Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İbn Sinanın oğlundan çox sevdiyi – BƏHMƏNYAR

Azərbaycan fəlsəfi məktəbinin banisi olmuş Əbülhəsən Bəhmənyar (Azərbaycani) eyni zamnada  Şərq fəlsəfi fikrinin görkəmli nümayəndəsidir. Doğum yeri naməlum olan filosof mənbələrdə bir qayda olaraq "Əl-Azərbaycani" kimi xatırlanır və Azərbaycandan olması vurğulanır. Şagirdi Zəhirəddin əl-Beyhəqi də filosofun Azərbaycandan olmasını xüsusilə qeyd edir. Bəzi mənbələrə görə alim əvvəllər zərdüşti olsa da, daha sonra İslamı qəbul edib. Təkcə Azərbaycanda deyil, ümumilikdə, Şərq fəlsəfi tarixində yaradıcılığı böyük əhəmiyyətə malik olan filosof, həm də yetişdirdiyi dəyərli alimlərlə öz məktəbini yaradıb.

AMEA-nın müxbir üzvü Zakir Məmmədovun araşdırmalarına görə, Azərbaycan fəlsəfi məktəbinin banisi olmuş Bəhmənyar X əsrin sonlarında - 993–cü ildə dünyaya gəlib. Orta əsr müəllifləri Bəhmənyarın "Azərbaycan ölkəsindən" ("min bilad Azərbaycan"), yaxud da "azərbaycanlı" ("əl–azərbaycani") olduğunu yazıblar.

Professor Ə.K.Zəkuyev isə, Bəhmənyarın "ibn əl-Mərzban" kimi tanındığını nəzərə alaraq, onu Cənubi Azərbaycan hakimləri olan mərzbanlar nəslindən hesab edir. Mənbələrdə Bəhmənyar Mərzban oğlunun Kiya (hakim, bahadır) adlandırılması onun hakim olan mərzbanlar ailəsinə mənsubluğunu göstərir.

Bəhmənyar, hər şeyin əsasının ən ümumi mənada varlıq olduğunu qəbul edirdi. Bütün varlığı vacib və mümkün olmaqla iki qismə ayıran filosofa görə, vacib varlıq zəruridir, mütləq mövcuddur, səbəbsizdir. Mümkün varlıq qeyri-mövcud və mövcud fərz ediləndir, onun varlığı və yoxluğu birsəbəblidir, daha doğrusu, o, nəticədir. İndinin özündə də, bir sıra fəlsəfi kateqoriyalar haqqında Bəhmənyarın mülahizələri öz elmi əhəmiyyətini saxlayır.

Əbülhəsən Bəhmənyar Şərqin ensiklopediyaçı alimi İbn Sinanın ən görkəmli şagirdi və davamçısıdır. Onun öz müəllimi ilə ilk görüşü haqqında maraqlı bir rəvayət nəql olunur:

Bir dəfə İbn Sina dəmirçixanada olarkən Bəhmənyar oraya gəlib od istəyir. Dəmirçi deyir: "Qab gətir, içərisinə od qoyum apar". Bəhmənyar ovcuna bir qədər torpaq töküb deyir: "Odu bu qaba qoy". Bəhmənyarın dərrakəsini görən İbn Sina onu özünə şagird götürür".

Bəhmənyar parlaq istedadı və çalışqanlığı ilə İbn Sinanın elə dərin rəğbətini qazanmışdı ki, ustad şəxsiyyət sonralar öz şagirdi haqqında iftixarla yazırdı: "O mənə oğuldan da istəklidir. Mən ona təlim–tərbiyə vermiş və bu səviyyəyə gətirib çıxarmışam"

1023-cü ildən qabaq Bəhmənyarın İbn Sina ilə qədim Azərbaycan şəhəri Həmədanda olması məlumdur. Sonralar İbn Sina bəzi yaxın adamları ilə birgə İsfahana gedərkən Əbülhəsən Bəhmənyarın onlarla birlikdə olması xəbəri verilmir. Çox güman ki, İbn Sina Əlaüddövlənin sarayında yaşadığı dövrdə Azərbaycan filosofu ondan uzaqda olmuş, buna görə də onunla məktublaşmağa başlamışdı. Müəllimlə şagird arasında gedən mübahisələrə həsr edilmiş məktublardan bəzilərinin məzmunu – onların təqribən XI əsrin 30-cu illərində yazıldığını göstərir.

İbn Sina ənənələrini qoruyub saxlamaq filosofun üzərinə ciddi və məsul vəzifələr qoyurdu. O, bütün qüvvəsini əsirgəmədən aristotelçi fəlsəfənin irəliyə doğru inkişafını təmin etməli idi. İbn Sina vaxtilə bu ümidlə sevimli şagirdi haqqında yazmışdı: "Onun nəhayət ki, gəlib mənim yerimdə olmasına bir şey qalmayıb".

Bəhmənyar müəlliminin ümidini layiqincə doğruldur. Onun özü və şagirdləri – Əbülabbas Ləfkəri, Ömər Xəyyam, habelə davamçıları Yaxın və Orta Şərqdə fəlsəfəni inkişaf etdirən əsas simalar olurlar.

Filosof, bir sıra qiymətli əsərlərin müəllifidir. "Təhsil" ("ət-Təhsil"), "Məntiqə dair Zinət" ("Əz-Zinə fi-l məntiq"), "Gözəllik və səadət" ("əl-Bəhcə va-s-səadə"), "Musiqi kitabı" ("Kitab fi-l-musiqa"), "Metafizikanın mövzusu" ("Maudu elm ma bəd ət-təbiə"),. Axırıncı iki traktat 1851-ci ildə Leypsiqdə ərəb və alman dillərində, 1911-ci ildə Qahirədə ərəb dilində çap edilib.

Təhsil əsəri Bəhmənyarın yaradıcılığında mühüm yer tutur. Filosof bu əsəri dayısı Əbumənsur Bəhram Xurşid oğluna ithaf edib. "Təhsil" əsəri "Məntiq" ("əl-Məntiq"), "Metafizika" ("Elm ma bəd ət-təbiə") və "Əyani mövcud şeylərin halları" ("Əhval əyan əl maucudat") olmaqla üç kitabdan ibarətdir. O, fəlsəfi biliklərin öyrənilməsində qiymətli mənbə olduğundan hələ orta əsrlərdə ərəb dilində orjinalından fars dilinə tərcümə edilib.

"Təhsil" kitabının ərəbcəsinin müxtəlif vaxtlarda köçürülmüş əlyazma nüsxələri Beyrut, Qahirə, Tehran, Rampur, Vatikan və dünyanın başqa şəhərlərinin kitabxanalarında, fondlarında saxlanılır. Əsərin farsca bir əlyazma nüsxəsi Özbəkistan Elmlər Akademiyasının Biruni Şərqşünaslıq İnstitunda, digəri İranın Milli Şura Məclisi kitabxanasındadır. Bu dəyərli əsərin bütöv halda ərəbcəsi 1971-ci ildə, farscası 1983-cü ildə Tehranda çapdan çıxıb. Onun A.V.Saqadeyev tərəfindən ərəbcədən ruscaya tərcüməsi 1983, 1986-cı illərdə nəşr olunub.

"Metafizikanın mövzusu" və "Mövcudatın mərtəbələri" traktatlarının əlyazma nüsxələri Avropanın müxtəlif kitabxanalarında saxlanılır. S.Popper bu iki traktatı ərəb dilindən alman dilinə tərcümə eərək, 1851-ci ildə hər iki dildə nəşr etdirib. Həmin traktatlar 1911-ci ildə Qahirədə çap olunub. Z.Məmmədov hər iki traktatı Azərbaycan dilinə tərcümə edərk, həmin tərcümə əsərləri "Şərq fəlsəfəsi (IX-XII əsrlər)" kitabında 1999-cu ildə çapdan çıxarıb.

Filosofun ölüm tarixi ayrı-ayrı müəlliflər tərəfindən (1038, 1065, 1066 , və 1067-ci illər) müxtəlif tarixlərdə göstərilir. İlk mənbələr isə filosofun 1066-cı ilin ortalarında vəfat etdiyini ortaya qoyur.

Professor Z.Məmmədovun təşəbbüsü ilə Bəhmənyarın anadan olmasının 1000 illik yubileyini 1993-cü ildə keçirmək barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti qərar qəbul edib. Bu münasibətlə Fəlsəfə və Hüquq İnstitutunda üç elmi sessiya, bir çox ali məktəblərdə konfranslar keçirilib. Yubiley münasibəti ilə Əbülhəsən Bəhmənyarın portretinin yaradılması üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə müsabiqə elan edilib, 3 fevral 1994-cü ildə isə müsabiqəyə yekun vurularaq, birincilik mükafatına Münəvvər Rzayevanın yaratdığı büst layiq görülüb.

Filosofun fəlsəfi fikrindən üç nümunəni təqdim edirik:

-Elə adamlar axtarın ki, onlarla söhbət yaxşi kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsiz filosoflarla söhbətə dəysin.

-Elə cinayət var ki, bağıshlanmır, bu, vətənə xəyanətdir.

-Dinləyə bilmək bacarığı yaxşı danışmaq bacarığına bərabərdir.

Aqşin İbrahimi ("Simsar" jurnalı)

 

 






4 Fevral, 2017  11:33 Baxılıb: 6283 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner