Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

Genetika və inam möcüzəsi

Brus Lipton ixtirasının interpretasiyası

XX-əsrin əvvəllərindən etibarən genetikanın müstəqil  bir elm kimi formalaşmasında və inkişafında  T.Morqan, A.Stertevat, O.Everi, S. Rayt, K.Bridces, G.Müller və başqa amerikan alimlərinin müstəsna xidməti olub. Bu yaxınlarda isə genetika elminə daha bir töhfə və yenə okeanın o tayından gəldi. Amerikalı genetik Brus Liptonun genlərlə bağlı maraqlı kəşfi dünyanın akademik elmi çevrələrində hardasa ildırım effekti yaratdı.

“O, yaratdığı hər şeyi gözəl yaratdı”  ("Səcdə" surəsi, ayə 7)

Müxtəlif canlıların gen strukturunu dəyişməklə daha mükəmməl bir növ yaratmaq genetikanın başlıca məqsədlərindən olub. Süni seçmə adlandırılan bütün bu cəhdlər isəhəmişə uğursuz nəticə verib: xəstəlik, şikəstlik və ölüm. Gen molekuluna hər hansı təsadüfi və ya planlaşdırılmış müdaxilə ancaq zərər verir. Olduqca incə və mürəkkəb quruluşlu genlərə müdaxiləni digər amerikalı genetik B.G.Ranqanatan böyük bir şəhərdə baş verən zəlzələyə bənzədir: zəlzələ bir şəhəri təkmilləşdirməz, onu məhv edər. Bəlkə də, kobud olacaq, amma  zərif“ gen sarayı”na müdaxilə nəhəng bir filin büllur dükanına daxil olmasına bənzəyir. Gerisini özünüz düşünün. İnsan yeni növ yaratmaq istəyir. Həm də hazır növün genlərini dəyişməklə. Lakin bacarmır! Yaratmaq yalnız Ona xasdır. İnsan hazır növü təkmilləşdirməyə cəhd edir. Yenə bacarmır! Çünki Yaradan hər şeyi mükəmməl yaradıb.

"Həyat ilə xaos (nizamsızlıq) arasında heç bir uzlaşma yoxdur." - Pier Pol Qrasse

XX əsrin ortalarında böyük bəla – atom silahı icad olundu. Bəşəriyyət Xirosima, Naqasaki faciələri ilə sarsıldı. Atomun dinc məqsəd üçün istifadəsi də qəzasız ötüşmədi: Çernobıl qəzası. Sonra nüvə, kimyəvi, bioloji-toksik silahların istehsalı və istifadəsi gündəmə gəldi. Bəşərin öyündüyü bu “nailiyyətlər” yüz minlərlə dünya insanında genetik pozğunluq və xəstəliklər yaratdı. Nəticədə, genetik xəstəliklərin müalicəsi tibbin ən prioritet mövzusuna çevrildi. Genetika yeni inkişaf mərhələsinə daxil oldu. Artıq alimləri yeni növ yaradılmasından daha çox  gen xəstəliklərinin müalicəsi düşündürürdü. Tədqiqatları qeyri-perspektiv edən isə orqanizmdəki pozulmuş gen strukturuna bərpa niyyətli hər hansı müdaxilənin mümkünsüzlüyü və ya  genetik bazanın toxunulmazlığıdır. İxtiyari müdaxilə dəymə-düşər genlərin möhtəşəm nizamını yerlə yeksan edir və canlının həyatını söndürür. Atalar demiş, qaş düzəltdiyin yerdə göz çıxartmaq kimi bir şey. Belə çıxır ki, insan genlərin ona bəxş etdiyi tale ilə barışmalıdır. Əgər irsi yolla zədəli genlər alıbsa və xəstədirsə, qisməti ilə razılaşmalıdır. Həmçinin həyatı boyu  radiaktiv şüalanma, kimyəvi zəhərlənmə kimi xarici mühit təsirlərinə məruz qalıb  gen pozğunluğuna və xəstəliyə mübtəla olubsa, sağalmaq ümidlərini unutmalıdır. Yalnız cismi çatışmazlıqlarmı? Xeyr! Eyni məntiqi ruha da tətbiq edək. Məsələn, əgər kin-küdurətlilik kimi  qəbahətli bir xüsusiyyəti miras alıbsa, o cür də ömrünü yaşamalı və başa vurmalıdır. Zədəli genləri bərpa etmək mümkün olmadığından onların formalaşdırdığı  arzuedilməzləri aradan qaldırmaq olmur. Hərçənd ki din bu məsələdə fərqli  mövqedən çıxış edir. Dinin təqdim etdiyi özünüislah proqramı, həmçinin təvəssüllə ən ağır xəstəliklərin sağalmasının mümkünlüyü genetikanın iddialı və cəbriqanunları ilə uzlaşmır. İnsan heç zaman statik halda olmur. Ya tərəqqi, ya da tənəzzül edir.Bu proseslər cismimizə də, ruhumuza da şamil edilir. Deməli, dəyişkənliyə meyilli insan dəyişməz genlərin köləsi ola bilməz. Elə isə çözüm nədədir?

"Kəşf etmək hamının gördüyünü görmək, lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir." - A.R.Dyerdi

Elmi ixtiradan bəhs etdiyim üçün elə izahı da elmi müstəvidə davam edəcəyəm. Mövzuya giriş üçün ibtidai bioloji biliklərimizə istinad edək. Bəlli olduğu kimi, insanın bir bioloji varlıq kimi təşəkkülü və inkişafı onun genetik bazasında hazırlanmış proqram əsasında gerçəkləşir. Yəni genlər insana aid olan hər şeyi—sima, bədən quruluşu, dərisinin, tüklərinin və gözlərinin rəngi, temperament, bacarıq, kobud, yoxsa mehriban, xəsis, yoxsa səxavətli olmasını, bir sözlə, xasiyyətini cilvələndirən bütün xüsusiyyətləri, irsi xəstəlikləri, sonradan hansı xəstəliklərə meyilli olmasını, ömür müddətini və s. müəyyən edir. Müxtəsər ifadə etsək, insanın cismani və ruhi biçimi(şəkli) konkret bir proqrama tabedir. Bu proqramı isə ata-anadan miras aldığımız genlər hazırlayır. Genetik mutasiya (irsi dəyişkənlik) və modifikasiyanın (xarici təsirlərin yaratdığı dəyişkənlik) törətdiyi xəstəliklər isə həmişə sağalmaz xəstəliklər siyahısına salınıb. Zədələnmiş gen strukturunu yenidən təsir edərək ilkin vəziyyətinə qaytarmaq mümkün olmadığından onların  doğurduğu xəstəliklərə çarəsizcə təslim olmuşuq. “Taleyin sınağıdır” – deyib boyun əymişik. Müalicəsini isə mümkünsüz hesab etmişik.

"Ən böyük ümid ümidsizlik üzərində qələbədir." - Jorj Bernanos

Hüceyrə nüvəsində yerləşən genetik kodları elm bu günə qədər  mütləq ixtiyar sahibi kimi tanıdır. Hüceyrənin özünü necə aparması, xəstə, yoxsa sağlam olması  birbaşa genlərdən asılıdır. Hüceyrənin bütün giriş-çıxışına məhz onlar nəzarət edir. Genlərin arzu etmədiyi heç bir şey hüceyrəyə nüfuz edə bilməz. Genlər şərikli hakimiyyəti sevmirlər.  Alimlər bunu nüvədə qərargah qurmuş genetik kodların möhkəm özünümüdafiəsi də adlandırırlar. Məsələni qəlizləşdirən daha bir səbəb var: genlər təsirlərin dağıdıcı, yoxsa qurucu olmasını tanımırlar. Yəni onları dağıtmağa gələn atom şüalanması ilə onları bərpa etməyə gələn şüurlu insan müdaxiləsini ayırd edə bilmirlər. İxtiyari bir təsir nəticəsində bu incə və kövrək struktur dağılıb viran olur. Ona görə də gen xəstəliklərinin müalicəsi az qala “sərin od” icadı qədər absurd sayılıb. 1980-ci illərdən etibarən ardıcıl apardığı təcrübələrində hüceyrə membranının şübhəli davranışını müşahidə edən Lipton nəhayət ki, membranıyararaq hüceyrəyə nüfuz, nüvədəki genlərə təsir və hətta gen strukturunda səhman dəyişikliyi  edə biləcək qüvvəni aşkar edib. Diqqət yetirək: bu, tibbin uzun zamandır aciz qaldığı böyük bir problemin çözümüdür! Genlərə uğurlu təsir mexanizmi mövcuddursa, bu mexanizmi işə salmaqla zədələnmiş genetik strukturu bərpa etmək, onun doğurduğu çatışmazlıqları isə aradan qaldırmaq mümkündür. İxtiranın kulminasiyası isə daha maraqlıdır: Lipton bu qüvvənin inam qüvvəsi olduğunu sübut edir. Həm də dildə iqrar miqdarında deyil, şüurun 95%-lik alt qatlarına hopmuş və ya başqa cür desək, birbaşa təhtəlşüurdan qaynaqlanan inam hissi. Deməli, genetik strukturda bərpa və quruculuq işləri aparmağa yalnız və yalnız inam qüvvəsi səlahiyyətlidir.

"İnsan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı və səbri tövsiyə edən kimsələrdən başqa!"  (Əsr surəsi, ayə 2-3)

Yeni kəşf təkcə elmi deyil, elə dini camiənin də diqqətindən yayınmamalıdır. Cürətlə deyərdim ki, yeni nəzəriyyə din-elm vəhdətinin bariz nümunəsidir. Tarix boyu dini təlimlər inam qüvvəsinin insan həyatındakı xariqüladə rolunu, insanın inam vasitəsilə cismani, ruhi və eləcə də dünyəvi zərərlərdən qurtulacağını, təkamülü üçün isə əvəzedilməz stimul olacağını bəyan edib. Lipton kəşfi rasionallığına görə də diqqətçəkicidir. Belə ki ixtira tibbi-müalicə, epigenetika hüdudlarını aşaraq  kəramətlə şəfatapma, özünüislah, ağıl və inam, inancın insan həyatındakı faydaları, itaət və ibadətin  icbari zəruriliyi kimi məşhur dini mövzulara da nüfuz edir və onların elmi əsaslandırılmasına əlverişli şərait yaradır. Növbəti yazıda bu ixtiranın özünüislah kimi mühüm bir prosesdə fövqəladə əhəmiyyətindən bəhs edəcəyik.

Geniş auditoriya qarşısında metafizik mövzulardan bəhs etmək prinsiplərimə zidd olsa da, kəramət mövzusunu vurğulamağı zəruri bildim. Çünki nəzəriyyə hər birimizin həyatda ya rastladığı, ya da ən azından eşitdiyi sirli şəfatapmaları xatırlatdı. İnam duyğusunun  şəfaverici faydaları hamıya tanış mövzudur. İnanaraq, müqəddəslərə təvəssül etməklə onların kəramətindən bəhrələnib şəfa tapmış insanlar barədə az eşitməmişik. Hətta təbabətdə də platsebo (platseebo-latınca mənası “bəyənəcəksən” anlamını verir, gerçək kimi təqdim olunan banal, yalançı müalicə üsulu—N.Q) adlanan müalicə üsulu olub. Yəni xəstəni sağalacağına inandırmaqla psixoterapevtik potensialını hərəkətə gətirir, özünə isə tamamilə neytral dərmanlar verilir. Az ehtimalla da olsa, arzuedilən nəticəni əldə edirlər. Böyük əksəriyyət isə bu sirli səfatapmalara skeptik yanaşıblar. Yaxşı deyiblər: insan bilmədiyinin qənimidir. Dərk etmədiyimiz, bəşər elminin  izah edə bilmədiyi hər şeyə inkar möhürü vurmuşuq. Bəlkə, bir az insaflı olaq: dərk etmədiyimiz şeyləri inkar edincə, dərk etmək üçün elmimizin yetərli olmadığını etiraf etmək gərəkməzmi? Axı insan hər şeyi qavrayacaq idraka sahib deyil.

“Həqiqətən də, iman gətirənlər, mühacirət edənlər və Allah yolunda cihad edənlər Allahın rəhmətinə ümidvardır. Allah bağışlayan və mehribandır”  (Bəqərə surəsi, ayə 218)

1997-ci ilin təzəcə sərinləşən oktyabr ayı idi. İlk dəfə dostlarla Məşhəd ziyarətinə getmişdik. İlk ziyarətin şirinliyi, həyəcanı bambaşqa olur. Həzrətin hərəmində xeyli ibadət, dua etdik. Şərif qəbri ziyarət edib otelə qayıtmaq üçün hərəmin həyətinə çıxdıq. İlk dəfə gəldiyimdən böyük hərəmin giriş-çıxışlarına yaxşı bələd deyildim. Və heç demə, camaat arasında çox məşhur olan qapıdan xaric olmuşam. 15-20 addım irəliləmişdim ki, qəfildən arxadakı qapının yanında səs-küy qopdu. Bir andaca həyəcan həyətdəki bütün qələbəliyi bürüdü. Nə baş verdiyini anlamadım. Amma ucadan deyilən və hərəmin həyətində əks- səda doğuran salavat, təkbirlərdən ciddi bir hadisə baş verdiyini yəqin etdim. Hamı kimi hadisə yerinə – hərəmin qapısına doğru tələsik yaxınlaşdım. Zəvvarların bir nəfər gəncin başına toplandığını gördüm. Sevinc, həyəcan, göz yaşları... Öyrəndim ki, bəs bu gənc uşaq ikən qəzaya düşüb. Bütün əzaları iflic olub. Elə o vaxtdan da hərəkətsiz qalıb.  Aparmadıqları həkim-filan qalmayıb. Amma “çarəsi yoxdur!”– deyib ata-anasının bütün ümidlərini puç ediblər. Əlacsız valideynlər də buraya pənah gətiriblər. Xəstəni Babül-Şəfa (Şəfa Qapısı-N.Q) deyilən yerdə qoyub özləri də içəridə dua etməyə başlayıblar. Və birdən...Gənc ayağa qalxıb heç bir şey olmamış kimi yeriməyə başlayıb.

*****

Yenə 90-cı illərin axırları idi. Dostumun oğlu 7 yaşına çatsa da, hələ yataqdan qalxıb ayaqüstə belə dayanmamışdı. Uşaq doğuşdan tam hərəkətsiz və yatağa məhkum vəziyyətdə idi. Yaşıdları kimi məktəbə getmək, həyətdə ora-bura qaçmaq, oynamaq istəyini dilinə gətirəndə çöhrəsinə dünyanın bütün kədəri çökür və gözlərindən yaş sel kimi axırdı. Ürək dağlayan mənzərə idi. Zavallı dostum sürücülüklə qazandığı bütün pul-parasını xəstəxanalara, həkimlərə tökdü. Amma nəticə yox idi. Üstəlik, həkimlər bu səylərin əbəs olduğunu və uşağın heç zaman sağalmayacağını söyləyirdilər. Əli hər yerdən üzülən dostum uşağı qucağına alıb Qum şəhərinə Həzrəti-Məsumənin (s.ə) hərəminə yollanır. Şərif zərihin bir səmtində uşağı yerə qoyub özü isə səcdədə ağlayaraq dua etməyə başlayır. Bir neçə dəqiqədən sonra bir nəfər dostumun çiyninə əlini qoyub  deyir: “Ağa,bu uşağı niyə belə baxımsız qoymusan, aləmi qatır bir-birinə, yıxılıb canını əzəcək”. Dostum başını qaldıranda gözlərinə inanmır. Uşaq sevinc içində hərəmdə ora bura qaçırmış.

Eşitdiyim yox, birbaşa gözlərimlə gördüyüm bu iki hadisə o zaman  fikirlərimi çox məşğul etdi. Hətta bu barədə xeyli axtarış da apardım. Bir neçə tibb professoru ilə bu mövzuda söhbət etdim. Belə bir şeyin mümkünlüyünü inkar etməsələr də, təsdiq də etmədilər. Tibb elmi cəhətdən izah edə bilmədiyi nəsnələr barəsində ən yaxşı halda həmişə sükut edib. Əslində isə bu sükut bəşər elminin Allah elmi müqabilində acizliyindən başqa bir şey deyildi. İllər ötdü. İndi  məlum ixtiranın rakursundan bu sirli şəfatapmalar qismən də olsa, şəffaf görünür. Deyilmi? Hər iki əhvalatın son epizodlarına diqqət yetirək:

1. Hər yerdən və hər kəsdən əli üzülərkən xəstələrin köməyinə inam gəlir. Onları bu müqəddəs şəfa qapılarına inam gətirir.

2. Son ümid kimi çıxış edən inam isə insanın bütün varlığını bürümüş xalis  inam hissidir. Yəni cənab Liptonun təqdim etdiyi təhtəlşüur inamı.

Bu gün elm bəşəriyyətin daha bir problemini çözür. İnam hissimizin genetik kimliyimizə birbaşa təsir etmək iqtidarında olduğunu kəşfetməklə, insanlığın bu üsulla bir çox xəstəliklərdən (cismani və mənəvi) qurtulacağını, hətta inamla sirli şəfatapmanı təsdiq və sübut edir. İxtira ruhun cisim müqabilində qüdrətini, cisimdə proqressiv dəyişikliklər yaratmaq potensialını da aşkar edir. İxtira genetikanın nailiyyəti olsa da, tətbiqi əhatə dairəsi kifayət qədər genişdir. Nəzəriyyə fərd və cəmiyyət üçün bir çox psixoloji, sosioloji problemlərin uğurlu həllinin mükəmməl düsturunu təqdim edir: İNAM. Lipton ixtirası bəşəriyyətə daha böyük bir həqiqəti də xatırladır:  varlıq aləmində mövcud olan hər şey Allahın sonsuz elminə  tabedir. Səbəbi isə çox sadədir: nizam varsa, deməli, qanunauyğunluq mövcuddur. Qanunauyğunluq isə öz növbəsində elmin varlığını sübut edir.Bir sözlə, elmsiz nizam mövcud ola bilməz!  Hətta cüzi elmimizlə dərk edə bilmədiyimiz olayların da Allahın sonsuz elmindən kənarda baş verməsi mümkün deyil.Yaradılış aləminə Yaradanın mütləq elmi hakimdir. Bəşərin isə bu sonsuz elm xəzinəsindən əxz etdiyi sadəcə, ağlın tutumuna və elmin inkişafına mütənasib cüzi bir qisimdir.

“... Sizə elmdən az bir pay verilmişdir”  (İsra surəsi,  ayə 85)

İxtiranın tibbdə müalicə üsulu kimi  kütləvi tətbiqini proqnozlaşdırmaq çətindir. Kütləvi tətbiq və kütləvi bəhrə hər elmi ixtiranın dərhal nəsibi olmur. İndiki halda təqdim olunan müalicə terapeyası həkimdən və ya hansısa dərman preparatından deyil, birbaşa xəstənin özündən, təfəkküründən və  Allaha inamından asılıdır. Yalnız inamla toxtamış təfəkkür insanın cismində, ruhunda və həyatında inqilab yarada bilər. Özündə böyük keyfiyyət dəyişikliyi yaradacaq inama sahib olmaq isə heç də asan deyil. Elə Allahın göndərdiyi səmavi dinlərin, səmavi kitabların və elçilərin də bəşərdə görmək istədiyi budur.

Gəlin, pozitivliyə köklənək və  hamılıqla böyük faydalara ümid edək. Axı ümid insanı həqiqətə qovuşdura biləcək bir nurdur.

(Birlik.az)





Aliexpress INT
2 Noyabr, 2016  16:32 Baxılıb: 1888 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


17 Noyabr, 2017  09:15

17 Noyabr, 2017  09:10



15 Noyabr, 2017  10:42

15 Noyabr, 2017  10:40





13 Noyabr, 2017  12:26



8 Noyabr, 2017  10:42








2 Noyabr, 2017  12:14

2 Noyabr, 2017  12:08




26 Oktyabr, 2017  09:39

26 Oktyabr, 2017  09:36


25 Oktyabr, 2017  12:55





25 Oktyabr, 2017  10:04



25 Oktyabr, 2017  09:35


25 Oktyabr, 2017  09:09




24 Oktyabr, 2017  11:26



24 Oktyabr, 2017  09:32

21 Oktyabr, 2017  10:49