Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İsmailiyyə - "O gözəl və sevimli bina"

"İsmailiyyə - o milli əməllərimizin doğulduğu yer, o möhtəşəm bina, o Azərbaycan fikrini, Azərbaycan hürriyyət və istiqlaliyyəti-məfkurəsini bir ana kimi bəsləyib tərbiyə verən, millət arasında nəşr edən mərkəz, o gözəl və sevimli bina".

Seyid Hüseyn

“İsmailiyyə”nin əzəmətli qapısından içəri girən kimi Azərbaycan Xalq Cümhuriyyətinin ruhunu duymaq olur. Azərbaycanın azadlığı uğrunda mübarizələrə məskən olmuş tikili möhtəşəm memarlığı ilə göz oxşayır...

1907-ci ildə inşasına başlanılan binanın maraqlı tarixçəsi var. Bakı milyonçusu Musa Nağıyev abidənin tikintisinə pul ayırmağın o qədər də marağında olmayıb. Yaxınları, xüsusilə, Hacı Zeynalabdin Tağıyevin təkidi ilə razılığa gələn Musa Nağıyev sonradan tikintinin ərsəyə gəlməsində əsas qüvvə olur.

 

Şəhər dumasının sevimli küçəsi

Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü, memarlıq üzrə fəlsəfə doktoru, Rizvan Qarabağlı XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakıda kütləvi surətdə tikintilərin aparıldığını deyir: “Yerli memarımız Zivərbəy Əhmədbəyov xatirələrində Bakının tikinti tempinin Nyu-Yorku qabaqladığını yazıb”.

“Bu küçə şəhər dumasının sevimli küçəsi idi. Çünki Bakının qala divarlarının önündə yerləşirdi və mərkəzi küçələrdən biri hesab olunurdu. Ərazinin layihələndirilməsi üçün müxtəlif təkliflər irəli sürülmüşdü. Yekunda belə qərara gəldilər ki, küçənin bir tərəfində inzibati, digər tərəfində yaşayış binaları olsun. Ancaq yaşayış binalarının layihələri də xüsusi nəzarətdə saxlanılırdı. Onların şəhərin ümumi arxitekturasına uyğunluğu vacib məsələ idi” – bunu həmin dövrün memarlıq xüsusiyyətləri barədə məlumat verən Rizvan müəllim deyir. Layihə qəbul ediləndən sonra ərazidə tikinti işləri başlayır. İlk olaraq indiki Əlyazmalar İnstitunun binası inşa edilir. Bunun ardınca Hacı Zeynalabdin Tağıyevin Qızlar Gimnaziyası, indiki İcra Hakimiyyətinin binası və başqa tikililər istifadəyə verilir. Yalnız İsmailiyyənin tikildiyi yer boş qalır.

Həmin ərazidə bazar fəaliyyət göstərirdi. Müxtəlif ərazilərdən gələn tacirlər alverlərini burada edirdilər. Bu da, şübhəsiz, küçənin görünüşünə xələl gətirirdi. Bu məsələ Dumanı narahat edirdi. Ona görə də həmin yer üçün müxtəlif layihələrin qəbuluna başlanıldı. Maraqlı təkliflərdən biri yerli müsəlman icması tərəfindən gəldi. Onlar həmin ərazidə böyük bir məscid tikmək arzusunda idilər. Lakin buna icazə verilmədi. Səbəb isə tikiləcək məscidin Bakıdakı Aleksey Nevski adına kilsədən daha hündür olacağı idi...

 

Vaxtsız ölən İsmayıl

Musa Nağıyevin oğlu gənc yaşlarında vərəmə tutulmuşdu. Onu müalicə edən Varatapedov Musadan oğlunu İsveçrəyə aparmağın lazım olduğunu deyir. Bunun üçün 50 min manat ödəməli olan Musa həkimlə razılaşmır. İsmayılın vəziyyəti ağırlaşanda isə, artıq gec olur. O, vaxtsız vəfat edir.  Başda Hacı Zeynalabdin Tağıyev olmaqla, yaxın dostları Musaya oğlunun xatirəsinə bir bina tikməyi təklif edir. Musa buna da razılaşmır. O, tikintinin çox xərc tələb etdiyini bildirir.  Polyak memar İ. K. Ploşkonun isə ən böyük arzusu Bakıda yerli ornamentlərlə bəzədilmiş bir bina tikmək idi və onun əlinə gözəl fürsət düşmüşdü. Musa Nağıyevi bu işə razı salmaq üçün yeganə çıxış yolu tikintinin smeta dəyərini az göstərməkdə görən Ploşko yenidən ona müraciət edir. Nəticədə, milyonçunu tikintiyə razı salmaq mümkün olur. 1907-ci ildə başlanan inşa işləri bir az sonra dayanır. Pul qurtarmışdı... ikinci dəfə Musa Nağıyevə müraciət edəndə, o, əsəbiləşir və lazımi qədər pul verdiyini deyir. Əsəbiləşmiş milyonçu başa düşür ki, tikintini yarımçıq saxlamaq olmaz. Ona görə, növbəti dəfə pul ayırır və İsmailiyyə ərsəyə gəlir.

Saray tikilib istifadəyə verildikdən sonra Müsəlman Xeyriyyə Cəmiyyətinin ixtiyarında olur. Müxtəlif xeyriyyə tədbirləri, ianələrin toplanması kimi aksiyalar bu binada keçirilir.

 

Ermənilər tərəfindən yandırıldıqdan sonra...

1918-ci il 31 Mart Soyqırımında İsmailiyyə də düşmən hücmuna tuş gəlir. Əzəmətli saray yandırılır. Yanğın çox güclü olur. Tikilinin yalnız daşları qalmışdı. Azərbaycan Xalq Cümhuriyyəti müstəqillik əldə etdikdən sonra binanın bərpasına başlanılır. Bərpa işləri tamamlandıqdan sonra İsmailiyyə yenidən əsas inzibati binalardan birinə çevrilir. Sovet Hakimiyyəti illərində də binaya xüsusi diqqət var idi. Həmin illərdə də bir neçə dəfə təmir-bərpa işləri keçirilən binada Azərbaycan Milli Elmlər Akademiyasının yerləşdirilməsi qərara alınır.

 

Üzüm tənəkləri...

Bina qeyri-adi memarlıq üslubu ilə diqqət çəkir. Belə ki, tikili qotik üslubda inşa edilsə də, Abşeron memarlığına xas elementləri də görmək mümkündür. Bu haqda məlumat verən Rizvan Qarabağlı binada təsvir edilmiş milli ornamentlərdən danışır: “Abidədə Abşeron memarlığına, təbiətinə xas elementlər yetərincədir. Memar Ploşko buna xüsusi diqqət yetirirdi. Buna görə də, binanın fasadında üzüm tənəkləri kimi Abşeron florasına xas elementlər öz əksini tapıb”.  Eləcə də interyerdə divarlara həkk olunmuş maraqlı freskalar var ki, burada da yerli əhalinin yaşayış tərzini özündə göstərən rəsmlər nəzərə çarpır. Xüsusilə, binanın ikinci mərtəbəsində divarlara həkk olunmuş ov səhnələri, döyüşlər, şənliklər və s. haqqında ölkənin mədəniyyətinə xas rəsm əsərləri maraq doğurur. İkinci mərtəbəyə qalxdıqda ulu öndər Heydər Əliyevin büstü diqqət çəkir. Bundan əlavə, bir neçə dəfə bərpa prosesi keçən tikiliyə müxtəlif elementlər də əlavə edilib. Tavandakı fiqurların əksəriyyəti 1918-ci ildəki yanğında dağıldığı üçün yeniləri ilə əvəz olunub. Lakin yeni fiqurlar da əvvəlkilərin əsasında hazırlanıb. Sınıb-dağılmış pilləkənlər də bərpa olunub. Sovet dövründəki yenidənqurmaların izləri hələ də binanın fasadında özünü qorumaqdadır. “Qurani-Kərim” ayələrinin əvəzinə divara həkk edilən beşguşəli ulduzlar və kiril əlifbası ilə “Azərbaycan SSR Elmlər Akademiyası” yazısı həmin dövrdən yadigardır.  Tikili Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarına əsasən ölkə əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidəsi kimi mühafizə olunur.

Vüsal MƏMMƏDZADƏ

 

 






15 Sentyabr, 2015  11:24 Baxılıb: 5965 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner