Onunla siyasətdən kənar çox movzuda danışdıq. Dediyinə görə belə müsahibə verdiyini xatırlamır. “Qeyri-siyasi” adlı layihəmizin qonağı milli məclisin deputatı, “Ədalət” partiyasının sədri İlyas İsmayılovdu. Söhbətə başlamazdan əvvəl “şəxsi həyatımla bağlı danışmağı xoşlamıram” desə də, həmsöhbətimiz söhbətin gedişatında bizi qırmayıb şəxsi həyatı barədə səmimi söhbət etdi.
- Siyasətdən başqa nəyə vaxt ayırırsız?
- Mən bağ evində yaşayıram, orada təsərrüfatla məşğul oluram. Ağaclara qulluq edirəm, göy-göyərti, tərəvəz əkib-becərirəm. Hərdən toyuq-cücəni də yemləyirəm.
- Ən çox sevdiyiniz məşğuliyyət nədir?
- Balıq tutmaq.
- Təbiəti sevirsiz deyəsən...
- Bəli, balıq tutmaq hobbimdi.
- Adətən harda balıq tutursuz?
- Demək olar ki, Azərbaycanın hər yerində. Balıq tutmaq məni hər yerə aparıb.
-Ovladığınız balıqları yeyirsiz?
- Əlbəttə. Özüm bişirdiyim hallar da olur, başqası bişirdiyi də.
- Belə çıxır ki, daha çox kənd həyatını sevirsiz.
- Düzdür, amma şəhəri də sevirəm.
- Şəhərdə nələri sevirsiz?
- Şəhərin öz xüsusiyyətləri var. Orda daha çox böyük kitabxanaları, teatrı, mədəniyyət abidələrini sevirəm.
- Bəs dostlarla görüşməyi?
- Dostlarla da bərabər olmağı, ünsiyyət qurmağı xoşlayıram. Amma daha çox kitab oxumağı sevirəm.
- Dostlarınızla görüşəndə nə barədə söhbət edirsiz?
- Bizim yaşımız indi elədir ki, hər şeydən söhbət edə bilərik.
- Daha çox hansı janrda kitab oxuyursuz?
- Uşaq vaxtı dastan, hekayə, nağıl oxuyurduq. Sonradan hüquq fakültəsinə qəbul olduqda, yaxşı ixtisas almaq üçün hüquq ədəbiyyatını oxuyurdum. Üstəlik, daxili tələbatım artıq hüquqi ədəbiyyata, tarixi ədəbiyyata, siyasi fəlsəfi ədəbiyyata idi. O cür kitabları elə indi də oxuyuram.
- Mümkünsə, hüquqa olan istəyinizin hardan qaynaqlandığından danışardız.
- Tale elə gətirib ki mən uşaqlıqdan atamı görməmişəm. Atam polis işçisi olub. Mən 6 aylıq olanda qulluq vəzifəsinin icrasında həlak olub. Atasız uşaqda psixoliji proses daha tez böyüyür. Görəndə ki, atası həmyaşıdın olan uşağının üzündən öpdü, başını sığalladı, amma səninki yoxdu, niyə belə olduğu səni düşündürür. Odur ki, mən uşaqlıqdan çalışmışam müstəqil adam olum, kənar təsirlərə məruz qalmayım. Xatırlayıram ki, biz uşaq olarkən “döymə” dəbdə idi. Uşaqlar “döymə” ilə əllərinə, qollarına şəkil çəkdirirdilər, valideyinlərə olan sevgilərini bildirmək üçün ana-ata yazıdırırdılar. Mən belə şeylərdən uzaq oldum. Fikirləşirdim ki, kasıbın bir yolu var – oxumaq, öyrənmək və qabağa getmək. Hüquqşünas olmaq istəyim görmədiyim atamdan qaynaqlanıb. Hələ o vaxt atamın ölümü ilə əlaqədar çoxlu söhbətlər gedirdi. Tərifləyirdilər ki, çox cəsarətli, qorxmaz idi.
- Musiqiyə olan marağınız hansı çərçivədədi?
- Musiqini çox sevirəm, amma o qədər vaxtım yoxdu ki, özümü ona həsr edim. Daha çox klassik musiqilərimizi dinləyirəm.
- Müasir estradaya münasibətiniz necədi?
- Bu yaşda estradaya qiymət verməyim düzgün olmazdı.
- Vaxtınız olduqda daha çox kimləri dinləyirsiz?
- Vaxtıyla sevdiyim musiqiləri kasetə yazdırmışdım. Həmişə, xüsusilə də ezamiyyətə gedəndə oxutdururdum. Sonra kasetimi bir nəfər oğurladı. Orada Rəşid Behbudovun “Ana”, Flora Kərimovanın “Yaşa”, Gülağa Məmmədovun “Ana Kür” Şövkət Ələkbərovanın “Dərələr” və başqa mahnılar vardı.
- Nəvələrinizlə vaxt keçirirsiz?
- Üç nəvəm var – 2 qız, 1 oğlan, yaşları azdı. Amerikada yaşayırlar. Ancaq yayda gəlirlər. Gələndə vaxtımın çoxunu onlarla keçirməyi üstün tuturam. Nəvəyə olan sevgini ifadə etmək bir az cətindi. Hələ baba olmadığım vaxtlar idi. Gürcüstanın prokuroru vardı, Bakıda keçirilən tədbirlərin birinə gəlmişdi. Şəhəri gəzərkən gördüm ki, nəvəsi üçün nəsə hədiyyə axtarır. Ondan soruşdum ki, nəvəyə olan məhəbbət necə olan bir hissdi? O, çox məzəli bir cavab verdi, dedi ki, bilmirəm bu nə məhəbbətdi, sanki insanı dəli edən şizofreniyadı (gülür). Nəvələrim doğulandan görməmişdim. Ancaq telefonda danışmışdıq. Ötən il gəldilər. Aeroportda nəvəm məni görəndə, sanki tanıyırmış kimi, qaçıb qucaqladı. Bu, həqiqətən də, başqa bir hiss idi. Soruşdum ki, kiməm mən? Dedi, atamın atası. Yəqin şəkildə görüb.
- İki oğlunuz var, elə deyilmi?
- Bəli, 44 və 43 yaşları var. Çox təəssüf ki, qızım yoxdu.
- Niyə təssüflənirsiz?
- Çünki qız övladı ailəyə yumşaqlıq gətirir.
- Sənət seçməkdə siz onlara yol göstərmisiz, yoxsa özləri?
- Xeyir. Mən istəyirdim onlardan biri həkim, digəri hüquqşunas olsun. Yəni valideynlərinin peşəsini davam etdirsinlər. Anaları həkim-elmlər doktoru, professordur. Leninqradda oxuyub. Aspiranturanı da orada bitirib. Amma övladlarımın ikisi də hüquqşunaslığı seçdilər. Böyük oğlum Etimad Leninqrad Universitetinin hüquqşünaslıq fakültəsini bitirdi. Kiçik oğlum Mətin isə Moskva Universitetinin hüquq fakultəsini bitirib. Sonra test üsulu ilə imtahan verdi və eyni vaxtda 3 universitetə qəbul oldu. Nyu-Yorku seçdi. Oranı bitirəndən sonra mənə məktub yazdı ki, burda 2 müəllim mənim xətrimi çox istəyir. Mənə deyirlər sən çox savadlısan, yüksək amerika təhsili alıb getməlisən. Onlar məsləhət görürlər ki, Kolumbiya universitetinə qəbul olum. Mən də məktuba cavab olaraq razılıq verdim. Gürcüstanın prezidenti Saakaşvili ilə bir yerdə oxuyub.
- Gəlinlərinizi sizmi secmisiz, yoxsa oğullarınız özləri sevib-ailə qurublar?
- Özləri seçiblər. Mənim nə ixtiyarım var ki (gülür)? Övladlarımı çox istəyirəm. Demək, onların seçimlərinə hörmətlə yanaşıb gəlinlərimə hörmət etmək mənim borcumdur.
- Ən çox hansı verlişləri izləyirsiz?
- Daha çox idman proqramlarını – xüsusilə futbolu izləməyi çox xoşlayıram.
- Elə isə dünya çapında və ya Azərbaycanda hansısa komandaya azarkeşlik edirsiz yəqin?
- Ümumiyyətlə, yaxşı komandanın oyununa baxıb ləzzət alıram. Azərbaycan daxilində “Qarabağ” komandasına azarkeşlik edirəm. Bu da onun adına görədir. Arzu edirəm bu komanda beynəlxalq arenaya çıxsın, hamı görsün. İdmandan əlavə daha çox xəbərlərə baxıram. Ən çox Rusiya kanallarını izləyirəm. Əyləncəli verilişlərə baxmağa vaxt ayırmıram.
- Özünüz necə, idmanla məşğul olursuz?
- Ciddi məşqul olmamışam. Universitetdə oxuyanda boyum hündür olduğundan məni basketbola yazmışdılar. İndi yeriməyi çox sevirəm. Əlacım olsa heç bir nəqliyyatdan istifadə etmərəm.
- Sağlamlığınızın qayğısına neçə qalırsız, pəhriz saxlayırsız?
- Belə bir qayğım yoxdur, bircə deyə bilərəm ki, günorta çörək yemirəm.
- Kompüterdən istifadə edirsiz?
- İnternetə girib xəbərləri oxuyuram.
- Bir çox həmkarınız sosial şəbəkələrin istifadəçiləridir. Siz necə?
- Səhv etmirəmsə, mənim də olmalıdır, amma istifadə etmirəm. Vaxt çatdıra bilmirəm.
- Səyahətə münasibətiniz necədir?
- Yaxşıdır. Ancaq bu vaxta kimi hansısa ölkədə dincəlmək məqsədiylə olmamışam. Hamısında işlə bağlı olmuşam.
- Hansı müğənninin konsertinə getmək istərdiz?
- İndi kiminsə konsertinə getmək arzusunda deyiləm. Yəni, o dövrüm çoxdan keçib.
- Həyat yoldaşınızla tanışlığınız necə olub?
- Bunu demək istəmirəm. Ancaq onu deyə bilərəm ki, özüm sevib-seçib ailə qurmuşam. Həyat yoldaşım Zəkəriyyə xanım tibb elmləri doktorudur. Bu gün mənim üçün həyatda ondan əziz adam yoxdu. Övladlarımı, nəvələrimi də çox istəyirəm. Amma həyat yoldaşım mənə daha əzizdir. Çünki o, övladlarımın anasıdır. Mən öz anamı da hər kəsdən çox istəmişəm. Bu dünyada bircə anama borcum var...
- İslamı necə anlayırsız?
- Allaha inanan insanam. Bu, uşaq vaxtından anam tərəfdən mənim ürəyimə, beynimə yeridilən bir fikirdi. Mən hesab edirəm ki, din insanın daxili təminatı üçündü. Allaha inanmaq lazımdı. Amma bunu, bəziləri kimi, nəyinsə xatirinə birüzə vermək lazım deyil!..
Azər Nəsibov