Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Gezi Parkı”nın “Qırmızı paltarlı qadını” - “Bir fotonun tarixçəsi”ndə

Bu dəfə “Bir fotonun tarixçəsi”ndə sizə son yüz ilin ən vacib 3 fotosu olmaqla, Türkiyədə “Gezi Parkı” hadisələrinin simvoluna çevrilən “Qırmızılı qadın”dan yazacağam.

“Gezi Parkı” aksiyalarının ikinci günündə təcrübəli fotomüxbir Osman Örsal həmin şəkillə nümayişləri bütün dünya ictimaiyyətinə bir kadrla çatdırdı.

Fotoda “Gezi Parkı”nda tikilməsi planlaşdırılan “Topçu Kışlası”na etiraz edənlərdən birinin - qırmızı paltar geyinən Ceyda Sunqurun üzünə polis yaxın məsafədən bibər qazı sıxır. Qazın təsirindən saçları dalğalanan Sunqur qaçmaq əvəzinə, qaz sanki təsir etməyibmiş kimi yerindən tərpənmir. Örsal isə bu anı yaddaşlara həkk edir.

Fotoqraf Türkiyədəki prosesləri bir kadrda cəm etməyi bacardı. Bu şəkil anında  “The New York Times”, “Washington Post” kimi dünyanın məşhur qəzetlərdə, “Peta Pixel” və “The Poynter Institute” başda olmaqla foto mədəniyyəti yayınları edən quruluşların yazılarında dərc edildi. “Daily Mail”, “LA Times”, “NBC” və digər qəzetlər isə bu kadrı “ikonik” kəlməsi ilə mükafatlandırdı.
Müəllif “Reuters”dəki bloqunda həmin hadisəni belə nəql edir:

“Bu tip aksiyalarda bütün situasiyalara hazır vəziyyətdə oluram. Qollarımı tam örtən paltar geyinirəm və təbii ki, qaz maskası götürürəm. Uzun illərdir fotomüxbir kimi fəaliyyət göstərdiyimdən artıq hiss edirəm ki, hansı halda polis müdaxilə edəcək, nə vaxt bibər qazından istifadə ediləcək. Bütün bunları dəyərləndirib, foto çəkmək üçün yerimi müəyyənləşdirirəm. Bu hadisədə də belə oldu. “Gezi Parkı”nda nümayişçilərlə polis qarşı-qarşıya idi. Yerimdə dayanıb, uyğun kadr çəkməyi gözləyirdim. Bibər qazı istifadə olunmağa başlayanda sonra 3-4 kadr çəkdim. Nümayiş bitdikdən sonra isə ətrafdakı insanların üzlərinə limon sürtdüklərini gördüm. Limonun qazın təsirini azaltdığını deyirlər. Amma qırmızı paltarlı qadını ətrafda görmədim.Yəqin ki, üzünü yumağa və bir sonrakı nümayişə hazırlaşmağa getmişdi”.

NBC televiziya kanalı isə Örsalın bu fotosunu yüz ilin ən mühüm 3 aksiya fotosu kimi təqdim edib.

Örsalın fotosunu 1989-cu ildə Çində “Associated Press”in fotoqrafı Jeff  Videnerin çəkdiyi “Tiananmen” meydanındakı “Tank adam” və 1967-ci ildə Vyetnam müharibəsi nümayişləri ərəfəsində “WashPost”un foto müxbiri Bernie Bostonun “Çiçəyin gücü” fotosu ilə birlikdə yayınlayan NBC, “Turkey’s Lady in Red” başlığıyla verdiyi kadr üçün: “Bəziləri digərlərinin əksinə geri addım atmazlar, hətta meydan oxuyaraq bir addım da irəli atarlar” cümləsini işlətdi.

Baş verənləri “Qırmızılı qadın” anladır

Qırmızı paltarı, çiynindəki alış-veriş çantası və arxaya dalğalanan saçları ilə Türkiyənin dörd bir yanına yayılan “Gezi Parkı” aksiyalarının simvoluna çevrilən Ceyda Sunqur da fotonun müəllifi  kimi danışmağı sevməyən biridir. Bir çox media orqanlarına danışmaqdan qaçan Sunqur, İngiltərənin “The Sunday Telegraph” qəzetinə qısa açıqlaması ilə yenidən diqqət mərkəzində oldu.
Özünü “təvəzökar qadın” kimi tanıdan Sunqur, sadəcə böyük bir xalq hərəkatının parçası olduğunu və yüzlərlə insanın məruz qaldığı duruma düşdüyünü söyləyib.

“Gezi Parkı” aksiyalarında yaralananlar üçün qurulan səyyar klinikada çalışan Sunqur nümayişi dəyərləndirərkən, etirazların ifadə azadlığı və xalqın gücünü təmsil etdiyini vurğulayıb: “İnsanlar ilk dəfə sahib olduqları gücün verdiyi etibarı hiss edirlər. Hər şeyi dəyişdirə biləcəklərini inandıqları gücə sahiblər”.

Qeyd edim ki, Gezi Parkı hadisələri 2013-cü ilin 28 mayından 30 avqusta qədər davam etdi. Osman Örsal “Kırmızılı kadın” adlanan və 2014-cü ildə “İlin media fotoqrafı” adını qazandığı fotonu hadisələrin ikinci günündə çəkdi. Foto dünyaya səs salmaqla “Reuters”in ilin ən yaxşı fotoları arasında yer aldı və dünyanın diqqətini Türkiyəyə yönəltdi. Eyni zamanda da türk qadının cəsarətini bütün ictimaiyyətə Ceyda Sunqurun simasında göstərdi.

Nuranə Novruz






30 Dekabr, 2014  12:51 Baxılıb: 2652 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner