Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Vaqif İbrahimoğlu haqq dünyasına yola salındı

Məşhurlar rejissor barəsində danışdılar

Dünən gecə vəfat etmiş Azərbaycanın görkəmli rejissoru, əməkdar incəsənət xadimi, “Yuğ” Dövlət Teatrının baş rejissoru Vaqif İbrahimoğlu Mərdəkan qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Görkəmli rejissorla vida mərasimi Aktyorlar Evində keçirib.

Tanınmış rejissor Vaqif İbrahimoğlu haqqında onun sənət dostları ANS PRESS-ə öz xatirələrini bölüşüblər.

Xalq artisti Kübra Əliyeva: “Vaqifin planları hələ qabaqda idi. Nə qədər işləyəcəkdi, yaradacaqdı. Bu il Azərbaycan mədəniyyət xadimlərinin çoxunu itirdik”.

Aktyor Rəhman Rəhmanov: “Vaqif İbrahimoğlu teatrda xüsusi yeri olan sənətkarlarımızdan biridir. Təbii ki, onun fiziki itkisi çox acı verir. Hər birimizin ürəyində onun öz yeri var idi. Azərbaycan teatrı üçün çox işlər görüb”.

Xalq artisti Məleykə Əsədova: “İstedad gündə doğulmaz. İstedadlı insanlar 5-10 ildən bir dünyaya gəlir. Vaqif müəllim istedadlı aktyorlar yetişdirirdi. Tez dünyasını dəyişdi. Bu, incəsənətimizə ağır itkidir. Amma Vaqif müəllim qəlbimizdə, xatirələrimizdə yaşayacaq. Onun incəsənətə verdiyi töhfələr həmişə bizə zövq verəcək”.

Əməkdar artist Əjdər Həmidov: “Bu gün səhər çox acı xəbər eşitdim. Vaqif müəllimin ölüm xəbəri mənim üçün çox ağır, sarsıdıcı xəbər idi. O, xalqın sənətkarı idi. O, incəsənətdə böyük xidməti olan insan idi. İnanırıq ki, Vaqif İbrahimoğlu dünyadan getsə də, həmişə xalqın yaddaşında əbədi qalacaq”.

Xalq artisti Fəxrəddin Manafov: “Səhnədə olmağı o mənə öyrətdi. O, Azərbaycan teatrına böyük töhfə verdi, “Yuğ” teatrını. Vaqif müəllim mənim müəllimim idi. O, Azərbaycanda savadlı insanlardan biri idi”.

Sənətşünas Məraim Fərzəlibəyov: “Elə insanlar var ki, şəxsi imzaları olur. Vaqif İbrahimoğlu da Azərbaycanda xüsusi imzaya malik insanlardan idi. O ilk dəfə Azərbaycanda “Yuğ” adlı analoqu olmayan teatr yaratdı. Biz, teatr sevənlərin qəlbində olacaq. O həm ideya, həm də rejissorluq baxımından sözünü deməyi bacardı. Düşünürəm ki, nə qədər ki, onun tələbələri var, onun yaratdığı teatr yaşayacaq”.

Xalq yazıçısı Anar: “Mən Vaqifi çox istəyirdim. Düşünürəm ki, o daim qəlblərdə yaşayacaq. Nə qədər onun tələbələri var, o daim yaşayacaq. Vaqif çox etibarlı dost idi. İnanmıram ki, Vaqifdən bir daha dünyaya gəlsin”.

Xalq artisti Fuad Poladov: “Vaqiflə tələbəlik yoldaşı olmuşuq. Vaqif mənim üçün həmişə öz fikirlərilə, başqalarından fərqlənən baxışları, biliyilə meyyar olub. Çox az adam var ki, onun fikirləri mənim üçün vacib olsun. Vaqif belə sənətkarlardan idi”.

Xalq şairi Ramiz Rövşən: “Vaqif ümumbəşər bir insan idi. Onun kimi sənətkarlar dünyaya çox az hallarda gəlir. Allah ona rəhmət eləsin”.

Sənətşünas Məryam Əlizadə: “Biz 3 ay müddətində Ankaranın Qazi xəstəxanasında olduq. Vaqif müəllim müalicə alırdı. Onun palatası türklər üçün Azərbaycan teatrı kimi idi. Türkiyənin müxtəlif şəhərlərindən onun yanına gəlirdilər. Onu türk sənətçiləri ziyarət edirdi. Düşünürəm ki, Vaqif doğrudan da xoşbəxt insandır. Baxmayaraq ki, sağalmaz xəstəliklə mübarizə aparırdı, amma onun siması daim gülüşlə dolu idi. Onun fəxr duyacağı tələbələri var. Vaqif gələcək planlar qururdu. O ölüm haqqında heç düşünmürdü. O bir kəlmə də olsun xəstəliyindən şikayət etmirdi. O həyatından çox razı idi”.

Xalq artisti Afaq Bəşirqızı: “İnanmalı, arxalanmalı dost idi. Özü, sözü düz insan idi. Həyata qəribə baxışları vardı. Daha bir incini itirdik. Onun yoxluğu mənə rahatlıq vermir. İnanıram ki, Azərbaycan teatrına verdiyi yeni töhfələr onu əbədiyyata qovuşdurub. Yaddaşlarımızda Vaqif İbrahimoğlu heç zaman silinməyəcək”.

Əməkdar artist Novruz Qartal: “Vaqif İbrahimoğlu teatra öz adını qızıl hərflərlə yazan insandır. O cismən aramızdan getsə də, daim aramızda yaşayacaq. Onun yarımçıq qalan işlərini tələbələri davam etdirəcək. O çox tələbkar olmaqla yanaşı, həm də mülayim insan idi. Onunla işləmək çox xoş idi. O əsl peşəkar rejissor idi”.

Azərbaycan Milli Dram Teatrının direktoru İsrafil İsrafilov: “Təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da Vaqif İbrahimoğlu tanınır. Bütün problemimizi bölüşdüyüm dostumu itirmişəm. Bu gün bu təkcə mənim acım deyil. Bu gün bütün teatr aləmi acılı günlərini yaşayır. Teatr aləmində fenomen insanı yola salırıq. Bircə təsəllimiz var ki, ondan sonra tələbələri qalır”.






14 May, 2011  00:47 Baxılıb: 1627 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner