Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Hüquqşünas-aktyor Kamran Ağabalayev: “Heç bir film ya tamaşada diplom oynamır...”

“My Name İs İntiqam” və “Xoxan” yeni Azərbaycan kinosu deyil”

Simsar.az-ın budəfəki qonağı Türkiyədə çəkilən və maraqlı süjet xəttinə malik “Tərkedilmişlər” filminin baş qəhrəmanlarından biri Kamran Ağabalayev oldu. Onunla Azərbaycan kinosunda baş verənlər, nöqsanlar, yaradıcılıq və planlarından danışdıq.

- Əvvəlcə, tanışlıq üçün sənətə gəlişinizdən danışaq...

-30 yaşımda, yəni dörd il bundan öncə sənətə gəldim. Bu sənətə Samir Kərimoğlunun köməyi ilə gəlmişəm, bunu heç zaman danmaram. Bir aktyor kimi onunla işləmək çox rahatdır. Cavid Təvəkküldən də çox şeylər öyrənmişəm. ”Döngələr” filminə də onun dəvəti ilə qatılmışam. O mənə bədən dilinin, xüsusən də gözün nə qədər önəmli olduğunu öyrətdi. Bu illər ərzində Samir Kərimovun “Mən evə qayıdıram” Babu Qrebenkinin “Soyuq torpaq”, Xanlar Ağayevin “Qanun Naminə” filmlərində, Samir Kərimoğlunun isə “Alla Prima” novellasında çəkilmişəm. “Bakı mən səni sevirəm” layihəsində Koncalovski ilə birgə çalışmışıq. Son  olaraq da Türkiyədən aldığım dəvəti dəyərləndirdim. Düşünürəm ki, uğurlu da alındı.

- Aktyor təhsili almamısınız. Bildiyimə görə, ixtisasca hüquqşünasınız. Bunlar bir-birinə tamamilə yad sahələr deyil?

- Doğrudur, aktyor təhsilim yoxdur. Azərbaycanda bu təhsili almağı da düşünmürəm. Hər şey göz qabağındadır. Bu günki kino tamam başqa şeylər tələb edir ki, o təhsili də bizdə vermirlər. Master-klasslara gedəndə daha çox şey öyrənirik. Stivin Kinqin, Maşkovun və bir sıra sənət adamlarının dərsələrində olmuşam. Bilirəm ki, bu treninqlər mənə nəsə öyrədəcək. Buna zaman sərf etməyə də dəyər. Bu yaxınlarda ustad dərslərində iştirak etmək üçün Nyu-Yorkdan da dəvət almışam. Belə dəvətlər nə qədər çox olsa bir o qədər yaxşıdır. Çünki aktyor son günəcən təhsil alıb üzərində işləməlidir. Dərs öyrətmək şərt deyil, gərək özün də təhsilni artırasan.

- Birdən-birə hüquqşünas işinizdən imtina edib kino aləminə atıldınız. Bu maraq haradan yarandı?

- Nizami Rayon Məhkəməsində də işləmişəm. Ora təyinatla göndərilmişəm. Öz istəyimlə bu işi atıb DVD salon açdım. Bu  filmlərə olan marağımdan irəli gəlirdi. Həftəsonu yığışıb filmləri müzakirə edirdik. Demək olar ki, işim hər zaman kinemotoqrafiya ilə bağlı olub. Uşaqlıqdan da kinoya böyük marağım olub. Hələ o zamanlar bir çox filmlərdə kinoman kimi çıxış edirdim. Məktəbə gedəndən əlimə kağız qələm götürüb baxdığım kinolardakı nöqsanları qeyd edirdim. Bu öz təxəyülümə uyğun analizlər idi. Dedektiv filmləri də maraqla izləyirdim. Hətta bəzi filmlərin süjet xəttini də özüm üçün əvvəlcədən müəyyənləşdirirdim.

- Ustad dərslərindən söz düşdü. Sadaladığınız usatdlar xarici sənət adamlarıdır. Bəs Azərbaycan kino aləmində ustad olacaq kimlər var?

- Yerli kinoda 3-4 ad çəkmək olar. Onlardan biri Gənc Tamaşaçılar Teatrının aktyoru Qurban İsmayılovdur. Digərləri xalq artisti Laləzar Mustafayeva, rejissorlardan isə Cavid Təvəkküldür. Onların aktyorlarla çox gözəl işləmək bacarığı var.

-1990-cı illərin təlatümündən sonra kino sahəsində uzun illər büdrəmə oldu. Bəlkə bunun da təsiri var?

-Doğrudur, 1990-cı illərdə kino sahəsində uçurum oldu. On il ərzində film çəkilmədi. Hər kəs dolanışıq üçün gəlirli olacaq sahəyə qaçdı. 1990-cı illərin əvvəllərində Rusiyada da boşluq yaranmışdı. Bu gün Hollivud filmlərində çalışan rejissorların bir qismi də onlardır. Demək ki, rus kinematoqrafiyası özünü toparlaya bilib. Bir də ki, ölkəmiz çox böyük deyil, sayımız da azdır. Rusiyada əhalinin sayı filmin nə qədər gəlir gətirəcəyini göstəricisidir. Amma bizdə bu çətindi. Yəni bizim bazar da yeni formalaşır.

-2014-cü ili kinematoqrafiya üçün uğurlu hesab etmək olar?

- Bəli, 2014-ci il kino sənayesi üçün məhsuldar oldu. Qısametrajlı ”Sonuncu” filmi Kann Festivlında əsas proqrama daxil edildi. Öz yaradıcılığımla bağlı deyim ki, bu filmin ikinci rejissoruyam. 3700 film arasında ilk səkkizliyə daxil oldu. Bu 114 illik Azərbaycan kino tarixində Kannın proqramına daxil olan ilk filmdir. Tərpəniş var və əsas odur ki, çəkilsin, pis ya yaxşı... Nəzərə alaq ki, kino kollektiv sahədir, futbol kimi... Fərd olaraq iş görə bilirik, amma kollektivlikdə çətinlik yaranır. Hamı bilir ki, bizdə kadr çatışmamazlığı var. Bu həm rejissor, həm aktyor, həm də ssenaristlərə aiddir. Film çəkilişlərində peşəkar krançıya da ehtiyac var. Xarici ölkələrdə bu çatışmamazlıqlara görə filmi dayandıranlar olur. İşıq-səs rejissorları da çox azdır.

- Kino sənayesində texnikanın səviyyəsi necədir?

- Demək olar ki, Hollivudla eyni səviyədədir. Əslində yaxşı texnikanın olması şərt deyil. 15 il öncə Türkiyənin filmlərinə heç kəs baxmırdı. Amma indi dörd Kann Festivalından 3-ü türkiyəlilərdir. Çünki onlar daha çox insana, onun bacarığına üstünlük verirlər. Təəssüf ki, bizdə belə bir texnikanın arxasında dura biləcək insanlar azdır. Bir də bizdə qəribə bir yanaşma var, oxudu, diplom aldı, oldun aktyor. Heç bir film ya tamaşada diplom oynamır, sən oynayırsan. Danışmaq şərt deyil, əsas nümayiş etdirməkdir.

- Bu sahədə Mədəniyyət və Turzim Nazirliyinin işini necə dəyərləndirirsiniz?

- Film bütün dünyada öz-özünü dolandıran sahədir. Nazirlik 6-7 filmin pulunu verir. Bu da təxminən 6-7 milyondur. Az pul da deyil. Buna çoxlu film çəkmək olar. Nazirlik bundan artıq nə etməlidir ki? Bir də istərdim ki, özünü doğrulda bilən seriallar üçün vəsait ayrılsın.

- Nazirliyin edə bilmədikləri və ya etmək istəmədikləri nədir?

-Kadr çatışmazlığı ən əsas problemlərdən biridir. Bundan başqa film sənayesinin inkişafı üçün müəyyən tədris bölmələri açılsa daha yaxşı olar.

- Son olaraq çəkilən “Xoxan”, “My Name is İntiqam”dan danışaq. Deyirlər ki, bu filmlərdə çox bəsit gülüş var...

- “My Name İs İntiqam”, “Xoxan” yaxşı pul toplaya biliblər. Bildiyimə görə, “Xoxan” bir neçə Hollivud, türk filmini yerli kinoteatrlarda darmadağın edib. Bu filmləri çəkənlər dostlarımızdır. Orxan Mərdan, Zaur Mirzəzadə və digər dostlarımız  daxili imkanları hesabına filmləri ərsəyə gətiriblər. Zaur da Orxan da bazara işlədiklərini açıq deyiblər. Həm də zarafatlarımız da  dəyişib. O zaman bizim intelekt səviyyəmiz də fərqli idi. İndiki kimi hər göstərilən barmağa da gülmürdük. İndi doqquz adamdan biri adi bir barmağa da gülür.

- Məzmun yükü necədir?

- “My Name is İntiqam”a baxmamışam, “Xoxan”ı izləmişəm. Belə filmlərdə heç bir ciddi məna axtarmağa dəyməz. Onlar sırf kommersiya məhsullarıdır. Fərda, Elməddin etika çərçivəsində gözəl gülüş yaradırlar. Çəkib pullarını qazanırlar, baxan da var. Deməli müəyyən buzlar əriyib. Bizdə belə bir deyim var. Gərək nəsə iş görəndə “əmin-dayın” olsun. Mən isə bunlara “əmisiz-dayısız” deyirəm. Yerli kinoteatrların birində heç bir filmə bu vaxtadək 24 seans verilməmişdi. Belə filmlərin yaş təbəqəsi 16-34-dür. Hərdən yaşlı təbəqə də baxır. Görünür camaat Azərbaycan filminə acdır. “Xoxan” bir məkanda çəkilib, bu işi də böyük əziyyətlə ortaya çıxarıblar. Film Ramazan ayında, 24-25 gün ərzində çəkilib. Amma mən bu kinolar yeni Azərbaycan filmi adlandırmıram. Onlar ancaq bazara işləyirlər. Bu lazımdır. Yəni ən azı kiminsə qazanı qaynayacaq. Türkiyədə “Receb İvedik” böyük tamaşaçı toplayıb. Bu filmin kassadan toplanılan məbləği ilə 900 mindən artıq vergi verilib. Və bu vergi ilə “Kış uykusu” filmi çəkilib.

- Belə filmlər bir tamaşaçı kimi sizi qane edir?

- Ümumiyyətlə komediya janrını sevmirəm.

- Amma əvvəllər bu tip filmlər çəkilmirdi...

- Bu bazarın zəifliyi və prodüsser çatışmazlığı ilə əlaqədar idi. Prodüsserdən pul alıb film çəkən bilirlər. Əksinə, prodüsser o adamdır ki, film çəkməyə pul tapır. Gülməli bilirsiz nədir, bu filmlərdən ciddi məna gözləmək düzgün deyil. Bir prodakşının adı “Bozbaş Pictures” ola. Özləri buna yumor, satira ilə yanaşır, bizimkilər də sənət axtarır.

- Çəkiliş meydançasının abu-havası necədir?

- Çəkiliş meydançası cəhənnəmdir, əziyyətdir. Qarda, yağışda, gecə-gündüz durmadan işləyə bilərsən, enerjin tükənər, dərin xarab ola da bilər. Hələ geyimi demirəm. Ya ayaqyalın qaçırsan, ya yüngül geyimdə olursan. Çox şeylər ola bilər. Elə aktyorlar var ki, ehtiyacdan deyilən məbləğə razılaşırlar. Bəzən çox az məbləğ deyilir. Bu aktyora qarşı ən böyük hörmətsizlikdir. Çəkiliş gününə 50 manat təklif edirlər. Razılaşmayanda da aktyoru yekəxana adlandırırlar.

- Kino sənayesinin inkişafı üçün hansı addımlar atılmalıdır?

- Bir çox Avropa ölkələrində filmə maliyyə sərf edən şirkətlərə vergidə güzəşt tətbiq olunur. Hətta müəyyən müddətə vergidən azad olunur. Bu təcrübədən Amerikada da istifadə edilir.

- “Tərkedilmişlər”dən danışaq

-“Tərkedilmişlər” irimetrajlı filmdir. Rejissoru, ssenaristi Korhan Uğurdur. Filmdə tanınmış personajlar yer alıb. Rejissor tərəf müqabilim Könüllə məni “Qanun Naminə” filmindən tanıyırdı. Hələ beş il öncə biz görüşəndə demişdi ki, səni filmə çəkmək istəyirəm. Bu film üçün baş rola da bir aktrisa lazım idi. Könül haqda danışdım, birgə görüşdük və razılaşdıq. Çəkilişlər bir ay davam etdi. Film insanlıq haqdadır. Burada mənfi obrazı canlandırıram. Filmin fərqli tərəflərindən biri də əsərdə heç kəsin adının olmamasıdır. Zəngin, çirkin, baba, qaçqın və sairə...Ssenaridə  heç bir müraciət forması da yoxdur. Hamı tərk edilib, insanından heyvanınadək.

- Çəkilişlərdə nələri öyrəndiniz?

- İlk növbədə insanlara necə münasibət göstərilməli olduğunu öyrəndik. Çox pozitiv idilər. İnsanlar nə qədər pozitiv ola bilərmiş... Çəkilişlərdə professionalların iş sistemini gördük.

- Məşq prosesi necə idi?

- Beş gün öncə bütün çəkiliş məkanları ilə tanış olduq. İlkin olaraq məkanlarla tanışlıq çox önəmlidir. Beş gündə artıq çəkilişə köklənmişdik. Motor verilməzdən beş dəqiqə öncə məşq edirdik. Burda olduğu kimi deyildi. Mən işığa görə oynamırdım, işıq mənə uyğun qurulurdu. Bizdə deyirlər ki, başını o tərəfə elə işıqdan çıxırsan.

- Bu uğurun ardı gələcəkmi?

- Gözlənilir. Film martın sonunadək həm Türkiyə, həm də Azərbaycanda təqdim ediləcək. Rejissor bundan sonraki filminə də yenə bizi dəvət edərsə, deməli istədiyini ala bilib. Mayda çəkiləcək filmə də dəvət almışıq. Hələ ki, onun adını açıqlamıram. O məzmunca psixoloji filmdir.

- Hansı rejissorun işini bəyənirsiniz?

- Maksimalistəm, bəyənmədiyim rejissor yoxdur. Hazırda serialı yayımlanan heç bir rejissorun işini bəyənmirəm. Elə seriallar var ki, onu heç kommersiya da adlandırmaq olmaz. Amma üzərlərində işləsə Cavid Təvəkkül, Xanlar Ağayev, Samir Kərimoğlu, Elçin Musaoğludan böyük işlər gözləmək olar.

- Sovet kino ənənəsindən nələr unudulub?

- Çox şeylər...

- Kino sahəsi nə qədər gəlirlidir?

Bizim gəlirimiz kifayət edir, başqalarını deyə bilmərəm. Düzgün strategiya qoyularsa filmdən əla pul qazanmaq olar.

Nigar Məhərrəm






7 Yanvar, 2015  14:04 Baxılıb: 5066 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner