Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ermənistanın açıq və gizli silah alveri – ANALİZ

Cənubi Qafqaz regionunda Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı əsassız ərazi iddiasında olan, eləcə də Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayan Ermənistan son illərdə silahlanma tendensiyasını davam etdirərək regional təhlükəsizliyi ciddi təhdid altında qoyur. Xaricdəki erməni diasporunun və ermənipərəst qüvvələrin dəstəyindən maksimum şəkildə yararlanan rəsmi İrəvan silahlanma prosesini qeyri şəffaf şəkildə həyata keçirir. Əsasən də “qara bazar” prinsipindən istifadə edərək müxtəlif ölkələr üzərindən Ermənistana silah, hərbi texnika və digər müdafiə təyinatlı məhsulların ötürülməsi prosesi davam etməkdədir. BMT Adi Silahlar Registrinə alıcı (Ermənistan) və satıcı ölkələrin təqdim etdikləri məlumatlar, eləcə də ortaya çıxan digər faktlar Ermənistanın şəffaf siyasət yürütmədiyini, beynəlxalq təşkilatları aldatdığını sübuta yetirir.

İqtisadi imkanların yetərsizliyinə baxmayaraq, Ermənistanın silahlanma prosesi bu gün 4 istiqamət üzrə inkişaf edir. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:

– Rusiya tərəfindən hərbi əmlakın təmənnasız bağışlanması

– KTMT (əsasən Rusiyadan aşağı qiymətə satınalmalar) üzvü olan ölkələrdən və digər dövlətlərdən satınalmalar,

– Erməni diasporunun dəstəyi ilə beynəlxalq hesabatlara düşmədən müxtəlif ölkələrdən silah idxalı,

– Yerli istehsal.

Rusiya – Ermənistanın əsas təchizatçısı

Ermənistan ordu xüsusi təyinatlıları Rusiya iistehsalı olan VSS “Vintorez” snayper tüfəngi ilə

Ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən Rusiyadan Ermənistana həm öz qiymətinə satışlar, həm də böyük həcmdə silah və hərbi texnikanın ötürülməsinə dair məlumatlar dövrü mətbuatda yer almağa başlayıb. Belə ki, 1995-1996-cı illərdə Rusiya Ermənistana tərkibində “Scud” operativ-taktik raketləri də daxil olmaqla 1 milyard dollar dəyərində silah və texnika ötürülməsini reallaşdırıb. Sonrakı illərdə də bu proses davam etdirilib. 2006-2007-ci illərdə Rusiyanın Gürcüstandakı Axalkələk və Batumi hərbi bazalarından Ermənistana daşınan əmlakın önəmli qismi 102-ci bazaya deyil, Ermənistan Ordusuna verilib. Ermənistan Silahlı Qüvvələrinə təmənnasız şəkildə verilmiş bu əmlakın dəqiq həcmi barədə hər hansı informasiya mövcud deyil.Rusiyanın yalnız 2005-2006-cı illərdə Gürcüstandakı bazasının inventarından çıxardığı 16 ədəd 2S3 “Akatsiya” özüyeriyən artilleriya sistemini Ermənistana bağışlamasına dair məlumat da öz təsdiqini tapıb.

Ermənistan özünün BMT-nin Adi Silahlar registrinə təqdim etdiyi məlumatlarda Rusiyadan yalnız məhdud sayda kiçik çaplı silahlar satın aldığını göstərib. Məsələn, hesabata görə, rəsmi İrəvan Rusiyadan 300 ədəd PM, 300 ədəd PMM, 3 ədəd PSM markalı tapança, 3 ədəd VSS “Vintorez” markalı snayper tüfəngi, 480 ədəd AK-105 markalı avtomat, 36 ədəd RPK-74M əl pulemyotu, 32 ədəd KC-23 karabini, 52 ədəd SV-98 snayper tüfəngi, 60 ədəd GP-30 lüləaltı qumbaraatan, 10 ədəd 6G30 qumbaratanı alıb. Lakin Rusiya rəsmi mənbələrinin açıqladığı informasiyalar, eləcə də üzə çıxan təkzibolunmaz faktlar rəsmi İrəvanın silah ticarətinə dair xəbərlərin BMT-dən gizlədildiyini deməyə əsas verir.

Buna misal kimi bir neçə faktı göstərmək olar.

Ermənistanın Rusiyadan aldığı “Toçka-U” operativ-taktiki raket kompleksi

2013-cü ildə Ermənistanda keçirilən hərbi paradda nümayiş olunan 3 kompleks “Toçka-U” operativ-taktiki raketlərin Rusiya tərəfindən aşağı qiymətə Ermənistana satıldığı bildirilir. 2013-cü ildə Ermənistan mediası ordunun təlimlərində 2C7 “Pion” özüyeriyən haubitsalardan istifadə etməsi barədə məlumat yayıb. Qeyd olunan tarixədək Ermənistan Ordusunun silahlanmasında nə “Toçka-U” taktik raketləri, nə də “Pion” topları mövcud olmayıb. Erməni mediasında “Pion”ların da “Toçka-U” kompleksləri kimi Rusiyadan aldıqlarını analiz edən xəbərlərə rast gəlinir. Bu satınalma barədə informasiya da beynəlxalq hesabatlarda yer almayıb. BMT-yə təqdim olunan hesabatlarda belə bir ötürülmə öz əksini tapmayıb.

Rusiyanın Dünya Silah Ticarətinin Analizi Mərkəzinin (SAMTO) son hesabatına görə, Ermənistan Rusiyadan 2013-cü ildə 50 ədəd tank əleyhinə idarə olunan raket kompleksi (qiyməti $5 milyon – böyük ehtimalla “Faqot” və “Kornet”), 35 ədəd ədəd T-72 tankı ($50 milyon), 110 ədəd BTR-80/82A ($30 milyon) alıb. Rusiya müəssisələrində Ermənistan Ordusuna məxsus 50 ədəd BMP-2 piyada döyüş maşını modernizə edilib.

Ermənistan Ordusunun silahlanmasında X-55 adıyla yer alan Rusiya istehsalı olan “Ptero-E5” pilotsuz uçuş aparatı

Mərkəzin məlumatına görə, Ermənistan 2011-ci ildə Rusiyadan 2 ədəd Mi-24 zərbə helikopteri, 2009-cu ildə 4 kompleks S-300PS, açıqlanmayan sayda QAZ-2975 “Tiqr” zirehli avtomobili, 2004-cü ildə 2 ədəd İl-76M hərbi nəqliyyat təyyarəsi, 2003-cü ildə 2 ədəd Mi-8İV, 5 ədəd Mi-8MT, 2001-ci ildə 1 ədəd Mi-24P helikopteri əldə edib.

Bununla bərabər, 2013-2014-cü illərdə Rusiyanın “AFM Serviz” şirkətindən 4 kompleks “Ptero E-5” tipli pilotsuz uçuş aparatının (PUA) satın alınması informasiyası da hesabatlardan gizlədilib. İstehsalçı şirkətin baş direktoru Əmir Vəliyev “Aviaport” saytına müsahibəsində bu PUA-ların Ermənistan FHN üçün satıldığını desə də, ötən il İrəvanda Ordunun arsenalı ilə tanışlıq sərgisində bu uçuş aparatlarının bir qisminin X-55 adı altında Ermənistan MN-nin istifadəsində yer aldığı üzə çıxıb.

Ermənistan 2011-2014-cü illərdə Rusiyanın KAMAZ şirkətindən 200-ə yaxın taktik nəqliyyat vasitəsi dəsatın alıb. Hazırda KAMAZ-ın Ermənistanda xidmət mərkəzi də fəaliyyət göstərir. Ermənistan Müdafiə Nazirliyi 2014-cü ildə Ermənistan-Azərbaycan sərhədində istifadə etmək üçün Rusiyaya 50 ədəd “Fara” radarı sifariş verib.

Rusiyanın “Murom Radio ölçü cihazları” zavodunun (MZRP) illik hesabatında 2013-cü ildə Ermənistanın sifarişi ilə müəssisədə “Kasta-2E2” üçkoordinatlı radiolokasiya stansiyasının çatdırılmasına dair informasiya yer alır. Ötən illərdə Rusiyanın “Almaz-Antey” və “Qranit” şirkətləri tərəfindən Ermənistanın sifarişi üzrə müxtəlif məhsulların çatdırılmasının davam etdirildiyi bu qurumların səhmdarları üçün hazırladıqları illik hesabatlarda qeyd olunub.

Rəsmi hesabatlarla yanaşı, müxtəlif mənbələrdən mediaya sızan məlumatlara görə, təmənnasız olaraq, Rusiya 2012-ci ilin avqust ayında 102-ci bazanın anbarından Ermənistan Ordusuna açıqlanmayan sayda BMP-2 və BMP-3 piyada döyüş maşınları, BTR-80 bazasında R-149 komanda-qərargah maşını, BTR-70 və BTR-80, 152 mm çaplı 2A65 “Msta-B”, 152 mm çaplı 2A36 “Giatsin-B”, 2S3M “Akatsiya”, həmçinin 122, 240, 300 mm reaktiv mərmilər, 100, 122 və 152 mm çaplı artilleriya döyüş sursatları, tanklar üçün 125 mm çaplı mərmilər, bir divizion “Kub” zenit-raket kompleksi, S-300 ZRK-lər üçün 5B55K, 5B55R və 5B55U tipli idarə olunan raketlər, aviasiya üçün idarə olunmayan S-8 və S5 raketləri, idarə olunan X-25ML və R-60M raketləri bağışlayıb.

Digər ölkələrdən satınalmalar

Ermənistanın Çindən satın aldığı WM-80 reaktiv yaylım atəş sistemi

Ermənistan Rusiya ilə yanaşı müxtəlif ölkələrdən silah, hərbi texnika və digər müdafiə təyinatlı məhsulların satınalmalarını həyata keçirməkdədir. Yuxarıda qeyd etdiyimiz kimi, Ermənistanın özünün rəsmi hesabatlarında bu informasiyalar qismən və ya heç qeyd olunmasa da satıcı dövlətlərin açıqladığı hesabatlarda bəzi rəqəmlər öz əksini tapır.

1999-cu ildə Ermənistan Çindən 8 ədəd WM-80 alıb. 2010-2013-cü illərdə Çindən 6 ədəd AR-1A reaktiv atəş sisteminin alındığı hesabatlarda qeyd olunub. AZERİ DEFENCE olaraq, fevral ayında BƏƏ-nin paytaxtı Abu Dabi şəhərində keçirilmiş İDEX-2015 sərgisində Çinin NORİNCO şirkətindən əldə etdiyimiz məlumata görə, “hazırda Ermənistanla danışıqlar masasında daha fərqli artilleriya sistemləri var”. Burada söhbətin daha uzaq mənzilə və dəqiqliyə malik artilleriya sistemlərindən getdiyi bildirilsə də, konkret hansı sistemlərin alğı-satqısının müzakirə mövzusu olduğu söylənilmir.

BMT Adi Silahlar Registrində və satıcı ölkələrin ixracat raporlarında yer alan bilgilərə görə, Ermənistan 2004-cü ildə Slovakiyadan 10 ədəd Su-25 hücum təyyarəsi, 2007-ci ildə Belarusdan 7 ədəd D-30 topu, İtaliyadan 660 ədəd markası açıqlanmayan tüfəng və karabin, Serbiyadan 250 ədəd 12.7 mm “Black Arrow” snayper tüfəngi, 100 ədəd 30 mm çaplı AQM-17 dəzgahlı qumbaraatan, 2008-ci ildəyenə İtaliyadan 478 ədəd tüfəng və karabin, Filippindən 61 ədəd 45/9 mm çaplı tapança, 40 ədəd snayper tüfəngi, 2003-2010-cu illərdə Ukraynadan 4 ədəd L-39 təlim təyyarəsi, 230 ədəd tapança, 60 ədəd snayper tüfəngi, 16500 ədəd avtomat, 2501 ədəd pulemyot, Avstriyadan 50 ədəd “Glok” markalı tapança, Bosniya və Hersoqovinadan 200 ədəd minaatan, Montoneqrodan 16 ədəd D-30 haubitsası, 2013-cü ildə CAR-dan 100 ədəd tapança-pulemyot alıb.

SAMTO-nun hesabatlarında Ermənistan Müdafiə Nazirliyi ilə Polşanın “Bumar Labedy” şirkəti arasında T-72 tanklarının modernləşdirilməsinə dair müqavilənin imzalandığı qeyd olunub. Dəyəri 100 milyon dollar təşkil edən müqaviləyə əsasən 2015-ci ilin sonuna qədər 84 ədəd T-72 tankı modernləşdirilərək PT-72U səviyyəsinə çatdırılmalıdır. Ermənilərin “razm.info” hərbi portalı isə modernləşmə nəticəsində tanklara yeni mühərrik, dinamik zireh qurulduğunu, rabitə sisteminin yeniləndiyini, habelə yeni müşahidə qurğuları, atış kontrol sistemi və videokameralarla təchiz olunduğunu açıqlayıb.

Gizli satınalmalar

Ermənistan Ordusunun silahlanmasında yer alan snayper tüfəngləri və atıcı silahlar

Ermənistan Ordu xüsusi təyinatlılarının silahlanmasında yer alan CAR-ın “Truvelo” şirkətinin istehsalı olan snayper tüfəngi

Yuxarıda qeyd etdiyimiz kimi, Ermənistanın əsas silah alqı-satqısı demək olar gizli yollarla və Albaniya, Yunanıstan, Kipr, Polşa, Fransa, Moldova, Ukrayna, Livan, Hindistan daxil olmaqla bəzi ölkələrin şirkətləri üzərindən həyata keçirilir. Xaricdəki erməni diasporunun dəstəyi və maliyyəsindən də bu istiqamətdə geniş istifadə olunur. Bununla bağlı indiyədək kifayət qədər faktlar aşkarlanıb. Bu işdə isə daha çox Ermənistanın əsas silah idxal-ixracatçısı olan “DG Arms Corporotion” şirkətinin adı keçir. Bu şirkət Montoneqronun MDİ (Montenegro Defence Industry) Albaniyanın MEİCO və Bosniyanın UNİS hərbi sənaye qrupu ilə sıx əlaqələrə malikdir. “DG Arms Corporotion” və MDİ-nin adı 2012-ci ildə Liviya və Suriyaya qanunsuz silah satışında hallanır. Məlumat üçün bildirək ki, cari ilin aprel ayında MDİ şirkəti özəlləşdirmə proqramı çərçivəsində Serbiyanın “CPR Impex LLC” və İsrailin “A.T.L Atlantic Technology Ltd.” şirkətinin qurduğu konsorsiuma satılıb. “CPR Impex LLC” də Ermənistana gizli silah satışı ilə məşğul olan şirkətlər siyahısındadır.

Türkiyə 2007-ci ildə Albaniyanın silah və hərbi texnika ixracatçısı olan MEİCO şirkəti tərəfindən Ermənistana silah yükü göndərilən 60 konteynerlik gəminin boğazlardan keçidinə icazə verilməyərək, geri qaytarıb. Durres-Poti-İrəvan marşrutu üzrə həyata keçirilən bu silah ixracı sonrakı mərhələdə hava nəqliyyatından istifadə olunmaqla yerinə yetirilib. Albaniyanın o dövrkü baş naziri Sali Berişa gəmidəki 60 konteynerdə Ermənistana ağır artilleriya və sursat göndərildiyini qeyd edib. MEİCO şirkətinin baş direktoru isə yerli mediaya açıqlamasında Ermənistana silah satışının qanun çərçivəsində həyata keçirildiyini, Ermənistandan 75 mm-lik və 122 mm-lik artilleriya sistemlərindən ibarət böyük silah partiyası sifariş aldıqlarını qeyd etmişdi. Ermənistan və Albaniyanın adıçəkilən şirkəti arasında təkcə minaatan sursatlarının alğı-satıqısına dair müqavilənin dəyəri 7 milyon dollar olub.

Məlumat üçün bildirək ki, Ermənistan prezidenti Serj Sərkisyanın ailə biznesinə daxil olan “DG Arms Corporation” şirkəti Seyşel adalarında qeydiyyatdan keçmiş və hazırda baş ofisi İngiltərədə yerləşən “Mosston Engineering” şirkətinin törəmə müəssisəsidir. Müxtəlif ölkələrdən Ermənistana məhsul idxalı, eləcə də Ermənistandan silah ixracatı məhz bu “ana-bala” şirkət üzərindən həyata keçirilir. Bu şirkət eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin “İnternational Golden Group” və İNKAS şirkəti ilə sıx ticari əlaqələrə malikdir və sonuncu şirkətin zirehləndirdiyi avtomobillərin Ermənistanda satışını təşkil edir. Adı bir çox qaranlıq məsələlərdə keçən “DG Arms Corporation”un adı qanunsuz silah ticarəti ilə bağlı BMT-nin “qara siyahısı”na da düşüb.

“DG Arms Corporation” şirkətinin Ermənistana silah daşıması ilə bağlı ilk fakt 2006-cı ilə təsadüf edir. Montoneqrodan Ermənistana ilk silah ötürülməsi əməliyyatı MDİ-nin o dövrkü direktoru Zoran Damjanoviçin rəhbərliyi altında həyata keçirilib. 2011-ci ildə qanunsuz silah əməliyyatına (o, Liviya və Suriyaya silah satışına görə ittiham olunub) görə verdiyi ifadədə Damjanoviç Seyşel adalarında qeydiyyatda olan “Mosston Engineering” şirkəti vasitəsi ilə Ermənistana silah satdığını təsdiqləyərək, İrəvana İl-76 təyyarəsi vasitəsi ilə hər birində 40 ton olmaqla 39 reys silah və sursat göndərildiyini bildirib. Tədqiqatçı jurnalist Mari Bastaşevski isə mövzu haqda araşdırmasında yazır ki, üzə çıxan sənədlərdə Ermənistana göndərilmiş reyslərdə Damjanoviçin söylədiklərindən fərqli olaraq, tank əleyhinə raketlərin, habelə RPQ tipli qumbaraatanların da olduğu göstərilir. Ermənistana silah daşımaları “Southern Airlines”, “Ayk Air” (bu aviaşirkətin adı 2011 və 2013-cü illərdə BMT-nin qanunsuz silah ticarəti ilə bağlı məruzələrində keçir), “Skiva Air” və “Taron Air” şirkətləri vasitəsi ilə yerinə yetirilib və təyyarələr Ermənistanın “Zvartnoç” hava limanına deyil “Erebuni” aeroportuna enib. Məsələ ilə bağlı aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən aviaşirkətlərə məxsus, qeydiyyat nömrələri tez-tez dəyişdirilən təyyarələr Balkan və Qafqaz regionundan Konqo, Sudan, BƏƏ və Əfqanıstan istiqamətində şübhəli uçuşlar həyata keçiriblər. M. Bastaşevski 2009-cu ildə Serbiyanın “CPR Impex”, “Melvale” şirkətləri ilə “DG Arms” arasında Ermənistana gizli silah transferinə dair anlaşmanın əldə olunduğunu yazır. Onun bildirdiyinə görə, razılaşma sənədlərində adıçəkilən şirkətlərin Ukraynadan və digər ölkələrdən Ermənistana silah və döyüş sursatlarının transferi reallaşdırması əksini tapır.

2012-ci ildə Ermənistana Ukrayna və Moldovadan analoji formada – gizli silah ötürülməsi faktı üzə çıxıb. 2011-ci ildə Moldovadan Latviyanın “Latspetsexport” şirkəti vasitəsi ilə silah və sursat ötürülməsinə dair imzalanmış müqavilə 2012-ci ildə yerli mediaya sızandan sonra rəsmi Kşinyov faktı müdafiə naziri səviyyəsində təsdiq etməyə məcbur oldu. Müdafiə Nazirliyi əvvəlcə Ermənistana köhnəlmiş, istifadəyə yararsız silah növləri satıldığını bəyan edib. Lakin sonradan məlum olub ki, Merkuleştı hərbi aerodromundan İrəvana yola salınan təyyarələrə döyüşə yararlı silah-sursat yüklənib. Ermənistana satılan silahlar sırasında “Metis”, “Faqot” və “Konkurs” tipli tank əleyhinə raket kompleksləri, habelə 1500 ədəd S-8 idarə olunmayan aviasiya raketinin olması öz təsdiqini tapıb. Satılan silahların bazar qiymətinin 5 milyon dollardan çox olduğu bildirilsə də müdafiə naziri Vitali Marinutsa parlamentdə çıxışı zamanı bu silah və sursatların İrəvana 3.3 milyon dollara satıldığını deyib.

Moldavanın “yararsız” adıyla Ermənistana satdığı 9K115-2 “Metis-M1” tank əleyhinə idarə olunan raket kompleksləri

2012-ci ilin avqust ayında Ukraynanın “Ukrinmaş” Dövlət Xarici Ticarət və İnvestisiya Firması ilə “DG Arms Corporation” şirkəti arasında böyük miqdarda silah alğı-satıqısına dair müqavilənin imzalanması faktı və bunu əks etdirən sənədlər üzə çıxıb. Müqavilə erməni firması vasitəsi ilə silah və texnikanın üçüncü ölkəyə – BƏƏ-yə satışını nəzərdə tutsa da bu çərçivədə Ermənistana da müəyyən silah ötürülməsi reallaşıb. Silahların tranziti Albaniya üzərindən yerinə yetirilib. Məlumata görə, bu müqavilə üzrə Ermənistana reaktiv yaylım atəş sistemləri, müxtəlif haubitsalar, habelə atıcı silahlar verilib.

Digər silah satışı faktı isə Fransa-Almaniya istehsalı olan MİLAN tank əleyhinə idarə olunan raketlərin Ermənistana satışı ilə bağlıdır. Bir neçə il əvvəl Ermənistan Müdafiə Nazirliyinin təşkil etdiyi sərgidən üzə çıxan görüntülərdə ermənilərin silahlanmasında MİLAN kompleksinin olması faktı bəlli oldu. Məlumatlara görə, Ermənistan Yunanıstandan 20 ədəd MİLAN sistemi əldə edib. Yunanıstan Ermənistan Ordusunun kadr hazırlığında, o cümlədən müxtəlif döyüş sursatları və optik sistemlərlə təchizatında da önəmli rol oynayır.

Başqa bir fakt Yaponiyanın “Hino” şirkətinin istehsalı olan tank daşıyıcıların Ermənistana satılması ilə bağlıdır. Rusiyanın Strategiya və Texnologiyaların Analizi Mərkəzinin (AST) saytında ermənilərin işğalı altındakı Azərbaycan ərazilərindən hazırlanmış fotoreportajda ermənilərin üzərinə Qarabağdakı separatçı rejimin “emblemini” vurduğu bu texnikalardan istifadə faktı əksini tapıb. Azərbaycan mediasında 2012-ci ildə bu barədə xəbərlər çıxdıqdan sonra Yaponiya tərəfi rəsmən Ermənistana heç bir hərbi təyinatlı maşın satmadığın bəyan edib. AZERİ DEFENCE-nin diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Ermənistan bu maşınları Rusiyadakı diler firmadan alıb. Satış zamanı məhsul mülki istifadəçi adına rəsmiləşdirilib.

Hərbi münaqişələrin episentrində olan Livanla Ermənistanın “isti münasibətləri” də heç kimə sirr deyil. Birinci Qarabağ müharibəsində Livanda yaşayan ermənilərdən təşkil olunmuş silahlı dəstələr Azərbaycan ərazilərinin işğalı və dinc əhaliyə qarşı soyqırımların təşkilində fəal iştirak ediblər. Bu gün də Livan Ermənistana Avropadan və digər ölkələrdən müxtəlif hərbi texnologiyaların ötürülməsində vasitəçi ölkə kimi çıxış etməkdədir. Bu prosesdə Livan Müdafiə Nazirliyinin mühüm idarələrindən birinə rəhbərlik edən erməni əsilli general mühüm rol oynayır. Məhz bu ölkənin Müdafiə Nazirliyinin və Livan qeydiyyatlı hərbi şirkətlər vasitəsi ilə Ermənistan Ordusuna yardım (?) adı altında ötən il 50 komplekt İtaliya istehsalı olan mina detektoru, habelə tank əleyhinə idarə olunan raket kompleksi və minaatan ötürülüb.

Hindistanın müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərlə münasibəti genişləndirməyə xüsusi önəm verən rəsmi İrəvan bunun üçün bəzi şirnikləndirici addımlar da atır. Hindistanda hərbi sərgilərdə yüksək rütbəli nümayəndə heyəti ilə təmsil olunan Ermənistan Müdafiə Nazirliyinin bu ölkədən xüsusi təyinatlılar üçün yüngül dəbilqə, mühəndis-istehkam birlikləri üçün qoruyucu geyimlər, habelə hədəf sistemləri və atış simulyatorları almasına dair məlumatlar mövcuddur.

Ermənistan dövlətlərarası hərbi münaqişəni əsas gətirərək Azərbaycan və Ermənistana silah embarqoları tətbiq edən Qərbi Avropa ölkələrindən müxtəlif çaplı silahlar və optik nişangahlar satın alıb. Son illərdə bununla bağlı faktlar ortaya çıxmaqdadır. AZERİ DEFENCE-nin erməni mənbələrində apardığı araşdırmalar zamanı məlum olub ki, son 5 ildə Ermənistan İngiltərənin “Accuracy International” şirkətindən AX .338/AXMC, CAR-ın “Truvelo” şirkətindən “Truvelo CMS” .50 BMG (12.7x99mm) və Fransanın “PGM Precision” şirkətindən “PGM Mini-Hecate .338” və “Ultima Ratio” snayper tüfəngləri əldə edib.

İngiltərənin Ermənistana satdığı AX .338/AXMC snayper tüfəngi

Xüsusilə, münaqişə tərəflərinə silah satışına embarqo qoyduğunu elan edən İngiltərə və Fransanın bu silahlarının erməni ordusundanecə peyda olması bəzi suallar doğurur. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada silahların Fransadakı diler firmaya satıldığını və oradan da sərgidə nümayiş üçün Ermənistana götürüldüyünü bəyan edib. Səfirlik İngiltərənin Fransaya cəmi 2 ədəd AX .338/AXMC snayper tüfəngi satıldığınıda açıqlayıb. Lakin erməni mediası, xüsusilə də bu silahların görüntülərini ilk yayımlayan “razm.info” saytı söhbətin bir neçə deyil, çox sayda snayper tüfəngindən getdiyini bildirir.

Ermənistanın Fransadan aldığı PGM Mini-Hecate .338 snayper tüfəngi. Üzərində Almaniya istehsalı olan “Schmidt & Bender” optik nişangahı

“Accuracy International” şirkətinin nümayəndələri isə 2014-cü ilin aprel ayında Malayziyada keçirilmiş DSA-2014 sərgisində AZERİ DEFENCE-nin əməkdaşı ilə söhbətlərində Cənubi Qafqaz ölkələrinə satışların Gürcüstanda yerləşən dileri tərəfindən həyata keçirildiyini, bu diler vasitəsi ilə Gürcüstan və Ermənistana silah satışı reallaşdırıldığını bildiriblər. Burada başqa bir sual da meydana çıxır. Adətən silah və müdafiə təyinatlı məhsullar, habelə onların istehsalında istifadə oluna biləcək komponentlərin satışında son istifadəçi (end user) tələb edən bu ölkələrin müvafiq ixrac nəzarət idarələri snayper tüfənglərinin satıldığı ölkə üçün bunu nədən tələb etməyiblər? Ən maraqlısı da budur ki, həmin silahların önəmli qismi işğal altındakı Azərbaycan ərazilərinə dislokasiya olunmuş Ermənistan Ordusunun hərbi hissələrinin istifadəsinə daxil edilib.

Ermənistan Ordusunun xüsusi təyinatlılarının silahlanmasında yer alan “PGM Mini-Hecate .338” və “Ultima Ratio” snayper tüfənglərinin isə 2011-2013-cü illərdə satın alındığı güman edilir və satınalma həcmi barədə dəqiq informasiyalar da mövcud deyil. Ermənistan ordusunun inventarında yer alan bu silah ilk dəfə 2013-cü ildə KİV nümayəndələrinin Noemberyandakı xüsusi təyinatlıların təlimində apardığı çəkiliş zamanı üzə çıxıb. İnternetdə yer alan məlumata görə, “PGM Mini-Hecate”nin satışı ilə dünyanın tanınmış silah istehsalçısı olan Belçikanın “FN Herstal” şirkəti məşğul olur. Bu silahları istehsal edən şirkətin Ermənistanda dileri qismində yerli “Aspar Arms” şirkəti çıxış edir. Bunu adıçəkilən şirkət öz internet saytında da göstərib.

Ermənistan 2013-cü ildə CAR-ın “Truvelo” şirkətindən satın aldığı “Truvelo CMS” .50 BMG (12.7x99mm) çaplı snayper tüfəngləri Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı taborunun və xüsusi təyinatlı alayının snayper bölməsinin istifadəsindədir.

2010-2014-cü illərdə Ermənistanın silahlanmasına Finlandiyanın “Sako” şirkətinin istehsalı olan TRG M-10 və TRG-42 snayper tüfəngləri də daxil edilib. Ermənistana “Aspar Arms” şirkəti tərəfindən idxal olunmuş bu silahlar KTMT-nin Ermənistanda 2013-cü ildə keçirilən təlimlərində nümayiş olunub. Qeyd edək ki, “Aspar Arms” bu dönəmdə optik nişangahların istehsalı sahəsində Almaniyanın tanınmış “Schmidt & Bender” şirkətindən Ermənistana snayper tüfəngləri üçün həmin cihazların idxalını da təşkil edib. Son olaraq may ayının 9-da ermənilərin işğal etdikləri Azərbaycanın Şuşa və Xankəndi şəhərlərində keçirdikləri tədbirlərdə nümayiş olunan snayper tüfənglərinin üzərində “Schmidt & Bender” şirkətinin istehsalı olan optik nişangahlar yer alıb. Fotolardan göründüyü qədər “Schmidt & Bender” optik nişangahları PGM-338, SV-98 və Ermənistan istehsalı olan snayper tüfənglərinin komplektləşdirilməsində istifadə olunur. Qeyd edək ki, “Aspar Arms” şirkəti tərəfindən silah idxalı ilə yanaşı lisenziya əsasında “Kalaşnikov” avtomatı və VSS snayper tüfənginin bazasında ASS-300 və ASR-300 snayper tüfəngləri istehsal olunur.

Ermənistanın Cənubi Koreyanın “C & S Security” şirkətindən aldığı “Shumits” elektro-optik kəşfiyyat-müşahidə sistemi

Araşdırmalar zamanı Ermənistanın Cənubi Koreydan da müxtəlif elektro-optik sistemlərin idxalı üçün texnologiya transfer etdiyi məlum olub. “LT-Pyrkal” şirkətinin nəqliyyat vasitəsi üzərində hazırladığı elektro-optik müşahidə sistemi kombinasiyasının əsas elementi kimi Cənubi Koreyanın “C & S Security” şirkətinin istehsalı olan “Shumits” elektro-optik sistemindən istifadə olunur. Bu müşahidə sistemi 2011 və 2013-cü illərdə İrəvandakı hərbi paradda, müxtəlif vaxtlarda Ermənistanın dövlət rəhbərliyinin cəbhə xəttinə səfərləri zamanı nümayiş olunub. Məlumata görə, erməni tərəfi bu sistemi hazır şəkildə Koreyadan aldıqdan sonra onun proqram təminatını yerli müəssisədə hazırlayır və üzərində bəzi əlavələr edir. Hazırda Ermənistan Ordusunun silahlanmasında nəqliyyat vasitəsi bazasında və tripod üzərində olan 60-a yaxın bu sistemdən olmasına dair məlumatlar mövcuddur.

 

Qərb texnologiyalarının Ermənistana transferində bu ildən erməni-polyak birgə müəssisəsi kimi fəaliyyətə başlayan “Lubawa Armenia” şirkəti də rol oynamağa başlayıb. 2014-cü ilin dekabr ayında Ermənistanın Müdafiə Nazirliyi “Lubawa Armenia” şirkəti ilə 80 dəst 3D multispektral örtüyün (hər dəstə 12 ədəd 6×3 m ölçüdə örtük daxildir) çatdırılmasına dair 1 milyon ABŞ dolları dəyərində müqavilə bağlayıb. Cari ilin yanvar ayında isə Ermənistan Müdafiə Nazirliyi ilə “Lubawa Armenia” şirkəti arasında 3D kamuflyajların satın alınmasına dair əlavə 190 min ABŞ dolları dəyərində müqavilə imzalanıb. Şirkət rəsmi internet saytında həmin kamuflyajların Ermənistandakı zavodunda istehsal olunacağını bəyan edib. Müqavilə üzrə nəzərdə tutulan məhsulların çatdırılmasına aprel ayında başlanılıb və iyun ayında yekunlaşmalıdır. Cari il ərzində müəssisə Ermənistan Silahlı Qüvvələri üçün fərdi kamuflyajların, bədən zirehinin, dəbilqələrin və zirehli texnikaların imitatorlarının istehsalına başlamağı planlaşdırır. Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi indiyədək birbaşa şəkildə Polşanın “Lubawa S.A” şirkətindən 20 milyon dollar dəyərində müxtəlif məhsullar satın alıb.

AZERİ DEFENCE jurnalı

 






19 Noyabr, 2015  15:29 Baxılıb: 2087 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner