Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Bunun üçün, az qalırlar soyunsunlar” – RASİM BALAYEV “Çay dəsgahı”nda


Bu dəfə çay süfrəsi arxasında söhbətləşmək üçün Azərbaycanın xalq artisti, aktyor Rasim Balayevi “Dafne by Dalida”ya dəvət etmişdik. Qonağımızla nə qədər kinodan kənar mövzulardan danışmağa cəhd göstərsək də, yenə son sözümüz “kino” oldu.

Söhbətdə iştirak etdilər: İradə Nurəddinqızı, Elmir Muradov, Vidadi Ordahallı, Hüseyn İbadlı və mən Vüsal Məmmədzadə


“NƏ QƏDƏR ARVAD PALTARINDA SƏHNƏYƏ ÇIXMAQ OLAR?”

“Rasim müəllim, hazırda nə işlə məşğul olursunuz?”

“Heç nə ilə. Arada bir seriallara, filmlərə çağırırlar. Deyirəm, ssenarini verin, baxım. Gətirib mənə iki səhifəlik yazı verirlər. Baxıb görürəm ki, bu, hansısa səhnədəki dialoqdur. Film çəkən ssenari ilə dialoqu fərqləndirə bilmir”.

“Ssenari ilə dialoqu fərqləndirə bilməyənlər kifayət qədər olsa da, hazırda çox film çəkilir. Bunlar arasında da komediya janrında olanlar üstünlük təşkil edir. Filmə də baxırsan, küçə danışıqları, hətta söyüşlərlə doludur. Kommersiyadır, deyib, belə etmək olarmı?”

“Qətiyyən! Kommersiyaya görə hər şey etmək olmaz. Bəs sənət, ənənə?
Komediya janrı hazırda bərbad vəziyyətdədir. Nəzərə almaq lazımdır ki, bu gün insanları güldürmək çox çətindir. Təbii ki, əsl gülüşdən danışıram, “hırıltı”dan yox. Əslində, komediyada gülmək və düşünmək lazımdır. İndi isə düşünmək yoxdur. Hamısının içi boşdur. Misal üçün, götürək Rəfael və Coşqunu. Bu aktyor is istedadlıdırlar, bacarıqları var. Sadəcə, onlara yaxşı ssenari yazmaq lazımdır. Nə qədər arvad paltarında səhnəyə çıxmaq olar?!”

“İş orasındadır, tənqid etmək istəyəndə, deyirlər ki, kütlənin tələbatı bunadır...”

“Görün, cəmiyyət nə gündədir ki, onlara tələbat var. İlk növbədə, buna təəssüf edirəm. Demək istəyirəm ki, kütlənin tələbinə uyğun getmək olmaz. Həmişə kino, teatr tamaşaçını arxasınca aparıb. İndi isə onlar tamaşaçının arxasınca gedirlər...”

“Bəs, sizcə, Azərbaycan kinosunu düşdüyü bu vəziyyətdən necə xilas edə bilərik?”

“Düşünürəm, hər bir sənətin intibah və tənəzzül dövrü olur. Görünür, hazırda da Azərbaycan kinosu tənəzzül dövrünü yaşayır. Yəqin ki, vaxt keçdikcə, bu da düzələcək”.

“Azərbaycan kinosunun intibahı hansı dövrə təsadüf edir?”

“Fikrimcə, 1970-80-ci illəri intibah dövrü adlandırmaq olar. Həmin vaxt, həm kinoda, həm teatrda, həm də ədəbiyyatda yüksəliş baş verdi. 1990-cı illərin əvvəllərində baş verən siyasi hadisələr kinoya da təsirsiz ötüşmədi. Bunun nəticəsi idi ki, altı il bizdə, hətta film çəkilmədi. Daha sonra isə filmi naşı adamlar çəkməyə başladılar. Yəqin ki, vəziyyətin düzəlməsi üçün müəyyən zamana ehtiyac var”.

“Zaman həll edəcəkmi?”

“Zaman çox şeyi sağaldır. Hətta, ən böyük dərdi də unutdurur. Bəlkə, bu problemi də həll etdi”.



“Əli və Nino” əsərinə də film çəkilir. Amma bu iş xaricilərə həvalə olunub. Sizcə, bu filmi biz çəkə bilməzdik?”

“Niyə çəkmirdik? Çox istiyərdim, həmin film Azərbaycan filmi kimi ortaya çıxsın. Əsas məsələ budur. Məhəmməd Peyğəmbərin həyatı ilə bağlı filmi də “Hollivud”da çəkiblər. Amma elə bil, hadisələr Ərəbistanda baş verir. Onlar bu işin ustasıdırlar. Ümid edirəm, “Əli və Nino” filmi də ürəyimiz istəyən kimi alınacaq”.

“Təsəvvür edin, bir anlıq Ədil İsgəndərov geri qayıdır. Nə baş verərdi?”

“Dirilməyinə peşman olardı və yenidən ürəyi partlayıb ölərdi”.

“İndi filmdən çox serial daha dəbdədir. Hansısa seriala baxırsınızmı?”

“Baxıram və əsəbiləşib kanalı dəyişib, heyvanlar haqqında sənədli filmlərə baxmağa başlayıram. Çünki orada, hələ də, müəyyən qayda-qanunlar gözlənilir: şirin şir, tülkünün tülkü yeri var”.

“Türk serialları da ölkəmizdə kifayət qədər məhşurdur. Onların filmləri sizi qane edirmi?”

“Türkiyə kino sənətində qısa müddətdə böyük yol qət edib. “Yeşilçam” filmləri ilə indi çəkilənləri müqayisə etsəniz, yerlə göy qədər fərq var. Bizdə isə əksinə, əvvəl yaxşı idi, indi getdikcə pisləşir”.



“ƏVVƏLLƏR TELEVİZİYAYA ÇIXAN ADAMIN NƏSLİNİ ARAŞDIRIRDILAR”

“Adətən, kimlərlə çay süfrəsi arxasında əyləşirsiniz?”

“Arada dost-tanışla, yaxınlarla görüşüb nələrisə müzakirə edirik”.

“Əsasən, nələrdən danışırsınız?”

“Hər şeydən. Məsələn, televizorda gördüyümüz və bizi narahat edən məsələlər barədə danışırıq”.

“Məsələn, televizorda son vaxtlarda nə görmüsünüz, o, sizi narahat edib?”

“Bir neçə gün əvvəl səsi olmayan, oxumağı bacarmayan birinə aparıcı, “O, bizim canlı karifeyimizdir”, - dedi. Fikirləşirəm, o, karifeydirsə, bəs Rəşid Behbudov kimdir? Televizorlar indi bir neçə şəxsin təbliğat vasitəsinə çevirilib. Bəzən, görürsən, kimsə çıxıb, kiməsə məsləhət verir, həyat dərsi keçir. Halbuki, ilk növbədə onun özünə əxlaq dərsi keçən lazımdır. Əvvəllər televiziyaya çıxan adamın bütün nəslini araşdırırdılar ki, görsünlər, onun söz deməyə haqqı çatır, ya yox...”

“Televiziyadan söz düşmüşkən, çoxdandır, sizi efirdə görmürük...”

“Efirə çıxmaq üçün səbəb olmalıdır. Gündəmdə qalmaq üçün efirə çıxmaq mənim xarakterimə uyğun deyil”.

“ÇOX EŞİTMİŞƏM Kİ, ROLU RÜŞVƏTLƏ PAYLAYIRLAR”

“Gənc aktyor nəslindən razısınızmı? Yəni, onların içərisində ümidverici aktyorlar varmı?”


“Hər dövrün istedadlıları var. Sadəcə, onları üzə çıxarıb doğru yola yönəltmək lazımdır”.

“Rasim Balayevi kim üzə çıxardı?”

“Bu, bir adamın görə biləcəyi iş deyil. Məni bu işə həvəsləndirən adamdan tutmuş, məni ilk dəfə filmə dəvət edən Həsən Seyidbəyliyə qədər bir çox adamın əməyi olub. Heç vaxt kinoya çəkiləcəyimi, məşhur olacağımı ağlıma gətirmirdim. Özümü teatr üçün hazırlamışdım”.



“Teatra gedirsiniz”

“Yox. Çünki teatr da tamaşaçı arxasınca gedir və səviyyəsi aşağı düşüb”.

“Teatr mövzusuna başlamışkən, yaşlı aktyorlar haqda danışmaq istərdim. Onlar 80-ci illərdə qalıblar. Özü də, ancaq baş rol tələb edirlər. Məsələn, fikrimcə, Nürəddin Mehdixanlı Teymurləngi oynaya bilməzdi. Çünki fiziki görkəmi uyğun gəlmirdi. Amma Teymurləng rolunu, o, oynadı”.

“Yaxın keçmişə nəzər salsaq, görərik ki, drammaturgiya özü aktyor yetişdirib. Məsələn, Cəfər Cabbarlı yaradıcılığından çox sayda aktyor çıxıb. Amma, təəssüf ki, teatrda Cəfər Cabbarlı erası da bitdi. Bilirsiniz məni nə dəhşətə gətirir, çox eşitmişəm ki, rolu rüşvətlə paylayırlar”.

“Halbuki, Ədil İsgəndərov Kinostudiyanın rəhbəri olan vaxt Mərkəzi Komitənin II katibinin rolla bağlı tələbini rədd etmişdi. Onun “Filankəsə filan rolu” ver əmrinə, “Mən sənə deyirəm mikrorayonda niyə su gəlmir?” demişdi. Yəni, işimə qarşıma...”

“Bəli, belə bir əhvalat olub. Nəzərə alın ki, II katib Moskvanın nümayəndəsi idi və hətta, I katibə nəzarət edirdi. Yəni, bu sözlər elə-belə adama deyilməmişdi. Bunun üçün cəsarət lazımdır”.

“Amma o dövrdə də problemlər kifayət qədər idi. Məsələn, İnara Quliyeva kimi aktrisanı (“Qaynana” filmində Afət- V.M) Azərbaycandan didərgin saldılar. Bu yaxınlarda biz Moskvada onunla görüşdük. Dedi ki, mən elə bilirəm, Azərbaycanda hamı mənə nifrət edir”.

“Onu görsəydim, deyərdim ki, sən Moskvada yaşayıb didərgin düşmüsən, amma bizi burada didərgin salıblar”.

“...AZ QALDIM, HAVALANIM”


“Musiqi ilə aranız necədir?”

“Yaxşı musiqiləri dinləməyi sevirəm. Əsasən, klassiklərə qulaq asıram. Müasirlərin əksəriyyəti pis oxuyur. Ola bilsin, yaxşısı da var, amma, hələ ki, mənə rast gəlməyib”.

“Samir Salam və Alim Qasımovla birlikdə bir çıxışınız var. Həmin çıxışda qəzəl səsləndirmisiniz. Bəs səsləndirmək istədiyiniz, amma səsləndirmədiyiniz şeirlər varmı?”

“Bu barədə düşünürəm. Düzdür, bir az tənbəlliyim var. Amma özümdən sonra bir iz qoymaq üçün poeziya buketi kimi bir disk hazırlamaq istəyirəm”.

“Kimlərin şeirlərini səsləndirməyi düşünürsünüz?”

“Yəqin ki, həmin diskdə Nizaminin, Füzulinin, Nəsiminin, Müşfiqin, Cavidin və başqalarının şeirləri yer alacaq”.

“Elza Seyidcahan da şeir yazır. Onun şeirlərini oxumusunuzmu?”

“Oxudum və az qaldım, havalanım. Bir-iki dərman atıb düzəldim”.

“Təklif etsə ki, onun da şeirlərini səsləndirəsiniz, necə qarşılayarsınız?”

“Mənlik deyil”.

“Niyə hər kəs öz işini görmür axı, Rasim müəllim?”

“Keçmişdə senzura var idi. Bəlkə də, müəyyən məqamlarda bunun müsbət nəticələri olurdu. Fikir verin, Zeynəb Xanlarova, Rübabə Muradova efirə açıq-saçıq paltarlarla çıxa bilməzdi. Ola bilsin, toy məclislərində onlar başqa cür geyinirdilər. Amma televiziyada bu cür çıxış etməyə qoymazdılar. İndi isə insanları təəccübləndirmək üçün, az qalırlar, soyunsunlar”.

Vüsal Məmmədzadə

 






13 Aprel, 2015  13:46 Baxılıb: 2645 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner