Dünən peşəkar kikboksinq üzrə VIII Heydər Əliyev Kuboku keçirilib. Simsar.az xəbər verir ki, yarışda Azərbaycan və İran yığmaları üz-üzə gəlib.Boks Mərkəzində təşkil olunan turnirdə ilk olaraq, Qarabağda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra yarışın rəsmi hissəsi başlayıb. WAKO ASIA-nın prezidenti, İran WAKO Federasiyasının rəhbəri Nasser Nassiri giriş sözü ilə çıxış edib: “Belə böyük turnirdə mən də iştirak etdiyim üçün qürur hissi keçirirəm. Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyinə gözəl tədbir təşkil etdiyi üçün təşəkkür edirəm. Burda olduğumuz vaxt Azərbaycan mədəniyyəti ilə bağlı tanış olmaq üçün böyük şans qazandıq". Daha sonra söz Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradova verilib. O, da öz növbəsində yarışın əhəmiyyətindən söhbət açıb:"Bu cür yoldaşlıq görüşləri 2 ölkə arasında münasibətləri daha da inkişaf etdirir.Azərbaycan idman ölkəsidir. Bütün idman növlərinə diqqət göstərilir. Bu yarış 2 ölkə arasında dostluq münasibətlərini daha da möhkəmlədəcək”.Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti, millət vəkili Adil Əliyev bu yarışın Azərbaycan və ölkə xaricində daimi keçiriləcəyini qeyd edib: “Azərbaycanda idmana dövlət tərəfindən qayğı göstərilir. Bunun nəticəsi olaraq ölkəmizdə nüfuzlu beynəlxalq turnirlər keçirilir. Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə və idmana dəstək verən bütün şəxslərə təşəkkür edirəm”. O,eyni zamanda qeyd edib ki, Azərbaycan və İran arasında dostluq əlaqələri var, bu yarış əlaqələri daha da möhkəmləndirəcək: “Bu gün idmanla məşğul olan hər bir azərbaycanlı dünya, Avropa və ya olimpiya çempionu olmaya bilər. Amma onlar sabah milli ordumuzun əsgəri olacaqlar. Bu səbəbdən də idmanın kütləviləşməsində bir-birimizə dəstək verməliyik. Bugünkü döyüş isə iki ölkə arasında dostluq əlaqələrini daha da möhkəmlənməsinə xidmət edir. Biz yaxın qonşuyuq və bir-birimizdən lazımi təcrübəni öyrənməliyik”.
Rəsmi hissə yeniyetmə kikboksçular - Rəsul Hacıyevlə (DİN) Əkbər Əsədov (AKF) arasındakı simvolik döyüşlə başa çatıb. İdmançılarımız Azərbaycan əsgəri formasında olublar. Daha sonra yarış açıq elan edilib. Rinqə ilk olaraq Ruslan Musayev çıxıb. O,rəqibi Amnini məğlub edib. Sonda digər yarışçı Rəhim Əliyev Əli Bani Əsədiyə qalib gəlib.Növbəti döyüş Alışan Aslanlı və Seyid Əmir arasında keçirilib. Bu dəfə həmyerlimiz məğlub olub. K-1 versiyası üzrə dünya çempionu Emin Mövsümzadə yarışa çıxıb. O da rəqibi üzərində inamlı qələbə qazanıb. Nəticə – 3:1.
Orxan Məlikov da görüşü qələbə ilə başa vurub. O, Omid Nüsrətlə rinqə çıxaraq, onu məğlub edib.
Digər kikboksçumuz Elşən Qəniyev İraj Muradiyə qalib gəlib. Daha bir balı da Ramal Aslanov qazandırıb. Belə ki, o,rəqibi - Həmid Aslini məğlub edib. .
VIII Heydər Əliyev Kuboku Azərbaycan yığmasının qələbəsi ilə sona çatıb. İdmançılarımız iranlı rəqiblərini 6:1 hesabı ilə məğlub ediblər.
Simsar.az