Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Həsən Əliyev: "Sevməyə vaxtım olub ki?..."

Güləşçi Həsən Əliyev 1989-cu ildə Azərbaycan Respublikasının Qazax rayonunda anadan olub. İdmanın Yunan-Roma güləşi növündə bir çox titullar qazanan idmançı 2009-cu ildə gənclər arasında Avropa və dünya çempionatının qalibi olaraq bir il sonra bu uğurları böyüklər arasında da təkrarlayıb. 2014-cü ildə yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının heyətində Dünya Kubokunun bürünc, 2015-ci ildə isə qızıl medalını qazanıb. Güləşçi 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və idmanının inkişafında böyük xidmətlərinə görə prezident İlham Əliyevin sərəncamı ilə Tərəqqi medalına layiq görülüb. Bu günlərdə Simsar.az-ın qonağı olan idmançı ilə “Dafne” Restoranında  görüşdük. Tanınmış güləşçinin müsahibəsini oxuculara təqdim edirik.

-Hazırda Güləş Federasiyasında işləriniz nə yerdədir? İrəlidə hansı yarışlar var?

-İşlər qaydasındadır. Gələn ay Heydər Əliyev adına Qızıl Qran-Pri olacaq. Dekabrda isə Dünya Cempionatı var.

-Adınız və soyadınız məşhur akademikimizi xatırladır. Onunla qohum bağlılığınız yoxdur?

-Xeyr. Yoxdur

-Yarışlardan gözləntiləriniz nədir? Bir neçə dəfə Qran-Priləri götürmüsünüz. Yenə də iddialısınız?

-İddiam olmasa, güləşə bilmərəm. Burada şans da rol oynayır.

-Bildiyiniz kimi, yarışlarda psixoloji hazırlıq böyük önəm daşıyır. İndidən özünüzü hazır görürsünüz?

- Normaldır. .Hər şey hazırlıqdan asılıdır.

-Qalibiyyət qazananda hansı hissləri keçirirsiniz? Təbii ki,sevinc olur, bəs təəccüb olubmu?

-Təəccüb deməzdim, amma bəzən gözlənilməyən hadisələr olur.

-Qalibiyyət qazanmaq sizin üçün adiləşmir?

-Əksinə, məğlub olduqca psixoloji olaraq, adam vərdiş edir. Mənfi ruhdan çıxa bilmirsən. Udmağa gəldikdə, məndə hələ Olimpiya medalı qalır. Bəlkə o medalı alandan sonra fikirləşə bilərəm ki, nələrisə etmişəm. İdmanda pik nöqtə var. Olimpiyadadan qalib çıxandan sonra müəyyən boşluq ola bilər. Təbiidir. Bəzən deyirlər ki, çempion olandan dörd il sonra nəticə verə bilmədi. 4 il boş vaxt deyil. Dörd il həm psixoloji hazır olmaq, həm də formada qalmaq lazımdır. Hamının həyatında o qədər problem olur. İş o deyil ki, döşəyin üstündə robot vəziyyətində qalasan. Udub -uduzmaq bütün idmançıların başına gəlir. Sanki bir təpədir, qalxıb düşürsən.

-İdmançı üçün azarkeşin zalda çox olmağının önəmi varmı?

-Mənim üçün bunun önəmi yoxdur

-Bəs bunun fərqi yoxdursa, stimulu nədən alırsınız?

-Özümdən

-Güləş zamanı elə bir hal olurmu ki, fikriniz yayınsın?

-Olur ki bir anlıq psixoloji olaraq, adam tutulur, güləşə bilmir. O da normaldır.

-Maraqlıdır,  tatamidə döşək üzərində döyüşən idmançılarımız küçə davasında necə döyüşürlər?

-Yoxlamamışam.

-Heç küçə davasında olmamısınız?

- Yox.

-Küçə davasında eyni proses yaşana bilərmi?

-Güləşin küçə davasına aidiyyatı yoxdur. Nəsə bir fənd edə bilərsən.

-Deyəsən, davadan çəkinirsiniz?

-Yox, niyə dalaşım ki? Ağıllı adam niyə dalaşsın?

-Bildiyimiz kimi, ibadət əhlisiniz? Bunun  sizə tutduğunuz yolda nə kimi faydaları toxunur?

-İbadətdən xeyir gözləmirəm. Təbii ki, allaha yaxın olursan, istədiyini allahdan istəyirsən, məsləhətdirsə verir, məsləhət deyilsə yox.

-Nə vaxtdan ibadət edirsiniz?

-Uşaqlıqdan

-Ailəlisiniz, yoxsa subay?

-Subay

-Bəzən deyirlər ki, kişi mətbəxdə iş görməz? Siz necə düşünürsünüz?

-Yox, burada heç bir problem yoxdur.Mən tək yaşayıram. Lazım olanda yemək də bişirirəm.Əlimdən gələni edirəm. Amma təbii ki, bütün günü arvad otursun, sən iş gör, bu düzgün deyil.Onu normal insan qəbul edə bilməz.

-Güləşə öz istəyinizlə gəldiniz?

-Yox, mənim səhhətimdə bir az prblem vardı. Evdən dedilər ki, idmana getsin, düzələr.

-Populyarlıq baş gicəlləndirmir? Bir də deyəsən, reklamdan qaçan adamsınız. Televiziyalarda görünmürsünüz.

-Xeyr başım gicəllənmir (gülür).  Az görünmək daha yaxşıdır. Nə qədər az görünsən, bir o qədər az danışarsan

-Tv-lərə baxırsınız?

-Çox baxan deyiləm. Arada seriala baxiram.

-Bəs xəbərləri hardan alırsınız?

-Feysbukdan, sosial şəbəkələrdən.

-Kompleksli adama oxşayırsınız. Cəmiyyət qınağı sizin üçün çox önəmlidir?

-Kompleks deyəndə ki, düşünürəm niyə kimsə barəmdə xoşagəlməz nəsə yazsın, qanım qaralsın.

-Əhvalınız tez pozulur adi xəbərdən?

-Hə. Bir az həssas adamam, tez əsəbləşirəm. Kiməsə əsəbləşəndə hirsimi o adamdan çıxmıram, amma özümə əziyyət verireəm.

-Necə əsəbləşirsiniz? Məsələn, divara yumruq vurursunuz?

-Yox, o dərəcədə yox.

-Özünüzə qadağalarınız var?

- Deyirlər ki, idmançıya siqaret, içki qadağandır. Mənim isə sadəcə bunlara uşaqlıqdan həvəsim olmayıb. Başqa bir qadağam yoxdur özümə qarşı.

-Bəs valideyn qadağasına tabe olursunuz?

-Təbii ki, valideyn dedisə, söhbət bağlandı. Düzdür,  valideynlərimdən ayrı yaşayıram. Onlar kənddədirlər. Mən  2001- ci ildən burdayam, tək böyümüşəm.

- Kənd dediz yadıma düşdü, axı qazaxlısız, orda da  hər beş adamnan 3-ü aşıqdır. Bütün evlərdə də saz var...

- (Gülür) bəli elədir. Bizim evimizdə də var saz. Ancaq saz çala bilmirəm. Aşıq havalarını çox sevirəm. Xüsusilə Baş Sarıteli...

-Ədəbiyyatla, şeirlə aranız necədir?

-Detektiv əsərləri oxumağı xoşlayıram. Çingiz Abdullayevi, Elxan Elatlını oxumuşam.

-Musiqidə kimləri dinləyirsiniz?

-Fərq etmir, xoşuma gələn bütün musiqilərə qulaq asıram. Xüsusi fanatı olduğum müğənni yoxdur.

- Şeir yazmısınız?

-Yox

- Sevgi məktubu necə?

-Sevməyə heç vaxtım olub ki.. Olsaydı evlənərdim.

-27 yaşa kimi sevməməyiniz inandırıcı görünmür..

-Bəlkə olub, mən hiss etməmişəm (gülür).

-Qara pişiyə, nəzərə inanırsınınz?

-Qara pişiyə yox, amma nəzərə, nəfsə inanıram...

-İstədiyiniz nəticəni almayanda, yaxud uduzanda ruh düşkünlüyü yaranır təbiidir. Belə hallarda psixoloqa müraciət edirsiniz?

-Bəli gedirəm. Federasiyanın psixoloqunun yanına getmişəm. İdman psixologiyası başqadır. Elə olur ki , psixoloq mənlə güləşir, zəif nöqtələri tutur. Demək olar ki, güləşçilərin hamısı psixoloqa müraciət edir.

-Sizin üçün yarışın kiçiyi yaxud böyüyünün önəmi var?

-Bəli var. Elə bir yarış ola bilər ki, sənin üçün kiçik görünsün, ancaq o yarış böyük yarışlara keçid rolunu oynayır. Demək olar ki, 2010-cu ildən bəri istədiyim nəticəni qazana bilməmişəm. Mən heç vaxt üçüncü yerə çıxanda sevinməmişəm. Maksimalistəm. İdmançılar var ki, üçüncü yer onun üçun böyük qələbədir. Təkəbbür kimi demirəm, birinci yerdən başqa yer mənə maraqsız gəlir. Onu da deyim ki, uduzandan sonra verilən təsəllidən də adam irgənir.

- Güləşdə kimi özünüzdən güclü rəqib hesab edirsiniz?

-Öz çəkimlə hamıyla güləşə bilərəm. Çəkinəcəyim rəqib görmürəm. Mən buna uduzaram kimi  fikrim yoxdur.

-Bəzən idmançılar istədiklərinə nail olduqdan sonra idman ikinci plana keçir. Artıq ev, maşın var və idman nəyimə lazım-deyə düşünürlər.Yəni, bir növ pul mənbəyi kimi baxırlar.

-Bəli elə idmançılar var. Amma bu, insan xarakterinə bağlıdır. Əgər pulun varsa və əziyyət çəkib əlavə də qazanmağın nəyi pisdir ki?

Nihadə Eyyubova

 






20 Oktyabr, 2016  16:48 Baxılıb: 3001 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner