Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

Kamran Yunis: "O komediyaları çəkənlər millətin əxlaqını pozduqlarına görə"...

Ustad sənətkar Vaqif İbrahimoğlu məktəbinin məzunlarından olan peşəkar aktyor Kamran Yunis Simsar.az saytının qonağı oldu. Onunla müsahibəmiz teatr üçün əlamətdar bir günə təsadüf etdi. Bu gün Azərbaycanda teatr günü kimi qeyd olunur. Bütün teatr xadimlərini və teatrsevərləri təbrik edir, Kamran Yunislə maraqlı müsahibəni sizə təqdim edirik.

-Bu gün sizin gününüzdür. Təbrik etməklə yanaşı, həm də düşünürəm, sanki teatr mədəniyyətimizin ögey balasıdır...

-Hər şeyin bir qayda-qanunu var. Haqlısız. Fikirləşəndə ki, niyə Telman Adıgözəlov kimi böyük sənətkar Fatimeyi qəbristanlığında dəfn olunmalıdır? Azərbaycan millətinə, mədəniyyətinə, dövlətinə, insanlıq adlı mənəvi xüsusiyyətlərin hansına qulluq etməmişdi Telman Adıgözəlov? Hərçənd ki, ölünün nə vecinə ki, onu harda dəfn edəcəklər. O, özü üçün ölüdür, mənim üçün isə yox. Axı o, mənə lazımdır, mənim kimi onlarla Azərbaycan sənətinə qulluq edənlərə lazımdır. Bu gün saysaz Azərbaycanda 200-300 aktyor var, ya yoxdur. Göz qabağındadır o aktyorların yaşayışı. Doğurdanmı, Azərbaycan mədəniyyətinin daşıyıcları, hansı  ki, iki-üç yüz nəfərdən ibarət ola, ya olmaya, onlar bu cür yaşamağa layiqdirlər?. Prezident təqaüdçüsü olan sənətçilərə baxırsan deyirsən ki, bu təqaüd hansı şərtlərə, qaydalara, qanunuyğunluqlara əsasən verilib? Adam var, 20 ildir mükafat alır və bu illər ərzində uzağı 3 rolu var. Niyə axı Fuad Poladovla Kamran Yunis eyni maaşı almalıdır? Axı Fuad Poladov iki-üç min manat, Kamran  isə min manat almalıdır. Mən özümü böyük saya bilərəm, amma Fuad Poladov, Fuad Poladovdur, mən bunu bilirəm axı.

-Bəs niyə fərqləndirmirlər?

-Bir məmləkətdə ki, yağla şorun qiyməti birdir, orda heç nəyin dəyəri olmayacaq. Necə olur ki, mən beş il Mədəniyyət və İncəsənət Universitetinə ayaq döyüb, oxumuşam . Vaqif İbrahimoğlunun nəfəsindən çıxanları həzm etmişəm. 20 il mən onun dizinin dibindən tərpənməmişəm. Hərə bir söz deyirdi, yaltaqlanır, özünü gözə soxur deyirdilər. Amma mən sadəcə ondan öyrənirdim. İndi baxırsan ki, hansısa bir nimdaş düşüncənin sahibi məndən daha yaxşı yaşayır. Niyə?  Ona görə ki, o, toylara gedir? Mən toylara gedənləri əskiltmirəm, ancaq sənətkarın yeri toy deyil.  Sənətkar toya qonaq kimi gedər, hörmətlə.

-Təbii teatrlarda çatışmazlıqlar çoxdur. Aktyorların məvacibləri olduqca aşağıdır. Amma gəlin etiraf edək ki, bu gün teatrların özləri də çalışmırlar. Məsələn, əgər tetrlarda yaxşı, maraqlı yeni tamaşalar hazırlansa, həqiqi tamaşaçı toplasalar müəyyən mənada tetra dəstək olar. Teatr qazancını niyə özü çıxartmağı düşünmür, bu istiqamətdə niyə işlər görülmür?

-Bilirsiniz, onlar istəyirlər çalışsınlar,amma necə etsinlər bilmirlər. Axır vaxtlar çox tolerant olmuşam. Azərbaycan mədəniyyətində bu gün çalışan hamının qarşısında baş əyirəm. Çünki belə bir ağır zamanda, Azərbaycan mədənyyətində kimlər çalışırsa,ozü artıq böyük bir işdir. Biz uşaq olanda kinoda görürdük dava,dalaş, silah. Sənətçilər var ki, hələ də o düşüncədə qalıblar. Biz sənətçiyik, bizim fərqimiz ondadır ki, bir şeyə 5 tərəfdən yox, 205 tərəfdən baxa bilək. Bu gözü mənə Vaqif İbrahimoğlu verib, hamı da onun  tələbəsi ola bilmir axı. Onların da müəllimləri öyrətməlidir, amma o müəllimə də öyrədən olmayıb. Incəsənətdə təhsil çox bərbaddır. Oturub müşahidə aparsınlar, Al Paçinonu bu qədər sevirik. Baxın, Tom Hanksi yetişdirən Amerikadır, Fuad Poladovun  isə ayağından  dartan Azərbaycandır.

-Kinoteatrların fəaliyyəti son bir ildir ki, güclənib. Artıq bizdə də qala gecələri keçirilir. Mənə maraqlıdır ki, niyə 20 faiz torpağı işğal altında, 1 milyondan çox qaçqını olan ölkədə daha çox komediya filmləri çəkilir?

-Əvvəla dediyiniz o çəkilənlər komediya deyil. Nizamı kinoteatrının foyesini bəzəyən o filmlər milləti zərrə qədər də  qabağa aparmırlar. Vaxt gələcək o komediyaları çəkənlər millətin əxlaqını pozduqlarına görə cavab verəcəklər. Bu dünyada olmasa da o biri dünyada. Mən onları nə qınamıram, nə incimirəm. Onlar da o işləri ilə məşğuldurlar, nəyi bacarırlar onu da çəkirlər. İndi bu müsahibəni oxuyub, söyəcəklər arxamca (gülür). Amma təhqir etməmişdən qabaq insan öz səhvini başa düşməlidir. Mən onların filmlərinə anamla, gəlinlərimizlə baxa bilmirəm. Əcaba, Azərbaycan kişisi budurmu? Axı mən Bəşir Səfəroğlu, Telman Adıgözəlov, Siyavuş Aslanı görmüşəm. Günah onlarda deyil, günah o pulu onlara verən, onların səviyyəsində olan səviyyəsizlərdədir. Əgər bir adamın pulu varsa, kitabxana açmırsa, fahişəxana açırsa, günah orda olan fahişlərdə deyil ki, oranı açandadı. Məsələn, Avropada birinin pulu varsa, təhsil ocağı açmaq istəyir. Bizdə isə market , brilyard, çayçı açmağı fikirləşirlər.Mən milləti qınamıram, milləti ləkələmək lazım deyil, siz onu millətə yedizdirirsiniz. Mənliyimizin devalvasiyası baş verir.  Şeirlər oxuyub telefonumun yaddaşına yazıb sonra da montaj edib youtube kanalina atıram ki, birdən ölərəm, məndən sonra nəsə qalsın. Nədənsə mən tələsirəm, həmişə tələsirəm. Deyirəm ki, ömür boşa getməsin.  Sosial şəbəkədə şeirlər paylaşıram, bəlkə də deyirlər ki, bu mənasız şeirlər paylaşır. Amma mən çayçıda oturmuram, kiminsə qızına söz atmıram. Oturub fikirləşirəm ki, gecə olacaq, sakitlik olacaq, mən şeiri oxuyacam, sonra da bir mahnı tapıb montaj edəcəm ki, heç olmaya məndən sonra nəsə qalsın. Bunlar mənəviyyatımızı onsuz da korlayırlar, heç olmasa Kamal Abdulla,  Ramiz Rövşən və başqa dəyərli şairlərin şeirlərini oxuyum, insanlar qulaq assın. Səsləndirdiyim şeirlərə qulaq asan izləyicilərimdən birindəın məktub almışdım bu yaxınlarda. Yazmı.dı ki, Kamran müəllim, çox istərdim ki,  “Ana və Paçtolyon” şerini oxuyasınız. Avtomatik beynimdə cavab hazır oldu və yazdım ki, Hüseyn Cavidin,  Mikayıl Müşfiqin və onlarla adamın  ölümünə imza atan şəxsin şeirini oxuya bilmrəm. Bu mənim əqidəmdir. Bilirsiniz, o cavabı niyə yazdım, birdən o biri dünyada Mikayıl Müşfiqlə, Hüseyn Cavidlə rastlaşsam, onların gözünə dik baxım. Bu dünyada insanlardan qorxmuram.  Heç vaxt Allahdan qorxub yaxşılıq etməyəcəm, mən sadəcə olaraq, Allahı sevirəm, yaxşılıq etmək mənim xoşuma gəlir.  Əgər bir yerdə əsəbləşirəmsə, Azərbaycan mədəniyyətinə görə deyirəm, Azərbaycanda bir dənə yaxşı aktyor görəndə sevinirəm. Bütün yaxşı aktyorların şəkilləri səhifəmdə var.  Azərbaycanda bir –biri haqqında tərif deyə bilmirlər. Bu qədər müddətdir ki, “Vicdan Haqqı” serialı gedir hələ mənim sənət yoldaşlarımdan bir nəfər yazmır ki, Kamran pis oynamırsan, yaxşıdır. Bunu mənim üçün yox bir örnək olsun deyə etməliyik bir-birimizə qarşı. Gələcək nəsil bizim kimi kiçik düşüncəli olmasın, sənəti sevsinlər, bir-birlərini sevsinlər. Sevgi yoxdursa, dünya yoxdur. Azərbaycanda bu gün o sevgi yox olub. Ona görə mədəniyyətimiz də bu səviyyədədir. Azərbaycanın Adil Azayı, Rövşən İsaxı var. Onlardan yararlanmaq lazımdır. Bu adamlar potensialı olan rejissorlardır. Hansı ki, bu dəqiqə iş adamları bu adamların dalınca qaçmalıdır ki, nəsə çək.

-Filmlərdən danışdıq, yadıma kinostudiya düşdü. Kamran bəy, sonuncu dəfə nə vaxt orda olmusuz? Mən oranı ən son görəndə elə bildim cəbhə bölgəsindəki neytral zonadayam.

-Mən isə daha pis, elə bilirəm "Respublikanski” xəstəxananın morquna daxil oluram. Azərbaycan mədəniyyətin köklü müəssisələri var ki, onlar  Azərbaycanın sərvətdir. Bu sərvətlərdən biri də Azərbaycan Film Kinostudiyasıdır. Artıq 25 ildir, kinostudiya yiyəsizdir. Bu dövlətindisə, dövlət qayğısına qalmalıdır, ya da bu, heç kəsin deyil, verin sahibkarlara. Yaxud da nə qədər film çəkən prodakşınlar var, onlara  arendaya versinlər. Təbii ki, bu mənim fikrimdir. . Kinostudiyanın direktor Müşfiq müəllim məndən də ağıllıdır. Onlar da bundan çıxış yolunu axtarırlar.

-Mən Türkiyədə, İranda olanda həm də oranın kinomatoqrafiyası ilə yaxından tanış oldum. Hər iki ölkənin dünya visionuna çıxmış serialları və filmləri var. Çünki hər şeyi mükəmməl edirlər. Amma bizim seriallarımız hələ də mebel salonlarında, yaşayış olmayan boş villalarda çəkilir.

-Bazar tərəzisində qızılı çəkməzlər. Kartofu da qızıl tərəzisində çəkməzlər. “Möhtəşəm Yüzyıl” yaxud "Həzrəti Yusif" serialının arxada kadrlarda qılınc tutanı həftəsinə 10 min dollar qonarar alır. Bu çox önəmlidir.

-Amma film çəkilişləri üçün vəsaitlər ayrıldı. Heç o ayrılan vəsaitə görə də çəkilmədi filmlər..

-Verilən pul ki, deyirsiniz, necə xərclənir, kimə xərclənir,  teleradio şurası bunu nəzarətdə saxlamalıdır. Mən bu işləri bilmirəm.

-Serialda bir bölümə nə qədər alırsınız?

-Müqavilə sirridir. Başlayanda  Rövşən müəllimə dedim ki, Rövşən müəllim nə desə “hə” deyəcəm. Çünki burada mənim üçün pul mahiyyət kəsb etmir, mən öz işimlə məşğulam, aktyor olduğumu hiss edirəm. Rövşən müəllim böyük rejissor, insan, dost, qardaşdır.

-“Vicdan haqqı” serialında bəzi gənc aktyorların oyunları süni alınır. Niyə peşəkar aktyor kimi məsləhətlərinizi vermirsiz?

-Orada məni qane etməyən bir nəfər var. O da hər gün çalışır ki, alınsın. Onlar sənət dostlarımdır. Bu serial Azərbaycan teleməkanında ən birinci yerdədir. Bu isə artıq qalibiyyətin bir pilləsidir. Serial popkorn mədəniyyətinin bir ünsürüdür. Burada yüksək aktyor peşəkarlğına fikir verilməməlidir.

-Amma türk seriallarında yüksək aktyorluq göstərilir...

-Razıyam, Türkiyədə kino çox gözəl qurulub. Siz “Möhtəşəm Yüzyıl”ın siyahısına baxın, nə qədər adam var. Bizim serialın isə kollektivi cəmi 20 nəfərdir. Rövşən müəllim deyirki, kimsə gəlib bu pulla belə serial çəkə bilərsə, mən çəkilirəm kənara.

-Müğənnilər də hərdən aktyorluq edir. Sizcə alınır?

-Mən də “aboy” vururam, remont edirəm. Ustalığım, rəngsazlığım  , müğənninin aktyorluq etdiyi kimi alınır.  Bir şeyi də deyim, əgər  5 il İncəsənət Universitetinə təpik döyən aktrisa da gəlib müğənni səviyyəsində oynayırsa, onda mən susuram...

-Ədil İsgəndərov,  Yusif Vəliyev, Həsən Turabov, Şahmar Ələkbərov, Həsən Məmmədov,  Telman Adıgözəlov, Siyavuş Aslan, Yaşar Nuri, Rasim Balayev, Fəxrəddin Manafov, Fuad Poladov, Kamran Yunis, Məmməd Səfa.... Siyahı davam edəcəkmi sizcə?

-Bəli, edəcək. Yeni aktyorlar gəlir.

-Xarici filmləri izləyəndə şahidi oluruq ki, hər bir  xalq öz tarixi filmlərini də çəkməyi unutmur. "Dədə Qorqud", "Babək", "Nəsimi" vəssalam?

-Anladım sizi. Amma yadınıza salın Babək filmində ordu gəlir, orada min, iki min at var. İndi bir serial çəkmək üçün 3-5 dənə stəkan zorla tapılır, o qədər atı hardan tapacaqlar?

-Deyirsiniz  ki, Azərbaycanda tarixi film çəkmək üçün 1000 at tapılmayacaq?

-Əlbəttə at var, məsələ burasındadır ki, nə qədər tarixi film çəkilsə, “Troya”ya baxan tamaşaçını aldada bilməyəcəksiz. Gücün çatır, elə bir film çək ki, sübut et onlardan artıqsan. Hər şey vəsaitə bağlıdır. Ən çox vəsait isə tarixi filmlərə lazımdır.

-Gəlin bir az xəyal edək. Tarixi film üçün büdcə formalaşsa və "Şah İsmayıl Xətai" filmi şəkilsə, filmin rejissoru və baş rolun ifaçısı kimləri görərdiz?

-Gənclər içərisində sevdiyim aktyor Murad İsmayılovdur. Elə onu da bənzətdim. Çox potensiallıdır. Rejissorlardan isə Adil Azay və Rövşən İsax düşünürəm.

-Müsahibələrinizin birində demişdiniz ki, tanımadığım insana belə ürəyimi verə bilərəm. İnsanlara bu qədər güvən nədən qaynaqlanır?

- Bəli, insanlara çox güvənirəm. Bir insanı tanıyanda onu sevgimin ən ali nöqtəsinə qoyuram. O yavaş-yavaş ya ordan aşağı düşə bilər, ya da ki, ilahi qata qalxa bilər. Təəssüf ki pəjmürdə olduğum vaxtlar daha çox olub. Çünki Azərbaycanda sevgi devalvasiyaya uğrayıb...

İradə Nurəddinqızı

Nihadə Eyyubova





Aliexpress INT
10 Mart, 2017  13:48 Baxılıb: 1470 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
21 Oktyabr, 2017  10:49

21 Oktyabr, 2017  10:29


20 Oktyabr, 2017  21:39


20 Oktyabr, 2017  09:39

20 Oktyabr, 2017  09:35


20 Oktyabr, 2017  09:21

20 Oktyabr, 2017  08:18




19 Oktyabr, 2017  14:20


19 Oktyabr, 2017  13:06


19 Oktyabr, 2017  11:31


19 Oktyabr, 2017  10:09

19 Oktyabr, 2017  09:54

19 Oktyabr, 2017  09:51




18 Oktyabr, 2017  12:49





18 Oktyabr, 2017  10:03



17 Oktyabr, 2017  12:34





17 Oktyabr, 2017  10:09




16 Oktyabr, 2017  12:31


16 Oktyabr, 2017  09:02