Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əli Həsənov Suriya ermənilərinin Dağlıq Qarabğda yerləşdirilməsindən DANIŞDI

“Bu gün bizi narahat edən məsələlərdən biri də budur ki, Ermənistan hökuməti erməni əsilli suriyalı qaçqınları Azərbaycana məxsus olan, lakin işğal altında saxladığı ərazilərdə, bütün beynəlxalq norma və prinsiplərə zidd olaraq yerləşdirir. Konfrans zamanı toplanılan yardımlar qeyri-qanuni məskunlaşma üçün deyil, məhz Suriya qaçqınlarının mühüm humanitar ehtiyaclarının ödənilməsi və həyat şəraitinin bərpası məqsədilə istifadə edilməlidir”.

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, bunu baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov martın 31-də Əl-Küveyt şəhərində keçirilən Suriya üzrə Üçüncü Beynəlxalq Humanitar Donorlar Konfransında söyləyib.

Tədbirə dəvətə və təşkilatçılığa görə Küveyt Dövlətinə və BMT-nin baş katibinə təşəkkür edən Ə.Həsənov deyib ki, Suriya münaqişəsi hazırda dünyada hökm sürən ən ciddi humanitar böhranlardan birinin yaranmasına səbəb olub. Münaqişə milyonlarla insanın, o cümlədən qaçqın və məcburi köçkünlərin ağır şəraitə düçar olması ilə nəticələnib və onların insan haqları pozulmaqda davam edir. Eyni zamanda Suriya qaçqınlarına öz ərazilərində sığınacaq vermiş qonşu ölkələr də münaqişənin nəticələrindən əziyyət çəkir. Ə.Həsənov bildirib ki, oxşar problemləri yaşayan ölkə kimi Azərbaycan Suriya xalqının əzab və əziyyətlərini daha yaxından hiss edir: "20 ildən artıqdır ki, Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub və hazırda ölkəmizdə 1 milyondan çox insan qaçqın və ya məcburi köçkün kimi yaşamaqdadır".

Dövlət Komitəsinin sədri nəzərə çatdırıb ki, Azərbaycan artıq beynəlxalq aləmdə yeni donor ölkəsi kimi çıxış edir və dünyada baş verən iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) Latın Amerikası, Afrika və Asiyanın 30-dan çox ölkəsində, həmçinin Heydər Əliyev Fondu Pakistan, Gürcüstan, Hollandiya, Misir, Rumıniya, Rusiya, Fransa, İtaliya, Vatikan, Bosniya və Herseqovina və başqa ölkələrdə humanitar və inkişaf məqsədli layihələri həyata keçirməkdə davam edir: "Bu nəcib missiyanın davamı kimi Suriyanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləyən, sülhsevər ölkə olan Azərbaycanda suriyalı qaçqınların humanitar vəziyyətinin yaxşılaşdırılması məqsədilə göstəriləcək maddi yardımın miqdarı dəqiqləşdirilir".

Qeyd edək ki, konfransda Asiya, Afrika, Yaxın Şərq və Avropadan 78 dövlətin nümayəndələri ilə yanaşı, İslam Əməkdaşlıq Təşkilatının, Avropa İttifaqının təmsilçiləri də iştirak ediblər. İclası açan Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabah konfransın işinə uğurlar arzulayaraq, müasir dövrdə baş verən silahlı münaqişələr zamanı əziyyət çəkən insanlara yardım etməyin zəruriliyindən danışıb. O, Küveyt Dövləti tərəfindən suriyalı qaçqınlara 500 milyon dollar məbləğində yardım ayrılacağını açıqlayıb.

BMT baş katibi Pan Gi Mun çıxışında Suriyada davam edən silahlı toqquşmalar nəticəsində humanitar fəlakətin yarandığını və bu münaqişənin tezliklə sona çatması üçün səylərin artırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, daxili münaqişə irimiqyaslı hərbi əməliyyatlarla müşayiət olunur ki, bu da yerli əhalinin qaçqın düşməsi ilə nəticələnir, minlərlə insan - uşaqlar və qocalar evsiz, qidasız qalıb: “Onlara yardım üçün konfransda iştirak edən donor ölkələr öz səxavətlərini göstərməlidirlər”.

Sonra BMT İnkişaf Proqramının rəhbəri Helen Klark, baş katibin humanitar yardımlar üzrə köməkçisi Valeri Amos, İordaniyanın və Livanın Baş nazirləri çıxış ediblər. Suriyada davam edən münaqişə haqqında film nümayiş olunub. Konfransda ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Danimarka, İsveç, Türkiyə, Almaniya və digər dövlətlərin təmsilçiləri çıxış edərək, Suriyaya öz yardımlarını təklif ediblər. BMT-nin baş katibi yekun nitqində konfransın nəticəsi olaraq 3,8 milyard dollar məbləğində vəsaitin toplandığını, bunun da ötən illə müqayisədə 1,4 milyard dollar çox olduğunu diqqətə çatdırıb. O, donor ölkələr tərəfindən təqdim edilən vəsaitin Suriya qaçqınlarının həyat şəraitinin yaxşılaşması istiqamətinə yönəldiləcəyini bildirib.






1 Aprel, 2015  11:16 Baxılıb: 999 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner