Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Yüz vedrə üzüm yığırdım” – QƏNİRƏ PAŞAYEVA “Çay dəsgahı”nda

“Dafne by Dalida”dakı “Çay dəsgahı”mızda bu dəfəki qonağımız millət vəkili Qənirə Paşayeva oldu. Gərgin keçən günün ardından bizimlə görüşdüyünü deyən Qənirə xanım bir az da yorğun görünürdü. Ona görə, onu əvvəlcə çay içməyə dəvət etdik. Qənirə xanım çayından içə-içə bizim suallarımızı cavablandırmağa başladı.

Söhbətdə iştirak etdilər: İradə Nurəddinqızı, Ümidə Həsənova, Hüseyn İbadlı və mən Vüsal Məmmədzadə.


“ƏLİMİZDƏN GƏLƏNİ ETMƏLİYİK Kİ, BİZİ SÖYMƏSİNLƏR”

“Necəsiniz?”

“Yorğunam...”

“İşiniz sizi çox yorur?”

“İşimlə əlaqədar tez-tez səfərlərdə oluram. Məni uzaq yol gedib-gəlmək yorur. Amma başa düşürəm ki, bu səfərləri etməliyəm. Bizim köməyimizə ehtiyacı olan çox insan var. Bizim üçün kiçik görünən problemləri həll etmək bəziləri üçün çox çətindir. Ona görə, əlimizdən gələn köməyi etməliyik”.



“Çayı nə ilə içməyi xoşlayırsınız?”

“Ümumiyyətlə, çayla aram çox yaxşı olduğu üçün mürəbbə, çərəz fərq etməz”.

“Çay içmək bizdə köhnə ənənədir. Həmişə dost-tanışla nələrisə müzakirə etmək lazım olanda, “gedək, oturaq, bir çay içək, filan məsələdən danışaq”, - deyirik. Elə bil, söhbət etmək üçün mütləq çay olmalıdır...”

“Əslində, çay bəhanədir. Süfrə arxasında ab-hava bir qədər mülayim olur deyə insanlar çay içə-içə söhbət etməyə üstünlük verirlər. Mən də, yaxınlarımla rəsmi olmayan məsələlər barədə kabinetdən kənarda, çay və ya yemək süfrəsi arxasında söhbət edirəm. Eyni zamanda dediyiniz ifadə çayın mətbəximizdəki, adət-ənənəmizdəki yerini də göstərir”.

“Dostunuz çoxdur, düşməniniz?”

“Onu deyə bilərəm ki, öz millətimdən düşmənim yoxdur. Ola bilsin, kimsə məni özünə düşmən hesab etsin, bu, başqa məsələ... Təbii ki, vətəninə xəyanət edənlər istisnadır”.

“YÜZ VEDRƏ ÜZÜM YIĞIRDIM”

“Adətən sizin kimi xanımlar cəmiyyət üçün həmişə maraqlı olub. Görəsən ev işləri görürmü? Çay dəmləmək, yemək bişirmək kimi işlərlə məşğul olursunuzmu?”

“Kənddə olanda yüz vedrə üzüm yığırdım. İndikilər vedrəni qaldırmamış, “belim ağrıdı”, - deyirlər. Doğulandan zəhmətkeşəm. (gülür) Ümumiyyətlə, kiçik yaşlarımızdan ailə yükünü hiss etmişik, valideynlərimizə kömək etmişik. Anam işləməklə yanaşı, həm də ictimai-fəal qadın idi. Ona görə, həyət-baca və ev işlərini biz görürdük. Tələbəlik illərində də özümə baxmaqla yanaşı, ailəmə də kömək etmişəm. Yəni, həmişə ağır işlərin öhdəsindən gəlmişəm. İndi isə evimizdə, elə də çox insan yoxdur. Ona görə, böyük işimiz də olmur. Səhər çıxırıq, axşam gəlirik. Arada bir evdə yemək yeyirik, onda da axşam olduğu üçün meyvə-tərəvəzlə kifayətlənirik”.

“Elə bir yemək var ki, hamı desin ki, bunu ən yaxşı Qənirə xanım bişirir?”

“Artıq, orta məktəbi bitirəndə bütün yeməkləri bişirməyi bacarırdım. Bircə xaşılı yaxşı çala bilmirdim. Məktəbdə oxuyan vaxtlarda nənəmlə birlikdə yuxa yayırdım. Elə gün olurdu ki, yüzdən çox yuxa yayırdıq. Düşünürəm, qadın evinin bütün işlərinin öhdəsindən gəlməlidir. Hansı peşənin sahib olur-olsun, fərq etməz. Məktəbi əlaçı oxumuşam. Tezdən saat 6-da nənəmin səsinə yuxudan oyanardım. Turşusundan tamatına qədər hər şeyi özümüz hazırlayardıq. Bazardan göyərti almazdıq. Hər mövsüm öz həyətimizdə yetişdirərdik. Mən bu cür böyümüşəm, ona görə, tənbəl adamlarla aram yoxdur”.

“Hansı yeməklərdən heç vaxt imtina etmirsiniz?”

“Kənd çolpası, kələm dolması, dovğa və kətə ən sevdiyim yeməklərdir”.

“ƏZƏLDƏN “BARSELONA” AZARKEŞİYƏM”

“Futbolla aranız necədir?”

“Əvvəllər çox baxırdım. İndi vaxtım olanda azarkeşlik etdiyim komandaların oyunlarını izləyirəm”.

“Hansı komandalara azarkeşlik edirsiniz?”

“Ölkə daxilində “Qarabağ” və “Turan”a. Xarici klublardan beynəlxlaq yarışlarda çıxış edən klubların hamısına”. (gülür)


“Tovuzun “Turan” klubunun vəziyyəti, heç də yaxşı deyil. Bu vəziyyət sizi narahat edirmi?”

“Ciddi narahat edir. Həmişə “Turan”a dəstək olmağa çalışmışam. Bu məsələ ilə bağlı dəfələrlə AFFA rəhbərliyi ilə də görüşlərim olub. Sağ olsunlar, heç vaxt köməklərini əsirgəməyiblər. Bu yaxınlarda da klub rəhbərliyi ilə görüşümüz oldu. “Turan”ın qarşısında duran problemlərdən danışdıq. Hazırda klubun maliyyəsi zəifdir və ciddi dəstəyə ehtiyacı var. Bununla yanaşı, azarkeşləri də kluba dəstək olmağa təşfiq etməyin vacib olduğunu bildirmişəm. Xaricdə klublar atributların, formaların satışından xeyli gəlir əldə edirlər. “Turan”da da bunu etmək olar.


“Azərbaycanda hazırda iki cəbhə daha aktivdir: “Barselona” və “Real” azarkeşləri. Siz hansına azarkeşlik edirsiniz?”

“Əzəldən “Barselona” tərəfdarı olmuşam”.



“Qarabağı Qarabağda doğulanlar qədər çox sevirsiniz. Buna səbəb nədir?”

“Məni elə böyüdüblər ki, Tovuz qədər Naxçıvanı, Lənkəranı, Bakını, Təbrizi, Ərdəbili, eləcə də, Qarabağı sevmişəm. Atamın Qarabağda tanışları çox idi. Buna görə, demək olar, Qarabağın hər yerini gəzmişəm. İşğala qədər də mənim üçün indiki qədər əziz idi. İndi isə hamımız üçün ağrılı yaradır. Sevgimiz də tamam fərqlidir. Çünki o torpaqda əzizlərimizin qanı var... İndi də, gərək, gənclərimiz ölkəmizin tarixi ilə, Qarabağla yaxından maraqlansınlar”.

“ƏSAS MƏSULİYYƏTİ UŞAĞINI BAHALI TELEFONLA MƏKTƏBƏ GÖNDƏRƏN VALİDEYNLƏR DAŞIYIR”

“İndiki gənclər, sanki, robotlaşıb. Məsələn, coğrafiyadan deyəndəki mənə filan yer haqqında danış, deyir, sual ver, cavab verim. Yəqin ki, bu da testin problemidir...


“Testlə bağlı dediklərinizlə razı deyiləm. Mən imtahanımı testlə verməmişəm. Ona görə, əvvəllər tələbə qəbulu zamanı hansı vəziyyətin yaşandığını çox yaxşı bilirəm. Ona görə, testin tərəfdarıyam. Düzdür, testin də təkmilləşməyə ehtiyacı var. Amma test bizi əvvəlki biabırçılıqlardan xilas edib. Məncə, savadsızlığın günahı valideynlərdədir. İndi hansı evdə kitab rəfi var? Belə evlər çox azdır. Uşaq böyüdüyü mühitdə formalaşır. Bu məsələdə əsas məsuliyyəti uşağını bahalı telefon və geyimlə məktəbə göndərən valideynlər daşıyır.

İkinci məsələ müəllim peşəsi ilə bağlıdır. Hazırda məktəbi zəif oxuyanlar müəllimlik ixtisasına qəbul olurlar. Eyni zamanda, müəllimlərin maaşları artırılmalıdır. Güman edirəm, ölkə başçısı bu məsələyə bir qədər də diqqət ayıracaq. Ümumiyyətlə, müəllim peşəsinə olan hörməti geri qaytarmalıyıq”.

“AXIRDA DEDİ Kİ, BİR ŞEY OLSA, QIZI SƏNİN EVİNƏ GÖNDƏRƏCƏM”

“Bizim bir tanışımız var. Sevdiyi qızın atasına beş dəfə elçi göndərib ancaq tərs qız atası deyir ki, Qənirə Paşayeva gəlib istəsə, verərəm”.

“Qız oğlanı istəyir?” (gülür)

“Bəli”.

“Onda, elə bu axşam gedək”. (gülür)

“Heç elçilik mərasimində iştirak etmisiniz?”

“Mən belə işlərdən özümü bir qədər uzaq tuturam. Çünki birdən iş alınmasa, düşəcəklər sənin üstünə. Amma bir dəfə olmuşam. Onda da ata qızını vermək istəmirdi. Halbuki, oğlanla qız bir-birini sevirdilər. Şəxsən özüm qızın atası ilə 3 saatdan çox söhbət etmişəm, birtəhər razı salmışam. Amma axırda dedi ki, bir şey olsa, qızı sənin evinə göndərəcəm”.

“Ümumiyyətlə, elçilik, xınayaxtı, toy kimi mərasimlərin hamısı olmalıdırmı?”

“Adət-ənənə gözəl şeydir. Amma bir çox hallarda böyük təm-təraq təşkil edirik. Elçilik ailə daxilində kiçik məclislə baş tutmalıdır. Eləcə də, digər mərasimlərdə həddi aşmamaq lazımdır. Bizim toylarda israfa yol verilir. Kim birdəfəyə 3-4 cür yemək yeyir? Halbuki, toy məclislərində stolda barmaq qoymağa yer olmur. Bu, yas məclislərinə də aiddir. Belə məclislərə xərclənən pulları kasıblara xərcləsəniz, daha xeyirli olar. Məsələn, mən varlı adamların təşkil etdiyi iftar süfrələrinə getmirəm. Deyəndə ki, niyə getmirsən? Deyirəm, orada olanların hamısının iftarlarını açmaq imkanları var. İftar süfrəsinə həmin yeməyi yemək imkanı olmayanları çağırmaq lazımdır”.

“Bəlkə də, bu məsələlərdə insanları maarifləndirmək lazımdır. Təbii ki, bu işdə də KİV-lərin rolu böyükdür”.

“Təəssüf ki, bu gün televiziya kanallarında bayağı verilişlərin sayı artıb. İnsanları maarifləndirən, ciddi məsələlər barədə düşündürən proqramlar çox azdır. Yaxşı olardı ki, xüsusilə, gəncləri savadlanmağa çağıran, ölkənin tarixi, mədəniyyəti barədə məlumatlandıran verilişlərin sayı artardı”.

“Televiziya kanalları da deyirlər ki, belə verilişlər reytinq gətirmir”.

“Razı deyiləm. Ola bilsin, bu gün reytinq gətirməz. Çünki hazırda bayağı verilişlərə baxan tamaşaçını biz yetişdirmişik. Maarifləndirici verilişlər verməklə də sanballı auditoriya yetişdirmək mümkündür. Digər tərəfdən, cəmiyyəti reytinq qurbanına çevirmək olmaz”.

“BAHALI GEYİMLƏR ALMAĞA PULUM YOXDUR”


“Alış-verişi necə edirsiniz?”

“Çox rahat. Mənim mağazaları gəzəcək qədər vaxtım yoxdur. Əslində, paltar almaq üçün 3-4 saat necə gəzmək olar, onu da başa düşə bilmirəm. Ona görə, bir mağazadan lazım olan hər şeyi alıb, çıxıram”.

“Brend geyinirsiniz?”

“Brend almıram. Çünki bahalı geyimlər almağa pulum yoxdur. Həm də bunu əlavə xərc hesab edirəm. Həmin pulu kəndimizdə ehtiyacı olanlara verərəm, atama rəhmət oxuyarlar”.

“Geyimlərinizi Bakıdan alırsınız, ya xaricdən?”

“Daha çox xarici ölkələrdən, çünki Bakıda qiymətlər bahadır”.

“Bəs bazarda axırıncı dəfə nə vaxt olmusunuz?”

“Tez-tez oluram”.

“Sizi aldatmırlar? Məsələn, 1 manatlıq pomidoru 3 manata vermirlər?”

“Düzünü desəm, qiymətdə “bazarlıq” eləmirəm. Nədirsə, onu da verirəm. Bilmirəm, artıq deyirlər, ya yox. Günahı onların boynuna”. (gülür)

“Siz də vaxtilə jurnalist işləmisiniz. Elə bir insan olub ki, ondan müsahibə almaq istəmisiniz?”

“Çox olub. Təkcə siyasi şəxslər deyil, eləcə də, alimlər, filosoflar və mənə maraqlı olan insanlar olub. Həmin vaxt müsahibələr alınmasa da, hazırda səfərlər zamanı çalışıram, onlarla görüşüm”.

Vüsal Məmmədzadə
Foto: Hüseyn İbadlı

 

 






25 May, 2015  12:39 Baxılıb: 3971 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner