Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mənəvi təkamülün şərti – Halal qazanc

“Ey insanlar! Yer üzündə halal və pak olan şeylərdən yeyin və şeytanın ardınca getməyin. O, sizin açıq-aşkar düşməninizdir  (Bəqərə-168)”.

 

Şəriətimizin əsas missiyası insanlara halal və haramı izah etməkdir, desək yanılmarıq. Dinin ehkam hissələri halal-haram məsələlərini aşılamaqla, əslində bizi sadəcə olaraq Axirət aləminə hazırlıqlı etmir. Bu məsələ həm də insan cəmiyyətinin dünyadakı təkamülünün zaminidir. Halal qazanc cəmiyyətdə olduqca mühüm çəkiyə malikdir. Bəziləri düşünür ki, halal qazanc zamanımıza xas problemdir. Lakin hədislərə baxdıqda, görürük ki, halal qazanc əldə etmək insanlar üçün daim çətin olub. Allahın Peyğəmbəri (s) bu barədə buyurub: “Axirəzzamanda ən az tapılan şey etibarlı dost və ya halal bir dirhəm  olacaq”. İmam Sadiq (ə) də bu mövzuya işarə edərək deyib: “Qılınc vurmaq halal mal əldə etməkdən asandır”. Bu işin çətinliyi onun əhəmiyyəti ilə də bağlıdır ki, İmam Baqir (ə) bu barədə danışarkən deyir: “İman on qismdir və onun doqquzu halal ruzidir”. Yəni, halal qazanc əldə etmək çətin olduğu üçün mühümdür və insanın mənəvi təkamülünün şərtidir. Təsadüfi deyil ki, hədislər halal ruzi qazananaları cihad edənlərə, yəni canlarını Allah yolunda təhlükəyə atanlara bənzədirlər. Günlərin biri İmam Baqirə (ə) yaxınlaşan bir kişi sual verir: “Mən əməlimdə zəif bir insanam, az namaz qılıb, oruc tutsam da çalışıram ki, ancaq halal yemək yeyim və yalnız halal xanımımla yaşayım”. İmam Baqir (ə) onu az ibadət etməkdə ittiham etmir, əksinə cavab verir ki, onun gördüyü iş ən böyük cihaddır. Yəni insan vacib ibadətlərlə kifayətlənib, əsas diqqətini halallığa yönəldərsə, Allah yolunda ən böyük savaş etmiş olar.

Təbii ki, dinimizdə halal zəhmətə bu qədər önəm verilməsinin səbəbi var. İnsan ruh və cismdən ibarət olduğu üçün, daim heyvani (maddi) və ilahi (mənəvi) çağırışlar arasında seçim edir. Eyni zamanda insan maddiyyatını təmin etməsə, mənəviyyatında da irəli gedə bilməz. İnsan həm bədəninin, həm ruhunun qayğısına qalmalıdır. Bu halda tarazılığı qorumaq olduqca çətindir. Allah yolunda cihad edən kəs, bu seçimlə bir dəfə üzləşir – canından keçsin (ruhun çağırışı), ya yox (cismin çağırışı)?! Halal qazanc dalınca düşən insan isə daim bu seçimlə üzləşir. Daim seçim qarşısındadır: bir tərəfdə asan və haram qazanc, ailəsinin və yaxınlarının təminatlı həyatı, cəmiyytdə izzət və hörmət; digər tərəfdə isə çətin və halal qazanc, ailəsinin şübhəli təminatı, cəmiyyətdəki mövqeyinin müəmmalı gələcəyi. Bir tərəfdən bədən rahatlıq istəyir, digər tərəfdən ruh. İnsan daxili xüsusiyyətlərinə görə hakimiyyətə, qüdrətə, izzətə, ləzzətə meyillidir və bu meyllər onu çaşdırır. Haram qazanan insan daxili meyillərini, maddi nemətlərini, halal qazanan isə mənəvi nemətlərinin çoxalmasını təmin etməyə çalışır. Haram qazanan insan maddiyyatın keçiciliyini anlamır, halal qazanan isə anlayır. Haram qazanan insan mənəviyyat səsini boğur, halal qazanan insan isə o səsə qulaq verir. Bununla da, haram qazanan insan insaniliyi, həyatın mənasnı başa düşmür. Halal qazanan isə başa düşür. Yəni halal qazanc, insanın mənəvi aramlığının, əqli inkişafının, insanlıq məqamına çatmasının göstəricisidir. Bu, insanı heyvandan fərqləndirən əsas meyarlardan biridir.

Təsadüfi deyil ki, xalqımızın əsrlər boyu yaşatdığı dəyərlərdən biri halallıqdır. Yaşadığımız yaz fəsli də, bu dəyərin bariz nümunələrindəndir. İnsanlar halal zəhmətə qatlanıb qışın yaratdığı maneələri aradan qaldırırlar. Küçə-baca təmizlənir, tarlalar əkin üçün hazırlanır, çör-çöp yığılıb yandırılır ki, Novruzdan sonra qazanc məqsədilə başlanan işlər təmiz şəraitdə olsun. Yəni paklıq halallığın ilk şərtlərindəndir.

Ümumiyyətlə, nəyəsə nail olmaq istəyirsənsə əziyyətə qatlaşmağı, təmkinli olmağı, işini sevməyi bacarmalısan. Halal zəhmətin isə bütün şərtlərindən ən mühümü şükrdür. Allah insana təbiəti bəxş edib ki, öz zəhməti ilə təbiətdən faydalansın, verdiyi nemətlərlə Allaha yaxınlaşsın. Bu da insanı digər varlıqlardan fərqləndirir – insan iradəli şəkildə Allahın verdiyi nemətləri daim yadda saxlamağı, bu nemətlərə görə şükr etməyi öyrənir. Özü də şükr İslam fəlsəfəsində dillə deyilən “əlhəmdulillah” zikri deyil. Nemətin şükrü əməllə yerinə yetirilər, yəni həmin nemət düz yolda sərf olunarsa, insan o nemətin şükrünü əldə etmiş olar. Şükr etməyi bacaran insan isə həyatın dolğunluqlarını, gözəlliklərini görməyə alışır və həyat onun üçün gözəlləşir. Şükr – insan ruhunun baharıdır ki, ruhdakı fəzilətlər şükür və minnətdarlıqla çiçəklənir, bar verir.

İndi təsəvvür edin ki, əcdadımızın bizə qoyduğu bu ənənəni düşünülmüş şəkildə həyatımızda tətbiq etsək necə bir cəmiyyət yaranar?! Yediyimizin-içdiyimizin təmizliyinə görə aram, natəmizliyin fəsadlarından uzaq olarıq. Rəqabət və düşmənçilik əməkdaşlıq və qarşılıqlı dəstəklə əvəz olunar. Etdiyimiz yaxşılıqlar təmənnasız və minnətsız, çəkdiyimiz zəhmət isə xoş və şirin olar. Xaricdən gələn mədəniyyətdə olduğu kimi hamı öz mənfəətini düşünməz, paxıllıq və özünügöstərmə düşüncələrinə hakim olmaz, asan qazanc naminə başqasının haqqı qəsb edilməz,  mənfəətpərstlik nəticəsində varlılar daha da zəngin, fəqirlər isə daha da yoxsul hala düşməzlər. Əksinə, bir-birinə görə fədakarlığa hazır olan, bir birinin qədrini bilən, bir – birinə minnətdar olmağı bacaran, bir birinin əlindən tutan, bir birinin əvəzinə sevinən sevgi və mərhəmət dolu bir cəmiyyət yaranar. Bax, halal ruzi insanın dünya həyatını belə şirinləşdirər. Ona görə də, halal ruzi asan ələ gəlmir. Halal ruzi bu qədər mühümdür və ən üstün cihad sayılır.

Mənəvi Dünya İctimai Birliyi

 

 

 

 






18 İyul, 2016  18:15 Baxılıb: 2238 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner