Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

HAKİMİYYƏT GÖZLƏNTİSİNDƏ YANILMADI

Əli Həsənov: “Onların da iflası təbii idi, bundan başqasını da gözləmirdik”

“Ölkə öz ahəngi ilə yaşayır, parlament öz ahəngində fəaliyyətdədir. İcra strukturları, mərkəzi və yerli icra hakimiyyəti orqanları öz işləri ilə məşğuldur. Cəmiyyətin ictimai institutları da fəaliyyətini normal qaydada davam etdirir”. Bu fikirləri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsində bildirib.  

Ə.Həsənov “Freedom House” beynəlxalq təşkilatının dünyada mətbuat azadlığının vəziyyətinə dair hesabatındakı Azərbaycanla bağlı qeydlərə də münasibət bildirib: “Bizim mətbuat ictimaiyyəti, Mətbuat Şurasının sədri, bəzi aparıcı qəzetlərin baş redaktorları bu hesabata münasibətlərini bildiriblər. Mən onların münasibəti ilə tamamilə razıyam. Bəzi beynəlxalq qeyri-hökumət təşkilatları son zamanlar onlara öz funksiyaları ilə bağlı bəslənən etimadları itiriblər və ayrı-ayrı mərkəzlərin göstərişi ilə, subyektiv mülahizələr əsasında fəaliyyət göstərirlər. Adını çəkdiyiniz qurum da həmin təşkilatlardan biridir. Bu quruma qeyri-ciddi təşkilat kimi yanaşırıq və onların Azərbaycan haqqında rəyinə şərh vermirik.

Hakimiyyət rəsmisi İctimai Palatanın iki mitinqin ardından növbəti aksiyanın keçirlməsi qərarı verə bilməməsini də şərh edib: “Özünü İctimai Palata adlandıran bu qurumun bu tipli qərar verməsi, yaxud bundan əvvəlki qərarları, yəni ictimai sifariş olmadan mitinq qərarı çıxarması, camaatı qarşıdurmaya sövq etməyə cəhd göstərməsi, icazə verilməyən yerlərdə qarşıdurma yaratmaq meylləri və s. təbiidir. Çünki ora yığışan insanların böyük əksəriyyəti ötən illərdə qeyri-konstruktiv, radikal mövqeyi, Azərbaycan cəmiyyəti ilə üst-üstə düşməyən fərqli maraq nümayiş etdirməsi və digər məsələlərlə seçiliblər. Orada anti-Azərbaycan fəaliyyətində olan müəyyən adamlar da var. Ona görə də “Palata” adlanan həmin qurumdan ciddi qərar gözləməyə də dəyməzdi. Təkrar edirəm, onlar ayrı-ayrı ölkələrdə baş verən proseslərin təsiri altında dərhal Azərbaycanda da nəsə etmək ab-havası ilə küçələrə çıxırlar və sosial dayağı olmayan, ciddi insan kütləsini öz arxasınca apara bilməyən təşkilatlarda olduğu kimi, iflasa uğrayırlar. Onların da iflası təbii idi. Bundan başqasını da gözləmirdik”.

Ə.Həsənov parlamentdə təmsil olunan 6 siyasi partiyanın dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsinə də aydınlıq gətirib: “Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub. Əslində ona qanun demək də böyük çıxır, bu, siyasi fəaliyyət haqqında deklarasiyadır. Çünki o zaman Azərbaycanın yeni Konstitusiyası qəbul olunmamışdı, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesləri demək olar ki, başlamamışdı. Azərbaycanın müəyyən etdiyi xarici, daxili siyasət, o cümlədən siyasi partiya institutu, ictimai təşkilatlar, Azərbaycanda vətəndaş cəmiyyətinin prinsipləri – bunların heç biri bərqərar olmamışdı, Azərbaycan Avropa Şurasına daxil olmamış, üzərinə öhdəliklər götürməmiş və yerinə yetirməmişdi. Faktiki olaraq həmin qanun Azərbaycanın bugünkü şəraitinə və Konstitusiyasına uyğunlaşdırılmamış bir qanundur. Ona görə də parlamentdən Azərbaycan prezidentinin ünvanına daxil olan təşəbbüs cənab prezidentə məruzə olundu. O, bu təşəbbüslə tanışdır. Azərbaycan cəmiyyətinin buna ehtiyacını da nəzərə alaraq Prezident Administrasiyası bu qanunun geniş müzakirə olunmasına və siyasi partiya institutunun gələcək inkişafı parametrlərinin, prinsiplərinin müəyyən olunmasına tərəfdardır. Bununla bağlı yəqin ki, yaxın müddətdə parlament müzakirələrə başlaya bilər. Düşünürəm ki, bundan ötrü müəyyən prosedurlar da keçilməlidir. Biz ATƏT və Avropa Şurası ilə dəyirmi masalar keçirməyi də planlaşdırırıq. Həmin tədbirlərdə Azərbaycanda siyasi partiya institutu, onun perspektivləri və s. məsələlər müzakirə olunacaq. Bu sırada siyasi partiyaların maliyyələşməsi ideyası da müzakirə ediləcək. Müzakirələrin nəticəsi olaraq Azərbaycan cəmiyyətinin nəyi gündəmə gətirib, nəyi qəbul edəcəyi məlum olacaq.

Anar İsaoğlu






4 May, 2011  22:39 Baxılıb: 1343 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner