Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şahnaz Kamalova : "Mənim bir nənəm vardı..."

Qarğıdalını tez əkmişdim ki, sən gələnə sütülləsin

Nənəm şam ağacının çubuqlarını ocaq yerinə qoyduğu kağızın üstünə yığmağa başladı.Elə gözəl, səliqəli yığırdı ki, gözümü çəkə bilmirdim.Gözünün qırağı ilə məni süzən nənəm,heyranlıqla onun damarı görünən arıq əllərinin hərəkətini izlədiyimi görüb: -Şam ağacı tez alışır, nöyütə ehtiyac yoxdu.Bir də, hardadı o qədər nöyüt ki,hər ocaq qalayanda tökəm - dedi.

Şam çubuqları nənəmin kağıza yaxınlaşdırdığı alovu gözləyirmiş sanki, elə çırthaçırtla, həvəslə yanmağa başladı ki,heyrətdən içimi çəkdim. Nənəm gülümsündü, bir tərəfdə qalaqlanmış quru odunları baş-başa şam çubuqlarının üstünə yığdı:

- Görüş ağacının yaxşı közü olur, sənə közdə kartof , sütül bişirəcəm. Nənəm bunu deyə-deyə təzəcə küllədiyi sacı ocağin ətrafına yığdığı daşların üstünə qoydu.

Dadlı bir günün başlanğıcından xəbər verən bu sözlər məni balaca kətili tapmağa məcbur etdi. Kətili tapıb ocağın qırağındaca oturur
- Üstün-başın his ilənəcək, yaxın oturma.
Əlində yuxayayanla oxlov ocağa yaxınlaşan anam xəbərdarlıq etdi. Anam əvvəlcə ocağın sol tərəfinə, torpağın üstünə köhnə kilim saldı, sonra yuxayayanı və oxlovu kilimin üstünə qoydu. Yuxayayanın ayaq tərəfinə təmiz dəsmal saldi-çıxarı olan un bu dəsmalın üstünə töküləcəkdi, sonra da bu unu nənəm cücələrin yeminə qatacaqdı, günahdı, unu yerə tökməzlər. Anam təkcə yuxa bişirmə mərasimində istifadə etdikləri döşəkcələri də gətirib yuxayayanın yanına qoydu.
- Sac qızırmı, kündəni yığımmı? - deyə nənəmdən soruşdu. Nənəm sacın üstünə bir çimdik un atdı, un yavaş-yavaş qırmızı-qonur rəngə çalmağa başladı
- Yaxınlaşır, get yığ.
Nənəm qaz lələklərindən düzəltdiyi süpürgə ilə sacın üstünü təmizlədi, balaca kətilini tapıb üstünə bir döşəkcə ataraq saca yaxın yere qoydu. Babamın otən il poladdan düzəltdiyi şişi və altlığı olan dörtkünc taxta parçasını da kətilin yanına qoydu. Anam da artıq mis sinidə dəsmalın arasına yığdığı kündələri gətirmişdi. Kündələrin üstünə balaca qabda un da qoymuşdu.
- Mən başlayım- anam dedi.
- Bərəkətli olsun!- nənəm xeyir-duasını verdi.
Kənddə ən çox sevdiyim iş çörək bişirmək prosesi idi.Yaxşı yuxa yaymağı bacarırdım deyə, nənəm sorğu-sualsız oxlovu mənə etibar edirdi. İndi isə imtahanları təzəcə verib kəndə tətilə gəlmişdim, hələ ağır işə girməyə qoymurdular.,, Uşaq oxuyub, yorulub, bir az dincəlsin, gözünün qarası yerinə gəlsin, - nənəm mənə xüsusi qayğı göstərirdi.
Anam yuxanı yaymağa başladı, nənəm də önlüyünün ətəyinə yığıb gətirdiyi kartofları sacın altına tökdü.Sonra gedib daha bir ətək qarğıdalı sütülü gətirdi:
- Özüm bu qarğıdalını tez əkmişdim ki, sən gələnə sütülləsin.
Nənəmin bu qayğısı mənə zövq verirdi,özümü böyük, hörmətli bir adam sanırdım.
O, sacın üstündə bişən yuxanı çevirə -çevirə, sacın altındakı kartofları və sütülü də o üz bu üzə çeviridi. Bişənləri şişin ucuna keçirib, mənim qabağıma qoyurdu. Mən də kartofu bir əlimdən o birinə keçirə-keçirə külünü təmizləyib, qabığını soyub qaynar-qaynar ağzima təpirdim. Anam mənim bu halıma baxıb bilmirdi gülsün, ya acıqlansın.Qaynar kartofu ağzımda o yan bu yana ötürə -ötürə yeyib qurtaran kimi, əlimi sütülə uzatdım. Anam daha dözmədi:
- Dalınca haymı gəlir? Yavaş yesən. Əlinin qarasını da sil.
Ağzım isti kartofla dolu idi deyə bir söz deyə bilmədim, əlimi nənəmin önlüyünə silib qarğıdalıya girişdim. Qarğıdalını burnuma yaxın tutub, əvvəlcə ətrini ciyərimə çəkdim. Ləzzət! Bakıda samovar çayının, külləmə kartofun və sütülün ətri burnuma gələndə gözlərim dolurdu. Həə, bir də az qala unutmuşdum, mənim ən sevdiyim meyvənin-tutun- ətri məni bərk qəribsədirdi. İndi sanki cənnətə düşmüşdüm.Nənəm hər səhər samovar qaynadırdı, gündə azı on dəfə həyətimizdəki tut ağacının başına çıxırdım, bu da külləmə kartof və sütül. Həyatımdan niyə narazı olum ki ?
- Ye, doyunca ye. Çörəyin axrında sənə fəsəli də yağlayacam. Sabah da cincilim kətəsi bişirərik.
Razılıq mənasında başımı yellədim. Belə təklifə kim narazı olar ?
Bilirdim ki, nənəm sabah erkəndən durub nehrə asacaq, çalxayıb yağını yığacaq, sonra məni çağıracaq ki, gəl dədənə və özünə ayran götür… Mən də üç litirlik bankanı ayranla doldurub soyducuya qoyacam ki , atamla ayranın içinə duz səpib içək.Sonra da nənəm qalan ayranı ocağa asıb şor çürüdəcəkdi. Şor qazanını yerə qoyan kimi, belinə təzə önlüyünü bağlayıb cincilim, yarpız yığmağa gedəcək. Axşama qədər təzə şor və cincilimdən bişirdiyi kətə, yarpız dovğası hazır olacaqdı.Sonra da bişmiş kətənin içinə nehrə yağı yaxıb qabağımıza qoyacaqdı .
İndi kəndə getməyə hazırlaşıram.Yəqin ki, külləmə kartof da, kətə də yeyəcəm. Məni fəsəliyə qonaq edən də tapılacaq. Bunların hamısı olacaq, nənəmdən başqa. Həmişə çuxura düşmüş qonur gözlərində hədsiz məhəbbət gördüyüm nənəm artıq yoxdur!






18 May, 2011  18:02 Baxılıb: 3277 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner