Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Eduard Məmmədov: “Deyirlər ki, rinqdə “torba tikirsən”

“Qonağımız Kikboksinq üzrə 19 qat Dünya, 6 qat Avropa, 15 qat Azərbaycan çempionu, peşəkarlar arasında İnterKontinental kəmərin sahibi, Əməkdar məşqçi və polis mayoru Eduard Məmmədovdur.

“Qələbəm elə adiləşib ki, əvvəldən deyəndə ki, çempion onsuz da sənsən, təbriklər, elə bil məni təhqir edirlər”

 

- Eduard adının özündə bir fərqlilik var. Elə ilk sualımız da adınızın Azərbaycanda nadir adlardan olması ilə bağlı olacaq...

- Bu adı mənə anam verib. Elə həmişə deyirdi ki, sən seçiləcəksən. Fikirləşirmiş ki, professor, ya həkim olacam, adım da yaddaqalan olacaq. Həmişə anama deyirdim ki, nə yaxşı mənə başqa ad qoymamısan, bu adla seçilirəm.

- İkinci fərqlilik isə bu qədər titul fonunda arıq və zəif görünməyinizdir. İdmançı bir qədər can-cüssəli olmaz?

- (gülürük) Mən həmişə formadayam. Yeməyimə, məşqlərimə vaxtlı-vaxtında fikir verirəm. Çoxu bədənini şişirir, əzələyə işləyir. Əksinə böyük əzələ olanda döyüşmək çətin olur. Amma əsas odur ki, neçə ildir ki, çəkim 63 kilodur. Sürətdə üstünəm, cəldəm – idmanda da əsas budur. İlk olaraq məşqimi düşünürəm, bu, mənim peşəmdi, sənətimdi. Dostlar harasa çağırır, deyirəm məşqdən sonra, toya çağırırlar, deyirəm 9-dan sonra gələ bilərəm. Həmişə işimə məsuliyyətli yanaşıram. Ailəmdən belə öyrənmişəm.

 

“...boş-boşuna gedirsən idmana, ay karateist oğlan”

 

- Ailədə idmançı olmağa, dırnaqarası baxmırdılar ki?

- Əslində, idmançı olmağımı istəmirdilər. Ancaq məndəki həvəs, iddia məni bu sahəyə aparırdı. Anam oxumağımı istəyirdi. Buna görə idmana qoymurdular, gizli gedirdim. Amma oxumağım da həmişə yaxşı olub. Üç universiteti bitirmişəm. Anam gördükdə ki, idmana daha çox üstünlük verirəm, icazə verdi. Ancaq bir şərtlə ki, dərs öz yerində qalsın. Bundan başqa əziklərdən, zədələrdən də çox qorxurdu. Sonradan böyük zədələrim də oldu. Əlim, burnum, çənəm sındı, amma yenə də idmanı atmadım. Anam hər dəfə deyir ki, sən bu qədər əziyyət çəkirsən kənardakılar ağrılarını yox, ancaq uğurlarını görür. Amma mənim bir məqsədim var: Bayrağım qalxsın, himnim səslənsin!

- İdmançını uğura aparan yolun başlanğıcı ilk məşqçisindən keçir...

- Rinqə gəlişim 1993-cü ildə Çingiz Eyvazovla tanış olmaqla başladı. Ondan sonra anladım ki, mənim idman növüm elə kikboksdur. Mənə “gəl məşqlərə, səni çempion edəcəm” dedi. Elə o vaxtdan indiyə kimi müəllimim əməkdar məşqçi Çingiz Eyvazovdur. Uğurlarımda onun böyük əziyyəti olub. Həmişə uşaqlar zarafat edirdilər ki, “Nə edirsən idmanı, dünya çempionu olası deyilsən ki”, “boş-boşuna gedirsən idmana, ay karateist oğlan” – kimi sözlər deyib gülürdülər.

- Eduardın  ilk mükafatı necə yadında qalıb?

- Federasiyanın prezidenti Adil Əliyevin federasiyanın yaranmasında, inkişafında çox böyük rolu olub. Kikboksinq Federasiyasının yarandığı 1995-ci ildə  16 yaşım var idi, 1 gündə 3 döyüş keçirdim və qalib gələrək Azərbaycan çempionu oldum. İlk çempionluq özlüyündə şirindir. Daha sonra da 15 dəfə Azərbaycan çempionu olmuşam. Məqsədim o idi ki, öz ölkəmdə göstərim ki, mən nə isə bacarıram, sonra isə başqa ölkədə döyüşüm. Əslində, qalib gələcəyimə həmişə inanıram. Bizə əvvəllər zəif idmançılar kimi baxırdılarsa, indi çəkinirlər. Elə olmayıb ki, hansısa döyüşdən nəticəsiz qayıdım. 2-ci, 3-cü yerə çıxdığım döyüşlər isə ya hansısa zədə, ya da hakim səhvləri üzündən olub. 19 dəfə Dünya çempionu 6 dəfə Avropa çempionu, bundan başqa Asiya və Avrasiya çempionu olmuşam. Peşəkarlar arasında İnterKontinental kəmərin sahibiyəm. Baxmayaraq ki, bu qədər titullarım var, indi də bir məqsədim var: yaxşı döyüşüm, nəticə verim.

- Ən yaddaqalan döyüşünüz hansı olub?

- Saysız döyüş keçirmişəm, ancaq erməni idmançılarla döyüşlərim həmişə ən maraqlılardan olub. 2000-ci ildə Zurab Farayanla döyüşürdüm. 15-ci saniyədə onu nakauta saldım, müəllimi qayıdıb dedi ki, dur ayağa, biabır eləmə bizi. O isə dura bilmirəm, bu vəziyyətdə güclə qala bilirəm deyirdi. Bundan əsəbləşən müəllimi qışqırdı ki, sənə dedim dur. Döyüşçü isə qayıtdı ki, belə istəyirsənsə gəl özün döyüş (gülür). Həmin vaxt bayrağımızı açdım və fəxrlə qələbəmi qeyd etdim. Bununla bütün dünyaya göstərdim ki, biz nə qədər güclüyük!

- Uğurlarınız dövlət tərəfindən qiytmətləndirlib...

- 2003-cü ildə Əməkdar idman ustası, 2013-cü ildə Əməkdar məşqçi adını qazanmışam. 2007-ci ildə cənab prezidentin əmri ilə “Vətən uğrunda” medalı ilə təltif olunmuşam. 36 yaşım var və uğurlarım, əziyyətim yerdə qalmayıb. Əziyyətin bəhrəsini görmək insanı ruhlandırır.

 

“Rinq şahmat kimidir”

 

- Üç universitet bitirdiyinizi dediniz. Adətən idmançılarda belə bir fikir olur ki, “güc var, ağıla ehtiyac yoxdur”. Oxumaq, savadlı olmaq idmançıya nə dərəcə lazımlıdır?

- Əlbəttə ki, çox lazımlıdır. Elə ona görə mən 19 dəfə dünya çempionu olmuşam! Peşəkarlar arasında axırıncı döyüşüm Ruberna Rainlə elə alındı ki, iki zərbə vurdum ayağına –  elə bil betona vurmuşam az qala ayağım qırılsın. Hə, öz-özümə dedim ki, qollarına vurmalıyam. Bir həftədən sonra gedib həvəskarlarda da döyüşməliyəm. Onu da fikirləşmək lazım idi ki, maksimal şəkildə az zədə alım. Görüş Azərbaycanda keçirilirdi və mən bu görüşü uduza bilməzdim. Başladım sadəcə əllərə üstünlük verməyə və ayaqla başa vurmağa. Getdikcə tempi artırırdım və növbəti zərbə axınından sonra qolu yerindən çıxdı, qalib gəldim. Ona görə həmişə deyirəm ki, rinq şahmat kimidir. Burada gedişlər sənin addımlarındı. Onlar cürbəcür istiqamətdə olmalıdır. Çalışmalısan ki, künclərə girməyəsən. Döyüşdən öncə də rinqə gülə-gülə çıxıram. Çox idmançı çalışır ki, gözləri ilə az qala  rəqibini yesin, amma mən gülürəm. Rəqiblər də çox əsəbi olurlar ki, bu nəyə gülür? Başa düşmürlər ki, bununla onlara psixoloji təsir edirəm. Həmişə mənə deyirlər ki, rinqdə “torba tikirsən” (gülür).  Mən hamıdan güclü deyiləm, məndən də güclü olanlar var. Ancaq savad, bilik burada adamın köməyinə çatır.

- Hansı daha çətindir: İdmançı olub bayraq qaldırmaq, məşqçi olub çempion yetişdirmək, yoxsa nazirlikdə məsul vəzifə icra etmək?

- Polis zabiti olmaq mənim işimdir. Fəxr edirəm ki, Azərbaycan polisinə xidmət edirəm. Polis mayoruyam və bu sahədə də uğurlarım var. Nazir Ramil Usubov məni orden, xidmətimə görə döş nişanı, fəxri fərmanla təltif edib. Amma məşqçi və idmançı olmağı müqayisə etsək, deyim ki, məşqçi olmaq çox çətindir. Özüm məşq edəndə əsəbləşmirəm, bilirəm ki, nə qədər işləmək lazımdır ki, iş alınsın. Ancaq tələbəni başa salmalısan ki, bunu niyə edir. Sənə qulaq asacaq ya yox, üzərində işləyəcək, ya yox o da bilinmir. Tələbəm Zaur Məmmədov ən güclü versiyada dünya çempionu oldu. Belə hallar fərəh verir. Gündəlik iş rejimimə baxsaq səhər vəzifəmdə oluram, günortadan sonra məşqlər, axşam da hazırlıqlar olur. Həmişə işimi elə qururam ki, hər şeyi çatdırım. Dincəlməyə isə qocalanda vaxt çox olacaq.

- Bu qədər titullu idmançıya başqa ölkələri təmsil etmək təklifləri də gəlməmiş olmaz...

- “Gəl bizim adımızdan döyüş. Ancaq klublararası, bizi təmsil et. Burada qal, məşqçi kimi fəaliyyət göstər. İstəsən Dünya Çempionatlarında Azərbaycandan vuruşmağa davam et” – təklifləri çox olub.Lakin həmişə demişəm ki, mən ancaq bir bayraq altında vuruşa bilərəm və bilgilərimi ancaq öz gənclərimizə aşılayaram. Vaxt vardı, biz  kinolara baxıb deyirdik ki, ya Van Damm olacağam, ya Brus Li. Amma indi o qədər tələbə gəlib yanıma ki, mən Eduard Məmmədov olmaq istəyirəm. Bu mənim üçün böyük fəxrdir. Çalışıram elə edim ki, tələbələrim mənim kimi deyil, məndən də yaxşı olsunlar.

- Hansı titul sizin üçün əlçatmaz olaraq qalıb? Psixologiyada belə bir şey var ki, bu qədər uğurlu idmançılarda bezmişlik, doymuşluq yaranır...

- Son vaxtlar yarışlara çıxdıqda hamı üçün qələbəm elə adiləşib ki, əvvəldən deyirlər ki, çempion onsuz da sənsən, təbriklər. Elə bil onda məni təhqir edirlər. Mən o qədər məşq edirəm, əziyyətlər çəkirəm. Heç nə öz-özünə alınmır. Hakimlərin, beynəlxalq ictimaiyyətin də əvvəllər mən qələbə qazandıqca xoşlarına gəlirdi. İndi isə istəmirlər ki, bu medal da Azərbaycana gedəcək, ölkənin titulu artacaq. Fərdi olaraq  məncə, hər şeyə çatmışam, hər şey qazanmışam. Ancaq yenə də həvəsim var. Kikboksinq Olimpiya oyunlarına daxil deyil, amma müzakirələr gedir. Yəqin ki, Olimpiadaya kariyeram yetişməz, ancaq inanıram ki, tələbələrim orada da sözlərini deyəcək. İnşaallah, vaxt gələcək Azərbaycan da hazırda üçlükdə olduğu sıralamada birinci olacaq!

Sonda ayrılarkən müsahibim dedi ki, axırıncı sualının əsl cavabı nədir bilirsən?! Çünki mən fanatam. Mən döyüşdən, saysız qələbədən həzz alıram, bunlarla dincəlirəm!

Həqiqətən, bu qədər titul qarşılığında doymuşluq hissinin yaranmaması və hələ də ilk günkü kimi iştah ancaq fanatlıqla izah oluna bilər. Allah belə istəkdən uğur qazanan kimi məşqləri atıb səhlənkarlıq edən, şou əhlinə qoşulan başqa “idmançı”larımıza da nəsib etsin...

 

Aqşin İBRAHİMİ

 






10 Noyabr, 2015  11:09 Baxılıb: 1596 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner