Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Polad Bülbüloğlu: “Bu, bəstəkar üçün böyük xoşbəxtlikdir”

Uşaqlığım onun mahnılarını dinləməklə keçib. “Mən mahnı qoşuram”, “Qorxma mən səninləyəm” filmlərinə hər dəfə həvəslə baxmağımın səbəbi daha çox həmin filmdə səslənən mahnılar idi. “Uşaqlığın son gecəsi” filmindəki “Gəl ey səhər” mahnısı isə nəinki mənim, mahnını eşidən hər kəsin sevimli musiqisidir.  Uzun illər Azərbaycanın Mədəniyyət naziri vəzifəsində çalışan, hazırda Azərbaycanın rusiyadakı səlahiyyətli səfiri, respublikanın xalq artisti Polad Bülbüloğlunun doğum günündə onunla müsahibəmizi sizlərə təqdim edirik.

- Polad bəy, Azərbaycanın Rusiyadakı səfiri kimi ölkəmizi kənardan necə müşahidə edirsiz?

- Azərbaycanın nailiyyətləri göz qabağındadır. Bir səfirlik olaraq bu nailiyyətləri Rusiyaya çatdırmaq üçün əlimizdən gələni edirik. Mən artıq 3 ildir həm də MDB ölkələrinin Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədriyəm. Deyə bilərəm ki, MDB məkanında Azərbaycan çox böyük addımlarla irəliləyir və inkişaf edir. Məsələn, paytaxtda, digər şəhər və rayonlarımızda aparılan abadlıq işləri burdan ora gedənləri sözün yaxşı mənasında təəccübləndirir. Onlar da Azərbaycanın inkişaf etdiyini, gözəlləşdiyini vurğulayırlar və hətta digər Avropa ölkələri ilə müqayisə edirlər. Cənab Prezidentimiz tam müstəqil bir siyasət aparır. Bu gün Azərbaycan əsl müstəqil kursu həyata keçirməyə qadirdi və mənim təcrübəmə inanın ki, bu heçdə asan deyil. Ölkələr arasında da müəyyən rəqabət, təzyiq mexanizmləri var və bu mexanizmlərdən heyiflər olsun ki, böyük ölkələr tez-tez istifadə edirlər. Amma Azərbaycan çox mərd şəkildə bütün təzyiqlərin qarşısında dayanır və öz müstəqil siyasətini, yəni milli maraqlarını qorumaq, milli inkişafı həyata keçirtmək üçün bütün addımları atır.

- Sizin musiqilərinizi dinləyərək böyümüşük. Amma nədənsə son vaxtlar ifanızda yeni mahnılar eşitmirik.

- Heyf ki, yeni mahnılar yazmağa imkan, vaxt  yoxdu. Üstəlik, mahnı bəstələmək üçün xüsusi mühit və əhval olmalıdır. İşlərimin çoxluğu ilə əlaqədar mahnı yazmağım çətindir. Rusiya çox böyük ölkədir. Moskvanın özündə 170-dən artıq səfirlik var. Hər gün demək olar ki, hansısa ölkənin bayramıdır və ya prezidenti, baş naziri, xarici işlər naziri gəlir, tədbirlər keçirilir, səfirlər kolleqaları dəvət edir. Burda da belədir ki, sən getməsən, sənin də çağırdığın yerə gəlməzlər. Mən də Azərbaycanı təmsil etmək üçün bütün tədbirlərə qatılmağa çalışıram. Bizim Moskvada böyük diasporumuz fəaliyyət göstərir və çoxusu artıq Rusiya vətəndaşlarıdırlar. Amma Azərbaycan vətəndaşları da var ki, bura təzə gəliblər. Moskvada qalmaq, iş üçün icazə almaq istəyirlər. Heyf ki, diasporda birlik yaratmaq olduqca çətindir və nə qədər çalışsaq da, hələ buna nail ola bilməmişik. Ürək ağrısı ilə bunu deməliyəm ki, regionçuluq burda da özünü büruzə verir.

- Əsas problem yəqin ki elə regionçuluqdur...

- Çox qəribədir ki, bunu burda da davam etdirirlər. Azərbaycanda nə qədər yeni iş yerləri, mərkəzlər açılır, yeni məktəblər, xəstəxanalar tikilir. Amma yenə də bura gələnlər çoxdu. Bizə də iş üçün müraciət edənlər var. Azərbaycanlıyıq, hamımız insanıq, çalışırıq ki, kömək edək.

- Korifey sənətkar, atanız Bülbülün mahnılarından ibarət diskiniz çıxdı...

- Bəli, atamın ifa etdiyi xalq mahnılarını simfonik orkestr üçün işlədim. İşin nəticəsindən çox razıyam. Çünki keyfiyyətli alınıb. Bundan başqa “Qorxma, mən səninləyəm – 2” filmi üçün mahnı bəstələmişəm. O mahnını Eldar Qasımovla ifa edəcəyik. Eldar üçün də ayrıca mahnı yazmışam.

- Mahnılarınız nəinki Azərbaycanda, hətta başqa ölkələrdə də sevilir. Türkiyədə olarkən oranın bir neçə müğənnisi sizin mahnılarınızı ifa etmək istədiklərini bildirdilər. Bununla bağlı bir addım atmağı düşünürsüz?

- Təbii ki, hər bir bəstəkar üçün başqa ölkədə tanınmaq, mahnılarına tələbat duyulmaq xoşdur. Bu, həm də Azərbaycan mədəniyyətinə, musiqisinə maraq, rəğbətdir. Bildiyiniz kimi, bizim bir çox özünə ulduz deyən ifaçılarımız çalışırlar ki, Türkiyə şou-biznesinə girsinlər. Amma orada müəyyən çətinliklər var. Mən üzərimə belə məqsəd qoymamışam. Lakin bilirəm ki, Türkiyənin radiolarında mənim mahnılarımı səsləndirirlər. Bir dəfə İstanbulda taksidə  gedərkən mahnım səslənirdi. Elə bildim sürücü disk qoyub. Söhbət zamanı oxuyanı tanıdığını dedi, bildirdi ki, bu oxuyan əvvəl nazir olub. Sonra əlavə etdi ki, diskini heç yerdə tapa bilmirik. Əvvəl özümü tanıtmadım, sonra maşından düşəndə: “Oxuyan mənəm”, -  dedim. Türk müğənniləri ilə işbirliyinə gəldikdə, Şəbnəm Fərahla “Gəl, ey səhər” mahnımı duet oxuduq və çox uğurlu alındı. Fatih Erkoç onu ingilis və türk dillərində oxudu. Zara adında müğənni də oxuyub və öz albomuna salıb. Sevindirici hal odur ki, gənc nəsil də bu mahnıları oxuyur. Bu yaxınlarda Türkiyənin ATV kanalında “Bir şarkısın sen” müsahibəsində yeniyetmə Şəbnəm Keskin mənim mahnımla birinci yer qazanıb. Lakin indidən daha hansısa müğənni ilə işbirliyi quracağım haqda qabaqcadan heç nə deyə bilmərəm.

- Şəbnəm Fərahı duet ortağı kimi siz seçmişdiz?

- Bəli, diski hazırlayarkən qərara gəldim ki, bir duet də olsun. Duet ortağı seçmək üçün təqribən 40-50 CD gətirdilər. Bir çoxuna qulaq asdım. Sona yaxın Şəbnəm xanımın səsini dinlədikdə qərara gəldim ki, onunla duet oxuyum. Şəbnəm onda gənc idi. Türkiyə tərəfi onun rokçu olduğunu bildirib məsləhət görmədilər. Lakin mən onunla oxumaq istədiyimi təkid etdim. Mahnını ona göndərdilər. Qulaq asıb demişdi ki, mənim janrım deyil, amma məmnuniyyətlə oxuyaram.

- Artıq Azərbaycanda yeni evlənən cütlüklərə sanki xeyir-dua verirsiniz, toylarda demək olar ki, tez-tez sizin “Toydan sonra düzələr” adlı mahnınız səslənir.

- Buna çox sevinirəm. Digər mahnılarım məsələn “Dilin can incidəndir”, “Ayrılıq” və başqaları sanki xalq mahnılarına çevrilib, el şənliklərində oxunur. Azərbaycan xalqının el şənliyi kimi adət-ənənələri inkişaf edir. Amma təəssüf ki, bəzən toyu konsertə çevirirlər. Ya da 1000 nəfər adamı çağırırlar, musiqinin səsini də elə qururlar ki, yanaşı oturduğun adamla söhbət edərkən nə deyildiyini eşitmirsən.

- Bizim müğənnilərin də əksəriyyəti mahnılarınızı ifa edirlər. Bacaran da bacarmayan da, onların ifasında mahnılarınızı eşitmək xoşunuza gəlir?

- Sizə bir sirr açım, hər bir bəstəkarın xoşuna gəlir ki, mahnıları müğənnilər tərəfindən ifa edilsin. Bu, bəstəkar üçün ən böyük xoşbəxtlikdir, təki ifa etsinlər.

- Bu gün şou-biznesimizin düzgün istiqamətdə olduğunu deyə bilərsiz?

- Bu, çox təhlükəli bir sualdır... 6 ildir ki, Moskvadayam, ona görə də, bəzi proseslərdən uzağam. Düzü, konsert proqramlarına baxmağa imkanım yoxdu. Azərbaycan kanallarında ancaq xəbərləri izləyirəm. Bir də “Mədəniyyət” kanalında bəzi maraqlı verilişlərə baxıram. Ona görə də şou-biznesimizin hansı istiqamətdə olduğunu deyə bilmərəm, təki inkişaf etsinlər. Sadəcə, bir ağrılı məsələ var ki, hər yerindən duran oxuyur, mahnı bəstələyir. O vaxt bədii şura olanda belə nüanslara diqqət edirdilər. İndi təəssüf ki, diqqət etməyə imkan yoxdu. Hərdən bizim şou-biznesimizdə gülməli hadisələr baş verir. Bir də görürsən, özləri özlərinə titul verirlər. Sonra da o titulların həqiqi olduğuna özlərini inandırmağa çalışırlar. Bu, çox gülməlidir. Mədəniyyət və incəsənət nümayəndəsi nə qədər təvazökar olsa, bir o qədər də yaxşıdır.

- Həmişə pozitiv və formadasız. Bunun bir sirri varmı?

- Bir dəfə Mstislav Rostropoviç Bakıda olarkən bir jurnalist ona da bu sualı ünvanlamışdır. O da cavabında rusca: “Eto naverno papa s mamoy i bakinıskiy klimat”, - deyə cavab vermişdi (gülür). Mən də ona bənzər cavab olaraq demək istəyirəm ki, enerjili və formada qalmağım yəqin Qarabağ əsilli olmağım, Bakının küləyi və ana-atamdan irəli gəlir. Bu gün artıq 70 yaşım  var. Azərbaycan kişiləri yeməyi çox sevirlər. Məsləhət görərdim ki, bir az az yesinlər. Mən son illər az yeyirəm. Bu da özümü formada saxlamağıma kömək edir. Atam Bülbül də gəncliyində çox arıq olub. Ona Şuşada “Əyrəmcə” deyirdilər. O, 45 yaşından sonra kökəlməyə başlamışdır. Anamla həmişə zarafat edəndə qarnını göstərib deyirdi ki, bu diafraqmadır, qarın deyil. Mən demək olar ki, 43-45 yaşıma kimi çox yeyirdim, amma kökəlmirdim. Hətta bəzi dostlarım həsədlə məndən soruşurdular ki, sən bu qədər çox yeməyin qarşılığında nə əcəb kökəlmirsən? Amma sonra kökəlməyə başladım. Gördüm bu, təhlükəlidir, pəhriz saxlamağa başladım. Bundan başqa, idmanla da bir az məşğul oluram. Məsələn, həftədə ən azı 2 dəfə hovuzda üzürəm.

- Ümumiyyətlə, necə istirahət edirsiz?

- Dostlarımla görüşüb söhbətləşirəm. Bundan başqa, mən sürətlə maşın sürməyi xoşlayıram. Düzdür, Moskvada yolların tıxacında bu mümkün deyil. Amma Bakıda olanda bu arzumu hər dəfə həyata keçirirəm. Kitab oxumağı da çox sevirəm. Lakin təəssüf ki, bugünkü gündə buna vaxt tapmaq çətindir. İndi daha çox gündəlik mətbuatı oxuyuram. Təsəvvür edin, Rusiyada nə qədər sayt, qəzet, jurnal var. İşimlə əlaqədar onları oxumağa məcburam.

- Siz nazir postunda ən çox xidmət etmiş bir şəxssiz...

- Tam 18 il. Ruslar demiş: “Stolko ne jivut” (gülür). Sovet zamanından 2006-cı ilə qədər. Çox şadam ki, məndən sonra mədəniyyət naziri Əbülfəs Qarayev kimi bir insan oldu. Onun mədəniyyətimiz sahəsində gördüyü işlər təqdirəlayiqdir.

İradə Nurəddinqızı

 






4 Fevral, 2015  14:05 Baxılıb: 5249 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner