Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Latviya səfiri: «Novruzda odun üstündən tullanmışam» – MÜSAHİBƏ

Müsahibimiz azərbaycanlıların açıq ürəkli, yardımsevər insanlar olduğunu deyir. Övladlarından birinin azərbaycanlı ilə ailə qurmasını müsbət qarşılayan Latviya Səfiri Hardis Baumanis “Elçilər” rubrikasının qonağıdır. Müsahibəyə də diplomatik fəaliyyətlə nə vaxtda məşğul olması ilə bağlı sualımızla giriş etdik

- 1992-ci ildən bəri bu sahədə çalışıram, yəni artıq 21 ildir.

- Azərbaycana gəlməzdən öncə səfir olmuşduz?

- 4 ildən artıq Litvada səfir, bundan öncə isə Latviyanın Peterburqdakı general konsulu işləmişəm.

- Azərbaycan haqqında müəyyən qədər məlumatınız vardımı?

- Həyatım boyunca, çox az halda Cənubi Qafqaz ölkələri haqda məlumatlarla rastlaşmışam. Mən cəmi bir dəfə – 1997-ci ildə Tiflisdə işgüzar məzuniyyətdə olmuşam. Cənubi Qafqaza ikinci səfərim isə 4 il öncə Azərbaycana səfir kimi təyinat alıb gələndə olub. Bundan öncə az da olsa məktəb proqramında Qafqaz haqqında məlumat almışdım. Əgər 1991-ci ilə qədər,  yəni Sovet dövründən danışsaq, o zamanlar Latviya və Litvanın daha çox Gürcüstanla əlaqəsi olurdu. Daha çox millətlərarası evliliklər olurdu, bir-birimizə qonaq olurduq. Amma Azərbaycanla bu əlaqələr olmurdu. Ölkənizdə hələ də latışların sayı çox azdır. Burada 1906-ci ildə yaradılmış Latış cəmiyyətinin hazırda 30-dan  çox üzvü var.

- Latviya, Litva və Azərbaycanı necə müqayisə etmək olar?

- Əgər iqtisadi müqayisəni nəzərdə tutsaq ölkələrin ikisi də çox güclüdür, sürətlə inkişaf edirlər. Düzdü, Latviyada neft, qaz olmadığı üçün Bakıda və digər şəhərlərdə olduğu kimi güclü inkişaf getmir. Son iki-üç il ərzində olan iqtisadi problemlərdən sonra biz tez özümüzü toparladıq, inkişaf sürətləndi. Bu ildən bizim milli valyutamız Evro olacaq. Avropa valyutasına keçid istər-istəməz iqtisadiyyatı və inkişafı daha da yaxşılaşdırır. Buna görə, hesab edirəm ki, hər iki ölkə iqtisadi cəhətdən sürətlə inkişaf edir.

- Bəs Bakının inkişafını necə dəyərləndirirsiz?

- Təkcə mən yox, bura gələn bütün latviyalılar, Bakıdakı güclü və sürətli inkişafı görüb. Bu yaxınlarda yeni prezidentimiz də Azərbaycanı ziyarət etmişdi. Xaricdən gələn rəsmi və qeyri-rəsmi şəxslər heç bir başqa şəhərdə bu cür sürətli inkişaf görmədiklərini deyirlər.

- Dörd ildir Azərbaycandasız. Ölkəmizin bir çox rayonlarında da olmusuz. Bəs rayonlardakı abu-hava sizə necə təsir bağışladı?

- Bəli, ölkənizin bir çox rayonlarında – Qusarda, Qəbələdə, Şəkidə, Gəncədə, Lənkəranda, Masallıda Qaxda və Zaqatalada olmuşam. Göyçayda “Nar festivalı”na getmişdim. Təəssüf ki, bu il imkan olmadı. Azərbaycan çox gözəl ölkədir. Hansısa gözəl rayonu ziyarət edəndə sevinirəm. Azərbaycanın rayonlarının özünəməxsus adət-ənənələri var. Masallıda iki dəfə olmuşam, çünki orada iki dəfə Beynəlxalq Folklor Festivalı keçirilib və latviyalı artistlər də həmin festivalda iştirak edirdilər. Əlbəttə, Göyçay öz Nar bayramı ilə məşhurdur. Yayda isə məzuniyyətdə olduğum üçün Qəbələdə keçirilən musiqi festivalında iştirak edə bilmədim, amma eşitdim çox gözəl keçirilir.

- Danışığınızdan hiss olunur ki, daha çox ölkəmizdəki adət-ənənələrlə, bayramlarla maraqlanırsız...

- Əlbəttə ki, biz xristianlar yazda Pasxanı, siz isə Novruz bayramını qeyd edirsiz. Bizdə Novruz kimi dünyəvi bayram yoxdur. Lakin çox maraqlıdır ki, Novruzun bəzi elementləri Latviyada qeyd olunan bayramlarda da var. Buna misal olaraq, hələ bütpərəstlyin olduğu vaxtdan hər il 23 iyunda keçirilən İvan Kupala bayramı qeyd edə bilərəm. Ən qısa gecədə adətə görə odun üstündən tullanmaq var. Siz isə Novruz bayramında bayramdan öncə 4 çərşənbədə odun üzərindən tullanırsız. Bizim bayramımızda da bu bir simvoldur. Yəni pis ruhlardan və xəstəliklərdən azad olmaq üçün. Həm də bir növ yeni həyatın yaranışı deməkdir. Yəni müəyyən oxşar elementlər var.

- Novruz bayramında istirak etmisiz?

- Bəli, odun üstundən tullanıram. Gecə səfirliyə yaxın ərazidə oсaq qalanmışdı, mən də tullandım (gülür).

- Cənab səfir, əgər sizə şəxsi suallar versək narahat etmərik ki?

- Buyurun, əlbəttə ki yox...

- Həyat yoldaşınız, uşaqlarınız da burdadır?

- Mənim ailəm Latviyadadır. Onlar Novruz bayramında gəlmişdilər. Mənim üç uşağım var. Böyük oğlumun 21 yaşı var. O Böyük Britaniyanın Mançester şəhərində beynəlxalq əlaqələr üzrə təhsil alır. Ola bilsin ki, mənim yolumu davam etdirəcək. Digər oğlumun 11, qızımın isə 10 yaşı var. Onlar ikisi də Latviyada təhsil alırlar.

- Sizdə toy ənənələri bizdəkindən fərlənir?

- Latviyada ancaq sevgi ilə evlənmək var. Bizdə adətən bir-birlərini sevib, sonra valideynlərlə tanış olurlar. Onu deyə bilərəm ki, bir neçə Azərbaycan toyunda iştirak etmişəm, toy ənənələri bizimkilərdən çox fərqlidir. Sizdə bu çox gözəl, çox təntənəli şəkildə qeyd olunur. Bizim toylarımızda daha az qonaq olur və sadə keçir. İmkan düçdükcə mən də toya gedirəm, çinki belə toy həmişə insanın yadında qalır.

- Yoldaşınız burda yoxdur. Sizin üçün yeməyi kim hazırlayır?

- Mən özüm yemək hazırlamağı sevirəm. Amma hərdən dostlarımla görüşəndə onlarla birgə hazırlayırıq. Məsələn, elə bu gün qeyri-rəsmi görüş təyin etmişik, indi dostum mətbəxdə yemək hazırlayır, bilirəm ki, axşam yeməyi hazır olacaq (gülür).

- Bəs hansı yeməyi daha çox sevirsiz?

- Azərbaycan yeməklərindən ən çox kababı sevirəm. Düşbərə, dolma və s. yeməklərinizi də bəyənirəm. İçərişəhərdə bir restoran var. Təəssüf ki, orda yediyim yeməyin adı yadımda deyil. Amma yeməyin hazırlanmasında qoyunun qarnına toyuq yerləşdirilir,onun içinə bildirçin, onun da içinə yumurta və s. yanında da sous olur çox maraqlı yeməkdir.

- Azərbaycanın milli yeməklərini yeyib, musiqisini dinləməmək mümkün deyil...

- Əlbəttə. Mənim müğamın müasir quruluşlarından daha çox xoşum gəlir. Əksər Azərbaycan janrındakı mahnılar mənə xoş təsir bağışlayır. Təbii ki, sizin çox gözəl klassik musiqiləriniz də var. Üzeyir Hacibəylidən Polad Bülbüloğluna qədər. Onu da deyim ki, Polad Bülbüloğlu ilə bir-birimizi yaxşı tanıyırıq.

- Boş vaxtlarınızı necə keçirirsiz?

- Mən tennis oynamağı sevirəm. Son vxatlar bu nadir hallarda baş verir. Çünki çox zaman işlə məşğul oluram. 30 ildən artıqdır ki, tennislə məşğul oluram. Bazar günlərində yollar boş olduğundan şəhərdə velosiped sürürəm. Təəssüf ki, tez-tez alınmır. Mən velosiped yoluna ehtiyac duymuram Riqada da sürürdüm indi Bakıda da sürürəm.

- Görünür Bakıda tıxaclardan qurtulmağın yolunu tapmısız...

- Mən Londonda və Moskvada da tıxaclara düşmüşəm. Ona görə də hesab edirəm ki, Bakının çox yaxşı nəqliyyat sistemi var. Gündən-günə daha da yaxşılaşır. Nəqliyyat vasitələrinin idarə olunması mərkəzini də görmüşəm. Məncə, bu, çox böyük bir naliyyətdir. Əksər paytaxtlar belə bir naliyyətlə fərəhlənə bilərdilər. Bakıda ziyarət etdiyim hər yerdən xoşum gəlib, amma əsas da bulvardan. Bulvarın tez-tez dəyişdiyinin şahidi olmuşam.

- Cənab səfir, yaxşı şeylərdən danışdıq, amma bizim ağrılı yerimiz olan Qarabağ problemimiz də var. Bir az da bu mövzudan söhbət açaq...

- Dağlıq Qarabağ işğal olunmuş ərazidir. Bu çox böyük bir  problemdir. Bununla ATƏT-in Minsk qrupu məşğul olur. Latviya da problemin həllini dəstəkləyir. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Avropa Birliyinin bir dövləti olaraq əlbəttə biz istərdik ki, problem müsbət yöndən həll olunsun.

- Cənab səfir ölkəmizdən Latviyaya gedənlərə nə aparmağı məsləhət görərərdiz?

- Göyçay narı, Lənkəran çayı, quru meyvələr və qoz-findıq (gülür). İnsanlar belə şeyləri çox sevirlər və çox aparırlar.

- Bəs oradan nə almağı məsləhət görərsiz?

- Deməzdim ki, bizdə elə unikal bir şey var. Amma Latviyada yantardan, yun materiallardan düzəldilən çox gözəl bəzək əşyaları olur. Məsələn yun əlcək, corab.

- Ölkəmizdən gedərkən azərbaycanlılar haqqında təəssüratınız necə olacaq?

- Açıq ürəklilik, başqasına kömək etmək üçün can atmaq azərbaycanlıların əsas xüsusiyyətidir. Yəni bura gələnlər bunu gözləmirlər, amma gedəndə bura haqqında çox gözəl təəssüratlarla gedirlər. Bir də bütün yerləri gəzib, bütün gözəllikləri görmək bura bir dəfə gələnlərə kifayət etməz. Təbbi ki, bu gözəllikləri bir də görmək üçün bəziləri ikinci dəfə ölkənizə gəlirlər.

- Övladlarınızda hansısa  azərbaycanlıyla ailə qurmaq istəsə reaksiyanız necə olardı?

- Müsbət yanaşıram. Çünki mənim ailəmdə artıq 3 nəsildir ki, millətlərarası evlilikdir. Yəni kişi tərəfi həmişə latış amma qadın tərəfi başqa millət. Baxmayaraq ki, mənim arvadım rusdur uşaqlarım özlərini latış hesab edirlər. Mənim yoldaşım hazırda latviya vətəndaşıdır və orda yaşayır.

Elmar Hüseynov






7 Aprel, 2015  11:57 Baxılıb: 2281 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner