Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Christmas”, “Yeni il”, yoxsa hər çalınana oynamaq?!

Hər il dekabrın axırı yetişəndə küçələrdə, evlərdə bəzənən şam ağacları nədir? Nəyi simvolizə edir? Yeni təqvim ili ilə nə əlaqəsi var? Ümumiyyətlə, niyə məhz şam ağacı? Adına "Şaxta baba" deyilən bütün il boyu yoxa çıxıb, 365 günün 5-6-sını aralıqda görünən saxta qəhraman obrazı haradan gəlir?
Belə şeyləri heç düşünürükmü? Yoxsa, elə bizə nə təbliğ olunsa, elə onu da qəbul edib razılaşırıq?!


"Yolka"  bəzəmənin tarixi


Şam ağacı bəzəmək, bir başqa ifadə ilə "Christmas" (mövlud) ağacı hazırlamaq kökləri qədim Pağanizm dininə qədər uzanan bir adətdir. Pağanizm təməlində "qədim təbiət dinləri" duran yaşam tərzidir. Pağanlar təbiəti müqəddəs sayıb və təbiətdə izlərini göstərən ilahiliyə ehtiram göstəriblər. Təbiətə müqəddəs yanaşmanın gətirdiyi müxtəlif rituallardan biri də şam ağacı bəzəmək olub. Çin və Misirdə isə bu ağacın həmişəyaşıl yarpaqları ölümsüz yaşamın simvolu qəbul edilirdi ki, çinlilər, misirlilər və yəhudilər bu ağacın yarapaqlarından hazırlanan çələnglərdən ölülərini basdırarkən də istifadə etmişlər.
Skandinaviyalılar da şam ağaclarını müqəddəs sayıblar. Qədim Kelt qəbilələri Druidlər şam budaqlarını evlərinin qapısına asaraq sirli qış axşamlarının gətirəcəyi pislikləri qovmaq istəmişlər. Şamın yay-qış yaşıl qalması solmayan bir ağac, ölümsüz həyat simvolu kimi anılmasına gətirib çıxarıb.
Adətin Pağanizmdən xristianlığa keçidi də diqqətə layiqdir. Və bu keçiddə nələri itirib yeni nələr qazandığına baxaq.

Adətin Hz.İsa (ə.s.) ilə əlaqələndirilməsi

Orta əsrlərdə alman və skandinavlar, baharın müjdəçisi olaraq şam ağaclarını ən azından qapılarının önlərinə gətirməyə başladılar. O vaxta qədər ki, alman rahib Martin Lüter (mənbələrdə başqa rahib adları da hallanır, ancaq bunun məsələnin məğzinə heç bir təsiri yoxdur ) bu ağacı evə gətirənədək. Rahib, evindəki ağacı şamlarla, hədiyyələrlə bəzəyib, bunu da Hz. İsanın doğumuna həsr edib. M.Lüter ağacı, üzərindki simvolları və altındakı hədiyyələri Məsihin adı ilə necə əlaqləndirəcəyini də düşünüb. Belə ki o, şamı Hz. Məryəmin doğum anında sığındığı, söykəndiyi ağac kimi təqdim edib. Hədiyyələr – uzaqlardan mübarək uşağı görməyə gələnlərin gətirdikləri pay, ağacın təpəsindəki ulduz isə mövludu qeyd etməyə hər yerdən axışanlara yol göstərən, göydə varsayılan ulduzun simvolik ekizi olacaqdı.
Təbii ki, xristian dünyasında bu fikirlər çox gözəl qarşılanmalı və "Allahın oğlu" saydıqları Hz. İsaya hörmət olaraq tez bir zamanda yayılmalı idi. Və belə də oldu. Bununla da evlərdə "yolka" bəzəmək adət halını aldı.
Bəs, “Şaxta baba” obrazı necə formalaşdı?

Qırmızı-ağ uniforma haradan çıxdı?

Bu obrazın ortaya çıxması da özlüyündə düşündürücüdür. Yuxarıda qeyd etdiyim qədim mədəniyyətlərdə  nurani qoca qismində qapı-qapı gəzərək balacalara hədiyyələr verən, onların könlünü xoş edən obrazlar olub. Bu mifik də ola bilər. Lakin onun həmişə rahatlıq verən yaşıl libasda olduğu və körpələri təmannasız sevindirdiyinin təsvir olunması qeyd olunmalıdır. Bəs, bu qocaya qırmızı-ağ paltarı kim və niyə geyindirdi? Bu mübarək, təmannasız qoca niyə valideynlərdən gizlin pul almaq qarşılığında hədiyyə verəsi oldu?
Bunun qısaca cavabı belədir ki, "Şaxta baba"nı da kapitalizm "pozdu". Belə ki, 1931-ci ildə indiki məşhur Santa Klaus obrazını ilk dəfə Haddon Sundblom "Coca-Cola" şirkəti üçün çəkib. Sundblomun qəhramanı şişman, ağ saqqallı, ucları ağ, qırmızı kürk geyinən, qırmızı papaqlı qoca idi. Diqqət etdikdə, bu 2 rəngin – qırmızı və ağın "Coca-Cola"-nın da əsas rəngləri olduğu aydın olur. Həmin dövrdə indi dünyaca məşhur olan bu içki şirkətinin satış dövriyyəsi olduqca aşağı düşmüşdü. Və bu qəhraman əlində "Coca-Cola" şüşələri ilə bütün bilbordlarda, reklamlarda "hər zaman Coca-Cola" şüarları ilə nəhəng Qərb dünyasına sürətlə yayılırdı. Artıq 50-ci illərdə yeni imicli, pulla özünü şirin satan, "kapitalist Şaxta baba" hər yerdə idi və olduqca populyar olmuşdu.

"Christmas"la "Yeni il" eyni şey deyil


Artıq aydın oldu ki, bu "yolka" bəzəmələr və "Şaxta baba"nın məhz Məsihin doğum günü ilə əlaqədar hədiyyə paylaması bu bayramı xristian dünyasının ən simvolik və ən önəmli dini bayramı səviyyəsinə gətirib çıxardı. Xristianların böyük qismi Hz.İsanın doğum günü kimi, 24 dekabrdan 25-nə keçən gecəni sayır. Ona görə də mövlud bayramı 24-ü gecə və 25-i qeyd olunur. Bu gün mövlud, Qərbi Avropa və Amerikada  "Məsihin ayini" mənasına gələn "Christmas", Şərqi Avropa kilsələrində isə yunanca "İsanın doğumu" mənasına gələn "Hristugennea" terminləri ilə ifadə edilməkdədir.

Ancaq gəlin görək, bizdə də belədirmi? Bizdə mövlud, demək olar ki, 90% əhali tərəfindən səhv anlaşılmaqda və "Yeni təqvim ili" ilə qarışdırılmaqda, hətta bir-biriylə eyniləşdirilməkdədir. Halbuki, bunlar tamamən fərqli şeylərdir.
Əslində, Azərbaycanda və digər şərq ölkələrində  "Christmas" qeyd olunmur . Yəni, kimdən soruşsan "mən mövlud qeyd etmirəm, biz yeni təqvim ilini, il dəyişməsini qeyd edirik" – deyər. Ancaq di gəl ki, burda da qarışıqlıq var və əslində nə qeyd etdiyimizi, nəyin bayramının olduğunu özümüz də bilmirik! Həqiqətdə biz "Yeni il"i də mövlud kimi qeyd edirik. Çünki əgər belə deyilsə, onda bəzənmiş "yolka"lar, övladlarımızı yalan hədiyyə ilə sevindirən "Şaxta baba"lar ayın 31-də evlərimizdə və küçələrimizdə nə gəzir?!
Yuxarıda izah edilən kimi, bunlar "Christmas"ın simvollarıdır. Və Qərbdə bu simvollar əsasən 24-25 dekabr tarixləri ərəfəsində istifadə olunur, daha təqvimin son günü yox. (Son günlərdə istifadə edən bəzi Qərb ölkələri də var. Ancaq onlar da malı-mala qatanlardır.) Biz isə bu işdə də özümüzü şirin göstərmək və kimlərəsə bənzətmək istəiyirik, ancaq bunu da düzgün yerinə yetirmirik.

ÖZü ola bilməyən, heç bir şey ola bilməz!

Bu yazıda mövludun və "Yeni il"in necə rüsvayçı şəkildə keçirilməsinə toxunmaq istəmirəm. Ağlı kəsən hər kəs görür ki, burada israf, həddini aşan kef məclisləri, ifrat hay-küy halları yetərincədir. Və aydındır ki, bu işin belə məcra alması kapitalizmin maraqlarına xidmət edir. İstehlak və tədarük ifrat təlqin olunur ki, bunun da olmazsa olmazı işıqlar, bəzəklər, çal-çağır, ritmli və şəhvət aşılayan musiqilərdir.
Hz. İsanın mövluduna (mövlud deyəndə, məğzini anlamasaq da, "Yolka" və "Şaxta baba"larla elə məhz mövlud keçiririk) dekabr ayı girəndən "bayram ayıdır" – deməklə hazırlaşan bizlər, Hz. Muhəmmədin (s.a.v.) doğum günü olduğunu isə  həmin gün "facebook" səhifələrində təsadüfən gözümüzə dəyən bir-iki paylaşımdan öyrənirik... Səhv anlaşılmasın mən, bəzi radikal düşüncəlilər kimi mövlud keçirməyin əleyhinə də deyiləm. Yeri gələndə müsəlmanlar Hz. İsaya və onun yaydığı ideyaya nisbətdə götürəndə daha sadiqdirlər. Şişirib, "Allahın oğlu" deyib ona haqqsızlıq da etmirlər. Onun da digərləri kimi insan övladı olduğunu və Allahın elçisi olduğunu qəbul edirlər. Yeri gələrsə, biz mövlud da qeyd edə bilərik! Təbii ki, bütün əxlaq normalarını çeynəmiş, lakin yenə də özünü dindar sayıb din bayramı keçirənlər kimi yox! Görəsən yaşantısı boyu hər gücü yetdiyinə əl tutan, xəstələri Allahın şəfası ilə sağaldan Hz. İsa, bizim onun mövludunu qocalara, yetimlərə, kimsəsiz möhtaclara yardımla yada salmamızı istərdi, yoxsa həyatı boyu dilinə vurmadığı spirtli içkilər və eşitmədiyi “disko mahnıları” ilə qeyd etməyimizi?! Mövludu peyğəmbərə hörmət əlaməti olaraq, onun hörmət və şəfqətinə layiq bir biçimdə yad etmək olar. Unutmayaq ki, həqiqi bir müsəlman Hz. İsanı, Hz. Musanı və digər bütün peyğəmərləri (a.s.) də özünə örnək sayır və kitabında onlara hörmət və itaət etməklə əmr olunub.
Etirazım, sadəcə savadsızlığa və XXI əsr olmasına baxmayaraq mövcud cəhalətə görədir. Biz bunları necə ayırd edə bilmirik?! Hansı ağılla pütpərəst xalqların mənimsədiyi adət ənənələri gözüyumulu qəbul edib, həmin simvolları ÖZlüyümüzə sığışdırırıq?! Necə bu qədər kor-koranə şəkildə artıq çoxdan çürümüş fəlsəfəli Qərbin təqlidçisi ola bilirik?!
Bir meymun sahibinin təqlidini nə qədər gözəl etsə də, heç sahibi onu özünə tam bərabər görərmi?! Onu özü kimi bilərmi?! Böyük düşünür Cəmil Meriçin bir sözü yadıma düşdü: "Müsəlmanlar hələ də öz təcavüzkarına aşiq olan qadın vəziyyətindədirlər".

Yadıma məşhur bir hədis düşdü: “Sizdən öncəki toplumların düşdüyü hər xətaya düşəcəksiz. Onlar gedib bir sürünən deşiyinə girsələr belə, siz də onların dalınca girəcəksiz...”

Allah, Quranı işarə edərək "Allahın ipinə möhkəm sarılın" – deyir. Bizsə, hər çürük ipin ucundan tutduq, amma "Allahın ipi" əlimizə yad gəldi. Hər özünü alim sayan cahilin yazdığı absurd, ideyaları ilə cəmiyyəti uçuruma aparan kitabları oxuduq, amma Allahın vəhyini oxumaq qəlbimizə ağır gəldi...
Manqurtlaşmayaq. Unutmayaq ki, ÖZü ola bilməyən, heç bir şey ola bilməz!

P.S. Hamının bu bayramla bağlı uşaqlıq xatirələrinə hörmət edirəm. Bayrama görə yox, xatirələr ümumilikdə gözəl olduğu üçün. Ancaq çalışaq ki, bizim övladlarımızın xatirələri insanlığa dəyər qatan şeylər haqda olsun...

Aqşin İBRAHİMİ






25 Dekabr, 2014  15:09 Baxılıb: 4284 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner