Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Kayahan Azərbaycan mediasında son müsahibəsini Simsar.Az-a verdi – MÜSAHİBƏ - FOTOLAR

Tanınmış müğənni Kayahan bir müddət əvvəl Simsar.Az-a eksklüziv müsahibə vermişdi. Müsahibədə müğənni xəstəliyindən tutmuş sənətinə qədər bütün mövzulara toxunmuşdu. Sizin üçün maraqlı olacağını düşünüb, həmin müsahibəni təqdim edirik.

Azərbaycan dinləyicisi onu daha çox “Bir aşk hekayəsi” mahnısı ilə tanıyır.  Yalnız müəllifi olduğu mahnıları ifa edən müsahibimizlə söhbətimiz o qədər səmimi oldu ki, vaxtın necə keçdiyinin fərqinə varmadıq. Gəldiyi sənət yolundan, üzləşdiyi çətinliklərdən, ailəsindən və balaca qızından ağızdolusu danışan Kayahan “Simsar”ın “Qonaq” rubrikasında


- Kayahan Azərbaycanda sevilən türk sənətçilərindəndir. Bəs siz özünüzü sevənlərinizə qısaca necə tanıdardız?

- Mən 29 mart 1949-cu ildə anadan olmuşam, 1962-1963-də musiqi ilə məşğul olmağa başladım. 1965 – 1966-cı illərdə ilk vallarımı çıxarmağa başladım. O gündən-bu günə sevdiyim, bəyəndiyim işləri edirəm və bununla da şükür Allaha evimizin ruzisini qarşılamış oluram. Eyni zamanda, insanlara bildiyimiz doğruları anlatmağa –yaxşılıq etməyə, sevgi verməyə çalışırıq ki, bu da savabdı.

- Sevginiz yalnız dinləyiciləriniz üçündür?

- Təbii ki, ailə hər şeydən əvvəl gəlir. Yoldaşım İpək, kiçik qızım Əsli-Könül, böyük qızım Bəstə, onun uşaqları, nəvələrim – Obən, Rüzgar, kürəkənim Engin – sevgimin mənbəyidir.

-Bəzən şou nümayəndələri iş ucbatından ailəyə lazımi qayğı göstərməməkdən şikayətlənirlər. Siz necə, ailənizlə kifayət qədər vaxt keçirə bilirsiz?

- Demək olar ki, bayıra çox çıxmıram. Vaxtımızın çox hissəsini ailəlikcə evdə keçiririk. Bəzən gəmiyə gedirik. Həyatımız demək olar ki, sizinki kimidir. Bütün vaxtımızı əyləncələrdə keçirməkdən xoşlanmırıq.

- Televiziyada da çox görünmürsüz. Bunun səbəbi nədir?

- Çünki vaxt olmur. Mahnılar yazıram, tələbələrimlə məşğul oluram.

- Şəhərdən bir qədər kənarda yaşamağınız nə ilə əlaqəlidir?

- Əslində, şəhərdən bir o qədər də kənarda yaşamıram. Evimdən şəhərə 40 dəqiqəlik məsafədir. Ancaq bura həm sakit, həm də çox gözəl yerdir.

- Sənətçi olmasaydız, hansı peşəni seçərdiz?

- Mən gördüyüm işə sənət deyə bilmərəm. Ancaq mahnılar yazmasaydım, təxmin edirəm ki, ya memar, ya vəkil, ya da futbolçu olardım. Bu üç peşədən zövq alırdım.

- Yazdığınız mahnıları sənət hadisəsi adlandırmırsızsa bəs, bu nədir?

- Bu ikisinin orta bir nöqtəsində olan işdir. Yəni, Allah qismət elədi mahnılarım – 40, 50 illik mahnılar olsa da oxunur. Ancaq bu da reallıqdır ki,  Türkiyədə elə mahnılar var ki, 6 aydan sonra unudulur. Unudulursa, deməli, sənət deyil. İstəyim sənət ortaya qoymaq idi. Amma buna tam olaraq sənət deyə bilmərəm. Çünki nəticədə, bu bir əyləncə dünyasıdır.

- Pop janrında ifa etdiyiniz üçünmü?

- Bilmirəm, sizi necə başa salım. Sənət çox ciddi bir anlayışdır. Mən sənətçi olmaq istədim, amma tam olub-olmadığını deyə bilmirəm, əmin deyiləm.

- Sizi sevənlərin bu cür düşündüyünə inanmıram...

- Siz deyirsinizsə, problem yoxdur. Mən bu mənada deyirəm ki, yəni Mendel, Bethoven, Motsart özlərindən sonra bir sənət qoyub getdilər. Biz onlar kimi olmadığımızı bilməliyik.

- Sənətçi olmasaydım, futbolçu olardım, dediniz. Ümumiyyətlə, idmanla məşğul olumusuz, yoxsa yox?

- Əvvəllər məşğul olurdum. Hazırda yox.

- İdman etməməyinizin səbəbi xəstəliyinizlə əlaqəlidir?

- Vaxt olmur, əslində məşğul olmaq lazımdı. Mən idman etmək məqsədilə burada gəzişirəm (red.- həyətini göstərir).

- Memar olsaydınız İstanbulu necə görmək istərdiz?

- Belə görmək istəməzdim. Orta məktəbi İstanbulda oxumuşam. İndi İstanbulda daha çox insan, daha çox bina var. Ancaq əvvəlki kimi hərtərəfli yaşayış yoxdur. Artıq insanların yaşaya bilməyəcəyi bir yerə çevrilib. Burada sadəcə pul qazanmağa çalışırlar. Əvvəlki İstanbul çox qəşəng idi. Nə demək istədiyimi şəkillərə baxsanız başa düşəcəksiniz.

- Kayahan bəy, bir çox musiqiçilər filmlərə çəkilirlər. Səbəb nədir ki,  sizi heç bir filmdə görməmişik?

-Nə filmlərdən təklif gəlib, nə də ki mən istəmişəm. Fikrimcə, o da başqa bir sənətdir.

- Müəllifi olduğunuz mahnıları sizinlə yanaşı digər müğənnilər də ifa edir. Bu sizdə qısqanclıq yaratmır ki?

- Xeyr, niyə də olsun axı? Bir vaxtlar Nilufər xanımla aramızda baş verənlərdən danışırsınızsa, o səhv anlaşılma idi. Onunla şəxsi anlaşmamız var idi. Bu anlaşma pozulduğu üçün mən də incidim. Mənim mahnılarımı İbrahim Tatlısəs və ümumiyyətlə çoxları oxuyur.

- İndi necə, Nilufər xanımla münasibətləriniz qaydasındadırmı?

- Bunu ondan soruşsanız daha yaxşı olar. Mən bu barədə danışmaq istəmirəm.

- Mahnılarınızı oxuyanlar onun müəlliflik hüququna həmişə hörmətlə yanaşırlar?

- Xeyr təbii ki. Müəlliflik hüququnun pozulduğu vaxtlar da olub. Məsələ burasındadır ki, insan oğlu əxlaqıyla dünyaya baxmasa hər zaman  problemlər meydana çıxacaq.

- Bəs belə hallarla necə mübarizə aparırsız?

- Əvvəlcədən dünya belədir. Haqqımızı almaq üçün  dava edirik, amma haqqı vermirlər. Məhkəməyə veririk, başqa çarə yoxdur.

- Yazdığınız bütün mahnılar uğurlu alınır?

- Neçə yeni mahnı yazdığımı bilmirəm. Amma hamısını Türkiyədə bilirlər. Bəziləri min mahnının müəllifi olur, dinləyicilər onunu  bilirlər. Amma mən əminliklə deyə bilərəm ki, mənim yüz mahnım varsa, Türkiyə bunun doxsanını  bilir.

- İndi də tələbələriniz var...

- Mən özüm öyrənməyə çalışıram. Tələbələr yetişdirməyə çox da vaxtım olmur. İndi tələbələrimdən İpək xanım, kiçik qızımız Əsli-Könül var. Qızım çox gözəl gitara ifa edir, mahnı oxuyur.

- İpək xanım albom ərsəyə gətirib?

- Bəli İpək xanımın albomu var. Məsələn, “seninlə her şeye varım ben” adlı mahnını ikimiz birlikdə ifa edirik. Bu mahnı sizin ölkənizdə də sevilir.  İpək xanım mənim albomumdan mahnılar ifa edir.

- Qızınız da mahnılar üzərində işləyir. O necə, müğənni olmaq haqqında fikirləşir?

- Xeyr. Əslinin indi 13 yaşı var. Sinif yox, məktəb birincisidir. Burda bircə kollec var, orada oxuyur. Orta qiymət göstəricisi yüzdə doxsan yeddidi. Həm də gitarada ifa edir, mahnı bəstələyir, ifa edir. Amma bunu sevərək edir, iş xatirinə deyil.

- Onun  davamıçınız olmasını istəyirsiz?

- Mənim ona “mütləq sənətçi olacaqsan”,- demək fikrim yoxdu. Hansı sənəti sevsə ona gedəcək. İndidən bu barədə dəqiq bir şey deyə bilmirəm. Ancaq nə etsə ən yaxşısını edəcəyinə inanıram.

- Özü hansı peşə sahibi olmaq istəyər?

- Mən şəxsən bu yaşlarda olanda hansı sənət sahibi olacağımı bilmirdim. Hətta mənə o vaxtlar zarafatla “nə vaxt evlənirsən?”,- deyəndə, deyirdim ki, evlənməyəcəm. Bunu əvvəlcədən qura, planlaya bilməzsən. Gözəllik də elə burdadır.

- Hobbiniz varmı?

- Əvvəllər hobbi olaraq özüm şəkillər çəkir, yuyur, şəkil halına salırdım. İndi ona da vaxtım yoxdur. Akvariumda balıqlar saxlayıram. Hələ də futbol oynayıram. Əslində isə ən böyük hobbim mahnıdı və ondan da pul qazanıram.

- Gəmilərə olan marağınız nə ilə əlaqəlidir?

- Mən orta məktəbdə oxuyanda gəmilərə gəmiçiliyə marağım vardı. Əvvəl kiçik sonra isə böyük gəmi aldım. İndi kapitanam. Xeyli gəmi maketi hazırlamışam. Onlardan bəzilər 30-40 illik əşyalardır. Yəni, mənim üçün dəyəri böyükdür.

- Sizin dövrünüzün sənətçiləri o qədər səmimidirlər ki, insan onlarla söhbətdən zövq alır. Müasir dövrün sənətçilərində bu səmimiyyət hiss olunmur.

- Bu belə deyil. Dünya hər vaxt dəyişir, eləcə də insanların yemək yemək tərzi, yerişi. Onlar yaxşı niyyətlidirlər. Amma güman edirəm ki, onlar başqa cür, siz başqa cür yetişdiyiniz üçün anlaşa bilmirsiz.

- Onların verilən suallara qarşı qəribə aqressiyaları olur.

- Fərqlilik elə burdan, yəni yetişdirilmədən irəli gəlir. Müəllimlərimiz, ailəmiz bizi belə öyrədiblər. Mən də qızımı belə yetişdirirəm. Qızım da mənim kimidir. İndi bura gəlsə, sizin əlinizi öpər. Yəni bunun zamanla yox, yetişdirməklə əlaqəsi var.

- Kayahan bəy, azərbaycanlı müğənnilərindən tanıdıqlarınız var?

- Azərbaycandakı müğənniləri deyil, oradakı musiqi üslubundan danışımaq istərdim. Bakıda çox önəmli bir Konservatoriya, caz musiqisi var. Bu, məncə çox önəmlidi. Orada çox dəyərli ifaçılar var. Zaman-zaman mənim mahnılarımı aranjiman edib mənə yollayırlar. Azərbaycanda çox dəyərli simalar var. Hətta biri mənim dostumdur. Əri, deyəsən ticarətlə məşğul idi. Rusların vaxtından indiyə kimi məşhurdur.

- Zeynəb Xanlarova?

- Bəli, Zeynəb Xanlarova. Arada onunla telefonla danışırıq. Parisdə olanda zəng etmişdi. Çox yaxşı insandır. Hətta bizim bir layihəmiz var idi. Konsert təşkil edib onunla eyni səhnəni bölüşməli idik. Ancaq sonra alınmadı.

- Daha çox sevgi mahnıları yazırsız. “Seni versinler ellere”, “ Aşk hikayesi” kimi mahnılarınız çox sevilir. Bu cür mahnıları yazmaq üçün yaşamaq lazımdırmı?

- Bəzən öz şəklinizi çəkərsiz, bəzən bir ağacın, bəzən bir insanın. Mahnılarımın hamısı mənim həyatda yaşadıqlarım deyil. Bəziləri gördüklərimdir. Baxıram və fikirləşirəm ki, mən bunun şəklini çəkməliyəm. Və bəstəni ərsəyə gətirirsən.

- Bəs başqalarının mahnılarına söz yazmısız?

- Bəli, bir dəfə Nilufər xahiş etmişdi. “Caddelerde rüzgar, aklımda aşk var” mahnısına söz yazmışdım. Səhv etmirəmsə Nilufərə 2 mahnı yazmışam. Bəlkə də qarışdırıram, dəqiq deyə bilmərəm. Xahiş etdi, onun üçün yazdım. Başqasının mahnısının sözlərinə müəlliflik etməyi xoşlamıram. Öz hekayələrimi yazmağa çalışıram.

- Bir neçə il əvvəl Azərbaycana gəlmişdiz...

- Azərbaycanda konsert vermişdim. Onu deyə bilərəm ki, sizin ölkədə həqiqi dinləyicilər gördüm. Bu da mənim üçün çox xoş oldu. Ancaq konsert zamanı halım pisləşdi, təzyiqimdə problemlər oldu. Yəqin ki, hava dəyişikliyindən olub.

- Ölkəmizlə bağlı təəsüratlarınız necədir?

- Harada olduğunuz deyil, kimlərlə olduğunuz önəmlidir. Azərbaycandakı insanlar çox səmimidirlər. Onların ağlından kiməsə pislik etmək keçmir. Bu çox önəmlidir.

- Azərbaycanlı sevənlərinizə nə demək istərdiz?

- Hamısını çox sevirəm. Azərbaycandan qayıdandan sonra onlar üçün çox darıxıram. Azərbaycana gələndə “Aşk hikayesi” təzə yazılmışdı. Hətta həmin vaxt Əsli-Könül gəlməmişdi. Yenidən Azərbaycana gəlməyim baş tutsa, bu dəfə onu da gətirmək istəyərəm...

İradə NURƏDDİNQIZI






3 Aprel, 2015  11:29 Baxılıb: 2397 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner