Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Qonaqlar Vaqifin geyimlərini görmək istəyirlər, onları isə...”- Ev Muzeyindən REPORTAJ

Otağa keçər-keçməz, sadə , görünüşlü, qəhvəyi rəngli pianonu gözüm tutur. Anidən üzümü bələdçi xanıma çevirərək, “yəqin ən sevdiyi əşyası olub” soruşuram. O, isə bilmədiyini işarə edib, başını silkələyir: “Bu piano anasının olub. İlk dəfə burada çalıb. Hətta, baxın əl izləri də var. Əzizənin saqqızının ləkələri hələ də qalır”

Nədənsə, adama elə gəlir ki, indi də hansısa notlar çalınır bu cansız əşyada. Sanki, pianonun dillərinə onun ruhu, barmaqlarının sehri hopub. O, barmaqlar ki, “Düşüncə”, “Bakı Gecələri”, “Fantaziya”, “Mart”, “Gəlmədi” kimi şah əsərlər yaradıb. O, barmaqlar ki, bir gün onu Daşkənd səhnəsinə kimi gətirib çıxaracaq, elə səhnədəykən də ölümlə üz-üzə qoyacaq.

Bu gün onun dünyaya gəlişindən 77 il  ötür.

Vaqif Mustafazadə 1940-cı ildə Bakıda anadan olub. Hazırda olduğumuz evə isə ailəsi balaca Vaqif 3 yaşında olarkən köçüblər. Anası Zivər xanım bakılıdır, musiqi müəlliməsi işləyib, Üzeyir Hacıbəyovun ilk qadın tələbələrindən olub. Atası isə Şəki rayonundandır, hərbi həkim olmasına baxmayaraq, tarda, kamançada ifa edə bilib. Atası müharibə vaxtı ailənin yanında çox qala bilmir. Buna görə də Vaqifin tərbiyəsi ilə anası məşğul olur. Uşaq vaxtından musiqiyə böyük həvəsi olduğundan o, Asəf Zeynallı adına musiqi məktəbinə daxil olur, ancaq təhsilini yarımçıq qoyur.  Çünki dərsdə oturmağa hövsələsi olmur. Deyirmiş ki, insanın canında istedad varsa, onun savadlı olmağının önəmi yoxdur. Onun öz dünyası, fantaziyaları olub. Xarici musiqilərə qulaq asıb, sonra isə o musiqiləri özünəməxsus ifa edərdi.

Anası tez evlənməyinə razı olmur.  Amma mən onu sevirəm, evlənəcəm-deyir. Bələdçimiz Aytac Vaqifin ilk xanımı ilə nikah şəkillərini göstərərək, danışır ki, o, çox gənc, 20 yaşında olarkən ailə qurur.

“İlk xanımı ilə bu evdə yaşayıb. 20 yaşında Nərminə xanımla ailə qurur. Vaqif Mustafazadə o zaman "Asəf Zeynallı"da oxuyurmuş. Nərminə xanım isə Neft Akademiyasında. Onlar tələbə vaxtlarında tanış olublar. Anası tez evlənməyinə razı olmasa da, o, deyir ki, “ sevirəm, evlənmək istəyirəm”. Onların Lalə adlı bir qızı olur. Onun da musiqiyə çox həvəsi olur. Nərminə xanım çox qısqanc olub, tez -tez evlərində mübahisələr olurmuş. Sonra Vaqif Gürcüstana dəvət alır, orada fəaliyyət göstərir və bu müddətdə xanımı ilə aralarında soyuqluq yaranır. Nərminə xanım ondan ayrılmaq qərarını verir.Vaqif Gürcüstanda Əzizənin anası Eliza xanımla tanış olur. Eliza xanım Sevil ansamblında oxuyub. Sonradan Bakıya qayıdarkən, Elizanı da özü ilə gətirir, amma onlar bu evdə yox, Əziz Əliyev küçəsində olan evdə yaşayırlar. Və Əzizə dünyaya gəlir. Hazırda Əzizənin təxminən 45, Lalənin isə 48-49 yaşı olar. Lalə  Fransada yaşayır, evlidir, oğlu var, klassik musiqi ilə məşğul olur. Fransada konservatoriyada işləyir. Əzizə isə Almaniyada yaşayır, yoldaşı azərbaycanlıdır, onun da bir oğlu var. Eliza xanım da Almaniyada yaşayır. Lalə bu ev muzeyində olmayıb, Əzizə isə gəlib. Bacılar arasında soyuqluq olduğuna görə, görüşmürlər”.

İmicinə görə qınanılan böyük cazmen

"İmicinə görə çox tənqid atəşinə tutulurmuş.. Hətta məsləhətlər verənlər də çox olub..O, isə bundan inciyər, incikliyini kövrək qəlbində çəkərmiş.İlk dəfə 29 yaşında infarkt keçirir.  Ondan sonra cəmi 10 il yaşayır. Ikinci dəfə infarkt keçirir, bu dəfə isə ölümdən yaxa qurtara bilmir və 39 yaşında Daşkənddə dünyasını dəyişir. Konserti zamanı ürəyi tutan Vaqif həmişəlik səhnəylə də, həyatla da vidalaşır. Bu zaman yanında Əzizə və Eliza olur. Səhəri gün onun cənazəsi təyyarə ilə Bakıya gətirilir. Bakıda Yasamal qəbirstanlığında torpağa tapşırılır".

Aytac xanım deyir ki, sonradan qəbrini Fəxri Xiyabana köçürmək istəsələr də , anası Zivər xanım buna icazə vermir. Ruhunu incitmək istəmir, özü də vəsiyyət edir ki, mən öləndə, Vaqifin yanında dəfn edin. Hazırda hər ikisinin qəbri Yasamal qəbirstanlığında yan-yanadır.

Zaman keçdikcə Zivər xanım həm Laləylə, həm də Əzizə ilə ayrı –ayrı vaxt keçirirdi. Onlarla maraqlanırdı. Əvvəlcə evi qızlara bağışlamaq istəsə də, fikrindən daşınır. Çünki qızlar xaricdə yaşayır. Bu səbəbdən buranı dayısıqızı Afaq Əliyevaya vəsiyyət edir. Afaq xanım da buranı təmir etdirir və Vaqif Mustafazadənin ev muzeyi kimi açılışını edir. Dövlət Afaq xanımın bu hərəkətini yüksək qiymətləndirir və Afaq xanıma ev verilir. Bundan sonra o, bu evi muzey kimi dövlətə bağışlayır. Bura adamlar tez-tez gəlir. Əsasən, Vaqifin geyimlərini, kostyumlarını , ona məxsus əşyaları görmək istəyirlər, ancaq onlar bizdə yoxdur. O əşyalar, üzə çıxmayan bəzi əsərlər var ki, onlar Eliza xanımdadır. Eliza xanım da onları bizə vermir. Muzeyə giriş öz vətəndaşlarımız üçün 1 manat, xaricilər üçün isə 3 manatdır, kim nə vaxt istəsə, gələ bilər".

Biz isə artıq şəkillərimizi çəkib, məlumatımızı toplayıb, ev muzeyindəki reportajimızı başa vurmaq üzrəyik. Amma kiçik və darısqal otaqlardan ibarət bu ev o qədər zəngindir ki, hər şəkil, hər nəsnə adama daha bir informasiya verir. Hətta açılan qapı və küçəyə doğru aparan pilləkənlərdə də bir iz var... Bu iz onun izidir - Vaqif Mustafazadənin.

Allah sənə rəhmət eləsin, böyük CAZMEN!


Nihadə Eyyubova






16 Mart, 2017  12:55 Baxılıb: 3289 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner