Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Mənim şeirlərimə ağıllı insanlar gülürlər” – ELZA SEYİDCAHAN “Çay dəsgahı”nda

Bu dəfə çay süfrəsi ətrafında “dərdləşmək” üçün müğənni, bəstəkar, şair və nəhayət, aktrisa Elza Seyidcahanı “Dafne by Dalida”ya dəvət etmişdik. Qonağımız bizi təzə şeirlə gələcəyini müjdələmişdi. Ona görə, bir qədər də həyəcanlı idik.

Məkana Elza xanımla eyni vaxtda çatdıq. Yerimizi rahatlayan kimi şeiri səsləndirməsini xahiş etdik. Beləliklə, söhbətimiz “Psixosof” adlı şeirlə başladı.

Söhbətdə iştirak etdilər: İradə Nürəddinqızı, Aqşin İbrahimi, Ülviyyə Cövdətqızı, Hüseyn İbadlı, Nigar Məhərrəmi, Aysel Kərimova və mən Vüsal Məmmədzadə.

“TEZLİKLƏ ÖZÜMÜ AKTRİSA KİMİ DƏ SINAYACAĞAM”

“Son vaxtlar şeirləriniz geniş müzakirə olunur. Deyirəm, elə, söhbətimizə də bu mövzu ilə başlayaq”.


“Düzdür, son vaxtlar şeirlərimlə bağlı mən də müxtəlif fikirlərlə rastlaşıram. Bəzilərinin gözləri götürmür. Düşünürəm, əsl şairlər şeir yazan birini təhqir etməzlər, həvəsdən salmağa çalışmazlar”.

“Geniş kütlə tərəfindən anlaşılmadığınızı düşünürsünüz?”

“Qətiyyən. Çoxluq mənim üçün geniş kütlə deyil. Yazdıqlarım anlaşılmasaydı, “İlin şairi” mükafatına layiq görülməzdim”.

“Özünüz də qeyd etdiniz ki, şeirlərinizə görə çox adam sizi qınayır. Bu, sizi ruhdan salmır?”

“Yeniliklər həmişə qınağa səbəb olur. Vaxt var idi, mənim musiqilərim də qınanırdı. Mənə dedilər, bəstəkar olma, amma bəstəkarlığımı sübut etdim; Dedilər müğənni olma, onu da sübut etdim. İndi də deyirlər, şair olma. Bu sözlər mənə tanışdır. Hələ tezliklə özümü aktrisa kimi də sınayacağam”.

“Hansı tamaşada?”

“Bəxtiyar Xanızadənin “O, sənsən” tamaşasında teatr sevərlərin qarşısına çıxacağam. Tamaşa pantomima janrında olacaq. Hazırda musiqi və ssenarinin tamamlanması mərhələsi gedir. Daha sonra məşqlərə başlayacağıq”.



“MƏNİM ŞEİRLƏRİMƏ AĞILLI İNSANLAR GÜLÜRLƏR”

“İddialısınız. Deməli, bir müddət sonra sizi şair kimi də qəbul edəcəklər?”

“Mənə şair kimi qəbul edilmək lazım deyil. Şeirim sənə nəsə dedisə, səni güldürdüsə, deməli, artıq məndə alınır. Bu, mənə kifayət edir. Elələri var ki, adını qoyub şair, uzun-uzun poemalar yazır. Oxuyanda başını tutub qaçmaq istəyirsən”.

“Kimləri nəzərdə tutursunuz?”

“Özlərini şair adlandırıb, əslində, başqasının qabiliyyətinə həsəd aparmaqdan başqa bir işə yaramayanları... Elə bu yaxınlarda biri mənə dedi ki, 500-dən artıq şeirim var, oxuyan yoxdur. Amma sənin şeirlərin oxunur”.

“Kim deyibsə, düz deyib. Sizin şeirləriniz ictimailəşən kimi tez bir zamanda ondan xəbər tutmayan qalmır. Özü də həmişə təbəssümlə qarşılanır”.

“Təbəssüm, bir çox xəstəliklərin müalicəsidir. Bizdə insanlar təbəssümə həsrət qalıblar: hara baxırsan, ağlaşmadır. Efirə baxırsan, orada da ağlayırlar. Allah ağlamağı sevmir. Xristianlara fikir verin, onlar heç bir bayramda ağlamırlar, əksinə, kef edirlər.

Mənim şeirlərimə ağıllı insanlar gülürlər. Onlar şeirdəki bütün sözləri dərk edirlər”.

“MƏNİM ONLARA CAVAB VERMƏYİM ONLAR ÜÇÜN REKLAM OLARDI”

“Nə əcəb, tənqid edənlərə cavab vermirsiniz?”

“Mənim onların adını çəkməyim onlar üçün reklam olardı. Mənə Xurşidbanu Natəvandan nümunə gətirirlər, amma özlərinin Natəvan haqqında heç bir məlumatları yoxdur. Belələri gündəmə gəlmək üçün bu yola əl atıblar. Onlara cavab verməyəcəyəm. Çünki onlar “tanınmayan yazıqlar”dır”.


“Şeir yazmağa necə başladınız?”

“Konservatoriyada oxuyanda Nəsiminin bir şeiri ilə tanış oldum. Bu şeiri kəkələyərək oxumaq lazımdır. Həmin vaxt utandım, cəsarət etmədim belə şeirlər yazmağa. Vaxt keçdikcə gördüm ki, insanlar pis əməllərindən utanmırlar. Fikirləşdim, mən niyə şeir yazmaqdan utanmalıyam? Başladım, yazmağa. Yazdıqlarım mənə övladlarım qədər əzizdir”.

“Daha çox kimləri mütaliə edirsiniz və oxuduqlarınız yaradıcılığınıza necə təsir göstərir?”

“İndi durub desəm ki, bütün günü kitab oxuyuram, yalan olar. Bəstəkar olduğum üçün şeirlər oxuyuram. Gənc yaşlarımda da klassik ədəbiyyata marağım böyük olub. Xüsusilə, Nəsimi yaradıcılığı ilə yaxından maraqlanmışam”.

“O, GÖZƏL İNSANDIR, AMMA MƏNİM ÜÇÜN FİKİRLƏRİ ETALON DEYİL”.

“Səhv etmirəmsə, Gövhər Həsənzadə bildirmişdi ki, Elza Seyidcahan kifayət qədər peşəkar bəstəkardır və onun musiqiləri çox dəyərlidir. Səhvi ondadır ki, orkestrlə işləmir. Buna görə də, ictimaiyyət tərəfindən birmənalı qarşılanmır”.


“Orkestrlə işləmək üçün pul lazımdır. Axşam toylara gedirəm, şou proqramlarda oxuyuram. Qazandığım pulu mahnılarımın aranjemanına verirəm. Mən orkestrlə də işləmişəm. Bu yaxınlarda Bəstəkarlar İttifaqında da süitam səsləndi”.

“Sarqsyanla bağlı şeiriniz siyasətlə məşğul olan insanlar arasında da geniş müzakirə olundu. Yenidən siyasi mövzuya müraciət etməyi düşünürsünüz?”

“Siyasət adamı deyiləm. Bu şeiri də məndən xahiş etmişdilər deyə yazdım”.

“Müsahibələrinizin birində demisiniz ki, sizin yazdığınız üslub dünyaca məşhur şairlərdən birinin üslubudur”.

“Aqil Abbas, Pünhan Həsənli kimi yaradıcı insanlar şeirlərimlə tanış olandan sonra mənə dedilər ki, bu janr yapon ədəbiyyatında geniş yayılmış üslubdur”.

“Onu da deyim ki, sizi qınayanlardan biri də Aqil Abbasın həyat yoldaşı İradə xanımdır”.


“Eybi yox. İradə xanım mənim üçün dəyərli insandır, amma fikirləri etalon deyil”.

“BU SÖZÜ YALNIZ MÜŞFİQİN ARVADI DEYƏ BİLƏR”

“Qeyri-adi nə varsa, sizdən çıxır: heyvanlara konsert verdiniz; təyyarəyə konsert verməyi planlaşdırırsınız... Bu fikirlər hardan gəlir?”

“Uşaq vaxtından yaradıcı insan olmuşam. 7-8 yaşlarımdan şeirlər yazmışan. O şeirləri hələ də saxlayıram. Bundan əlavə, musiqi alətlərinə də marağım olub. Kiçik yaşlarımda pavilla qablarında nağara çalırdım. Əllərim kəsilirdi, qanayırdı. Nənəm Bakıdan mənə nağara alıb göndərdi. Xalamgildə bayan var idi. Onu götürüb evimizə gətirdim, başladım onda çalmağa. Belə olanda, nənəm bu dəfə mənə qarmon alıb göndərdi. Dayım mənə qarmonda muğamları çalmağı öyrətdi.

Bir az da keçəndən sonra sözlərə musiqilər qoşmağa başladım. Anam bunu görüb mənə pianino aldı ki, musiqiləri nota yaza bilim. Amma mənim həvəsim qarmona idi. O vaxt toylarda qarmon dəb idi, mən də fikirləşirdim, toylara gedərəm. Anam isə bunu istəmədi. O, mənim bəstəkar olmacağımı hiss etmişdi. Məni Niyazinin “Cücələrim” ansamblına gətirdi. Bəstəkar Telman Hacıyev də mənə baxdı, dedi ki, gəlib Bülbül adına musiqi məktəbində oxuyum. Burada oxuyanlar yataqxanada qalmalı idilər. Anam da buna razı olmadı. Sumqayıtda Soltan Hacıbəyov adına texnikom var idi. 8-ci sinfi qurtarandan sonra orada təhsil almağa başladım. Qara Qarayevin tələbəsi Faiq Nağıyev mənə nəzəriyyədən dərs dedi. 3-cü kursda bəstəkarlığa hazırlaşan ərəfədə elçi gəldi, ərə getdim. Həyatım tamam dəyişdi...”

“Evlilik sizi musiqidən uzaq saldı?”

“Evlənəndən sonra musiqi ilə məşğul ola bilmədim. Fikirləşirdim, evlilikdən gözəl nə var?! Amma planlaşdırılmamış bir şəkildə 7-8 il sonra yenidən musiqiyə qayıtdım”.

“Verilişlərin birində Mikayıl Müşfiqə həsr etdiyiniz bir mahnını oxumuşdunuz, Əminə Yusifqızı zəng vurub demişdi ki, “Elza, Müşfiqə toxunma”.

“Bu sözü, mənə yalnız, Müşfiqin arvadı deyə bilər. Bu sözü deyəndən sonra Əminə Yusifqızı bir dəfə Heydər Əliyev adına Sarayda, bir dəfə də Mahnı Teatrında həmin şeiri mənim musiqimin sədaları altında oxuyub”.

Söhbətin sonunda Elza xanım uşaqlıq şeirlərindən bizim üçün səsləndirdi:



Vüsal Məmmədzadə






6 Mart, 2015  12:02 Baxılıb: 2799 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner