Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"Nəsibə Zeynalova kinoda özünü tapa bilmədi"-Cahangir Novruzovla müsahibə-ÖZƏL

Türkiyədə olanda onunla qarşılacağım ağlıma belə gəlməzdi. Qismət, ya da özü dediyi kimi zərurət. Söhbət, aktyor, rejissor Cahangir Novruzovdan gedir. Uşaq vaxtı “Həm ziyarət, həm ticarət” filmindəki obrazına görə, onu şəkili zənn edərdim. Məncə,  filmdə Şəki ləhcəsi ilə ən yaxşı danışan o idi. Lap əsl şəkili kimi. Sən demə, bu sadəcə rol xatirinə deyilmiş. Cahangir bəy 20 ilə yaxındır Türkiyədə yaşamasına baxmayaraq, söhbət əsnasında arabir Şəki ləhcəsi ilə danışırdı. Həmin filmdə Türkiyəyə gedən Mustafanı “Tapcam, tapcam. A Mustafa, arxayın ol. Vallah, qlobusu tapcam”, - deyərək onu arxayın edən Sabir müəllimin, daha doğrusu, Cahangir Novruzovun belə getsə, deyəsən, heç qayıtmaq fikri də yoxdur.

 

- Necəsiz, Cahangir bəy?

- Yaxşıyam, çox yaxşı. Hətta nəfəs aldığımı da duya bilirəm.

- Məgər bura gələnə qədər nəfəs ala bilmirdiz?

- Yaşar Nuri ilə bizim “Ordan, burdan” tamaşasında səhnəmiz var. Həmin tamaşada mən Salman bəy, rəhmətlik Yaşar Nuri də Əli bəy obrazını canlandırır. Ona sual verirəm ki, “Əli bəy, illərdi bu sənətlə məşğulsuz və bu tüstünün içindəsiz. Bu tüstüdən rahatsız olmursuz?”. O da deyir, “boğuluruq”. O səhnəyə baxmısızsa, nə demək istədiyimi başa düşərsiz. Arada adam boğulur.

- Azərbaycan nə tez “boğdu” sizi?

- Boğmaq məsələsi deyil, Azərbaycana canım qurban. Ancaq orada özünü bir şey bilən, əslində isə bir şey bilməyən, sənətə, mədəniyyətə əmr verməyə çalışan, məmur zehniyyətli insanlar var. Onlar məni boğdu. Mən orada onlarla birlikdə eyni havanı, nəfəsi udmaq istəmirəm, bu qədər.

- Buraların havası bizim havamızdan fərqlənir?

- Zaman-zaman fərqlənir. Bəzən isə fərqlənmir. Amma bir şey var, buranın havası bizə görə daha uyğundur-dürüst, düzgün. Burada məni dinləyirlər. Təbii ki, çatışmayan şeylər var. Çatışmazlıqlarla yanaşı, görürsən ki, sənin sözünü dinləyən insanlar da var. O, insanlar daha böyük vəzifələrdə olan insalardı. Sənin onların məmləkətinə xeyir vermək istədiyini anlayan kimi bütün qapıları üzünə açırlar.

- Bəs bizdə...

- Bizdə bir qədər fərqlidir. Mənə hamısı hörmət edir. Amma bu hörmətin mənim üçün bir ayrıcalıq olmasından narahat idim. Haqq minnətlə veriləcəksə, mən orada yoxam. Mustafa Kamal Atatürkün gözəl bir sözü var – “Teatr ayna kimi bir millətin mədəni səviyyəsini əks etdirər. Sənət adamı aynadı, ayna yanlış söyləməz.” 130 ildir sənətə xidmət edən nəslin nümayəndəsi olaraq, mən necə yalan söyləyə bilərəm?! Rüşvət bizim bəlamızdır. Nəsibə xanımın sözü olmasın, kimin toyuğuna kiş edirəm?! Ancaq çatışmazlıqları demək lazımdı da. Bu millət düzəlməlidi.

- Rüşvətdən yaman əl-həzar edirsiz...

- Qorxurlar və ya hörmət edirlər, bilmirəm, Azərbaycanda məndən nə rüşvət istəyiblər, nə də alıblar. Bir iş düzəlməyəndə bilmişəm ki, məndən rüşvət almadıqları üçün düzəlməyib. Çünki yuxarıda oturan adam baxmır Cahangirdir, Əhməddir, Məmməddir. Mən indiki vəziyyəti başa düşürəm. Amma bu düzəlməlidi. Bir millətin 3 “R” dağı var: rica, riya, rüşvət. Bu üçlük milləti uçuruma sürükləyir. İqtidara hansı partiyanın gəlməyindən asılı olmayaraq, rüşvət, Azərbaycan mentalitetinin xəstə yeridir.

- Nə vaxt Adanada yaşamaq barədə qərara gəldiz?

- Əvvəl zərurətdən irəli gəlirdi. Bir ovuc insan var idi, ona görə. 1990-cı illərdə Nəsibə xanım xəstə idi. 1994-cü ildə atam rəhmətə getdi. Bu da Nəsibə xanıma güclü zərbə oldu. O, iki ilin içində rəhmətə gedə bilərdi. Onun xəstəliyi ilə bağlı bir-iki lazım olan ehtiyacları qarşılamalıydım. Bunu bacardım, onun ömrünü on il də uzatdım, 2004-cü ilə qədər yaşada bildim. Yəni, bura gəlişim, zərurətdən irəli gəlirdi. Zərurətlə yanaşı içimdə dəyişim hiss etmək kimi bir şey də vardı. Fikirləşirdim ki, 3-4 il içərisində işlərimi bitirib qayıdaram. Amma elə gətirdi ki, burada bir ailəm oldu, tələbələrim mənim uşaqlarıma çevrildi. Azərbaycana gedib-gəldiyim zaman oradakı havanın mənim alışdığım havadan fərqli olduğunu gördüm.

- Burada hansı işlərlə məşğulsuz?

- Adananın Çukurova Universitetində çalışıram. Türk teatrının yeni nəslini yetişdirirəm.

- Sima cəhətdən Nəsibə xanıma çox bənzəyirsiz. Sənət və ya sənətkarlıq baxımından ona bənzəyə bildinizmi ?

- Bilmirəm, onu siz bilərsiz...

- Kino və teatrı burulğana bənzətsək, əminliklə deyə bilərik ki, Nəsibə Zeynalova həmin burulğanda yox olmamağı bacardı. Bəs siz?

- Azərbaycan kinosu indi burulğana düşüb. Kinomuzun gözəl zamanları vardı. Azərbaycan kino və teatr sahəsini labirintə bənzədə bilərik. Ancaq sizinlə razı deyiləm. Nəsibə xanım kinoda özünü tapmadı. Çünki Nəsibə xanımın istedadının səviyyəsində onun üçün ssenari yazılmalıydı. Ona uyğun filmlər çəkilməliydi.

Allah rəhmət eləsin, Heydər Əliyevin istəyi və göstərişi ilə “Qaynana” filmi çəkildi. Azərbaycan Kinostudiyasının o zamanki rəhbərliyi isə həmin göstərişə qədər düşünməmişdi ki, bu boyda sənətkar, onun obrazına və Azərbaycanın mentanlitetinə uyğun əsər var – al, buna film çək.

- Nəsibə xanım, hər kəsin yaddaşında qaynana kimi qaldı...

- “Qaynana” filmi çəkilmişdi artıq. Baxışa veriləndə mən orda yox idim, anam gəldi. Heydər Əliyev özü filmə baxıb bir kəlmə söz dedi, “bu arvadın günahı nə idi ki, bunu incidirsiz?”. Tamaşada həqiqətən də arvadın günahı var. Əgər diqqətli olsanız, filmdə heç bir günahı yoxdur. Hər adam deyə bilməz bunu. Bu sözlər deyiləndə artıq film çəkilmişdi, pullar sərf edilmişdi. O zamanın rejissorları, ədəbiyyat və sənət adamları Nəsibə xanımın miqyasında deyildi.

- Demək istəyirsiz, Nəsibə xanımın istedadına uyğun heç bir əsər yazılmamışdı?

-Əsərlər var idi, sadəcə onlardan istifadə etməyi bacaranlar yox idi. Yadımdadır ki, bir gün bizim evimizə telefon zəngi gəldi, Hökümə Qurbanova idi. Dedi: “Nəsibə xanım evdəsən?”. Anam evdə idi, atam isə yox. Onda Hökümə Qurbanova ilə qonşu idik. Telefon zəngindən bir qədər sonra evimizə gəldi. İki böyük sənətkar yeni layihə haqqında danışmağa başladılar. Bəli, Hökümə Qurbanova böyük sənətkar idi. Onun səhnədə başqalaşmaq qabiliyyəti var idi. Ledi Makbeti oynayanda mən onu tanıya bilməmişdim. 65 yaşlı qadın, 20-25 yaşlı qızın obrazını canlandırırdı. Həmin o sənətkar Nəsibə xanıma dedi ki, “İstəyirəm bir proyekt verim. Ostrovskinin “Fırtına” əsərində Katerinanı mən oynayım, Kabanikanı sən”. O layihə bizim evdəcə qaldı, qarşılıq verilmədi. Kabanika və yaxud da daha böyük əsərlərin obrazlarını canlandıra biləcək Nəsibə xanım, sadəcə, komediya aktrisası deyildi. Onun içərisində faciə potensialı olan biri var idi. O, zamanının aktyor və aktrisalarını qabaqlaya bilmişdi. Sözün düzü, müasir teatr və ədəbi təhsillə elə bir gəncliyin yaxın zamanlarda yetişəcəyinə inanmıram.

- Siz ona görə burdasız?

-Bəli, məhz, ona görə burdayam. O vaxtlar rəhmətlik Aslan Aslanov mənə dedi ki, Cahangir, gəl, sənə dərs, yaxşıca maaş verim. Nə şərt qoysan razıyam. Dedim, Aslan müəllim bir şərtim var, imtahanı özüm götürəcəm, uşaqları əvvəldən axıra qədər özüm aparacam. Dedi, yox, belə olmayacaq. O adam düşmən deyildi ki. Hələ onun zamanında dürsütlük var idi. Ancaq razı olmadı.

- Hər kəs günahları təhsilin, zehniyyətin üstünə ataraq əlini çəksə, bu işin sonu necə olacaq?

-Bu zehniyyət dəyişməyincə, Azərbaycan dəyişməyəcək. Nəyisə dəyişmək istəyirlərsə, bu  cür kompleksi olmayan insanlardan bir komissiya qurulmalıdır. Komissiyada o insanlar olmalıdır ki, Azərbaycan millətinin mənəvi dəyərlərini qoruyub saxlamağı qarşılarına hədəf qoysunlar. Əgər dövlətim, millətim məni dürüst insan kimi görərək bu iş üçün çağırsa heç bir maddi qarşılıq gözləmədən gələrəm. Çünki bu mənim mənəvi borcumdur.

- Hansı filmlərimiz Cahangir Novruzovun ürəyincədir?

- Həsən Seyidbəylinin bütün filimləri. Həbib İsmayılovun filmləri. Maraqlısı odur ki, Rasim Ocaqovun çəkdiyi filmlər haqqında bunu deyə bilmərəm. Çünki onun filmlərinin hamısı konnekturadır. Ola bilər ki, çox gözəl bir sənət əsəridi, amma sənət hadisəsi deyil. Bir insana yüksək təhsil  verməzdən əvvəl, onun mənəviyyatını və əxlaqını tərbiyə etmək lazmdır. Əxlaqı tərbiyə olunmamış adama sənət vermək doğru deyil. O, sənəti insanlığın xeyrinə yox zərərinə işlədəcək.

- Keçmiş filmlərin dadı hələ də tamaşaçının damağında qalıb, yoxsa müasir filmlər təlabatı ödəmir? Halbuki bu filmlərin ərsəyə gəlməsi üçün dövlət tərəfindən külli miqdarda vəsait ayrılır.

- Siz özünüzü aldatmayın, orada rəqəm göstərilir. Ayrılan pulun 70 faizi kimlərinsə cibinə gedir. Bu minvalla Azərbaycanda heç bir film izlənilməyəcək.

- Niyə yeni filmlərin tamaşaçısı yoxdur?

- Nə yazıq ki, sizinlə razı deyiləm. Həmin filmlərə də baxılır. Hər bir malın alıcısı var Məni döysələr də Çin mallarını almaram. Çünki mən onun keyfiyyətli olanını tanıyıram. Bu millət isə onlara baxır. Hələ mənə “Facebook”da da yazırlar ki, filankəsə fikir vermisiz, çox istedadlı oğlandır. Ancaq mən baxıram, inanın, ürəyim bulanır. Nəinki istedadlıdır, həmin aktyoru televiziyaya buraxan adamı həbs etmək lazımdır.

- Sizə elə gəlmirmi ki, Azərbaycan səhnəsini başsız qoyub gəlmisiz?

- Mən heç vaxt Azərbaycan teatrının başında olmamışam.

- Hansı filmə dəvət alsanız, Azərbaycana qayıdarsız?

- Yazılmayan bir filmi mən necə deyə bilərəm?!..

 

Ülviyyə Cövdətqızı







22 İyul, 2015  14:01 Baxılıb: 1563 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner