür, bu bir komandanın zəhmətidir.  Biz isə bütün işləri aktyorun üzərinə yıxırıq, halbuki, bu, bir prosesdir. Bu prosesdə iştirak edən insanlar var.  Rafaelin bir filmi var idi, “Məhəllə”. O dövr üçün maraqlı idi.

Leyla Əliyeva - "Məhəllə" filmi baxıb güldüyümüz film olsa da, dəfələrlə baxmaq üçün deyil. Amma mən “ Bəxt Üzüyü”nə,  “Yol Əhvalatı”na dəfələrlə baxıram.

Məmməd Gülməmmədov - Elə köhnə filmlər var ki, ona da dəfələrlə baxmaq olmur. Məsələn, inanmıram "Ulduz" filmi ilə "Yol əhvalatı"na eyni dərəcədə baxıb güləsiz. Bu məsələ o dövr üçün, bu dövr üçün də aktualdır. TV-lərin birində “Məryəm” adlı serial gedir və reytinqdə birincidir. Film bir villada çəkilir. Mən  bir dəfə ora İsmayıl müəllimlə getmişdim, serialın senarisi barədə soruşdum. Deyir, ssenari falan olmur, otururuq, aktyorlar öz aramızda danışırıq. Yəni, bu 40 dəqiqəni yola veririk. Amma bu serial Azərbaycanda birincidir. İzləyici kütləsini elə bir hala gətirmişik ki, onu sonradan qaldırmaq da çətin olacaq. Indi fikirləşin ki, iki aya bir film çəkilir, 40 min xərclənir, 60 min qazanılır. Nizami kinotetrında səs-küylü təqdimat olur. Amma bir şeyi dərk etmirik ki, necə ki, Azərbaycan telekanallarından küsmüşük, vaxt gələcək ki, bu kinolardan da küsəcəyik. Mən Azərbaycan telekanallarına qayıdışın olacağına inanmıram. O halda olar ki, “krosna”, internet ləğv olunar. Filmlər də müəyyən dövr keçdikdən sonra düzəlməsə, biz məcburuq ki, ondan da əl çəkək. Onsuz  kinodan  küsmüşdük. İndi biz bu vaxtı itirməməliyik. Mən “ Stalinin başı”nın  20 dəqiqəsinə baxa bildim.  Siqaret çəkməyən adam, gedib siqaret çəkdim. Çox mənasız bir şey çəkiblər.

Iradə Nürəddinqızı - Peşəkar aktyorlar isə deyir ki, ssenari yoxdur. Amma düşünürəm ki, üstünə düşülsə və maraqlar qarşılansa ssenarist də tapılar.

Məmməd Gülməmmədov - Senarist bilir ki, yazdığı ssenari ortaya çıxmayacaq, o da çıxacağı qədər yazır. Məsələ bundadır ki, ortada kommersiya marağı yoxdur. Deyir,300 manata ssenari yazmaqdansa, gedib tələbə hazırlayıb, 600 manat alaram.

Iradə Nürəddinqızı - Məmməd, söhbətimizin əvvəlində deyirdin, bu filmlər körpü rolunu oynayır. Amma bu körpü birbaşa gənclərin zeyniyyətini korlayır. Çünki onlara ən çox baxan gənclərdir.

Məmməd Gülməmmədov - Başa düşdüm. Sizə bir hadisəni deyim.  Oktyabrda ali təhsil məktəblərinin birində oldum, jurnalistika fakültəsinin tələbələri suallar verirdi. Fikirləşirdim ki, jurnalistika fakültəsinin tələbələri daha ayıq suallar verməli, düşündürücü olmalıdır, səni çətin vəziyyətə salmalıdırlar. Amma mənə verilən suallar elə hiss oyatdı ki, görün bunlar tələbədir, belə suallar verir, orta məktəbdəki uşaqların səviyyəsi nə gündədir? Bizim gülüşümüzün də, səhiyyəmizin də , mədəniyyətimizin də təməlində dayanan təhsildir.

Iradə Nürəddinqızı - Aktyorluğa gedən yola baxaq. Adam imtahan verir, təsadüfən düşür, “İncəsənət”ə.  Amma bu adamın bu sahədən xəbəri yoxdur.  Bu cür tələbə qızlar ikinci kursdan ərə gedir, oğlanlar da başqa işlərlə məşğul olur. Dediyimiz bu cür filmlər də keçir meydana.

Səbuhi Məmmədli - Bu mövzü çox ciddi yazı mövzusudur.

İradə Nurəddinqızı - Bəli. Əslində biz nəyə gülürük?

Leyla Əliyeva - Məncə , Cem Yılmazın tələbələrinə. Hamı özünü ona oxşatmaq istəyir.

Məmməd Gülməmmədov - Oxşatmırlar, plagiat edirlər.

Səbuhi Məmmədli - Bizim adi məişətimizdə elə eksprom yumorlar olur ki. Məsələn, bizim işçilərdən biri gəlib müəllim, bir dənə söz soruşum sizdən, deyirəm “nə olub?”. Deyir  ki, “layk”ı  “layk” etmək olar? O qədər gülmüşdük ki.

İradə Nurəddinqızı - İş proseində gülməli hadisələr çox olur. Ümumiyyətlə, ürəkdən nəyə gülmüsünüz?

Səbuhi Məmmədli - 15 il bundan əvvəl bir hadisə gəlib başıma. Həmişə demişəm ki, əlavə 25-30 min olsa, bundan qısametrrajlı film çəkmək olar. Sözün həqiqi mənasında. Moskvanın ortasında adama baxmışam və məni dəhşət gülmək tutub. Deməli, 2001-ci ildir. “Registrasiya”da dayanmışam. Bir cavan oğlan yaxınlaşdı, Sabirabad ləhcəsiylə. “Bu uşağı götürə bilərsiniz?” deyib mənə müraciət etdi. Uşağın da adı Fərimandır. Dedim, hara? Dedi ki, Moskvaya bu da pulu. “Samalyot”dan düşən kimi, qarşısına çıxan olacaq. Qardaşım qarşılayacaq, bu uşağı ona təhvil verərsiz.  “Samalyot”da əyləşib,  buludlar gəlir, bu, geri çəkilir. Hiss olunurdu ki, qorxur. Nə isə eniş etdik. Mən bunu qabağa vermişəm, rus dilini bilmir. Şəxsiyyət vəsiqəsi də başdan ayağa “skoç”lanıb. Deyirəm: “Ay Fərman, bu nə vəsiqədir, bununla səni necə buraxsınlar?”.  Doğrudan da bu vəsiqə ilə Fərmanı buraxmırlar. Qalmışam ki, mən indi neyniyim. Birdən bu cibindən başqa bir vəsiqə çıxartdı ki, bəs mənim bir şəxsiyyət vəsiqəm də var. Gömrük işçiləri də bunu gördü. Aləm dəydi bir-birinə ki, iki sənədlə, sən burada nə gəzirsən ? Götürüb Fərmanı apardılar. O da ağlayır. Axır yalvar- yaxar etmişəm, Domadedovo aeroportunun “naçalnik”inin rüşvətini verdik Fərmanı buraxdılar. Çıxan kimi post var idi. Maşınları saxlayıb, sual-cavab edirdilər. İndi bundan soruşurlar ki, nəyə gəlmisən. Deyir “alverə gəlmişəm də, qağamın yanına” . Mən də rus dilində deyirəm ki, qardaşı xəstədir, onun yanına gəlib, buraxın. Soruşurlar, nə qədər qalacaqsınız  Deyir ki, nə bilim əmi, “novıy qod”a qədər. Hələ mart ayıdır a. Nəysə, bizi buraxdılar, metrodan çıxmışıq. Deyirəm: “ Fərman,  zəng elə evə, gəlsinlər səni aparsınlar”.  Bunun da böyük bir “sumka”sı var. İçi doludur mürəbbə, tutma ilə. Deyir: “ tapa bilmirəm hara qoymuşam “adres”i.” Mənə deyir ki, sən soruş, Nəriman  qağamı burada hamı tanıyır. Qalmışam əlacsız, bu da elə ağlayır. Deyirəm ki, evinizdə Sabirabadda telefon var? Nömrəni tapıb yığmışıq, Sabirabada. Nənəsiylə danışdım, nənə də deyir ki, gəlin evdə yoxdur, sabah gələcək. Nəysə, bunu da özümlə gətirdim qalacağım otelə. Səhər açıldı, zəng etdim Nərimana, gəlib Fərmanı götürdü.  Mən də Nərimangilin evinin nömrəsini yazıb, bloknotumda saxlamışdım. Üstündən iki il keçib. Moskvadayam, yadıma bu düşdü. Zəng etdim Nərimana danışdıq, soruşdum ki , bəs , Fərman hanı, nə işlə məşğuldur. Dedi ki, işləyir. Nömrəsini aldım, zəng etdim Fərmana. Bununla rus dilində danışdım, öyrənmişdi dili artıq. Görüş yerini müəyyənləşdirdik. İndi görüş yerinə mən bundan tez gəlmişəm. Gözləyirəm ki, Fərman gələcək. Gördüm ki, bir "jeep" dayandı və bir cavan oğlan düşdü. Yanında da  bir model kimi qız. Bu yaxınlaşır mənə. Mənim də fikrim o yandadır ki, indi Fərman gələcək. Yaxınlaşanda gördüm ki, budur. Qapıya çatanda  məni tanıdı, ordan necə tullandı qucağıma. Danışdıq, soruşdum ki, neynirsən. Danışdı ki, qardaşımdan bezdim, özümə iş qurdum. O vaxt 500 dollar da cibimə pul qoymaq istədi , götürmədim. Bir də gördüm ki, iki  böyük “sumka” bazarlıq edib. Bu hadisə hələ də yadıma düşəndə, həmişə gülürəm.

Nihadə Eyyubova - Yaxşı olub ki, daxili aləmi dəyişməyib.

Leyla Əliyeva - Birini də mən danışım. Publika.az-a təzə keçmişdim. Məktub göndərməli idim, “ Standartlaşma”ya. Şoferə verib göndərdim. Soruşuram ki, məktubu verdin, deyir, yox. Deyirəm, düz deyirsən?. Deyir, hə apardım, amma vermədim, sən dedin ki, apar, demədin ki, ver. İnanırsınız, dəhşətə gəlmişdim. Dedim sən Novruzəlisən? Dedi ki, o kimdir, dedim, heçnə... Oğlan sonra hansısa dövlət idarəsinə keçdi...

İradə Nürəddinqızı -Jurnalistikaya təzə gələn vaxtlarda, məni göndəriblər “Millət” qəzetindən Buzovnaya, Nəsir Ağayevdən müsahibə götürməliyəm. O da əngəlli insandır. O bütün Buzovna sakinləri adından kəndin problemlərindən danışır.  Mən də dedim ki, sizdən əlavə bir neçə sakin adı da deyin yazıya əlavə edim. Dedi ki, sonda hamısının adını deyəcəm. Müsahibə bitib, deyirəm, bəs kənd sakinlərinin də bir neçəsinin adını deyin yazım. Sürücüsünə dedi ki, xanımı apar Buzovna qəbristanlığına. Mənə dönərək "qızım get orda hansı qəbirdən istəyirsən, ad götür dedi. Hamısı buzovnalıdır".

Nihadə Eyyubova - Gündəlik iş həyatımızda rastlaşdığımız yumoristik hallar komediya filmlərindən daha səvəyyəlidir. Artıq sona yaxınlaşırıq. Nə məsləhət görürsünüz ? Nəyə yaxud kimə gülməliyik?

Leyla Əliyeva - İndiki gənclik çox fərqlidir, onların nəyə güldüklərini təyin etmək də çətindir.İlk dəfə kinoteatra gedəndə mənə qəribə gəldi, Azərbaycan tamaşaçısı daha çox  Azərbaycan filmlərinə baxırdı. Mən də birinə baxmışdım, “My name is İntigam”. Yarısına qədər baxa bildim. O qədər sıxdı məni.

Nihadə Eyyubova - Məncə, seçim çoxdur, ona görə də hər şeyə gülmək olmur.

Məmməd Gülməmmədov -“Hoqqa”ya da , “My name is İntigam”a da, “Stalinin başı”na da baxmışam.   Dediyim kimi bunların içərisində ən zayı “Stalinin başı”dır. Ən yaxşı film Murad Dadaşovun “Bayram Axşamı”ı filmidir.

Leyla Əliyeva - Mən bizdə çəkilən yumor filmlərini türklərin qorxulu filmlərinə bənzədirəm. Səs-küy çoxdur, montaj bərbaddır.

İradə Nurəddinqızı - Adlarını çəkdiyiniz filmləri həm də "söyüş filmləri" adlandırmaq olar. Ailə, uşaqla baxılası zarafatlar deyil o filmlərdəki. Küçə zarafatlarından film çəkib sırıyırlar camaata...

Bir mövzumuzu beləcə başa vurduq. Nə qədər alındı yumorumuzun gülməli və ağlamalı tərəflərini müzakirə etməyimiz onu oxucular deyər. Biz isə, əziyyətimizi çəkən İmparator İbo Kebap restorananının rəhbəri və personalına, şəxsən Səbuhi Rəcəb bəyə təşəkkürümüzü bildiririk.

Nihadə Eyyubova

FOTO: Cəmilə Məmmədova

 

 






3 Aprel, 2017  15:53 Baxılıb: 3425 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner