Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Vidadi Həsənov: “Təhlükəsiz iş axtarırdım, ən qorxulusunu tapdım” – Fotolar

Dosye:

Vidadi Həsənov 1958-ci ilin 16 iyul tarixində Gəncədə anadan olub. Gəncə şəhər 37 saylı məktəbi bitirib. 1980-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət İnstitutunun dram və kino aktyoru fakultəsinə daxil olub. İnstitutun Tədris Teatrında aktyor kimi işləyib. O, 1986-cı ildə həmin universitetdə müəllim kimi fəaliyyətə başlayıb. 1990-cı ildən YUĞ teatrında çalışır. 2008-ci ildə “Şair olmaq istəmirəm” adlı şeirlər kitabı çıxıb.

Avropa kinematoqrafçılar Assosasiyasının xətii ilə 2009-cu ildə Tiflis, 2010-cu ildə Moskvada ssenaristlər kursunu keçərək beynəlxalq sertifikat alıb. 9 may 2012-ci ildə əməkdar artist fəxri adına layiq görülüb.
Teatrda  “Bişir və Məlixa” (Bişir), “Qaçaqlar” (Frans Moor), “Herostratı unudun” (Kleon),  “Diribaş adamlar” (Qaraşın), “Salam” (Qırmızı paltarlı), “Oğul” (Dəstəbaşı), “Açar” (Mürid), “Albalı bağı”  (Qayev), “Afinalı Timon” (Lyutsiy) rollarını canlandırıb.
“Bəyin oğurlanması” (Musa), “Burulğan” (Adil), “Fatehlərin divanı” (Atilla), “Hökmdarın taleyi” (Cavad xan), “Qala” (Əbil müəllim), “Şeytan göz qabağında” (Brokonyer), “Təxribat” ( Polis mayoru), “Yalan”  (Yavər), “Leyli və Məcnun”  (Leylinin atası), “Çölçü”  (Ulu Çölçü) və s. kinolarda iştirak edib.


“Hüquqşünas olmaq istəyirdim”

Heç bir şey birdən-birə olmur. Teatr, aktyorluq həvəsi məndə birdən-birə yaranmadı. Orta məktəbdə oxuyanda bizim çox sevdiyimiz bir ədəbiyyat müəllimimiz var idi – Oqtay müəllim. O, dərslərin çoxunu teatrlaşdırılmış şəkildə keçirdi. O vaxtlar pioner dəstələri olurdu, bizim də bir  pioner dəstəmiz var idi.  “Vaqif” dramını keçəndə dəstə rəhbərimiz Zərəngiz xanım bizə Gəncə Dövlət Dram Teatrından paltarlar gətirmişdi. Həmin vaxtlar bir neçə yerdə Vaqiflə Qacarın görüş səhnəsini canlandırdıq. O zamanlar 10-cu sinifdə oxuyurdum. Məktəbi qurtaranda hüquqşünas olmaq istəyirdim. Hətta iki il sənəd də verdim. O vaxtkı Sverdlovks – indiki Yekaterinburq şəhərindəki hüquq universitetinə imtahan verdim. Amma birindən kəsildim, digərindən konkursa düşdüm. Sonra hərbi xidmətə getdim. Qayıdanda artıq atam rəhmətə getmişdi və  işləməliydim. Sürücülük kursuna getdiyim üçün fikirləşdim ki, sürücü olum və ailəmə baxım. Ancaq anam “sürücülük qorxulu sənətdi, get elə bir iş tap ki, qorxusu  olmasın” – dedi. Mən də “düşdüm Gəncənin canına”. Hər işin  təhlükəli tərəfləri var, zavoda baxdım, düşündüm adamın əli dəzgaha düşə bilər. Başqa işləri də fikirləşdim, amma bir qərara gələ bilmədim. Bunları fikirləşə- fikirləşə gəldim çıxdım Gəncə çayının üzərindəki körpüyə. Körpünün üstündə dayanıb  o tərəfə bu tərəfə baxmağa başladım. Birdən  qarşıdaki teatr yazısını gördüm. Yadıma düşdü ki, orta məktəbdə teatrla az da olsa məşğul olmuşam. Getdim, girdim içəri və baş rejissor Yusif Bağırovla görüşdüm. 10 gün sonra məni işə çağırdılar. Beləliklə də bu sənətə başlamış oldum. Təhlükəsiz bir iş axtarırdım, amma gəlib ən qorxulu işi tapdım.

“Tamaşam olduğunu unutmuşdum”

Mənim ilk rolum Bişir oldu. O vaxtlar Gəncə teatrının nəzdində “Zərdabi Poeziya Teatrı” var idi. Orada açıq havada tamaşalar  göstərilirdi. Teatrın rejissoru Hilal Həsənov idi. Nizami Gəncəvinin “Bişir və Məlixa” hekayəti əsasında tamaşa hazırlayırdı. Mənim üçün də gözlənilməz oldu ki, Bişir rolunu  mənə, Məlixa rolunu  isə əməkdar artist Faiq Qasımova verdi. 1979-cu ildən bu günə kimi aktyor sənətindəyəm. Bütün tamaşalarım, obrazlarım mənim üçün maraqlı olub. Hamısında istəyərək işləmişəm. Gənclikdə insan bir müddət bəzi şeylərlə barışmalı, yola getməli olur, ancaq sonralar çalışmışam ki, məni cəlb edən, könlümə, ruhuma yaxın, maraq dairəmdə olan işlərlə məşğul olum. Bir çox sənətçi dostum çəkilişdən, tamaşadan illər keçdikdən sonra bir də görürsən qəribə, maraqlı əhvalatlar danışır. Hətta, elə olur ki, o hadisələrin  içində mən də oluram. Amma mənim başıma elə əhvalatların heç biri gəlməyib. Yadımda qalan bircə budur ki, bir dəfə tamaşam olduğunu unutmuşdum. Belə ki, həmişəki paltarlarımı geyinib işə getmişdim, hətta üzüm də tüklü idi. Teatrdan çıxıb evə getmək istəyəndə, dedilər ki, bəs bu gün sənin tamaşan yoxdur? Tez-tələsik hazırlandım. Heç anlamıram ki, necə olub mən o gün rol ifa edəcəyimi unutmuşam. 

“Ustad-şagird məsələsi önəmlidir”

İnsan hər sənətdə, hər bir işdə eyni yolu keçir. Bənna da, dərzi də, pinəçi də... Elə bizim sənətdə də insan öyrənməli, uğur qazanmaq üçün öyrənməyə qarşı aclıq hissi olmalıdı. Mənim üçün tələbəlik illəri  və sənətə gəldiyim ilk zamanlar belə bir dövr idi. Bəxtim onda gətirib ki, hər zaman yanımda, ətrafımda yaxşı sənətkarlar olub, ömürboyu öyrənmək prosesini davam etmişəm. Həsən Turabov, Nəsibə Zeynalova kimi sənətkarlarla eyni çəkiliş meydançasında olmuşam. Teatra gələndə dövrümüzün böyük rejissoru Vaqif İbrahimoğlu ilə işləmişəm. Düşünürəm ki, bütün bu sadaladıqlarım hər bir sənət adamının formalaşmasında çox mühüm rol oynayır. Ustad-şagird məsələsi çox önəmlidi. Madam ki, bunun adı sənətdir, burda usta da, şagird də olmalıdı. Bu mənada yaradıcılıq taleyimin uğurlu olduğunu düşünürəm. Çünki həmişə öz insani və yaradıcı keyfiyyətləri ilə seçilən insanlarla işləmişəm. Bunu xoşbəxtlik adlandıra bilərəm. Müəyyən məsələni keçəndən sonra insan özü də başlayır bildiklərini, öyrəndiklərini öyrətməyə.

“Musiqi və jurnaistika...”

Universiteti bitirdikdən sonra pedoqoji fəaliyyətə başladım, daha sonra Tədris Teatrında işlədim. YUĞ Teatrı yarandıqdan sonra orda işləməyə başladım. Ancaq incəsənətin  sadəcə bir sahəsi ilə məşğul olmaq mənəvi təlabatı  və mənəvi aclığı ödəməyəndə insan yaradıcılığın başqa sahələrinə də yönəlir. Ola bilər ki, kimsə qazanc üçün başqa-başqa sahələrlə məşğul olur. Mən sadəcə sənətçi olduğum və yaradıcılığın fərqli sahələrindən də zövq aldığım üçün  bunu etmişəm. Sənətçinin öz əhatəsini, fəaliyyət dairəsini genişləndirməsi çox önəmlidi. Mən musiqi və jurnalistika ilə də maraqlanmışam. Hətta zaman olub ki, jurnalist işləmişəm. Ədəbiyyatı sevirəm. 50 yaşımı qeyd edəndə tələbələrim mənə bir kitab  hədiyyə etdilər. Bu mənim yazdıqlarımdan ibarət şeir kitabıdır –  “Şair olmaq istəmirəm”. Çünki, Ramiz Rövşən, Vaqif Bayatlı, Adil Mirseyid, Vaqif Səmədoğlu kimi önəmli şairlərimiz var. Bax, bunlar əsl şairdilər. Mənsə sadəcə hərdən təb gələndə öz düşüncələrimi, fikirlərimi kağıza köçürürəm. Bunlara şeir deməyə dilim gəlmir, sadəcə forma baxımından şeirə oxşayırlar. Bu kitabdakılar düşüncələrimdi.

“Teatr insan kimidir”

...Fərqli sahələrlə məşğul olsam da, əsl işim aktyorluqdu. Mən kinonu da, teatrı da eyni dərəcədə sevirəm. Hər ikisi övlad kimidi, onlar arasında seçim edə bilmərəm. Ümumiyyətlə, bu dünyada hər şey zəncirvari, bir-birinə bağlıdır. Əgər orta məktəbdə ədəbiyyat müəllimim olmasaydı, teatra gəlməzdim, sonra  universiteti bitirməzdim və indi gördüyüm işlərlə məşğul olmazdım. Düzdür, teatr və kino arasında sənət baxımından fərq var. Amma düşünürəm ki, hər ikisi sənətçi üçün lazımlıdı. Teatrda işləməyəndə kinoda işləmək çox çətin olur. Eynilə kinoda rol almayanda da teatrda ifa zamanı müəyyən problemlər yaranır. Mənim üçün yaxşı və pis anlayışı yoxdu. Dostyevskinin dili ilə desək, hər bir insanın içində kifayət qədər xeyirxahlıq və iblis var. Teatrda da, teatr prosesində də belədi. Teatr canlı bir prosesdi. Aydın məsələdir ki, o həmişə eyni müstəvidə ola bilməz, onun  durğunluq və  inkişaf dövrü olmalıdı. Teatr insan kimidi. Mən belə fikirləşirəm ki, son dövrlər teatrlarımızda inkişaf gedir, yaxşı işlər görülür. Misal üçün, Milli teatrmızın 5 il öncəki repertuarı ilə bugünkü repertuarına baxsaq  bu inkişafı aydın şəkildə görə bilərik. Beş il bundan əvvəlki səhnə tərtibatı, aktyorların geyimi, yaşam tərzinin də inkişafı bunu sübut edir. Nəyəsə “yaxşı deyil” demək asandı, çətin olanı isə yaxşı tərəfləri görə bilməkdi.

“Serial sənayemiz hələ yeni yaranır”


Deyərdim ki, kinomuzda  inkişaf gedir. Keçmiş postsovet məkanında bəlkə də Azərbaycan yeganə ölkədir ki, kino sahəsinə dövlət pul ayırır. Bilirik ki, kino istehsalı çox böyük xərc tələb edir. Əgər bununla dövlət məşğul olursa, bu, dövlətin himayəsi altındadırsa, deməli yaradıcılıq prosesi davam edir. O ki, qaldı “kinomuz pisdi deməyə”, – məgər Hollivudda çəkilən filmlərin hamısı yaxşı olur? Əlbəttə yox. Yaxşı olan dərində gizlənən almas kimidi, onu tapmaq həmişə asan başa gəlmir. Biz çalışmalıyıq ki, proses dayanmasın, davam eləsin.  Bu günə kimi iki seriala çəkilmişəm. Biri  “Qağayı” serialı, digəri  “Cənnətə səyahət”-di. Bizim serial sənayemiz hələ yeni yaranır. Heç bir işin başlanğıcında ola bilməz ki, hər şey əla olsun. Biz 3 yaşındakı uşaqdan 40 yaşlı insanın düşüncəsini, zəhmətkeşliyini, bacarığını tələb edə bilmərik. Nə yaxşı öz seriallarımız çəkilir, xaricilərdən canımız qurtarıb. Əvvallər onlara baxmağa məcbur idik, çünki alternativ yox idi. İnanıram ki, müəyyən bir vaxtdan, mərhələdən sonra bizim seriallarımız xarici ölkələrin serialları ilə ayaqlaşacaq. Sadəcə zaman lazımdır.

İlknur Salamova






6 May, 2015  15:30 Baxılıb: 2284 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner