Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şirin danışığı ilə seçilən “dadlı” diyar – ŞƏKİDƏN REPORTAJ

Səfərimiz lətifələri, şirniyyatları və şirin danışığı ilə seçilən Şəkiyədi. Bakı avtovağzalından saat 08:10-da yola düşən avtobusla yola çıxırıq. Sürücülər, sərnişinlərin böyük əksəriyyəti şəkilidi. Səfər müddətində onların şirin ləhcəsi ilə danışıqlarını eşitdikcə istər-istəməz gülümsəyirik. Yolboyu bizim üçün maraqlı görünən hər şeyi qeyd edir, fotokameranın yaddaşına köçürürük.

 

Hamamçı: “Lobya bizim düşmənimizdi”

Şəhərdə ilk dayanacağımız Məmməd Əmin Rəsulzadə küçəsi olur. Burada XIX əsrə aid bir neçə ev var. Evlər kərpic və çay daşından tikilib. Küçədə ilk növbədə diqqətimizi çəkən hamam oldu. “Abdulxalıq” hamamı baxımsız binada yerləşir. Üzərində asılmış lövhəcikdə XIX əsrə aid olduğu və dövlət tərəfindən qorunduğu yazılıb. Giriş qapısının yanında iki təsvir var: Biri Məşədi İbad, digəri isə çadralı qadın. Qapıya “Qadınlar üçün” yazısı asılıb. Hamamçı Nahid İbrahimxəlilovla söhbət etdik. Deyir ki, hamam 1889-cu ildə açılıb. Həftədə 3 gün kişilər, 4 gün qadınlar istifadə edə bilər. Bu ənənə bir əsrdir davam edir. Qiymət 1 manat 60 qəpikdi. Nadir dayı hamamın təmir ediləcəyini də bildirir. “Bu hamamı Abdulxalıq adlı dəllək tikdirib. 1985-ci ildən buranı mən işlədirəm. Əvvəllər bağlı idi, mən açdım. Bu şəkilləri 2006-cı ildə çəkdirdim. Nə Sovet dövründə, nə də sonra təmir edilməyib. Yağış yağanda, içəri tökülür. Dövlət tərəfindən qorunan abidələr sırasına salınıb. Söz veriblər ki, yazda təmir ediləcək”.

Hamamçının sözlərinə görə, yay aylarında hamama gələn olmur. “Lobya çıxdı vəssalam, gələn azalır. Lobya bizim düşmənimizdi. Hətta iş o yerə gəlib ki, əsəbimdən lobya yemirəm”-deyə, Nadir dayı zarafat edir. Şəhərdə “Abdulxalıq”dan başqa daha 4 qədim hamam var. “Dərə”, “Qoçabbas”, “Pendir”, “Hacıqəni” hamamlarının heç biri fəaliyyət göstərmir.

Müsahibimizlə sağollaşıb M.Ə.Rəsulzadə küçəsi ilə irəliləyərək qədim binaların fotolarını çəkirik. Binalardan biri təmirdədi. Öyrənirik ki, bura vaxtilə peşə məktəbi kimi fəaliyyət göstərib. Küçənin sonunda Şəki Saray Oteli yerləşir. Otelin binası yeni tikilsə də, üzərindəki işləmələrdə şəbəkə və naxışlardan istifadə olunub. Ümumiyyətlə, şəhərdəki yeni tikililərin əksəriyyətində bu ənənə müşahidə olunur.

Növbəti dayanacağımız Şəki Mərkəzi Cümə məscidi oldu. XIX əsrə aid olan məscidə daxil ola bilməsək də, mühafizəçi ilə söhbətləşirik. Onun sözlərinə görə, bura Sovet dönəmində klub, daha sonra anbar kimi istifadə olunub. O vaxtlar məsciddə yanğın da baş verib. Daha sonra təmir olunub və 1990-cı illərdən məscid fəaliyyətini bərpa edib. Eyni həyətdə Şəki İslam Mədəniyyəti Mədrəsəsi də yerləşir. Mədrəsə 90-cı illərdən fəaliyyət göstərir. Bura əvvəllər Texnologiya texnikumunun binası olub. Burada oxumağa Sumqayıtdan, Qubadan, Şamaxıdan, Oğuzdan, Qəbələdən, İsmayıllıdan və Ağsudan gələnlər var. Məscidin sol tərəfində isə “Pendir” hamamının qalıqlarını görürük. Şəhərdə demək olar ki, hər addımda şirniyyat mağazaları yerləşir. Bu mağazalarda təbii olaraq Şəki halvası, mindal, qırmabadam, bamiyə, rəngli şirnilər, tel halvası, olma (Şəki fətiri), külçə kimi şirniyyatlar satılır.

Şəkinin simvolu “Xan Sarayı”

Şəkinin simvolu Xan Sarayıdır. Biz də bu qədim məkana yol aldıq. Qala divarları ilə əhatə olunmuş saraya yaxınlaşdıqda, nəzarətçi bizdən kassaya yaxınlaşmağımızı istəyir. Xan Sarayını görmək istəyən məktəblilər 20 qəpik, tələbələr 1 manat, digər insanlar isə 2 manat ödəməlidi. Jurnalist olduğumuzu öyrəndikdən sonra, içəri keçməyimizə icazə verirlər. Bələdçimiz Araz Aydınoğlunun köməkliyi ilə sarayın içini gəzməyə başlayırıq. Öyrənirik ki, saray 1762-ci ildə Hacı Çələbi xanın nəvəsi Məhəmməd Hüseyin xan Müştaqi tərəfindən tikdirilib. Saray yay üçün nəzərdə tutulub, tikintidə yapışqan və mismar əvəzi gəc məhlulundan istifadə olunub.

Binanın uzunluğu 32, hündürlüyü 10, eni 8 metrdi. 10 il tikintiyə, 8 il isə təsvirlərin həkk olunmasına sərf edilib. Bünövrəsi yoxdu, qayalıq üzərində qurulduğuna görə sağlamdı. Sarayın təxminən 85 faizi orijinaldı, 15 faizi isə sonradan bərpa olunmuş hissələrdən ibarətdi. Əsasən döşəmələr dəyişdirilib. Birinci mərtəbədə iki otaq var. İlk otaq Xanın divanxanası olub. Otağın divarının dünyada analoqu yoxdur. 5524 kiçik taxta parçaları bir-birinə keçirilərək hazırlanan yegənə tavandı. 250 ildir bərpa olunmadan qalıb. Pəncərələr şəbəkələrdən hazırlanıb, bir kvadrat metrində 5000-dən 14000-ə qədər kiçik ölçülü şüşə və taxta parçalardan istifadə edilib. Otaqları bəzəyən rəsmlərdən göz almaq olmur. İstifadə olunan rənglər təbiidi. Yerli bitkilərdən, yumurta sarısından hazırlanıb. Günümüzədək öz gözəlliyini itirməyib.

Şair xanın məşhur qonaqları

Binada qapıların hamısı astanadan hündürdü. Bu yerdə oturan qonaqların soyuqdan qorunması üçündü. İkinci otaq dəftərxanadı və sadəliyi ilə seçilir. Burada rənglərdən və ya şəkillərdən istifadə olunmayıb. İkinci mərtəbəyə çıxırıq. Pillələr arasındakı məsafə normaldan daha hündürdü. Çətinliklə çıxmaq olur. Araz bəy sarayda iki pilləkən olduğunu və birinin xanımlar üçün nəzərdə tutulduğunu deyir. Bu mərtəbədə ilk otaq Müştaqın xanımı Xurşud xatuna məxsus olub. Otağın görünüşü xanımların zövqünə görə işlənib. Tavan gözəl rəsm əsərləri və naxışlarla bəzədilib. O zamanlar yerə üzərinə eyni təsvirlər həkk olunmuş xalçalar sərilib. Tavanla döşəmə güzgü kimi biri-birini əks edib. Qeyd edək ki, hazırda həmin xalçadan ikisi Sankt Peterburqda Ermitaj muzeyində saxlanılır. Növbəti qonaq otağıdı. Otağın ən maraqlı tərəfi pəncərələr açılanda eyvana çevrilməsidi. Buradan bütün ərazi görünür. Bələdçimiz məlumat verməyə davam edir: “Hüseyn xan Müştaq həm də Şair idi. Müştaq təxəllüsüylə şeirlər yazırdı. Dövrün məşhur şairlərini, Molla Pənah Vaqif, Molla Vəli Vidadini bu otaqda qəbul edər, onların şərəfinə şeir məclisləri keçirərdi. Otağın divarlarında döyüş və ov səhnələri təsvir edilib. Təsvirlər miniatür üslubdadı, rəssamın öz fantaziyasının məhsuludu. Tavanda memar və bərpaçı rəssamın ərəb dilində adları qeyd olunub. Memar Abbas adlı şəkili, rəssam isə Qarabağlı Qəmbər olub”.

Sarayı satan Şəkili

Tanış olduğumuz sonuncu otaq şəxsən xana məxsusdu. Otaq rəsmlərinin unikallığı və simvolikası ilə seçilir. Rəsmlərdə nar, şir və əjdahadan daha çox istifadə edilib. Şir xanlığın simvolu olub. “Nar cənnət meyvəsi olduğu üçün cənnətin simvolu kimi çəkilib. Həmçinin narın başında kiçik formada təbii tac var. Bu da meyvələrin şahı olduğuna işarədir. Şir və əjdaha isə güclülük, ədalətlilik göstəricisidir. Bu təsvirlərin simvolik mənaları bunlardı: “Güclülər həmişə savaşır və zəiflər üzərində qələbə çalır. Xan nə qədər qüdrətli olsa da, zalımlıq etməməlidir. Xanlıq dövründə bütün insanlar sülh və əminəmanlıq içində yaşayırlar. Var-dövlət, taxt-tac müvəqqətidi. İnsanın düşməni öz içindədi, yəni nəfsidi. Güc birlikdədir, tək əldən səs çıxmaz” – deyən bələdçimiz sarayla bağlı maraqlı bir hadisəni bizimlə bölüşür. “Bir gün varlı ləzgi gəlir saraya. Sarayı çox bəyənir. Bunu görən bir şəkili də deyir, istəyirsinizsə, sizə satıram. Ləzgi beh verib, pulun qalanını gətirməyə gedir. Səhəri gün gəlib sarayın həyətində işçiləri görür. Hirslənir ki, burda nə işiniz var? Buranı almışam, saray mənimdi. Ləzgiyə aldadıldığını birtəhər başa salırlar. Şəkilini isə tapa bilmirlər”.

Xan sarayından ayrılarkən diqqətimizi həyətdəki iki çinar ağacı çəkir. Bu ağaclar XVI əsrdə əkilib. Birincinin gövdəsi 11, hündürlüyü 34 metrdir. İkinic isə daha böyükdür. Bu çinarın gövdəsi 14, hündürlüyü isə 42 metrdir. Onlara “Xan çinarı” adı verilib.

Dairəvi məbəd və hədiyyəlik əşya piştaxtaları

Saraydan bir az irəlidə Dairəvi məbəd yerləşir. Memarlıq üslubuna, tikintisində istifadə edilmiş inşaat materiallarına görə qaladakı digər tikilərdən xeyli fərqlənir. Bu səbəbdən bəzi tədqiqatçılar onun tarixini Qafqaz Albaniyası dövrünə aid edirlər. Hazırda bu tikili Şəki Xalq Tətbiqi Sənət Muzeyinin salonlarından biri kimi istifadə edilir. Muzey bələdçisinin sözlərinə görə, məbədin dairəvi hissəsi V-VI əsrə aiddir. Alban məbədi olan tikili 1819-cu ildə Şəki xanının şəxsi ibadətxanası imiş. 1928-ci ildə rusların hücumundan sonra məbədə xaç formasında artırmalar edərək pravoslav kilsəsinə çeviriblər. Həmin dövrdə tikilinin arxasındakı torpaq sahəsində Nuxada vəfat etmiş yüksək çinli rus məmurları dəfn edilirdi. 1985-ci ildə dairəvi məbəd muzey kimi istifadəyə verilib. Burada Şəkidə yaşayıb yaradan sənətkarların əl işləri və XVIII-XIX əsrə aid əşyalar nümayiş etdirilir. Məbədin qarşısında Tarix muzeyi yerləşir.

Qalanın çıxışında kiçik bir ərazidə şəkili sənətkarlar öz əl işlərini satışa çıxarıblar. Bir piştaxtada sərgilənən musiqi alətləri və taxtadan hazırlanmış hədiyyəlik əşyalar diqqətimizi çəkir. Satıcı Elxan Vələdov taxta-oyma işinin ata-baba sənəti olduğunu deyir: “Milli musiqi alətləri və suvenirlər hazırlayıram. Nağara, tar, qaval düzəldib atamla burada satırıq. Sənəti də elə atamdan öyrənmişəm. Burda 3 ildi işləyirik”.

Şəkidə rastlaşdığımız sənətkarlardan biri də şəbəkə ustası Hacı Mustafazadə olur. O, şəbəkə haqqında fikirlərini bölüşür: “Şəbəkə Şəkinin qədim xalq sənətidir. Çox dəqiqlik tələb edir. Millimetrlik səhv olsa belə şəbəkə yığımı alınmır. Şəbəkə ustası səbirli, təmkinli olmalıdır. Şəbəkə taxtaların biri-birinə geydirilməsi üsulu ilə yaradılır. Bu zaman qətiyyən yapışqandan istifadə olunmur. İstifadə olunan rəngli şüşələri də xarici ölkələrdən gətiririk. Onlar Azərbaycanda istehsal olunmur”. “Xan sarayının” bərpasında iştirak etmiş usta Hacı, qardaşı, məşhur şəbəkə ustası Hüseyn Hacızadədən də danışır: “Dünyada ilk dəfə kürəşəkilli şəbəkəni qardaşım hörüb. Bu dairəvi şəbəkələrdən işıqlandırma məqsədilə istifadə etmək olar. Hüseynin dünyanın bir çox ölkəsində sərgiləri keçirilib”. Usta dairəvi şəbəkəni cərəyana qoşur. Şəbəkənin rəngbərəng şüşələri divara əks olunur. H. Hacızadə şəbəkənin hər bir detalının 14 dəfə əldən keçirildiyini bildirir.

Karvansaray və ətrafındakı 26 mağaza

Qaladan ayrılıb Karvansaraya üz tuturuq. XVIII əsrin əvvəllərində tikilən bu memarlıq abidəsi artıq “Karvansaray kompleksi” adlanır. Bizi kompleksin inzibatçısı Mustafa Ömərov qarşılayır. O, ilk olaraq abidə haqqında məlumat verir: “Dünyanın heç bir şəhərində 6 karvansaray olmayıb. Təkcə Şəkidə var. Bunun səbəbi burda ipəyin istehsal olunmasıdı. Şəkinin bütün kəndlərində ipək istehsalı ilə məşğul olublar. İpək yolu bu şəhərdən keçib. Ona görə şəhərin qonaqları çox olub. Bura dəvə, at karvanları ilə gəliblər. Karvansaray da onların gecələməsi üçün nəzərdə tutulmuşdu. Sovet dövründə bura anbar kimi istifadə olunub. 1981-ci ildə bərpa işlərinə başlanılıb. Otaqların heç birində hamam, əl-üz yumaq üçün yer, kanalizasiya xətti olmayıb. Bərpa zamanı bunlar nəzərə alınıb. Otaqlarda əlavə əşya saxlamaq üçün zirzəmi olub. Kanalziasiya xəttini düzəltmək üçün bu zirzəmiləri istifadə ediblər. 1989-cu ildə isə mehmanxanaya çeviriblər”. M. Ömərov deyir ki, Karvansaray Kompleksi restoran, çay evi və mehmanxanadan ibarətdir. Burda 1-2-3-4 nəfərlik olmaqla cəmi 36 otaq var. Yayda bütün otaqlar tutulur. Qışda isə yalnız 12-si istifadə edilir. Çünki yalnız onlarda istilik sistemi quraşdırılıb. Qiymətlər isə çox ucuzdu. İki nəfərlik otaq 30 manat, üç nəfərlik 36, dörd nəfərlik isə 48 manatdır.

Karvansarayın yanında 26 mağaza yerləşir. Burada da sənətkarlar əl işlərini nümayiş etdirilər. İlk müsahibimiz 6 mağazanın sahibi Araz Aydınoğlu olur. O saxsı, mis qablar, hədiyyəlik suvenirlər satır. Deyir ki, 10 ildir bu işlə məğuldu. “Piti qabları, bambuk stollar, su qabları, çıraqlar, üzərlikyandıranlar satıram. Turistlər əsasən piti qabları ilə maraqlanırlar. Amma əsas alıcılarım yerlilərdi”, - deyə bildirir.

Yandakı mağazanın sahibi Rəşad Şamilovla söhbətləşirik. Burda kəlağayı satılır. Bildirir ki, mağaza 10 ildir fəaliyyət göstərir. Satılan kəlağayılar isə satıcının özünə aid olan emalatxanada hazırlanır: “Şəkidə ipəkçilik çox inkişaf edib. Orta əsrlərdə ipək qızıla bərabər tutulub. Burda ipəkçiliklə yanaşı kəlağayı ipəyinin toxunması, şərbaflıq sənəti də çox yayılıb. Kəlağayı təbii boyaqlarla boyanır. Sarağan, səndəl, sumaq, zirinc, itburnu, cır dovşan alması, narınc, sarıkök, zəfəran kimi bitkilərdən boyaq maddələrinin alınmasında istifadə edilir. Boyandıqdan sonra kəlağayılara naxış vurulur. Naxış vurmaq üçün müxtəlif ağac qəliblər var. Kələğayının qiymətləri də elə üzərindəki motivlərə görə 10-50 manat arasında dəyişir. Kələğayınnı hazırlanması da naxışların həcmindən və formasından asılıdır. Bir günə və 12 günə hazır olanı var”.

Turistlərin marağını ən çox çəkən mağazada isə sandıqlar və mücrülər satılır. Satıcı, həm də sandıq ustası Elnur Xasıyev dədə-baba sənətini davam etdirdiyini deyir: “2001-ci ildən bu mağazanı işlədirəm. Dəmirdən mücrülər, sandıqlar hazırlayıram. Qiymətlər 30-40 manat arasındadı”.

Qonşu mağazada isə papaqçı usta Aqil Kərimov işləyir. 13 illik mağazasında ən ucuz papağın 25 manat olduğunu bildirən usta, ən bahalı papaq 160 manatdı deyir. O, qiymətin baha olmadığı fikrindədi, çünki belə papaq azı 10 il ömür sürür.

Təkəldüz sənəti ilə məşğul olan Nərgiz Əzizova da ailə sənətini davam etdirdiyini bildirir. “25 ildi bu sənətlə məşulam. Bizim ailəvi peşəmizdi. Mən anamdan, xalamdan, qızım da məndən öyrənib.

(İşlərini göstərərək) Qiymətlər işlərin həcminə və formasına görə dəyişir. 30 manata da iş var, 1000 manata da. Balaca işləri 1 aya, iriləri 6-7 aya hazırlayıram. “Adəm və Həvva cənnətdə” əsəri üstündə bir il işləmişəm. Onun qiyməti 1000 manatdı”.

Karvansarayla vidalaşıb nahar edirik. Xırda kafelərin birində ən məşhur Şəki yeməyi olan pitinin dadına baxırıq. Saxsı qablarda süfrəyə verilən pitinin xüsusi yeyilmə üsulu var. Öncə boyat çörək boşqaba doğranılır. Yeməyin suyu doğranmış çörəyin üzərinə əlavə olunur və yeyilir. Sonda ət, noxud və quyruq əzilərək üzərinə sumax vurulur və yeyilir. Yeməyin ləzzətini təsvir etmək çətindir. Şəkiyə yolunuz düşsə, mütləq piti yeməlisiz.

Məşhur Alban Kilsəsi

Şəkidə son dayanacağımız qədim Kiş kəndi və məşhur Alban kilsəsi olur. Kilsə yerli və xarici turistlərin diqqət mərkəzində olduğu üçün burada bir neçə bələdçi işləyir. Onlardan biri İlhamə Hüseynova bizə Alban kilsəsinin tarixi haqqında məlumat verir. Onun sözlərinə görə, kilsə eramızdan əvvəl I əsrdə tikilib və bütpərəstərin məbədi olub. “Burada bərpa işləri 2000-ci ildən başlayıb, 2003-cü ildə tamamilə başa çatıb. Kilsənin bərpasına maliyyə cəhətdən norveçlilər və Tur Heyirdal dəstək verib. Layihənin rəhbəri isə azərbaycanlılar olub. Məbəd I əsrlərdə inşa edilib və xristianlığı yaymaq üçün nəzərdə tutulub. V əsrdə arxa hissəsi, XII əsrdə isə üstü hörülüb. Məbədin hündürlüyü 16, divarın qalınlığı 1 metr olub. XIX əsrdə rusların əli ilə məbəd ermənilərə verilib. Onlar daşla arxa tərəfə balkon hörüblər. Ermənilərin əlindən çıxdıqdan sonra bu əlavələr dağıdılaraq kilsə orijinal vəziyyətinə qaytarılıb. Hal-hazırda 2000 yaşlı kilsənin hündürlüyü 6 metrdi. Kilsədə aparılan arxeoloji qazıntılar zamanı qəbirlər aşkar olunub və insan skeletləri tapılıb. Kilsənin içindəki iki qəbirdən biri qurbangah olub. Qəbirdən tapılan skeletlər ay üçün qurban verilən insanlar olub. Kilsə əvvəlcə bütpərəstliyin, sonra atəşpərəstliyin, sonda da xristianlığın məbədi olub. Burada həmçinin müxtəlif heyvanlara və göy cisimlərinə də sitayiş ediblər. Bu qurbangah da o zamanlardan qalıb”.

Abidənin həyətində üzəri şüşələrlə örtülmüş qəbirlərdəki skeletlərlə bağlı məlumat verən bələdçinin sözləri bizi təəccübləndirir. Belə ki, İlhamə xanım buradakı qəbirlərdə dəfn olunan insanların boylarının 2 metr 20-2 metr 30 santimetr olduğunu söyləyir. Məbədin içərisində arxeoloji qazıntılar zamanı tapılan bəzək əşyaları və qab-qacaqlar sərgilənir. Burada eradan əvvəl III-IX əsrlərə aid olan sırğalar, üzüklər, XVII əsrə aid qəpik pullar, IV-V əsrlərdən qalan şüşə qolbaqlar var.

Diqqətimizi kilsənin divarının yanına yığılan qəpiklər çəkir. İlhamə xanım kilsənin əvvəllər ziyarətgah kimi istifadə olunduğunu, xəstə və ya övladı olmayan insanların niyyət tutub divara pul yapışdırdıqlarından deyir. Əgər niyyətlər qəbul olunursa, qəpik divarda qalır, qəbul olunmursa qəpik divara yapışmır. Biz də qəpiklərdən birini alıb divara yapışdırmağa çalışdıq, ancaq divar hər halda arzumuzu bəyənmədi ki, qəpiyimiz yapışmadı. Bununla da Şəki səfərimizi başa vururuq. Üç günlük gəzintidən sonra Şəkini unutmağın mümkünsüzlüyünü qəbul edirik. Bu şəhər birdəfəlik səfər üçün deyil. Buraya təkrar, təkrar qayıtmaq istəyirsən...

İlknur Salamova

Günel Səfərova






3 Mart, 2015  16:49 Baxılıb: 3377 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner