Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dilarə Səlimova: “Televiziya aparıcısı olmaq istəmirdim” – MÜSAHİBƏ

Uşaqkən gimnastikaya, rəqsə getsə də ən böyük arzusu jurnalist olmaq olub. Öz sözü ilə desək, tale onu bu sənət üçün yaradıb. Ancaq orta məktəbi bitirəndə atası onun bu arzusuna qarşı çıxır. Universitetin Alman dili fakültəsində oxuyarkən, Almaniyaya getməsin deyə atası sənədlərini televiziyaya verməsini məsləhət görür. Beləcə ilk arzusu da reallaşır. Təsadüflərə inanmasa da həyatı təsadüflərlə dolu, Azərbaycanın ilk tok-şou müəlliflələrindən olan diktor və aparıcı Dilarə Səlimova “Tele-sima”nın qonağıdır.  

- İlk olaraq, uşaqlığınızdan bəhs edərdiz.
- Valideylərim Qəbələ rayonundandır. Buna görə, bütün yay tətillərini Qəbələdə, nənəmlə babamla keçirmişəm. Bizim orda bir bağımız var, yayı təbiətin qoynunda – şabalıd ağaçlarından ibarət bağımızda olardım. Bakıda “Dostluq” kinoteatırının yanında yaşayırdıq. Nəsimi rayonundakı 151 nömrəli məktəbin rus bölməsində oxumuşam. Atam inşaatçı-mühəndis idi. 1974-1975-ci illərdə onu Monqolustana göndərmişdilər. Biz də atamla getmişdik. Biz gedəndə orada yurd var idi. Monqollar yurdda yaşayırdılar. Sonra orda şəhər salmağa başladılar. Onda qardaşım balaca idi, mənimsə məktəbə getmək yaşım çatmışdı. O vaxt konsulluğun içində rus məktəbi vardı, məni o məktəbə qoydular. Orada 5 il yaşadıq, baxçaya və məktəbə orada getdim. Atamın 5 illik müqaviləsi bitdi, ondan sonra qayıdıb gəldik Bakıya. Qayıtdıqdan sonra burda 151 nömrəli məktəbdə təhsilimi davam etdirdim. Sonra universitetə qəbul olundum. Xarici dillər universitetində alman ədəbiyyatından tərcüməçilik fakültəsini açanda, ora ən birinci daxil olanlardan bir də mən oldum. İkinci  kursda oxuyarkən təhsilimizi davam etmək üçün bizi Almaniyaya  göndərirdilər. Evdə atam icazə vermədi. Dedi ki mən səni 5 illik Almaniyaya göndərə bilmərəm.

- Niyə? Qorxurdu ki, Almaniyaya gedər, sonra Azərbaycana qayıtmazsız?

- Yox inanmıram ki, elə düşünüb. Sadəcə fikirləşirdi ki, qız uşağı ailə qurmayıbsa, uzaqda oxumamalı, ailəsinin yanında olmalıdır. İndi mənim iki qızım var və atamı yaxşı başa düşürəm. Bəzən qızlarım mənə deyirlər ki, bizə çox təzyiq edirsən. Bizi sərbəst buraxmırsan, təkcə harasa gedib-gəlməyə qoymursan. Mən də onları başa salıram ki, belə görmüşəm. Məsələn, qardaşım məndən balaca olsa da, daha sərbəst, rahat olub. Yuxarı siniflərdə oxuyanda şəhərdə özü sərbəst hərəkət edə bilib. Mən 9-cu 10-cu sinifdə oxuyurdum, amma harasa getmək lazım olanda anamla gedirdim.

- Belə çıxır ki, sizə qarşı göstərilən o basqılara hardasa haqq qazandırırsız...

- Həm hə, həm də yox (gülür). Bu yəqin mənə də genetik olaraq keçib deyə indi də mən eyni şeyi qızlarıma qarşı tətbiq edirəm. Özüm də başa düşürəm ki, əslində sərbəstlik olmalıdır. Çünki sabah onlar böyüyüb yad yerə düşəndə çaşıb qalmasınlar. Məntiqlə, ağılla bunu başa düşürəm, amma yenə də ürəyim onların yanında qalır. Bu səbəbdən onları harasa tək buraxmıram, buna cəsarət etmirəm, özüm də onlarla gedirəm...

- Bəs sizi bu qədər qoruyan valideynləriniz nə əcəb televizyaya getməyinizə razı oldular?

- Almaniyaya getmək üçün müxtəlif imtahanlardan keçmişdim. Ora hər kəsi göndərmirdilər. Bir neçə turluq imtahan keçirilirdi. Getmək istəyənlərin bilik, xarici dil və digər intellektual səviyyəsi yoxlanılırdı. Bunlardan keçdim, ancaq evdə dedilər ki, getmək olmaz. Onda valideynlərimdən çox incidim. O məqamda televiziyada aparıcı müsabiqəsinin keçirilməsi ilə bağlı elan verildi. Atam da başımı qatmaq üçün dedi ki, get iştirak elə, bax, gör necə maraqlıdı. Vacib deyil ki, Almaniyaya gedəsən. Burada özünü sına.

- İçinizdə jurnalist olmaq həvəsi, bu sahəyə sevgi vardı?

- Doğrusu, əvvəllər jurnalist olmaq istəmişdim. Onda da atam deyirdi ki, jurnalist olub əlində mikrofon düşəcəksən küçələrin canına? Bundansa, get müəllimə ol. Məni jurnalist olmağa qoymadı. Bu məqamda isə dedi ki, sən jurnalist olmaq istəyirdin, mən qoymadım. İndi əlində fürsət var, get, müsabiqədə iştirak et. Bilmirəm başımı qarışdırmaq, ya fikrimi yayındırmaq üçündü–nə idisə, elə o fikirlə getdim. Düzü, məndə belə bir həvəs olmayıb ki, televiziyada aparıcı olum. Sonralar atam “hər kəsin niyyəti hara, mənzili də ora”dı deyirdi.

- Müsabiqədə iştirak etdiz?

- Azərbaycan üçün belə deyək, çox ağır illər idi. 1990-cı il yanvar hadisələri olmuşdu. Həmin ilin yayında aparıcılıq müsabiqəsi keçirdilər. Hardasa 200 nəfərə yaxın iştirakçı vardı. Seçimlər 3 tur oldu. 1-ci turda xarici görünüşə, 2-ci turda mikrofona səsin düşüb-düşmədiyinə, 3-cü turda isə kamera qarşısında görünüşümüzə baxırdılar. 200 nəfər arasından 5 nəfər seçildi. Rafiq Həşimov, Kəmalə Əziz, Etibar Rəhimli, Elşən  Qələndərli, bir də mən keçdim. Elşən sınaq müddətində işlədi, sonra onu təsdiqləmədilər.

- Münsiflər kimlər idi?

- 12 nəfər idi. Təzə içəri daxil olanda Rafiq Hüseynov və Roza Tağıyeva ilə tanış olduq. Onlar səhnədə əyləşmişdilər biz də zaldan daxil olub mikrafona yaxınlaşırdıq. Səhnədə elə birinci onları gördüm. Baxmayaraq ki 12 nəfərlik böyük bir komissiya oturmuşdu. İlk olaraq onları gördüyümdə istər-istəməz tutuldum. Onların qarşısında danışmaq çox çətin idi. Birinci turda az adam “ələndi”. İkinci turda səs yoxlanıldığından çox iştirakçı keçə bilmədi. Üçüncü turda kameranın qarşısında əyləşdik. Hərəyə bir mətn verdilər və onu oxuduq. Beləcə, 5 nəfər seçildik. O 5 nəfərdən hazırda Rafiqlə mən işləyirik.

- Əsasən, işəgötürmə prosesində qohumluq, tanışlıq nəzərə alınır...

- O prosesin içində gördüm ki, doğrudan da bu işə çox ciddi yanaşırlar. Bəzi məqamlar vardı ki, orada adamları, qohumları var idi. Amma işə götürmədilər. Çünki 30-a qədər yaş həddi qoymuşdular. Onda anladım ki, seçimlərə çox ciddi yanaşırlar. Başqa kanalları deyə bilmərəm, AZTV-də hər il müsabiqə ilə işə götürürlər və proses bu gün də davam edir. Bizim yeni nəsil aparıcılarımızın hamısı müsabiqədən keçərək gəliblər.

- İlk olaraq efirə xəbər aparıcısı kimi çıxmısız?

- Başlanğıcda proqramdan başlayırdıq. Başqa verilişlərə, xəbərlərə gəlib çatmaq bir az çətin idi. Mən işə başlayanda xəbərləri Roza xanım və Rafiq müəllim aparırdı. Sonra biz də verlişlər hazırlamağa başladıq. İlk sərbəst müəllif kimi hazırladığım veriliş kinoyla bağlı idi. “Kinofakt” birinci müəllif verilişimdi. Ssenarisini də özüm yazmışdım. Montajda da verilişi rejissorla birgə yığırdıq. Ondan sonra artıq böyük verilişləri hazırlamağa başladım.

- AZTV-dən ABA-ya getməyinizin səbəbi nə idi?

- Maraqlı verliş hazırlamaq imkanı. O vaxt heç bir kanalda tolk-şou yox idi. Mənə tolk-şou hazırlamaq təklif olundu. Düşünün ki, oturub xəbər oxuyursuz və sizə kimsə deyir ki, gəlin, belə sərbəst, müstəqil bir veriliş hazırlayın. Hansını seçərdiz?  Əlbəttə ki, harada yaradıcılıq, iş, maraqlı proses varsa, onu. Mən də bu səbəbdən ABA-nı seçdim.

- Bir ara ölkəni tərk edib televiziyadan uzaqlaşdız...

- ABA bağlanandan sonra “İnternews”da çalışdım. Orada bir müddət maraqlı layihə olan “Media və mən” verilişinin aparıcısı oldum. Sonra  televiziyadan uzaqlaşdım. Səbəbi yoldaşımın işlə bağlı Türkiyəyə getməsi oldu. Ailənin bir yerdə olması lazım idi və buna görə İstanbula köçdük. Beş il orda yaşadıq..

- Sonra yenə AZTV-yə ...

- Ölkəyə qayıdandan sonra əslində işləmək fikrim yox idi. Ancaq özəl kanallardan təkliflər gəlirdi. Sonra AzTV-dən çağırdılar. Bir vaxtlar səhər proqramını aparırdım. Yenidən həmin proqrama dəvət etdilər. Dedilər, proqramın formatını dəyişmək, yeniləmək, tamam başqa bir formada görmək istəyirik, həvəsləndim. Bir müddət səhər proqramını apardım. Sonra tok-şou hazırlamaq təklif etdilər.

- Eşitmişik ki, həyat yoldaşınız çox qısqancdı...

- (Gülür) Çox qısqanc deyil. Sadəcə azərbaycanlıdı da. Həm də uzun müddət Almaniyada yaşayıb, Moskvada təhsil alıb, sonra vətənə gəlib. Almaniyada zaman anlayışı var. Orada işdən sonra, işlə bağlı zəng etmək mədəniyyətsizlik sayılır. Buna görə, axşam zəng edəndə başlayır soruşmağa ki, niyə bu vaxtı zəng edirlər? Deyir, gecə saat 10-da 11-də yalnız çox yaxın bir adam və ya vacib bir iş üçün zəng edərlər.

- Sevərək ailə qurmusuz?

- Təbii ki.  Həyat yoldaşımla ümumi tanışlığımız, qohumluğumuz yox idi. Məni televiziyada görmüşdü və bəyənmişdi. Zəng edirdi, tanış olmaq istəyirdi. Təbii ki, o vaxtlar sevgi ilə bağlı zənglər çox olurdu. Mən də çox mədəni şəkildə “çox sağ olun”- deyib, telefonu qapadırdım. Bir dəfə yenə zəng gəldi. Telefondakı adam dedi ki, mən sizi çox bəyənirəm. İki-üç dəfə zəng elədi. Sonra dedi ki, bəs mən sizinlə tanış olmaq istəyirəm. Dedim ki, tanımadığım insanlarla nəinki tanış ola bilərəm, hətta telefonla da danışa bilmərəm. Bir müddət sonra gəldi televiziyanın qarşısına. İşdən çıxanda mənə yaxınlaşdı. Özünü təqdim edib dedi ki, bəs sizə  zəng edən mən idim. Təsəvvür edin: televiziyanın qarşısında kimsə çıxır qarşınıza, qaçmayacaqsız ki (gülür)... Dedi ki, heç olmasa icazə verin avtobus dayanacağına qədər sizi ötürüm. On dəqiqəlik yol olduğu üçün razılaşdım.

- O, söhbət edirdi, siz qulaq asırdız?

- Bəli. Səmimi deyirəm ona yazığım gəldi. Çünki həmin gün hava çox soyuq idi. Düşündüm ki, bu adam burada–qapının ağzında nə qədər dayanıb, məni gözləyib. Mənə elə gəldi ki, hətta o, soyuqdan göyərmişdi. Bu qədər dayanıb məni gözləyən insana üz çevirib, getmək mədəniyyətsizlik olardı. Dedim heç olmasa dayanacağa qədər söhbət etməsinə imkan verim.

- Demək ki, yaralı yerinizi tapıb?

- Bəli, bəli. Səhər yenə zəng etdi televiziyaya. Sonra dedi, “olar mən sizi evə qədər ötürüm?” Söhbət etdikcə, telefonla danışdıqca münasibət quruldu.

- Deyəsən o da sizin xoşunuza gəlib?

- İlk görüşdə yazığım gəlsə də, sonradan xoşuma gəldi.

- Gec ailə qurduz?

- Yox, 1997-ci il martın axırlarında tanış olmuşduq, həmin ilin iyul ayında toyumuz oldu. Amma ümumilikdə mən gec, yəni 28 yaşımda ailə qurmuşam.  Sonradan bildim ki, onun bacısı uzun müddət,  məndən də əvvəl bizdə işləyib.

- Sonralar sizin televiziyada işləməyinizə qarşı çıxmadı ki?

- Mənim yadımdadı ki, o, birinci dəfə atamla söhbət edəndə atam ondan soruşdu ki, bax, qızım neçə müddətdi televiziyada işləyib. Sən də televiziya vasitəsiylə onu tanımısan. Evləndikdən sonra deməyəcəksən ki, işləmə? Söz verdi ki, onun işinə qarışmayacam.

- Həyatda ən çox nəylə bağlı təəssüf hissi keçirmisiz?

- Rəssam olmadığıma təəssüflənirəm. İndi də məşğul oluram. Mən çox istəyərdim ki,  peşəkar rəssam olum. Çünki bacarığım var idi. Düşünürdüm ki, məktəbi bitirəndən sonra Salvador Dali kimi rəssam ola bilməyəcəm, adi rəssam olmaqdansa, başqa sahəni seçsəm daha yaxşıdı. Həm də zamanla fikirlər, münasibətlər dəyişir. Yuxarı sinifdə artıq dünyanı başqa cür görməyə başladım. Jurnalistikaya maraq göstərdim. Ancaq indi də yağlı boyalarla rəsm çəkirəm.

- Günümüzdə televiziyaların problemini daha çox nədə görürsüz?

- Ümumiyyətlə, düşünürəm ki, bu gün televiziyaların başlıca problemi ondan ibarətdir ki, əvvəllər televizayalar insanları savadlandırmağı, maarifləndirməyi əsas məqsəd kimi qarşıya qoyub, bu amala xidmət edirdilərsə, indi artıq bu funksiyalarını itirirlər. Çünki indi şoulara çox meyil göstəririk. Bəzi canlı verilişlər olur ki, bu da xoş təsir bağışlamır. Yəni televiziya verilişlərinin çoxu məişət səviyyəsinə düşür. Mən çox təəssüflənirəm. Yəqin ki, indi zəmanə belədi. Çünki bütün kanallarda bu cür verilişlər var. Kanallar da bu layihələrin əksəriyyətini digər kanallardan, hətta Amerika və İngiltərə kanallarından götürürlər. Ən ali televiziya kanallarından başlayaraq adi əyalət televiziyasına qədər hər kəs çalışır ki, tamaşaçının diqqətini yalnız qalmaqalla cəlb etsin. Amma məncə, qalmaqal salfet kimi bir şeydi. Yəni gündəlik istifadə edilir və tamamilə unudulur. İstərdim ki, elə verilişlər olsun ki, unudulmasın.

- Bəs ən çox hansı kanalları izləyirsiz?

- Daha çox “National Geography” kanalını izləyirəm. Orada sənədli filimlər çox göstərilir və mən elə filimlərə baxmağı çox sevirəm. Hansısa hadisələrlə bağlı sənədli və ya müxtəlif ixtiralara aid elmi filmlər baxıram.  AZTV-yə baxıram. İnformasiyam olsun deyə özəl kanalların xəbərlərini izləyirəm.

- İnternetlə aranız necədir? Nələri izləyirsiz internetdə?

- İnternetdə vaxtım olmayanda izləyə bilmədiyim sənədli filimlərə baxmağa çalışıram, maraqlı müsahibələr oxuyaram. ORT kanalında gedən “Podium” verilişini xoşlayıram. Əgər verilişi vaxtında izləyə bilmirəmsə, onda internet vasitəsi ilə izləyirəm.

- Serialları izləyirsiz?

- Serialları indi başlayacaq deyə gözləmirəm. Televizora baxarkən serial başlayırsa izləyirəm. Bəzi serialları–CNBC-nin çəkdiyi serialları, ingilis kanallarının çəkdiyi məhşur kriminalistlərdən bəhs edən seriaları xoşlayıram və böyük həvəslə izləyirəm.

- Televiziyada başınıza gələn maraqlı hadisə olubmu?

- “Kinofakt”ı təzə-təzə çəkməyə başlayanda biz bir filmin çəkilişinə getmişdik. Çəkiliş meydanında at arabası dayanmışdı. Mən də daha maraqlı görünsün deyə atın başını sığallamağa başladım. Fikrim kamerada qaldığından atın əlimdəki əlcəyi çeynəməsinə fikir verməmişdim. Bu, çox yaddaqalan və gülməli hadisə idi...

Elmar Hüseynov






6 Fevral, 2015  17:02 Baxılıb: 5379 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner