Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Füzuli Musayev: “Deyirdilər ki, əsgərlikdə başın çəkəcək...” – MÜSAHİBƏ

Peşəkar idmanla məşğul olmasa da fiziki cəhətdən güclü olduğundan və tez-tez dava saldığından onu əsgərlikdə “karateist” çağırıblar. Elə karatenin sirlərini də hərbi xidmətdə komandirindən öyrənib. 20 yaşında peşəkar karyeraya başlayanda çoxları onun uğur qazanacağına inanmırdı. Ancaq qısa müddətdə Azərbaycan, Avropa, həmiçinin iki dəfə Dünya çempionu olur. İdmana karatedən başlayıb Taekvando Federasiyasının vitse-prezidenti vəzifəsinə qədər yüksələn, polkovnik, 21 il polisdə çalışmış, həm idmançı, həm dövlət qulluqçusu Füzuli Musayev qonağımızdır.

- 20 yaşında peşəkar idmana gəlmisiz. Sizcə, gec deyildi?

- Düzdü, mən peşəkar idmana çox gec gəlmişəm, 20 yaşında bir çox idmançılar artıq nailiyyətlər əldə etmiş olur. Ancaq peşəkar məşğul olmasam da, idmana meyilliydim. Spesifik idman növü ilə məşğul olmurdum, lakin səhərlər qaçırdım, turnikdən dartınırdım, fiziki idman növlərinə üstünlük verirdim. Gəncliyimdə çox davakar idim. Mənə deyirdilər ki, belə davakarsan əsgərliyə gedəndə başın çəkəcək. Həqiqətən, beynimə elə  yeritmişdilər ki, artıq əsgərliyə gələndə kim nəsə desə, dava etməyə hazır idim.

- Dedikləri kimi hərbi qulluqda başınız çəkdi?

- Əsgərliyimi Arxangelsk vilayətində keçdim. Orada cəmi 5 azərbaycanlı idik. 170-180 nəfər başqa millətlərdən nümayəndə var idi. Haqsızlıqlara rast gəlirdik və 5 nəfərlə bu boyda adamın qarşısında nə edə bilərdik ki? Fikirləşdim ki, özünü göstərməlisən ki, səndən çəkinsinlər, hörmətlə yanaşsınlar, yoxsa burada başımızı əzə bilərlər. Orada bir-iki dəfə dalaşan zaman yalandan “kia” qışqırıb vurdum. Mənim ləqəbimi “karateist” qoydular, sonra dedilər ki, “burada bir karetist var”. Açığı, heç nə bilmirdim, soruşanda deyirdim ki, əlbəttə karate ilə məşğul olmuşam. Məndən çəkinirdilər. Bir-iki davadan sonra hərbi hissənin komandiri səhər düzülüşündə çağırdı və dedi ki, Musayev kimdir, çıxsın qabağa. Əsəbi şəkildə bildirdi ki, bu nə karatedir, gündə bir dava salırsan. İndiyə kimi yadımdadır, kapitan Belotrovu yanına çağırıb məni ona tapşırdı ki, yoxlasın. Kapitan məni zala apardı və bir-iki fənd göstərməyimi istədi. Mən heç nə etmədim. Çünki heç nə bilmirdim. Dedi ki, ya sən yaxşı karateçisən, ya da heç nə bilmirsən. Mən cavab vermədim. Fiziki hazırlığım çox xoşuna gəldi. Dostlaşdıq və karatenin fəndlərini mənə öyrətdi. Əsgərlikdən sonra vətənə qayıdanda özümə söz verdim ki, mütləq karate ilə məşğul olacam. Gəncədə karate ilə bağlı məktəb olmadığından Bakıya üz tutdum. Fiziki cəhətdən güclü idim, amma texnikam o dərəcədə deyildi. Orada yavaş-yavaş öyrənməyə başladım və 6 aydan sonra Azərbaycan çempionu oldum. Daha sonra dəfələrlə Azərbaycan çempionu, 1990-ci illərdə isə SSRİ çempionu adına layiq görüldüm. O vaxtı karate yazılmırdı və mən əlbəyaxa döyüş üzrə idman ustası adına layiq görülürdüm. İlk böyük qələbəm elə bu zaman oldu. Daha sonra komanda olaraq Avropa çempionu, Yaponiyada dünya üçüncüsü, 1995-ci ildə Meksikada Dünya çempionu oldum. 1997-ci ildə Avstraliyada ikinci dəfə Dünya çempionu oldum. Məhz idmana gec gəlməyimdən idi ki, artıq 33 yaşım olanda ilk dəfə, 35 yaşımda ikinci dəfə dünya çempionu oldum. Ondan sonra böyük idmanla vidalaşdım, yaş öz sözünü deyirdi.  Ola bilər, yarışlara qatılsaydım yenə də çempion olardım. Amma bunlardan artıq nə çempionu olacaqdım? Qərar verdim ki, fəal idmandan uzaqlaşmalıyam, çünki mən həm özüm çıxış edirdim, həm də tələbələrim var idi, dərs deyirdim.

- Karatedən başlamısız sonradan isə taekvando federasiyasının vitse-prezidenti vəzifəsinə yüksəlmisiz. Necə baş verdi?

- Karate taekvandoya çox yaxındı. Keçidim isə maraqlı olub. 1997-ci ildə cənab prezidentimiz Olimpiya Komitəsinin Sədri seçildi və olimpiya, qeyri-olimpiya növləri də daxil olmaqla görüşlər  keçirdi. Cənab prezidentin dəvəti ilə, 2000-ci ildə Azərbaycan yığma komandası tərkibində mütəxəssis kimi dəvət olunduğum olimpiya oyunlarına getdik. Orada digər yarışları izləryərkən yandakı zalda taekvando yarışlarını gördük. Cənab prezident dedi ki, karateyə çox oxşardı. Dedim oxşardı, amma fərqli tərəfləri də var. Soruşdu ki, bizimkilər niyə yoxdu burada? Mən də dedim ki, taekvando bizdə o dərəcədə güclü deyil. Bir neçə idmançı var, onlarla da iş görmək olmaz. Dedi ki, bu idman növünü də inkişaf etdirmək lazımdır. Mən düşündüm ki, sadəcə söz kimi deyir. Amma sonra yenidən görüşdükdə cənab prezident dedi ki, Füzuli səni mütləq taekvandonun inkişafı üçün cəlb edəcəm. Növbəti olimpiya seçkilərindən sonra Kəmaləddin müəllimlə birgə məni də çağırdı. Dedi ki, Füzulini kömək üçün yanına göndərirəm. Vitse-prezident qoy və işi həvalə et, görsün. Beləcə, vitse-prezident seçildim. Deyilən kimi oldu və o zaman bir iclas etdik. Bütün müəllimlər, məşqçilər heyəti ilə görüşdük, danışıqlar apardıq. Ondan sonra inkişaf getdi və bugünkü gün yeganə dünya çempionu var-Niyaməddin Paşayev. O, bizim dövrdə çempion oldu. Əfsuslar olsun ki, 4 ildən sonra, yəni 2004-cü ildə təmsil olunduğumuz olimpiadada medala həqiqətən çox yaxın olsaq da alınmadı. Deyərdim ki, Rəşad Əhmədovun medalını əlimizdən aldılar. 2008-ci il Pekin olimpiadalarında da Rəşad Əhmədov yarımfinala qədər gəldi, amma medalsız qaldı. Son London turnirində də qənaətbəxş çıxış etdik. Ramin Əzizovdan başqa, qızlardan ilk dəfə idi çıxış edən Fəridə Əzizova da təcrübə artırdı. Ancaq 2012-ci ildə olimpiya oyunlarından sonra nəticə olmayanda qərar verdim ki, taekvandodan uzaqlaşım. Yəqin ki, bacardığım bu qədər idi, bundan artığına mənim gücüm çatmadı...

- Özünüz istefa verdiz?

- Çıxmağıma mən qərar vermişdim, hətta cənab nazirə də müraciət etmişdim. Gördüyünüz kimi, burada böyük kompleks tikilir. Həmçinin Fövqaladə Hallar Nazirliyinin palkovnikiyəm, yəni mənim işim burada kompleksin içində daha faydalı olacaq. Nazirlə görüşdükdə dedi ki, birinci vitse-prezident qalırsan, ancaq tapşırıq verdi ki, əsasən kompleksin tikinti işləri işləri məşğul ol. Yeni kompleksdə olimpiya, qeyri-olimpiya növlərini, cüdo, boks, taekvando, güləş növlərini inkişaf etdirmək istəyirəm. Həmçinin komanda idman növlərindən voleybol, mini-futbol zallarının inşasını və güclü komandalar qurmağı da düşünürəm.

- 1995-ci ildə Meksikada dünya çempionu olanda sizi Qazaxıstan idmançısı kimi təqdim etmişdilər, nə hisslər keçirirdiz onda?

- Azərbaycanı tanımırdılar o vaxt. Qazaxıstanı tanıyırdılar, onların tanınmış idmançıları çox idi. Başqa növlərdə də idmaçıları var idi. Kürsüyə dəvət olunduqda aparıcı Qazaxıstan idmançısı kimi təqdim etdi. Bayrağımız bu tərəfdə asılı idi. Çıxardıb götürdüm əlimə. Dedim Qazağıstan yox, Azərbaycan idmançısı. Üzr istədilər, yenidən qalxdım kürsüyə, bayrağı da qaldırdım.

- İdman həyatını həm döşək üstündə, həm də kabinetdə yaşamış biri kimi sizcə, hansı daha məsuliyyətli və çətindi?

- Dövlət işlərində çoxdan işləyirəm. 21 il polisdə çalışmışam. Polisdə çox sahələrdə olmuşam, cinayət axtarış şöbələrində olmuşam, idman sahəsində “Dinamo”da çalışmışam, oradan birbaşa bugünkü vəzifəmə təyin olunmuşam. Deyim ki, bir idmançı kimi fəaliyyət göstərməyim mənim üçün daha asan idi. Çünki yarışlarda çıxış edəndə şəxsən özümə cavabdehlik daşıyırdım. Udmaq da, uduzmaq da mənə məxsus idi. Düzdü uduzmaq istəməzdim, istər-istəməz məsuliyyət daşıyırsan, arxanca gələn var, ölkəni təmsil edirsən. Amma burada sən həm özünə cavabdehlik daşıyırsan, həm sənin rəhbərliyinin altında çalışanların cavabdehliyini daşıyırsan.

- Qeyd etdiyiniz məsuliyyətin bəzən əksini də görürük. Döşəkdə, rinqdə daha məsuliyyətli olur, ancaq vəzifəyə təyin olunan kimi o ciddiyyət qalmır. Məşqlərə dırnaqarası baxmasından, yoldaşları ilə münasibətindən və sonrakı nəticələrindən bu açıq sezilir...

- Elədir, təəssüf ki, belə hallar da olur. Mən də vəzifə daşıyıram, amma idmandan uzaqlaşa bilmirəm. Kimlərsə sizin dediyiniz kimi məqsədli olur. Deyir: buna çatım, vəssalam. Amma mən həmişə fikirləşirəm ki, ölkəm üçün faydalı olmalıyam. Heç vaxt fikirləşməməliyəm ki, bunu etmişəm, bunun qarşılığı nəsə olmalıdı. Bizim Elnur Məmmədlini dünya tanıyır. 2008-ci ildə olimpiya oyunlarında qalib olanda elə bil bir stəkan su içdi, heç kəs gözləmirdi, güclü rəqiblərini elə keçdi ki, sanki qarşısındakılar heç kimdi. Ancaq gəldi 2012-ci ildə çox zəif nəticə göstərdi. Onu da qınamıram, mən professional idmançıyam heç kimi qınamağa ixtiyarım da yoxdu, idmanda hər şey olur...

- Bizdə fərdi idman növləri çox güclüdü, amma komanda şəklində uğurumuz demək olar, yox səviyyəsindədi. Bu nə ilə əlaqədardı, eqomuz imkan vermir birləşməyə?

- Mən şəxsən öz fikrimi deyəcəm. Millətin pisi, yaxşısı olmur. Dediyiniz kimi, bizdə bir az eqoizm, özündən razılıq var. Məsələn, dünyada ən məşhur, idmanın şahı sayılan futbolu götürək. Bizim futbolda individuallığı sevənlər çoxdu. Çoxu tərifləsinlər, seçilsinlər deyə oynayır. Məqsəd komanda yox, özü olur. Millinin kapitanı Rəşad Sadıxov çox yaxşı futbolçudu, onun kimi futbolçu burada yox, başqa yerdə olsaydı, yaxşı məktəb görsəydi nə Ronaldodan, nə Messidən geri qalası deyildi. Onun üzərində kimsə çalışmalıydı, çünki insan gəlib bir həddə çatır, daha sonra onu irəli aparan məşqçilər olmalıdı.

- Zaldan kənarda idmanın hansı xeyrini görmüsüz?

- Polisdə çalışan zaman elə vəziyyətlər olub ki, idmaçı olmasaydım, o vəziyyətlərdən çıxa bilməzdim. Həyatda çox şeylərə rast gəlmişəm, əsasən də Cinayət Axtarış Şöbəsində işləyəndə başıma hadisələr gəlib. Cinayətkarlarla üzbəüz gəlmişəm, hətta silahlı cinayətkarlar da olub. Demirəm ki, mən silahlının qarşısında kinolardaki kimi göylərlə uçub dalaşmışam. Odlu silah qarşısında hamı acizdi. Ancaq mən silahlının da qarşısına çıxmışam, yaralanmışam da. Çiynimdə də, başımda da güllə yarası var, cinayətkarlarla mübarizə aparırdım deyə, qəbul etmirdilər. 1992-ci ildə gecə işdən geri qayıdırdım. Evə maşınla gedirdim və küçəmizə dönən yerdə bir də gördüm ki, bir nəfər avtomatı mənə tuşlayıb. Maşını sürdüm, oradan çıxdım, arxamca 2-3 maşın düşmüşdü. Orada mənim idmançılığım, cəldliyim, görmə qabiliyyətim olmasaydı, məni vurmuşdular. İdman gözəldi, tərbiyədi, bədənin, şüurun, kişiliyin tərbiyəsidi.

- Uşaqlara yenə dərs verirsiz? Və öz övladınızın idmançı olmasını istərdiz?

- Hal-hazırda məşq keçmirəm. Düzünü desək, zalda məşqlərə az-az gedirəm. Məşq prosesində uşaqlara nə isə deyirəm, öyrədirəm. Boksdan Pərvin Abdullayev var “Kobra” ləqəbli. Artıq dünyada tanınır. Son kəməri də aldı. Vaxt olduqca ona ayaq texnikaları öyrədirəm, yaxın məsafədən döyüş təlimi keçirəm. Övladıma gəlincə, qeyd edim ki, mənim oğlum karate ilə məşğul oldu və Azərbaycan çempionu adını qazandı. Taekvandoya keçdi və orada da gənclər arasında Azərbaycan çempion oldu. Sonra düşündüm ki, ailədə bir nəfər idmançı olar, bir oğlum var, getsin oxusun. İstəmədim mənim yolumu keçsin, istəyirəm ki, onun faydası başqa sahələrdə olsun.

- Boş vaxtlarınızda necə dincəlirsiz?

- Bir-neçə hobbim var – onlardan biri sualtı balıq vurmaqdı. Suyu çox sevirəm. Musiqini də həmçinin. Musiqiçilərlə əlaqəm də güclüdü. Ümumiyyətlə, mən musiqini sevən adamam. Estradanı da xoşlayıram muğam da, klassikanı da. Alim Qasımov, İlqar Muradov, Ədalət Şükürov dostlarımdı. Hərəsinin bir üslubu var, amma mən hamısını çox sevirəm. Xarici musiqiləri də bəyənirəm. Sevdiyim kumirlərdən biri Stinqdi, digər biri isə Frenk Senatradı. Ona vurğunam, hər bir mahnısına qulaq asıram. Hərdən özüm də oxuyuram.

- İdmançıların çoxu musiqiçilərlə sıx dostdur. Bu nədən irəli gəlir?

- Hər ikisi də incəsənətdi. Ümumiyyətlə, idmaçılarla hər bir kəs dostluq edir, amma musiqiçilərlə ortaq cəhətlər çoxdu. Mən karatenin fəlsəfəsini yaxşı bilirəm. Həmçinin taekvandonun və digər şərq döyüş növlərinin də fəlsəfəsində ancaq incəsənət görürəm.

Aqşin İbrahimi

 






17 Mart, 2015  13:40 Baxılıb: 3402 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner