Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Yaxın Uzaq Türkiyə II yazı - Quran oxumayanların İslam ölkəsi

Şəbnəm Bəkirzadə Karslının təqdimatında

İstanbula ilk dəfə gəldiyim gün səhər tezdən azan səsinə oyandım. Ətrafımda bir neçə məsciddən (daha sonra yeddi olduğunu öyrəndim) eyni anda yüksələn azan səsləri bir-birinə qarışaraq möhtəşəm duyğu yaradırdılar. Qulağım bu səsə aşina olmadığı üçün uzun müddət hər səhər azan səsinə oyandım. Türkiyənin harasında olmağımdan asılı olmayaraq məscidlərin çoxluğu bir İslam ölkəsində olduğumu xatırlatdı, hər zaman. Ona görə də ikinci yazımı Türkiyədə İslam və dini dəyərlər mövzusunda yazmağı qərara aldım.

Elə ilk olaraq da məscid sayına diqqət edək: Türkiyə Diyanət İşləri Başkanlığının rəsmi məlumatına görə, bu gün ölkədə 84684 məscid fəaliyyət göstərir. Bu məscidlərin 3190-ı isə təkcə bir şəhərin – İstanbulun payına düşür. Müqayisə üçün qeyd edək ki, bütün Azərbaycanda 1800 məscid var. Ən çox məscidi olan Azərbaycan şəhəri paytaxt Bakıdır – 120 məscid. Amma Türkiyədə ən az məscid Tunceli şəhərindədir, orada da 120 məscid var. Üç milyonluq Bakı ilə müqayisədə Tuncelidə cəmi 32 min əhali yaşayır.

Türkiyədə son illərdə İslama olan maraq sürətlə artmaqdadır. Siyasi hakimiyyətin bu məsələdə rolu inanılmaz böyükdür. Osmanlı İmperiyası sonrasında dünyəvilik istiqamətində yol alan Türkiyə Cumhuriyyəti vətəndaşları dini inanclarını əks etdirən və liderlərinin din qaydalarına əməl etdiyi hökumətə ilk dəfə Ədalət və İnkişaf Partiyası (AKP) simasında rast geldilər. Bu səbəbdəndir ki, ölkə daxilində müxaliflər hökuməti hər nəylə də ittiham etsələr xalq özündən biri olaraq gördükləri iqtidara arxa çıxır və hər seçimdə səslərini böyük çoxluqla ona verirlər. Hökumət də siyasətində dini rıçaqları hər zaman aktiv şəkildə istifadə edir, büdcə xərclərində sosial inkişafla bərabər dini aktivitələrə də maliyyə ayırır. Misal üçün qeyd edək ki, bu ilin Türkiyə dövləti büdcəsindən Diyanət Başkanlığına 5 milyard 442 milyon pul ayrılıb. Bu məbləğ on üç nazirliyin büdcəsindən daha çoxdur. Hətta 9 nazirliyin toplam büdcəsi Diyanət Başkanlığı büdcəsindən daha azdır.

İslam dini Türkiyədə təhsil sferasında da bariz aktiv mövqeyini qorumaqdadır. Orta təhsildə dini təmayüllü məktəb funksiyasını yerinə yetirən İmam Hatip məktəbləri gün keçdikçə çoxalmaqdadır. AKP hakimiyyətə yeni gəldiyində Türkiyədə cəmi 450 İmam Hatip məktəbi və onların da 71 min şagirdi vardı. On iki il keçdikdən sonra rəqəmlər həddindən artıq böyük fərqlə dəyişdi. Hal hazırda ölkədə 2087 İmam Hatip məktəbi fəaliyyət göstərir. Təxminən yarım milyon şagird İmam Hatip məktəblərində təhsil almaqdadırlar. Dini təmayülü olmayan digər orta məktəblərdə isə Din kültürü dərsləri tədris edilir.
Ali təhsil müəssisələrində də İslam dini tədrisi olduqca yayılıb. Demək olar ki, Türkiyədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrində Din Kültürü dərsləri tədris edilir. 41 ali təhsil müəssisəsi isə İlahiyyat fakültələri ilə ölkə üçün dini kadrlar yetişdirməkdədirlər. Eyni zamanda Diyanət xətti ilə Misir kimi ölkələrə hər il yüzlərlə tələbə məhz İlahiyyat oxumaq üçün göndərilir.

Bu rəqəmləri ilk gördüyümdə türk gəncləri niyə dini təhsil almaq istəyir sualı maraq hissi oyatdı. Daha sonra Vaiz işləyən bir qohumun aldığı maaşı öyrənincə məsələ mənə də aydın oldu. Bu gün Türkiyədə minimum əmək haqqı 1134 lirədir. Bir müəllim orta hesabla 2200 lirə maaş alır. Amma dini xidmət göstərən məmurlar içərisəndə ən az maaş alan məscid mollası 2420 lirə əmək haqqı ilə mükafatlandırılır.

Türk xalqının böyük çoxluğunun İslama olan sevgisi haqqında yuxarıda yazmışdıq. Türk qadının da İslamı geyimində yaşatmaq arzusu səmimi və könüllüdür. Şərtlər imkan verdikcə və siyasi hakimiyyətin dini inanclılara münasibəti yumşaldıqca baş örtüsü taxan qadın sayı getdikcə artmaqdadır. 2003-cü ildə Türkiyədə 14,6 milyon qadın başörtüsü taxırdısa, bu gün 17,9 milyon qadın hicablıdır.

ABŞ-nın Miçiqan Universitetinin “Qadınlar və başörtüsü” adlı tədqiqatları üçün Türkiyənin fərqli regionlarında anonim sorğular keçirmişlər. Sorğunun nəticəsində məlum olmuşdur ki, türk qadınlarının sadəcə 32 faizi saçlarını tamamilə açıq qoymaq istəyirlər. Sorğuya cəlb edilmiş qadınların heç biri burka geyinmək istəmədiklərini bildirmişlər. İki faizi peçəli çarşab (üzübaglı), üç faizi sadəcə çarşab taxmaq istədiklərini bildirirkən  rəngli hicab taxmaq istəyənlər 63 faiz təşkil etmişdir. Bu rəqəmlərlə İslam ölkələri içərisində Türkiyə qadınlarının başıbağlı olma istəyinə görə Tunus və Misirdən sonra üçüncü olmuşdur.

Başını bağlama tendensiyasına son illərdə Türkiyə parlamentində də rast gəlinməkdədir.

Hal hazırda Türkiyə Böyük Millət məclisində 6 başörtülü qadın millət vəkili var: Semiha Öyüş, Gönül Bekin Şahkulubey, Sevde Bayazıt Kaçar, Gülay Samancı, Nurcan Dalbudak, ve Canan Candemir.

Solçu kəsimin mücadilələrinə rəğmən Türkiyə böyük addımlarla dini dəyərlərə qucaq açmağa davam etməkdədir. Siyasi hakimiyyətin İslam sevgisi məlum səbəblərdən qadınlar arasında başörtüsünün, kişilər arasında cümə namazlarının sayını artdırıb.

Amma bir maraqlı statistik məlumata da toxunmamaq imkansızdır: 2014-cü ildə keçirilmiş sorğuya əsasən Türkiyədə 18 yaşından yuxarı əhalinin sadəcə 8 faizi Quranı ən az bir dəfə oxuyub...






29 Dekabr, 2014  11:00 Baxılıb: 4904 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner