Vaqifdən bir də olmayacaq
Bu gün səhərdən fikrimdən yalnız bir şeirin misraları keçir. Nə qədər istəyirəm ki, başqa ruhda köklənim, alınmır:
“Bu gün Bakı fikirdədir, göy sükutda dəniz lal,
Nə meh əsir, nə titrəyir ağacların yarpağı.
Hər ürəkdə bir döyüntü, hər baxışda bir sual,
Bu gün çatmış qaşlarını Azərbaycan torpağı...”
Bu misraları Səməd Vurğun general Həzi Aslanovla vida mərasimində söyləyib. Müharibədə generalını itirən torpağın qaşları necə çatılarsa, bu gün də Azərbaycan mədəniyyətinin qaşları elə çatılıb. Azərbaycan Teatr sənəti öz generalını son mənzilə yola salır.
Son səhnə
Bir vaxtlar ilk müstəqil teatr studiyasının özülünü qoyduğu səhnədə, “Aktyor evi” nin səhnəsində elə o vaxtlar olduğu kimi yenə əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun başına toplaşıblar. Tələbələri, sənətindən öyrənənlər, bəhrələnənlər, onu sevənlər. Bu sonuncu dəfədir.
Bir vaxtlar mizan verdiyi, ustad dərsləri keçdiyi, ilk müstəqil teatrının premyeralarını keçirdiyi səhnədə indi onunla vida mərasimidir.
Mərasim boyu Vaqif İbrahimoğlunun müsahibələri, dərs prosesi, məşq prosesi cansız pərdə vasitəsilə canlandırılır.
Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev “Təəssüflə hamımızı kədərə qərq edən bir mərasimi açıq elan edirəm ” - deyə Vaqif İbrahimoğlunun Azərbaycan teatr tarixindəki rolundan, xidmətlərindən danışır: “ İlk sənət fəaliyyətinə başladığı Gənc Tamaşaçılar Teatrının çərçivələrinə sığmayan Vaqif 20 ildən artıq bir vaxtdır ki, Azərbaycan teatrında müstəqil teatr ruhu yaratdı. Sonralar hərtərəfli fəaliyyəti çərçivəsində Tədris teatrında, Musiqili Komediya, Milli Dram teatrlarında da çalışdı. Eyni zamanda yaratdığı “Yuğ” teatrı gündən-günə bütün ətraf təzyiqlərə rəğmən tanındı, seçildi, inkişaf etdi. Bu gün teatr sənətimizə onun onlarla yetirməsi fəaliyyət göstərir. 62 illik ömründə bu adam gələcək üçün fəaliyyət göstərdi. Neçə belə 60 illər sonra da o fəaliyyət öz bəhrəsini verəcək ”.
“Müəllim getdi”
Professor Məryəm Əlizadə: “Neçə illərdir ki, qardaşım “Yuğ” teatrında hər axşam zəka qonaqlığı verir. İllərdir o ocağa mədəniyyətimizin, ədəbiyyatımızın zəkaları zəka ziyafətinə yığışırlar. Bu gün də Vaqif zəkaları öz ətrafına toplayıb. Heç kim, heç vaxt ona nə Vaqif, nə də Vaqif müəllim demədi, ona hamı “müəllim” dedi. Biz müəllimlər onun yanında özümüzü müəllim hesab edə bilməzdik. O söz yalnız ona yaraşırdı. Müəllim getdi .”
Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Vaqif İbrahimoğlunun sağalmaz xəstəlikdən əziyyət çəkməsinə rəğmən yaradıcılıq planları qurmasından danışdı: “Təəccüblənirdi ki, niyə ona görə narahat oluruq. Ölümü ağlına belə gətirmirdi. Görəcəyi, yarımçıq qalan işlərindən danışırdı. Mənə ürək-dirək verirdi. Bu gün onun cismini torpağa tapşıracağıq, amma xidmətləri uzun illərlə yaşayacaq .”
“Kitabımı itirdim”
Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemət dedi ki, mən sənət dostumu itirdim: “O, böyük sənətkar olmağı ilə yanaşı mənim inandığım, etibar etdiyim, məni başa düşən, sevən və sevdiyim dost idi. Bu gün bu itkini dərinliyi ilə dərk etmirik, sabah, sonra hansı itkiyə məruz qaldığımızın fərqinə varacağıq ”.
Xalq artisti Fəxrəddin Manafov qısa danışdı: “Mənə çətindir deməyəcəm, çünki bura yığışan hər kəs indi mən keçirən hissləri keçirir. Burda təsadüfi adam yoxdur, hamımız Vaqif İbrahimoğlunu sevərək, yanaraq gəlmişik. Mən deyirəm ki, sadəcə o, mənim müəllimim idi, mən onun yetirməsiyəm. Çox kitablar oxumuşam, oxuyuram, kitablarım var. Bu gün canlı kitabımı itirdim.”
“Vaqifdən bir də olmayacaq”
Vida mərasimində çıxış edənlərdən sonuncusu, xalq yazıçısı Anar dedi: “Vaqif çox böyük sənətkar, Azərbaycanda hərtərəfli savadlı insanlardan biri idi. Nadir istedadlı rejissor və aktyor kimi tanıyıram onu. Mən onu öz “Qəm pəncərəsi filmimə Xudayar obrazına çəkəndə gördüm ki, obrazı onun qədər duyub yaradan aktyor az tapılar. Vaqifdən bir də olmayacaq.”
Mərasim onu sevənlərin göz yaşlarının müşayiəti ilə bağlı elan edildi. Vaqif İbrahimoğlu alqış sədaları altında çox sevdiyi səhnədən qaldırılıb öz doğulduğu, əzizlərinin yatdığı Mərdəkan torpağına qovuşmaq üçün yola salındı. 62 yaşlı mədəniyyət generalı beləcə bizlərə vida etdi. Hələ generalkən...
Allah rəhmət eləsin.
Ramilə Qurbanlı Kulis.az