Şəkidə turizmin inkişaf perspektivləri müzakirə olunub
İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Şəkidə “2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, “Şəki-Zaqatala iqtisadi rayonunda turizmin inkişaf perspektivləri” mövzusunda seminar keçirilib.
Tədbirdə İİN-nin nümayəndələri, eləcə də turizm sahəsində fəaliyyət göstərən 20-dən çox sahibkar iştirak edib.
Seminarda turizm obyektlərində xidmətlərin dünya standartlarına uyğun təşkili üçün kadrların peşə hazırlığının artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, tanınmış turizm şirkətləri ilə təcrübə mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunub, turistlərin qarşılanmasının, yerləşdirilməsinin, qidalanmasının, turizm marşrutları üzrə gəzintilərin, əyləncələrin və digər xidmətlərin müasir tələblərə uyğun təşkili və s. barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda seminar iştirakçılarına Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
RAMİL