Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qafar Əliyev: "Beynəlxalq layihələrdə İsrail Azərbaycana dəstək verir"

Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun müdiri, YAP siyasi şurasının üzvü Qafar Əliyev Simsar.az -a müsahibə verib.

-İsrailin baş naziri  Benyamin Netanyahunun səfərindən hansı gözləntiləriniz var?

- Azərbaycanla-İsrail bir çox məsələlərdə, sıx iqtisadi, siyasi, humanitar tellərlə bir- birlərinə bağlıdır. Ölkələrimizin münasibətləri dostluq, əməkdaşlıq səviyyəsindədir. Bir çox beynəlxalq layihələrdə İsrail dövləti  Azərbaycana dəstək olur.  Xüsusilə, bir nömrəli problemimiz Azərbaycan ərazilərinin Ermənistan ordusu tərəfindən işğal olunması və bu munasibətlə səsimizin beynəlxalq aləmə çatdırılması , torpaqlarımızın azad edilməsi istiqamətində apardığımız beynəlxalq mücadilələrdə Israil dövləti və İsrail diasporu Azərbaycana dəstək verir. Tarix boyu Azərbaycan ermənilər tərəfindən öz torpaqlarında soyqırıma, deportasiyaya məruz qalıb və bu məsələlərdə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında İsrail dövləti,  KİV-i,  qeyri -hökumət təşkilatları yaxından iştirak edir.  2016-ci ilin aprel döyüşlərində də dünyanın bir çox dövlətləri sanki iki yerə parçalandı. Biz dostlarımız və düşmənlərimizi bir daha tanıdıq. Azərbaycanı hansı dövlətlərin istədiyini və Ermənistanı hansı dövlətlərin müdafiə etdiyinin şahidi olduq. Hadisələrin gedişatı, Azərbaycan ordusunun əldə etdiyi uğur İsrail KİV-i vasitəsilə dünyaya çatdırıldı. Dağlıq Qarabağ problemində İsrail çox konstruktiv mövqe tutdu və Azərbaycanı dəstəklədi.

-Həm də İsraildə çox sayda azərbaycanlı yaşayır...

-Bəli, İsraildə çoxlu Azərbaycan kökənli  Bakıdan, Qubadan, Oğuzdan,  Zaqataladan və başqa bölgələrdən köçüb orada yaşayan soydaşlarımız var.  İsrail yəhudiləri dünyanın müxtəlif yerlərində yaşayırlar və oralarda onlar da soyqırımlara, deportasiyalara məruz qalıblar. Ona görə də dünyanın müxtəlif ölkələrinə səpələniblər. Bu ölkələrdən biri də Azərbaycan olub.  Azərbaycanda da həmişə multikultiralizm olub, başqa dinlərin nümayəndələrinə xoş münasibət, göstərilib. İsrailin müxtəlif şəhərlərində artıq Bakı kökənli, Azərbaycan əsilli müxtəlif yəhudilər, yaxud da, qarışıq ailə nümayəndələri yaşayırlar. Qeyd edim ki, Israildə Xayfa şəhərində Azərbaycandan köçüb getmiş 20 mindən çox azərbaycanlı var. Onlar orada Azərbaycan tarixini, musiqisini, yeməklərini yaşadırlar. Sanki, bir balaca Bakı yaradırlar.  Bu səbəbdən də bizi İsraillə bağlayan tellər çoxdur. Bu tellər də hər iki dövlətin gələcək həyatı üçün, tarixi üçün beynəlxalq münasibətlər üçün əhəmiyyətlidir. Biz də çalışırıq bu əlaqələri qoruyub saxlayaq.

-Qafar müəllim, ümumiyyətlə, xaricdə yaşayan azərbaycanlıların nə kimi problemləri var?

-Problemlər çoxdur. Ən böyük problem isə Dağlıq Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılması, öz ana dilini, milli mənsubiyyətini, dini adət ənənələri qoruyub saxlamaq ən başlıca isə öz uşaqlarına ana dilində təhsil vermək problemidir. Onlar bu yöndə müəyyən çətinliklərlə üzləşirlər. Təsəvvür edin ki, Rusiyanın hər hansı bir şəhərində azərbaycanlılar kompakt şəklində yaşayır, onların övladları Azərbaycan tarixini, ədəbiyyatını, musiqisini öyrənmək istəyir. Amma müəllim, kitab və sairə çatışmır. Mən xaricə gedəndə ən çox bu problemlərlə bağlı müraciət olunur.

-Bəs onlara necə köməklik göstərilir?

- Biz təhsil, mədəniyyət, xarici işlər nazirlikləri, diaspor komitəsi, Heydər Əliyev fondu və digər qurumlarla ilə  sıx əlaqədə oluruq. Çalışırıq ki, azərbaycanlıların  kompakt yaşadığı yerlərdə onların  mədəni -milli dəyərlərimizi qoruyub saxlamalarına kömək edək.  Təhsil Nazirliyinin xətti ilə dərsliklərin göndərilməsi, Mədəniyyət və Turizm Nazirliyi ilə müəyyən çalğı alətlərinin, geyimlərin və sairə göndərilməsi təşkil edilir. Yaxud da ki, diaspor təşkilatlarının Azərbaycana gəlib onları əldə etməsinə imkan yaradırıq.

-Təhsillə bağlı problemlərə daha çox Gürcüstanda rast gəlinir...

- Orada bizim azərbaycanlılar disapora halında yaşamırlar. Onlar öz tarixi vətənlərində, torpaqlarında yaşayırlar və  həmişə öz ana dillərində təhsil alıblar. Azərbaycan mədəniyyətinin, tarixinin tərkib hissəsi olublar. Amma son dövrlər, xüsusilə Gürcüstanda müstəqillik əldə edildikdən sonra, orada gürcü dili dövlət dili oldu. Bundan sonra soydaşlarımız məcbur oldular ki, gürcü dilində oxusunlar. Çünki, gürcü dili əsas dil - dövlət dili olduğuna görə əsasən bu dili dərindən bilməklə ğzünə iş tapmaq və inkişaf etmək mümkündür. Bu da azərbaycanlılar üçün müəyyən çətinliklər yaradır. Azərbaycan dilli məktəblərin sayı azaldı.  Borçalıda yaşayanlar tarixən azərbaycan dilində oxuyublar, amma indi çalışırlar ki, gürcü dilində təhsil alsınlar ki,  cəmiyyətə inteqrasiya ola bilsinlər. Orada problemlərin həll olunması üçün dövlətimizlə yanaşı Gürcüstan dövləti, Dövlət Neft Şirkəti, Heydər Əliyev fondu və diasporamız ciddi çalışır.

-İranla bağlı da eyni problemlər varmı?

- Qeyd edim ki , eyni problem İranda da var. İranda soydaşlarımızın sayı daha çoxdur. Orada da azərbaycanlılar öz tarixi vətənlərində yaşayır, öz dillərində danışırlar. İranda da dövlət dili fars dilidir. Bununla yanaşı, orada son dövrlər  milli özünüifadəetmə azadlığı təmin olunur. Bu yaxınlarda İran parlamentində azərbaycanlı deputatlardan ibarət qrup yarandı, Azərbaycan türkcəsində məktəblərin açılması, qəzet və jurnalların nəşr olunması onu deməyə  əsas verir ki, İranda yaşayan Azərbaycan türkləri öz milli mənsubiyyətini qorumaq üçün get-gedə daha çox imkan əldə edir.

- Son günlərdə gündəmi zəbt edən taarif şurasının qaz və işıqla bağlı çıxardığı qərarla bağlı da fikirlərinizi oyrənmək istərdik.

- Dövlətin bu məsələ ilə bağlı qəbul etdiyi bütün qərarları, addımları təqdirəlayiq qiymətləndirirəm. Ona görə ki, biz müstəqil Azərbaycan Respublikasının vətəndaşı kimi hamımız dərk etməliyik ki, bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Bununla bərabər, qiymət artımı məsələsini təhlil etdikdə, bəzi çətinliklərin də yaranacağını nəzərə almalıyıq. Ona görə ki,  əhalinin bəzi kateqoriyaları, xüsusən müəllimlərin, həkimlərin, pensiyaçıların, aztəminatlı ailələrin indiki əmək haqları qiymət artımı ilə uyğun gəlmir. Əlbəttə ki, dövlət o təbəqələrin maaşlarının,  pensiyalarının, artırılması üçün addım atacaq. Təbii ki, əhalinin narahatlığını da başa düşmək lazımdır. Yəqin ki bu istiqamətdə balans yaradılacaq.

İradə Nurəddinqızı







14 Dekabr, 2016  17:27 Baxılıb: 2613 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner