Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Basketbolu futbol qədər olmasa da, sevənlər kifayət qədərdir - MÜSAHİBƏ

Basketbol Azərbaycan üçün xarakterik olmayan idman növlərindən hesab edilir. Bu idman növü Azərbaycanda, nə futbol, nə də güləş qədər diqqət mərkəzində olmayıb. Təbii ki, bu idmanı da sevənlər və ölkəmizdə basketbolun inkişafını arzu edənlər də az deyil.

Bəs hazırda Azərbaycanda basketbolun vəziyyəti nə yerdədir? Bu idman növünün inkişaf etdirilməsi üçün hansı işlər görülür?

Müsahibim Basketbol Federasiyasının icraçı direktoru Rüstəm Rüstəmovdur.


- Azərbaycanda basketbol yaxın keçmişdə inkişaf etməyə başladı. Bu sahədə atılan ilk addımlardan danışardınız.


- Basketbol sahəsində müsbət addımlar, yalnız 2000-ci ildən sonra atıldı. Bu idman növünün ölkədə məşhurlaşdırılması və inkişaf etdirilməsi üçün müəyyən işlər görüldü. 2002-ci ildə Olimpiya çempionu Rimas Kurtinaitis Azərbaycana dəvət olundu. 2006-cı ilədək, o, burada oldu. Həmin dövr Azərbaycan basketbolunun ən yadda qalan dövrüdür. Həmin vaxt beynəlxalq arenada uğurlar qazanmağa başladıq: Albaniyada baş tutan kiçik ölkələrin Avropa Çempionatında qalib olduq; ilk dəfə keçirilən İslam Oyunlarında birinci yerə çıxdıq.

Onun gedişindən sonra da durğunluq olmadı. Təbii ki, Kurtinaitis kimi mütəxəssis yox idi. Amma böyük təcrübəyə sahib Elxan Əliyev var idi və o, milli komandanın baş məşqçisi vəzifəsini yerinə yetirməyə başladı. Bundan sonra da uğurlarımız davam etdi: 2008-ci ildə Şotlandiyada keçirilən kiçik ölkələrin Avropa Çempionatında qalib gəldik. 2012-ci ildə qatıldığımız Avropa Çempionatının seçmə mərhələsində yarışın bir addımlığında büdrədik.


- Rimas Kurtinaitisin dövründən danışdınız, xatırlayıram, həmin dövrdə bir anda basketbol diqqət mərkəzinə düşmüşdü. Oyunlar televiziya vasitəsilə canlı yayımlanırdı. Amma, elə bil, qəflətən, bütün maraq öldü. Səbəb Kurtinaitisin gedişi idi?

- Hardasa, belə demək olar. Amma sonralar da bəzi oyunların canlı yayımlanmasına nail olduq. 2010-2012-ci illərdə çempionatın bir neçə oyunu televiziya tamaşaçılarına təqdim olundu. Elə həmin illərdə milli komandanın Avropa Çempionatının seçmə mərhələsindəki görüşləri də canlı yayımla efirə gedirdi. Oyunlar Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilirdi və 2500 nəfərlik zal, demək olar ki, dolurdu.


- Hazırda vəziyyət necədir?

I Avropa Oyunlarına hazırlaşırıq. Yarışın proqramına salınan 3x3 basketbol oyunlarında Azərbaycan da təmsil olunacaq. Bu, ənənəvi basketboldan fərqlənən yeni növdür. Yarım meydançaya və bir səbətə oynanılır. Yarışlarda, həm kişi, həm də qadınlardan ibarət komandalarımız çıxış edəcəklər.

- Basketbola marağın artırılması üçün hansı işlər görülür?

- Basketbol futbol qədər məşhur olmasa da, bu idmanı sevənlər kifayət qədərdir. Bu idman növünün geniş auditoriyaya çatdırılması üçün də müəyyən işlər görülür. Demək olar, hər il uşaq və yeniyetmələr arasında turnir təşkil edirik, onlarda basketbola sevgi yaratmağa çalışırıq.


- Azyaşlı uşaqlar, məktəblilər arasında basketbolu məşhurlaşdırmaq üçün məhəllələrdə, məktəblərdə meydançaların sayını artırmaq olar. Yəqin, razılaşarsınız, bizdə meydançalar azdır...

- 3x3 basketbolunun əsas üstünlüyü meydança ilə bağlıdır. Burada bir səbət və yarım meydança oyunu keçirməyə kifayət edir. Meydança problemini nəzərə alaraq, biz də 2013-cü ildən basketbolun bu növünü ölkədə inkişaf etdirməyə, yaymağa başlamışıq. Bu məqsədlə, ötən ilin yayında Əhmədlidə məktəblərin birində açıq meydançada məktəblilərin birinciliyini keçirdik. Həmçinin, respublika üzrə çempionat təşkil olundu. Təhsil Nazirliyi ilə də müştərək planlarımız var. Sadəcə, müzakirələr konkretləşməyib. Məktəblərdə basketbola olan marağı artıra bilsək, gələcək üçün keyfiyyətli idmançılar yetişdirə bilərik. Bəzi məktəblərdə meydançalar var. Orada məktəblilərə dərs keçmək üçün mütəxəssislərə ehtiyac var. Bizim bəzi məşqçilərimiz, həm də məktəblərdə çalışırlar.


- Bəs bu işi inkişaf etdirməkdə əsas çətinliklər nədən ibarətdir?

- Əsas çətinliyimiz, yerlə bağlıdır. Bizdə basketbol kompleksi yoxdur. Ümid edirik, yaxın vaxtlarda bu problem də həllini tapacaq – basketbol kompleksi istifadəyə veriləcək. Heydər Əliyev adına İdman Konsert Kompleksində ixtisaslaşmış mərkəzimiz var idi. Hazırda da həmin mərkəz təmir-bərpa işləri ilə əlaqədar fəaliyyətini dayandırıb.

- İşlər yalnız paytaxtda görülür, ya bölgələr üçün də müəyyən planlar var?

- Bakı mərkəz rolunu oynayır. Paytaxtla yanaşı, Gəncə, Şəki və Cəlilabad da basketbolda fərqlənir və bu şəhərlərin komandaları keçirilən yarışlarda çıxış edir.

- Yaxın gələcək üçün planların mərkəzində nə durur?

- Əsas məqsəd, yeniyetmələrdən peşəkar basketbolçular yetişdirməkdir. Hazırda milli komandada çıxış edən bəzi oyunçular Azərbaycan basketbolunun yetirmələridir. Klublarımızda da yerli basketbolçular yetişməkdədir. Bu mənada, NTL klubunu fərqləndirmək istərdim. Komandanın rəhbəri uzun müddət millinin kapitanı olmuş Tahir Baxşıyevdir. Onun rəhbərliyi ilə yetişən idmançılar hazırda U-18 millimizin əsasını təşkil edirlər. Klubun rəhbərliyi basketbolu sevdiyi, yeniyetmələrə diqqət ayırdığı üçün orada keyfiyyətli basketbolçular yetişməkdədir. Bu cür təşəbbüs nə qədər çox olsa, Azərbaycan basketbolu üçün bir o qədər yaxşıdır.

Federasiyamızın prezidenti Nadir Nəsibovun da əsas istəyi yerli basketbolçuların yetişməsidir. Bu işdə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi də bizə kömək edir.


- Ölkə çempionatında intriqa yoxdur. Digər klublar “Qala”nın kölgəsində qalıb.

- Bir neçə il bundan əvvələ qədər ölkə çempionatında daha kəskin mübarizə gedirdi. “Araz-Naxçıvan” kimi klub var idi və “Qala” ilə başa-baş “döyüşürdü”. Hazırda nəsil dəyişmə prosesi gedir. “Qala” bundan ən az əziyyət çəkən klub oldu. Buna görə də, hazırda çempionatda hegemonluq edir. Həmçinin, bayaq adını qeyd etdiyim NTL komandası oyunu ilə fərqlənir. Bəzi komandalar isə çempionatda iştirak etmək xatirinə meydana çıxırlar. Bu da nəticədə özünü göstərir.

- Klublarımızın yaxın gələcəkdə Avrokuboklarda çıxışı gözlənilir?

- Rimas Kurtinaitisin dövründə “Qala” bir neçə dəfə Avropkuboklarda çıxış etdi. Hazırda isə NTL klubu bu yarışda çıxış etməyə ən real namizəddir. Onlar bu yay kiçik ölkələrin Avropa Çempionatında çıxış edəcəklər. İlk üçlüyə daxil olsalar, rəhbərlik Avrokuboklarda iştirak üçün sifariş verə bilər.

- FİBA ilə münasibətlər necədir?

Son 4-5 ildə bizim federasiyanın əsas nailiyyətlərindən biri FİBA ilə əlaqələrin gücləndirilməsi olub. Bunun nəticəsində iki hakimimiz beynəlxalq dərəcə alıb. Onlar, Ələkbər Həsənov və Ruslan Xalıqovdur. Hakimlərimiz mütəmadi olaraq Avropa Liqasına və digər beynəlxalq turnirlərə təyinatlar alırlar. Həmçinin, FİBA-nın mütəxəssisləri tərəfindən keçirilən seminarlarda bizim hakimlərimiz də iştirak edirlər. Bu da onların peşəkarlıq səviyyəsinin artmasına töfhədir.

Vüsal Məmmədzadə

 






1 Aprel, 2015  15:18 Baxılıb: 1081 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner