Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Nazir deyiləm ki, Azərbaycan mədəniyyətini təmizləyəm” – MÜSAHİBƏ + Fotolar

Psixologiya və Konsultasiya Mərkəzinin (PCC) budəfəki qonağı bir qədər çılğın, öz dəsti-xətti ilə seçilən, fərqli səsə malik əməkdar artist Teymur Əmrahdır. Onunla bir qədər söhbətləşdikdə isə, çılğınlığı qədər nəzakətli insan olduğu da üzə çıxdı.

- Səsinizdə həmişə bir nisgillik duyulur…
- Belə deməzdim. Bircə dəfə prezidentdən ev istəmişəm, - deyə adım “ağlayan” qalıb. Hər insanın öz ixtisası var. Hərə öz sahəsini gözəl bilir. Tamaşaçıların böyük əksəriyyəti konservatoriya bitirməyib. Bu səbəbdən, onlar xaric oxuyanları sezməyə bilər. Həmçinin təbii səsi “bic səs”lə də ayırd etməyi hamı bacarmalı deyil. Bizdə SSRİ xalq artisti var ki, həmişə “xoruz” buraxıb. Buna görə də, konkret senzura yaranmalıdı.


- Teymur Əmrahın həyatda məqsədi nədir?
- Həyata gəlmişiksə, bu, Allahın bir mükafatıdı. Bir balaca səs verib, bu da ikinci mükafatıdı. Bu gün bir tikə çörək pulu qazanırıqsa, bu da bir mükafatdı. Həmişə Allaha şükür edərək yaşamışam... Atam vəfat edəndən sonra anam mənə baxa bilməzdi. Hər bir ailədə faciə ola bilər və mən bu səbəbdən uşaq evində böyümüşəm. Amma ailədə əxlaqsız olarsa, bu çox pis damğadı. Mən müğənniyəm, mənə nə istəyirlər desinlər, amma ailəmə sataşmasınlar. Şükür ki, bizdə elə bir problem də yoxdu. Mən ailəmlə fəxr edirəm. Bakıya özüm – heç kimsiz gəlmişəm və gimnaziyaya daxil olmuşam. İstəsəm, narkoman, oğru, xidmətçi də ola bilərdim. Amma mən oxudum, çünki musiqiyə böyük marağım var idi. Uşaq evində hind filmləri nümayiş olunurdu. Orda səslənən mahnıları dinləyirdim. Sonradan təhsil aldıqca Emin Sabitoğlu, Tofiq Quliyev, Elza İbrahimova, Oqtay Kazımi, Rauf Hacıyev və digərlərini tanıdım və sevdim. İllər ötdükcə onların repertuarına sadiq qaldım. Mənim müəllimimlərim Şəfiqə Məmmədova, Məlik Dadaşov kimi korifeylər olub. Akademiyada Firudin Mehdiyevdən fərdi dərslər almışam. O, dahi Bülbülün ilk tələbəsi olub və 40 ildən çox Akademik Opera Balet Teatrının solisti kimi çıxış edib. Onu ilk dəfə Üzeyir bəy bəyənib və Bülbülün kursuna çağırtdırıb. Bu gün mənim də tələbələrim var. Elton Hüseynəliyev, Ayaz Qasımov, İradə İbrahimova, Vaqif Şıxəliyev, Prezident təqaüdçüsü Amil Həsənoğlu və başqaları gözəl oxuyanda fəxr edirəm. Boynuma alıram ki, mənim ifa tərzim iyirmi faiz Flora Kərimovaya bənzəyir. Ancaq səksən faiz özüməm. Heç tam bənzəyə də bilmərəm, çünki kişinin diapazonu başqa, qadınınkı başqadı.


- Atanızın vəfatı, uşaq evində keçən illərinizi nəzərə alsaq, belə demək olarmı ki, atasızlıq hissi indi də sizi müşahidə edir?
- Bu gün 40-dan artıq yaşım var və özümü xoşbəxt sayıram. Bu müddət ərzində məni sevənlərin evlərində qaldım. O insanlar həftələrlə evlərini mənə etibar edib, getməkdən çəkinmirdilər. Söz aparıb-gətirib, ailə dağıdıb, bala yetim qoymamışam. İnsan alverinə nifrət edirəm. Mən ideal da deyiləm. Heç kim ideal deyil, ideal Allahdı. Mənə desələr ki, səndə bu səhv var, doğrudursa, qəbul edib boynuma alaram. Əgər məndə olmayan səhvi də boynuma qoymaq istəsələr, o insanı məhv edərəm! Sənətimi pisləmək məni incitməz, fəxri adımı da əlimdən almaq məni incitməz, ancaq mənə şər atılarsa, bu məni çox incidər. Bu həyatda olmasa da, o biri həyat üçün bilərəm ki, görüşəcəyik və haqq yerini tapacaq. Bir sıra hadisə indi mənə gülməli gəlir. Səsimə absurd fikir söyləməyə gəldikdə, axı, Allah o adamlara qulaq verib, eşidirlər, bilirlər ki, səsim var...


- Teymur Əmrah uşaq evində olanda tanınıb, seviləcəyini xəyal edirdimi?

- Uşaq evində olanda mənim ağlıma da gəlmirdi ki, müğənni olaram. Sadəcə orada özüm üçün hind mahnıları və Rəşid Behbudovun mahnılarını oxuyurdum. Düzdür, uşaq evində başa düşmüşəm ki, səsim var. Oradakı tərbiyəçilər də bunu deyirdilər. Bir dəfə bizim uşaq evinə “Qarabağ bülbülləri” ansamblı gəlmişdi. Bizdə konsert proqramı təşkil edirdilər. Onda bədii rəhbər məni bəyəndi və özü ilə Ağdama apardı. Mən Ağdamda böyüdüm. O ansamblda oxudum. Artıq gimnaziyaya imtahan verməyə gələndə qərar vermişdim ki, müğənni olacam.


- Hansı uşaq evində böyüdüyünüzü bilmək olarmı?
- Əlbəttə, böyüdüyüm uşaq evi Gəncədə yerləşir. Sovetlər dövründən qalan köhnə uşaq evidi.


- Baş çəkirsizmi ora?
- Deyib günaha batmaq istəmirəm, ancaq hər il Qurban bayramında gedirəm və paylarını özüm çatdırırıam.


- Ailəli deyilsiz...
- Cənab prezident cəmi bir ildi ki, mənə ev verib. Hazırda həqiqətən axtarışdayıq. Həyatım boyunca o qədər əziyyət çəkmişəm ki, indi normal, sakit bir insan istəyirəm. Yenicə əməliyyatdan çıxmışam. İstəyirəm evdə oturub, mənə baxsın. Mənim artıq elə bir yaşımdır ki, fərq etməz çirkin, ya gözəl olsun. Mənə hədsiz dərəcədə sakit biri lazımdır. Demirəm ki, evə girəndə onu evdə hiss etməyim. Mən qul almıram.


- Kaprizləriniz varmı?
- Sizin yoxdur (gülür)?! Mənim də var. Ən böyük bədbəxtliyim vasvasılıqdı. Vasvasılıq deyəndə təmizkarlığı nəzərdə tuturam. Evimə kim gəlirsə, yaxşı mənada, dəhşətə gəlir. Natəmizlikdən, səliqəsizlikdən diksinirəm.


- Onda, Teymur Əmrahın həyat yoldaşı olmaq çox məsuliyyətli olar.
- Belə deməyin. Üzeyir Hacıbəyov, Qara Qarayev, Rəşid Behbudov olan yerdə mən heç kiməm. Sadəcə bu gün Azərbaycan mədəniyyətində üzdəniraq ifaçılar o qədər çoxalıb ki, onların içində retro mahnı oxuyuram, - deyə sizə klassik ifaçı kimi görünürəm. Bəs, Rəşid Behbudov, Oqtay Ağayev və başqalarının dövründə doğulsaydım, mən kim idim?! Sıravi bir oxuyan.


- Sizə tərif deyəndə qaçırsız. Təkcə təvazökarlıq deyil, bu həm də inamsızlıqdan irəli gəlmirmi? Axı, bu, sizin halal haqqınızdır.
- Bu, məsuliyyətdən irəli gəlir, həm də burada başqa nüanslar da var.


- Niyə istedadlı insanların qiymətləndirmə prosesində çox vaxt mizan tərəzisi pozulur?
- Mən balığın başını kəsib atıram, bədənini yeyirəm. Yəni orasına qarışmıram, çünki siyasəti xoşlamıram.


- Belə ola bilərdi ki, Teymur Əmrah hansısa işlərə qurşansın və bu sənətdə olmasın?

- Hər hansı bir səlahiyyətli şəxs mənim sənətimi bəyənib çağırtdıra bilər, ancaq mən gedib onda başqa bir xüsusiyyət görə bilərəm. Məni nəyəsə dəvət edə bilər. Ancaq bu mümkün deyil. Onun nə səlahiyyətinə, nə varına aldanmaram. Həssas insanam. Görkəmli sənətkar başqadır, görkəmli həssas başqa. Özüm də dindən uzaq olmağı çatışmazlıq kimi görürəm. Düzdü, insanların arasında doğruyam, düzgünəm, rəftarım gözəldir. Amma Allahın izni ilə dinimizi də yaşatmaq lazımdı.


- Nəsildə sizdən başqa kimdə səs olub?
- Bizdə nə ata , nə ana tərəfdə səsi olan olmayıb, dahi aktyor olub. “Dəli Kür” filmində Cahandar ağa obrazını canlandıran xalq artisti Ələddin Abbasov anamla qohumdu.


- Teymur Əmrahın səsində bir problem yaransa...
- Mən sənət taparam. Hansı yaşda olmağım da önəmlidi. Bir alətdə ifa etməyi öyrənərəm. Götürmə qabiliyyətim çox yaxşıdı. Hətta fikirləşirəm ki, hazırda yaxşı yerdən iki min manat maaş versələr, bu sənəti ataram. Bir şərtlə, yenə musiqinin içində olaram. Studiyada oxuyub “Qızıl fond”a mahnı verərəm. Qoy yığılsın, məndən sonra cavan nəsil qulaq asar. Amma daha efirə çıxmaram. Çünki indi sənət adamlarının səksən faizində böyük problemlər var. Bir misal çəkim: 100 min adam “Qurtuluş günü” tədbirində yığılıb. Teymur Əmrah ifa edir, alqışlamırlar. Amma 30 il toyxana müğənnisi olan bir ifaçı oxusun, sanki zəlzələ baş verir. Nə sözündə məna var, nə musiqisində fəlsəfə. Çünki bizdə xalqın böyük əksəriyyətinin mütaliəsi yoxdu. Ciddi musiqini anlamırlar. Məni sakitləşdirən musiqidi. Əsəbləşəndə, hansısa bir instrumental musiqini dinləməyi sevirəm.


- Bayaq korifeylərimizi sadalayırdız. Siz də nə vaxtsa onların sırasında ola biləcəksiz?
- Heç vaxt. Çünki mən təkrar ifaçıyam. Özümü pis ifaçı hesab etmirəm, lakin elə retro mahnı var ki, ikinci, üçüncü və ya dördüncü ifaçısıyam. Mənə yazılan mahnı azdır. İndi isə demək olar ki, yazılmır. Çünki indi o bəstəkarlardan yoxdu.


- Şəhərdə sizi tanıyanda hansı hissi keçirirsiz?
- Tanıyan da var, tanımayan da. Heç vaxt maşını sevməmişəm. Daha çox piyada gəzməyə çalışmışam. Kiməsə bir pisliyim dəyməyib ki, gəzəndə qorxam. İnsanlarla ünsiyyətdə olmağı çox sevirəm. Rəşid Behbudov deyirdi ki, artist əlçatmaz olmalıdır, artist “Nizami” küçəsində gəzməz. Ancaq mənə aid deyil.


- Mütamadi fikirlərinizi paylaşdığınız ürək dostunuz varmı? Düşüncələrinizi kimlərələ bölüşürsüz?
- Dost sözünü xoşlamıram. Yoldaş deyərdim. Fikirlərimi musiqilərlə paylaşıram. Azərbaycanda elə bir adam qalmayıb...

- Hüzur tapdığınız məkan varmı?
- Bakı böyük şəhərdir, burada istirahət etmək olmaz. Rayonlarda yaxşı dincəlmək olar. Bunun üçün Gəncəyə gedirəm.


- Evinizdə bir guşə, musiqi arxivi düzəltmisiz?

- Ümumiyyətlə, mənim evim çox maraqlıdır. Görənlər deyir “Qızıl fond”a gəlmişik. Mən tələbəlik illərində kirayə qalırdım. Hətta otağa o qədər ölülərin şəklini vurmuşdum ki, təmizlikçi içəri girəndə qorxdu. Dedi “Ölüləri yığmısan bura, qorxmursan gecələr bunlar üstünə gələr?” Dedim əl vurmayın. İnanırsız, mənim evimdə ata-anamın şəkli yoxdu. Amma Rəşid Behbudov, Şövkət Ələkbərova, Müslüm Maqomayev və başqa dahilərin şəkilləri evimdə əsas yer tutur.


- Ata-ananınızın məşhurluğunuzu görmələrini istərdinizmi?
- Axı, mən elə bir fövqalədə ifaçı deyiləm. Sıradan biriyəm. İstərdim ki, ata-anam oxumağımı sevəydilər. Övladları olduğum üçün yox, sadəcə gözəl səsim olduğu üçün sevinəydilər.

- Keçmişə qayıtmaq imkanınız olsaydı, kimlə görüşmək, dərdləşmək istərdiz?
- Üzeyir Hacıbəyovu görmək istərdim. Çünki onun tələbələri məndən yaşca çox böyük olsalar da, mənimlə dost olublar. Şəfiqə Axundova, Hökümə Nəcəfova ilə qarşılıqlı hörmət-izzətimiz olub. Bunun başqa səbəbi də var. Hökümə xanım həmişə deyirdi ki, biz tələbə olanda Üzeyir bəy bizim çantalarımızı açardı və içinə pul atardı. Biz çıxarırdıq, o israr edirdi ki, götürün. Üzeyir bəy sadə musiqi yazıb, lakin valehedici olub.


- Həyatınızda kim sizə dəstək, həyan olub?
- Mənim bir səhvim olub. Badamdarda Afət İdrisqızı adında məktəb müəlliməsi işləyən bir xanım var idi. İmtahan zamanı səsimi çox bəyənib. Ona həyat hekayəmi də danışıblar. Sonradan məni tapıb müdirin otağına çağırdılar və oxumağımı istədilər. Akapella şəklində oxudum, ağladı. Sonra yenə arxamca gəldi. Mənə öz əli ilə jaket toxuyub gətirmişdi, çoxlu mürəbbələr gətirmişdi. Rektordan da xahiş edibmiş ki, maaşının əlli faizi beş il müddətinə mənim təqaüdümə köçürülsün. Daha sonra yenə konservatoriyaya gəldi və məni evinə apardı. Onda 70-72 yaşı olardı. Bu gün oğlu neft şirkətində çox böyük vəzifədədi, olduqca imkanlı şəxsdi. Məndən inciyib. Onlara tez-tez getməyə utanırdım. O isə ölənə yaxın oğluna deyib, - “Teymuru tap, məndən sonra ondan muğayat ol. O, çox zərif adamdı, onu incidəcəklər, həyan ol”. Üstündən bir müddət keçmiş xəbər tutdum ki, rəhmətə gedib. Oğlunun nömrəsini tapdım. Dedi ki, anam səni çox gözlədi, sonra telefonu üzümə qapadı. İndi qəbrini də tapa bilmirəm. Cənnət Əliyev də mənim hesabıma pul köçürüb. O da sadəcə mənim oxumağımı sevirdi.


- Çılğın insansız...

- Dəyərsiz ifaçılara qiymət verilməsi, not bilən, savadlı ifaçıların rəğbət görməməsi, məni narahat edir. Bəs, mən ali məktəbləri niyə atdım?! Artıq hamı dərs deməyə başlamışdı. Belə olmaz.


- Kənarda durub bəyənməməkdənsə, içində olub hadisələrin axarını dəyişmək daha yaxşı olar...
- Birincisi, mənim elə səlahiyyətim yoxdur. Kafedra müdiri, dekan, ya nazir deyiləm ki, Azərbaycan mədəniyyətini təmizləyəm. Yaxud televiziya şurasının sədri deyiləm ki, cənab prezidentən xaiş edim ki, icazə verin, belə bir iş görüm. İkincisi də “tək əldən səs çıxmaz”- deyiblər. Mən təkəm, onlarsa çoxdu. Onlar məni məhv edər.


- Sizdə çox kompleks var...
- Məndə kompleks yoxdur. Bu gün Azərbaycan mədəniyyətində ali məktəbin diplomları şadlıq evinə işləyir. Hamı çalışır Teymur Əmrahın tələbəsi olsun ki, 6-7 min manat, ya da dollara toya getsin. Belə çıxır ki, mən toyxanaya kadr hazırlayıram. Deməli, səhnə fəaliyyətimin 40 illiyi olanda “Bala Nərgiz”, “Bağdagül” haqqında danışacağıq. Bəs, Tofiq Quliyevi kim oxuyacaq?!

“Simsar” jurnalı üçün hazırladı: Psixoloq Elnur Rüstəmov, Aqşin İBRAHİMİ

 

 






26 May, 2015  11:49 Baxılıb: 2904 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner