Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Tacikistan səfiri: “Hörmət hissi azərbaycanlıların qanındadır” – MÜSAHİBƏ

Çox səmimi, pozitiv və qonaqpərvər insandı. Yaşına görə çox gənc görünür. Bunun səbəbini həyatda baş verən neqativ halları unudub, pozitivləri yadda saxlamağı ilə əlaqələndirir. Bir çox bölgələrimizdə də olub. Ölkəmizdəki tarixi abidələrə – Şirvanşahlar sarayına, Qız qalasına heyrandı. Boş vaxtlarında idmanla məşğul olur: sahildə qaçmağı xoşlayır. “Elçilər” rubrikasında qonağımız Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zohir Saidovdur.

- Cənab səfir, neçə ildi diplomatik fəaliyyətlə məşğulsuz?

- Ümumi diplomatik stajım 19-20 ildi. İxtisasım filologiya və politologiyadı: iki ali təhsilim var. Dövlət işinə siyasətdən başladım. Sovet dövründə komsomol və partiya təşkilatlarında işləmişəm, ondan sonra da diplomatik işə keçdim. Tacikistanın Xarici İşlər Nazirliyində işə başlayanda, dövlətimiz artıq müstəqil idi və xarici siyasət orqanları yaradılmışdı. 2012-ci ilin avqust ayında Azərbaycana gəldim, amma səfir kimi 2013-cü ilin yanvar ayında fəaliyyətə başladım.

- Azərbaycana gəlməzdən öncə hansı ölkələrdə fəaliyyətiniz olub?

- Təxminən 6 il ərzində Rusiyada səfir məsləhətçisi vəzifəsində işləmişəm. Ölkəmizin ən böyük səfirliyi, məhz Rusiyadadı. İlk vaxtlar Rusiya dövləti ilə iqtisadi, siyasi və hərbi əlaqələrin yaradılmasının çətin mərhələsi idi. Lakin bu, çox maraqlı iş idi və bunu bacardıq.

- Bəs Bakıya gəlişiniz necə oldu? Şəhər sizdə hansı abu-havanı yaratdı?

- 2012-ci ilin avqust ayında Azərbaycanda Tacikistan səfirliyinə məsləhətçisi vəzifəsinə təyin olundum. Bakı şəhəri çox xoşuma gəldi. Təəssüf etdim ki, nə üçün bundan əvvəl Azərbaycanda olmamışam? Bakının gecəsi də,  gündüzü də çox gözəldir. Şəhərin müasir infrastrukturu tarixi abidələri ilə birkildə çox xoşuma gəlir. Bu, Bakının zamanla ayaqlaşmasını göstərir. Burada Şərqlə Qərbin vəhdəti var. Azərbaycan xalqının öz tarixinə və abidələrinə qayğı ilə yanaşması bizi çox heyrətləndirir. Ümumiyyətlə, Azərbaycan çox maraqlı ölkədi. 20 il ərzində ölkəniz öz müstəqilliyini möhkəmləndirib və inkişaf etmiş ölkələrdən birinə çevrilib. Burada çoxlu beynəlxalq statuslu tədbirlər keçirilir və bu, Azərbaycanın stabil ölkə olmasını sübut edir. İşlə əlaqədar Azərbaycanın bir neçə bölgəsində, Qəbələ, Gəncə, Ağsuda olmuşam. Xalqınızın öz tarixi keçmişinə və mədəniyyətinə qayğı ilə sahib çıxması və qoruması, doğrusu, məni heyrətləndirir.

- Bölgələrdə sizin üçün maraqlı olan hansı ənənələri gördüz?

- Təəssüflər olsun ki, bölgələrdə olarkən hər hansı bayram və ənənələrinizi görməyə imkanım olmadı. Dövlətin əsas sərvəti – xalqdır. Azərbaycan xalqı tacik xalqı kimi çox zəhmətkeş, öz ölkəsini sevən və onun üçün canını əsirgəməyəndir. Həm sizin, həm də bizim xalqın qanında qonaqpərvərlik var. Vurğulamaq istərdim ki, Şərq ölkələri xalqlarında ana südü ilə keçən xüsusiyyətlər var. Valideyinlərinə, böyüklərə və qocalara hörmət hissləri Azərbaycan xalqının genindədi. Xalqın nümayəndələri ilə görüşəndə, bütün bu xüsusiyyətləri sezmək olur.

- Hansı bölgələrimizdə olmaq istərdiz?

- Yaxın zamanlarda Şəki və Şamaxıya getmək istərdim. Ölkənizin hər bölgəsində muzeylər var, hansı ki, həmin bölgənin tarixi ilə tanış olmaq mümkündü. Bu çox yaxşıdı. Ağsuda olanda 18-ci əsrdən qalmış Şirvan şahlarının sarayında arxeoloji qazıntıların aparıldığını gördüm. Qazıntılarda çalışan Milan universiteninin professoru ilə görüşdüm.

- Tarixə çox maraq göstərirsiz. Bilirsiz ki, Azərbaycanın çoxsaylı tarixi abidələri son 20 il ərzində erməni  işğalı nəticəsində dağıdılıb, məhv edilib?

- Hesab edirəm ki, Azərbaycan tarixini öyrənmək üçün kitabxanaya getməyə ehtiyac yoxdu. İçərişəhərin qədim abidələrini və Qız Qalasını görmək kifayətdir. Oradan tarixiniz barədə bütün məlumatı əldə etmək mümkündü. Dağlıq Qarabağ konfliktinə gəldikdə, dövlətimiz bu məsələnin ancaq sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. 1993-1997-ci illərdə Tacikistanda vətəndaş müharibəsi gedirdi. Çox çətin vəziyyət idi. Biz, müharibənin nə olduğunu bilirik, ona görə də məsələlərin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Təəssüf olsun ki, Minsk Qrupunun fəaliyyəti qənaətbəxş deyil, amma prosess davam edir.

- Bəs Xocalı soyqırmı haqqında hər hansı məlumatınız varmı?

- Kütləvi informasiya agentliklərinin Xocalı barəsində verdikləri məlumatları oxumuşam. Hər bir insan kimi, orada törədilən hadisələrin şəkillərini görəndə dəhşətə gəldim. İnsanlar belə şeyləri etməməlidir.

- Hər iki ölkənin tarixindən və mədəniyyətindən danışarkən, bildirmək istərdim ki, xalqlarımızın əhalisi eyni dinin daşıyıcılarıdı. Eyni zamanda, 70 il ərzində dövlətlərimiz bir imperiyanın tərkibində olub. Bütün bunlara baxmayaraq, ölkələrimiz arasında sıx əlaqələr olmayıb.
- Çox düz vurğuladız. Dövlətlərimiz bir dövlətin tərkibində olsa da, təəssüflər olsun, bir-birlərini o qədər də yaxşı tanımırdılar. Lakin, bizi birləşdirən çox şey var idi, misal üçün təhsil və iqtisadi prosesslər, idman və incəsənət. Bu mexanizmlər vasitəsi ilə biz əlaqə saxlayırdıq. İndi isə başqa zamandır. Xalqlarımızı mədəniyyət və dini ənənələr birləşdirir və biz bundan səmərəli istifadə etməliyik. Bu kimi prosesslər, iki dövlət arasında münasibətlərin inkişafı üçün çox yaxşı əsasdır. Ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsi üçün biz maksimum cəhdlər göstərməyə hazırıq.

- Cavan qalmağınızın sirri varmı?

- Heç bir sirri yoxdu. Sadəcə həyatda baş verən bütün neqativ halları tez unudub, ancaq pozitivləri yadda saxlamaq lazımdı. Mən optimist insanam. Bundan əlavə, cavan qalmağıma səbəb əvvəl güləş, futbol və voleybolla məşgul olmağımdır. Təəssüflər olsun ki, hal-hazırda işim buna imkan vermir. Amma hərdən çalışıram Sahildə qaçım.

- Belə çıxır ki, istirahət vaxtını Sahildə keçirməyi xoşlayırsız...

- Bəzən Sahildə qaçıram, bəzən dost səfirləri qonaq çağırıram (gülür).

- Azərbaycana iş təyinatınız çıxanda ailəniz bunu necə qarşıladı?

- Çox normal qəbul etdik. Heç bir neqativ hisslər olmadı. Hesab edirdim ki, sanki dostgilə, qonşugilə gedirəm. Buna görə də, bura ailəmlə gəldim. Ailəliyəm, 3 övladım və 2 nəvəm var. Diplomat üçün ailəsiz qalmaq çətindi.

- Şəxsi həyatınızdan danışın. Həyat yoldaşınızla necə tanış oldunuz?

- Həyat yoldaşım tibb kollecini bitirib və səhiyyə sistemində çalışıb. Babam və nənəmin yaşadıqları rayonun xəstəxanasında işləyirdi. Bizim nəsildə həkimlər çoxdur. Əmim də rayon xəstəxanasının baş həkimi idi və mən hərdən onun yanına gedirdim. Həmin xəstəxanada öz həyat yoldaşımla tanış oldum. Bir qədər vaxt keçəndən sonra biz evləndik və artıq 30 ildir bir yerdəyik.

- Övladlarınınz nə işlə məşgul olur?

- Böyük qızım ailəlidir. Alman dili mütəxəssisidir. Oğlum da evlidir. Moskvadakı Xalqlar Dostluğu Universiteninin Beynəlxalq Münasibətlər fakultəsini bitirib. Kiçik qızım Tacik-Slavyan universiteninin 2-ci kurs tələbəsidi, iqtisadiyyat fakultəsində oxuyur. Hazırda Tacikistandadırlar.

- Onlar üçün darıxırsız?

- Övladlarım üçün o qədər də yox, amma nəvələrim üçün çox darıxıram (gülür).

- İxtisasınız filoloqdur. Yaradıcılığa münasibətiz necədi? Sizin yaradıcı istedadınız var?

- Hər tacik özu-özlüyündə yaradıcı insandı və hər kəsdə yaradıcı qabiliyyət var. Təəssüflər olsun ki, işim həmişə çox vaxt aparır və yaradıcılıqla maraqlanmağa vaxtım qalmır. Amma sizin və bizim musiqiyə böyük məmnuniyyətlə qulaq asıram.

- Hansı musiqi ruhunuza daha da yaxındı?

- Tar və kamança kimi musiqi alətləri Tacikistanda çox populyardı. Misal üçün, Azərbaycan musiqisində muğam var, Tacikistan musiqisində isə şaşmaqan. Buna görə də, sizin muğama – bizim şaşmaqana, sizin aşıqlara – bizim qurqulilərimizə qulaq asıram. Azərbaycan və tacik musiqisinə qulaq asanda, çoxlu oxşaqlıqlar tapmaq mümkündür.

- Bizim toylarda iştirak etmisiz?

- Təəssüf olsun ki, hələ yox. Əgər kimsə dəvət etsə, böyuk məmnuniyyətlə gedərdim. Sizin toy adətlərinizi görmək mənim üçün çox maraqlı olar.

- Bizdə əsasən toylar çox dəbdəbəli keçir, bəs sizdə necədi?

- Düşünürəm ki, bu sualı bizim xanımlarımız cavablandıra bilər. Çünki onlar kişilərdən daha çox belə adətlərdə iştirak edirlər. Yəqin ki, sizdəki kimi, bəyin anası gəlin barəsində bütün məlumatları yığır, qohum-qonşudan öyrənir. Əgər qız bəyin anasının xoşuna gəlsə, onda bir neçə ağsaqqalla elçiliyə gedir. Özləri ilə çoxlu şirniyyat və hədiyyə gətirirlər. Toy olanda bölgələrimizdə adətən bəylə gəlinə milli paltarlar geyindirirlər. Bəy atın üstündə gəlinin dalınca gedir.

- Bir səfir kimi iki ölkə arasında hansı münasibətlərin daha da inkişaf etdirilməsi üzərində daha çox çalışırsız?

- Dövlətlərimizin bir çox sahadə mövqeləri üst-üstə düşür. Xüsusilə də terrorizmə və narkotikə qarşı mübarizədə, həmçinin də regional təhlükəsizlik məsələlərində. İqtisadi cəhətdən də işlər görülür. Biz Bakıda biznes forumun keçirməsini planlaşdırırıq, ölkələrimizin iş adamları və şirkətlərin rəhbərləri görüşüb gələcək planlarını müzakirə edəcəklər. Orta Asiyada ən boyuk aluminium zavodu Tacikistanda yerləşir. Həmin zavod Gəncə aluminium zavodu ilə əməkdaşlıq edir. Gəncə aluminium zavodu Tacikistandan gələn mütəxəssislərin köməyi ilə işə salınıb. Ölkələrimiz arasında təhsil sənədlərinin tanınması barədə razılaşma imzalanıb. İndi bütün təhsil sənədləri hər iki ölkədə tanınır. Tələbələrimiz sizin ali məktəblərdə təhsil alırlar. Bunlardan əlavə, ölkə başçılarımızı dost münasibəti birləşdirir. 2014-cü ildə Tacikistanda Azərbaycan mədəniyyət günləri keçiriləcək, həmçinin də Azərbaycanda Tacikistan mədəniyyət günləri keçiriləcək. Vurğulamaq istərdim ki, Azərbaycan Tacikistan üçün dost və qardaş ölkədir. Bizi tarix və mədəniyyət əlaqələri bir-birimizə daha çox bağlayır və buna görə də dövlətlərimiz aralarındakı münasibətləri daha da gücləndirəcəklər.

Elmar Hüseynov

 






11 Mart, 2015  15:32 Baxılıb: 1600 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner