Əbülfəs Qarayevlə Luvr muzeyinin direktoru ilə birgə mətbuat konfransı keçirdi
“Azərbaycanın Luvrla əməkdaşlığı Azərbaycan-Fransa mədəniyyətlərarası əlaqələrinin inkişafında mühüm yer tutur və biz ümid edirik ki, gələcəkdə bu əməkdaşlıq zənginləşəcək”. Simsar.az-ın məlumatına görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məşhur Luvr muzeyinin direktoru Anri Luareninlə birgə mətbuat konfransında belə deyib.
Əbülfəs Qarayev Luvrun direktoruna Azərbaycan ilə mədəniyyət sahəsində əməkdaşlığa və Azərbaycan mədəniyyətinin Fransada təbliğinə görə minnətdarlığını bildirib.
“Son illər Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan-Fransa mədəni əlaqələrinin inkişafında böyük rol oynayıb . Nəticədə iki ölkənin mədəni əməkdaşlığı yüksək səviyyədədir”, - nazir əlavə edib.
Mətbuat konfransında Bakıda Luvrdan gətirilən kolleksiyaların və Azərbaycan Dövlət Tarix Muzeyinin eksponatlarının Parisdə nümayişi, eləcə də yeni Bakı Xalça Muzeyinin açılışı zamanı Luvrdakı kolleksiyalardan bir sıra nadir xalça nümunələrinin nümayiş olunması məsələləri müzakirə edilib .
Səfər çərçivəsində Anri Luare Xalça Muzeyinin yeni binasına keçiriləcək baxışda, eləcə də İncəsənət Muzeyində keçiriləcək “İncəsənət xəzinəsi” sərgisinin açılışında iştirak edəcək, “Qala” Muzey Kompleksi və Tarix-Etnoqrafiya Qoruğuna baş çəkəcək.