Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hərbçilərə dövlət qulluqçusu statusu verilsin

Cəmiyyət hərbçilərə dövlət qulluqçusu statusunun verilməsi tərəfdarıdır

Hərbçilərin Hüquqlarını Müdafiə Mərkəzinin direktoru, hərbi hüquqşünas Telman Əbilovun sözlərinə görə, əslində “Hərbi qulluqçuların statusu haqqında” və “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunlarında göstərilir ki, hərbi xidmət dövlət qulluğunun bir növüdür. Buna baxmayaraq, hərbçilərə dövlət qulluqçusu statusu verilmədiyindən onlar nəinki yüksək imtiyazlardan, hətta bəzi adi güzəştlərdən də məhrum olublar. Belə ki, bu, hərbçilərin pensiya təminatı hüquqlarının kobud şəkildə pozulmasına və hətta bəzən özbaşınalıqlara yol açır. Məsələn, uzun müddət yüksək vəzifədə işləmiş hərbi qulluqçu axırda aşağı vəzifədə olarkən pensiyaya çıxdıqda onun pensiyası tutduğu sonuncu vəzifəsinə görə verilir. Amma dövlət qulluqçuları üçün bu daha münasib qaydada tənzimlənir. Bundan başqa, əgər dövlət qulluqçusu artıq 5 ildən sonra pensiya hüququ qazanırsa, hərbi qulluqçu ən azı 20 təqvim ili xidmət etməlidir ki, pensiya ala bilsin. Bu isə böyük haqsızlıqdır.

Mövcud qanunvericilikdə bununla bağlı müəyyən hüquqi bazanın olduğunu deyən İctimai Maraqları Araşdırma Mərkəzinin rəhbəri, ehtiyatda olan polkovnik-leytenant Pərviz Hacıyevin sözlərinə görə, artıq bu sahədə köhnə və yeni qanunları uzlaşdırmağın vaxtı gəlib çatıb. Hərbi xidməti ağırlığına görə digər dövlət qulluğu növlərinə nisbətən üstün hesab edən Pərviz Hacıyevin fikrincə, hərbi xidmət dövlət qulluğunun bir növü olduğundan bunları bir-birindən ayırmaq düzgün deyil. Belə bir dəyişikliyi zəruri hesab edən veteran hərbçinin fikrincə, dövlət qulluqçusu statusu alacağı təqdirdə hərbçilərin maddi-sosial təminatı daha da yaxşılaşacaq və digər dövlət qulluqçularından geri qalmayacaq.

“MilAz”İA-ya açıqlama verən Daxili İşlər Nazirliyi Daxili Qoşunların Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Təranə Məmmədovanın sözlərinə görə, dövlət qulluqçusu statusu ilk növbədə hərbçilərə verilməlidir. Belə ki, çox gərəkli və şərəfli olan bu peşə birbaşa Vətəni, dövləti qorumaqla bağlıdır. Xidmət rəisi bildirdi ki, hazırda dövlət tərəfindən göstərilən diqqət və qayğıya baxmayaraq, ələlxüsus zabitlərin sosail şəraitinin yaxşılaşdırılmasına, mənzillə təminatına böyük ehtiyac duyulur. Hərbçi xanımın fikrincə, əgər qanunvericlikdə belə bir dəyişiklik olarsa, bu istiqamətdə də müsbət irəliləyişlər daha dinamik xarakter ala bilər.

Bu, birbaşa qanunvericilikdə ediləcək dəyişikliklərdən asılı olduğundan “MilAz” İA məsələ ilə bağlı Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsindən də mövqe öyrənməyə və bu sahədə hər hansı yeniliyin ola bilib-bilməyəcəyinə dair informasiya almağa çalışıb. Lakin şöbə müdiri Nizami Səfərov hazırda Azərbaycandan kənarda olduğundan münasibət bildirə bilməyəcəklərini deyən şöbənin özünü təqdim etməkdən boyun qaçıran əməkdaşı daha bir neçə gün gözləməyi məsləhət gördü. Bütün cəhdlərə baxmayaraq, verilən yekun cavab belə oldu:“Müdir gəlməsə, danışa bilmərik”.

Hazırda belə bir dəyişikliyin gündəmdə olmadığını deyən Parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Oruc isə bildirdi ki, hərbçilərə dövlət qulluqçusu statusu verilsə, bu onların müxtəlif sosial hüquq və imtiyazlarının artmasına gətirib çıxaracaq. Təbii ki, belə bir stimul qarşısında hərbi xidmətin keyfiyyəti daha da artacaq. Onun fikrincə, bu məsələdə qabaqcıl ölkələrin də təcrübəsi öyrənilərək optimal variant tətbiq edilməlidir. Zahid Orucun şəxsi qənaətinə görə, Azərbaycanın indiki inkişafı hazırda belə bir addımı atmağa imkan verir. Parlament üzvü bu məsələnin yaxın gələcəkdə Milli Məclisdə müzakirə edilə biləcəyini də istisna etmədi.






1 İyun, 2011  20:20 Baxılıb: 1717 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner