Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Xalq Cəbhəsi hakimiyyətə gələndə məni efirdən uzaqlaşdırdılar”

Əslində Tamilla xanımla görüşümüz çoxdan baş tutmalı idi, ancaq hər dəfə bir əmma çıxır, görüş planımız təxirə düşürdü. Nəhayət ki, bir gün zəng vurub:“Mən hazıram, bir iş çıxmamış, gəlin görüşək”,-dedi. Yasamal rayonundakı evlərinə yollandıq. İnstitutun 1-ci kursunda televiziyada diktor kimi işə başlayan, 3 dəfə işdən çıxarılıb, yenidən geri  qaytarılan Tamilla xanım Ələkbərova “Tele-sima”dadır.

“Atam televiziyaya getməyimə qəti razı deyildi”

Bakıda dünyaya göz açmışam. Anam evdar xanım olub. Gimnaziyanı bitirdikdən sonra-15 yaşında onu ərə veriblər. O, da oturub 5 uşaq böyüdüb. “Əhməd haradadır” filmində Mərdanzadə rolunu oynayan aktyor  mənim böyük qardaşım Əmənulla Rəsulovdur. O vaxt Ələsgər Ələkbərov deyirdi ki: “mən öləndə sakit öləcəyəm, çünki sən mənim davamçım olacaqsan. Bütün tamaşalarda sən məni əvəz edə bilərsən”. Amma o, teatr sahəsində az işlədi. Müəllimliyə meyli daha çox idi. Bəlkə də mənim incəsənətə sevgim elə uşaqlıqdan, qardaşımın məni özü ilə teatra, tamaşalara aparmasından yaranıb. Uşaqlığım aktyorların əhatəsində keçib.

Orta məktəbi rus dilində oxudum. Məktəbi bitirib indiki Tusi adına Azərbaycan Pedaqoji Universitetinə – televizyadan, incəsənətdən tamam uzaq bir fakültəyə – kimya-biologiya fakültəsinə daxil oldum. Birinci kursda auditoriyada oturduğumuz zaman qapı döyüldü. Bir nəfər içəri girib dedi ki, biz televiziyada müsabiqə elan etmək istəyirik. Diktorlar seçirik. İcazə verirsiz qızlardan bir neçəsini seçək? Müəllim razılaşdı. O qədər tələbə olan auditoriyadan cəmi 3 nəfəri seçdi. Biz auditoriyadan çıxanda mənə dedi ki, bir həftə sonra müsabiqə olacaq, xahiş edirəm Azərbaycan televiziyasına gəlin, müsabiqədə iştirak edin. Sonradan bildim ki, o adam  rejissor Nazim Zeynalov imiş. Allah günahımdan keçsin, o vaxtlar bu barədə atama demirdim. Atam televiziyaya getməyimə qəti razı deyildi. Qardaşım və əmim oğlunun xəbəri var idi. Çünki əmim oğlunun dostu televiziyada işləyirdi. Ona dedim ki, atamı bir təhər yola gətirsin...

AzTV-nin girişindən indiki “Türk məscidi”nə qədər növbə var idi. İlk dəfə o mənzərəni görəndə dəhşətə gəldim. “Bu qədər insanın arasından məni qəbul edib, götürəcəklər?”, - deyə, fikirləşirdim. Həmin müsabiqəyə Amaliya Pənahova da qatılmışdı, amma nədənsə keçə bilmədi. Çox gözəl səs tembri var idi, sonra radioda işlədi. Hər gün 500 nəfərdən imtahan götürürdülər. O vaxt verilişlər həm rus, həm də Azərbaycan dilində olduğu üçün biz iki dildə mətn oxuyurduq. Mənə dedilər ki, Azərbaycan dili üzərində işləməlisən, bir az ləhcən var. Amma 3 mərhələdən də keçdim. Sonra sınaq müddəti verdilər. Sınaq müddətində diktor-praktikant təcrübəsi keçdim.  O vaxt rus dili aparıcı dil hesab olunduğu üçün Rus dilini bilmirsənsə, bütün yollar sənin üçün bağlanırdı. Mənim anam da bunu nəzərə alıb uşaqlarının gələcəyi yaxşı olsun deyə, hamımızı Rus məktəbinə qoymuşdu. Atam isə başqa bir sahədə – mağaza müdiri işləyirdi. Atamızın harada işlədiyini yazmağa qorxurduq. Çünki o zaman zavodda, fabrikdə işləmək dəb idi...

Televiziyaya gələndə qadınlardan Roza xanım, Natavan xanım və Tamilla Qafarova var idi. Mən isə 4-cü oldum. Radionun əməkdaşları rəhmətlik Nizami Məmmədov, Aydın Qaradağlı televiziyada verilişlər aparırdılar. Sabir Ələsgərov radioda diktor işləyirdi. Sonra onu da dəvət etdilər ki, efirdə kişi aparıcısı da olmalıdı. Ardınca Davud, rəhmətlik Hicran da televiziyaya gəldi. Şərqiyyə xanım, Həqiqət xanım isə televiziyaya lap sonralar gəlmişdilər.

İşə birinci kursda oxuyanda- 18 yaşım tamam olmamış qəbul olmuşdum. O zaman televiziya adamlarında indiki kimi şöhrətə meyl yox idi. Televiziyada təzə addımlarımı atırdım. Universitetdə hamı mənə qarşı çox hörmətlə yanaşırdı. Verilişlərə vaxtında gedib çatım deyə şərait yaradırdılar. Dərsdən yarım saat da tez çıxsam, bir söz demirdilər. Verlişim 5-də idisə, 4-də, 4-ün yarısı işdə olurdum.

“Dedi ki, səni efirdə görmüşdüm, xoşuma gəlməmişdin”

Bir dəfə işə gedəndə Bakı Sovetinin önündə bizim universitetin bir müəllimi məni gördü. Öpüb, qucaqladı. Dedi sevinirəm ki, heç olmasa universitetdən bir nəfər televiziyada bizi təmsil edir. Digər tərəfdə də 4-5 cavan oğlan durmuşdu. O oğlanlardan biri mənə yaxınlaşdı. Çox həyəcanlandım ki, bu kimdir, utanmadan düz gəlib mənim önümdə durdu. Mənə baxa-baxa başımıza fırlandı. Bu, mənə çox pis təsir etdi, hətta trolleybusa minməliydim, minmədim. Gördüm taksi gəlir, saxladıb taksi ilə getdim. Bu hadisədən sonra atamın dayısı nəvəsi mənə zəng etdi ki, Tamilla, nişanlanmışam, səni nişanlımla  tanış etmək istəyirəm. Razılaşdım. 7-də işdən çıxdım, gördüm ki, 4 nəfər durub məni gözləyir. Mənə baxan həmin cavan oğlan da onların arasında idi. Yanında da gənc, qəşəng bir qadın dayanıb. Ürəyimdə fikirləşdim ki, bunun yanında bu cür gözəl xanım var, mənə niyə elə baxırdı?! Sən demə, həmin gəlin onun bacısı imiş. Gəliblər mənimlə tanış olmağa. Deməli, məni görməyə gəlibmiş. Tanış olduqdan sonra nə üçün elə baxdığını soruşdum. Dedi ki, səni efirdə görmüşdüm, xoşuma gəlməmişdin, ona görə elə baxdım. Onun üzünə, qamətinə vuruldum. Bir il sonra, 19 yaşında nişanlandıq. Sentyabr ayında tanış olduq, noyabr ayında üzük gətirdilər, aprelin 4-də toymuz oldu.

“Mənə də dedi “götür uşağı, get evə”

Yoldaşım çox qısqanc idi. 1964-cü ildə məni işdən çıxartdı. Çox  pis günlər keçirdim... Çünki işimi olduqca çox sevirdim. 1965-ci ildə qızım dünyaya gəldi. Bir müddət televiziyadan uzaq düşdüm. O dövrdə rəhmətlik Nəbi Xəzri televiziyanın sədri, Ənvər Əlibəyli isə sədr müavini idi. Onların mənim yoldaşımla yaxşı münasibəti vardı. Moskvada Azərbaycan Mədəniyyəti günləri keçirilirdi. Yoldaşıma zəng vurub xahiş elədilər ki, rus dilini təmiz bilən diktorlarımızdan biri də, elə Tamilladır. Gəlsin, heç olmasa bir həftə efirə çıxsın, Moskvaya tədbirə aparaq. İstəsən, özün də gedə bilərsən. Moskvada bütün respublikaların aparıcıları öz respublikalarındakı görülən işləri təqdim edirdilər. Bir həftə yoldaşımla orada qaldıq. Proqramın sədri Lapin, elə yerindəcə dedi ki, Tamillaya yüksək kateqoriya, ad verilməlidi. Çünki Ermənistan, Gürcüstan və Baltikyanı ölkələrdan gələnlər ləhcə ilə danışmışdılar. Lakin Rafiq Hüseynovla mənə böyük bir jest etdi, ikimizə də “qramota” verdi. Ondan sonra televiziyada qalıb işlədim.

Ənvər Əlibəylini yada salanda kövrəlirəm. Gözlərim qarşısına insaniyyət, qanacaq, qabiliyyət, hörmət nümunəsi gəlir. Böyük qızımın 4 yaşı olanda onu da götürüb işə aparmışdım. Qızımı verdim işçilərdən birinə ki, səhər xəbərlərini təqdim edim. Heç kimin yanında qalmırdı. Qaynanam da işdə idi, deyə evdə baxan yox idi. Qızımı həyətə apardılar. Mən də mətn oxuyuram. Sən demə, qızım həyətdə onların başına bir oyun açıb ki, gəl görəsən. Yenidən içəri gətiriblər ki, anan burdadı. Uşaq da ağlayır. Səsini eşidib mətni tez-tez oxuyuram ki, uşağın ürəyi keçməsin. Birdən səs tamam kəsildi. Mətni necə oxudum, onu Allah bilir. Tələsik qapını açıb çıxanda Ənvər Əlibəyli ilə qarşılaşdım. Əllərim, ayaqlarım titrədi. Bilirdim yumşaq adamdı, amma belə də olmaz. Gördüm ki, uşağı alıb qucağına deyir: “Ay Allah bundan on dənə ver!” Uşaq da səsini kəsib. Birdən məni görüb,  “kimdi bunun anası, mən onu döyəcəm. Kimdi o qəddar ana, bu cür gözəli qoyub gedib?!” - dedi. Mən qıpqırmızı qızardım. Dedi “qızım, heç narahat olma. Çox sağ ol ki, belə gözəl bala dünyaya gətirmisən”. İndiki zəmanədə elə insan çətin tapılar. Redaktorlara da hirsləndi ki, “Tamilla xanımın körpə uşağı var, səhər niyə verlişə salmısız?!” Mənə də dedi “götür uşağı, get evə”.

İsmət Qayıbovun da olduğu vertalyotun partladılması məni çox sarsıtdı. Allah ona rəhmət eləsin, onunla ailəvi dostluğumuz vardı. Bu hadisə baş verən gün xəbərin mətnini gətirdilər ki, təqdim edim. Mətni oxuya bilmədim. Özümə gəldikdən sonra yoldaşı Leyla xanıma zəng etdim. Leyla xanımın xəbəri yox idi. Dedi ki, İsməti gözləyirəm. Bir də Salatının ölüm xəbərini oxumaq mənim üçün çox çətin oldu. Salatın cəbhəyə gedən günün gecəsi mənə zəng etdi. Məni çox istəyirdi. Həmişə deyirdi ki, “Mən sizə baxıb aparıcı olmaq istəyirdim. Amma səsim imkan vermir”. Xırıltılı səsi var idi. Zəng vurub dedi ki, “Tamilla xanım mən gedirəm cəbhə bölgəsinə, ola bilsin qayıtmayacam”. Dedim sən nə danşırsan, körpə balan var. Məgər səndən başqa adam yoxdu?! Dedi ki: “Mən getməsəm, o getməsə nə olacaq?!” Gecə saat 3-də mənə zəng vurmuşdu, hətta yoldaşım dedi ki, niyə bu vaxtı zəng edib, nə olub? Səhərisi gün ölüm xəbəri gəldi. Studiyada bu xəbərin titrini görəndə gözümdən yaş süzüldü, gördüm dayana bilmirəm, ötürdüm Davuda. Bu zaman  huşumu  itirdim.

Xalq Cəbhəsi hakimiyyətə gələndə məni efirdən uzaqlaşdırdılar. Adını da qoydular ki, sən Ayaz Mütəllibovun adamısan. Heydər Əliyev hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra bizi yenidən televiziyaya qaytardı. Evdə oturmuşdum televiziyadan mənə zəng gəldi ki, Tamilla, tez geyin gəl, qayıdış oldu. O gün Heydər Əliyevlə görüşümüz keçirildi. Məni öpüb soruşdu ki: “Qızım, sən niyə efirə çıxmırdın? İndən sonra çıxmalısan”. O bizə çox hörmətlə yanaşırdı.

Heydər Əliyevlə bağlı daha bir xatirəm var. Moskvada işləyəndə istirahət üçün Bakıya gəlmişdi. Mən də məzuniyyətdə idim. Yoldaşım nazir müavini olduğu üçün Zaqulbadakı istirahət ocağında qalırdıq. Orada yalnız vəzifəli şəxslərin ailələri istirahət edirdi. Uşaqlarımla, qaynanamla oturmuşdum gördüm ki, AzTV-də sədr müavini olan Məmmədəli Zülfüqarov girdi içəri. Dedi ki, nə yaxşı səni tapdım:“Tez ol, yığış, şəhərə gedirik”. Onda əl telefonu da yox idi. Dedim axı mən istirahətdəyəm. Dedi, Heydər Əliyev Moskvadan gəlib, efirdə görmək istədiklərinin siyahısını verib. Onda Roza xanım hələ məzuniyyətə çıxmamışdı. Siyahıda Roza xanım, Şərqiyyə xanım, mən və 3 nəfərin adı var idi. Bakıda olacağı bir ay müddətində efirdə öz diktorlarımı görmək istəyirəm demişdi. Dəhşətə gəldim. Mənim nə ixtiyarım var, imtina edim?! İnanıb, sevib ki, bizi çağırıb. Həm də “mənim diktorlarım” çox böyük sözdü. O söz indi də mənim qulağımda qalıb. Bir ay 3 nəfər səhər, günorta, axşam işlədik. 1 ayın bitməsinə yaxın Heydər Əliyev televiziyaya gəlmişdi. Onda Nizami Xudiyev sədr idi. Ona dedi ki, bunlar həmişə televiziyada olmalı və məni qarşılamalıdılar. Mən televiziyada onları görmək istəyirəm....

 

Elmar Hüseynov  (Simsar jurnalı)

 

 






18 İyul, 2016  17:38 Baxılıb: 2151 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner