Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ərdoğan Qərbə onların dilində cavab verdi – TƏHLİL

Son günlərin ən aktual mövzularından birinə çevrilən Türkiyədəki həbslər dünya gündəminin başlıca mövzuna çevrilib.

Simsar.az “Kaspi” qəzetinə istinadən xəbər verir ki, Türkiyədə son günlərdə həyata keçirilən və Fətullah Gülənə yaxın şəxslərin həbsi ilə nəticələnən əməliyyat diqqətlə izlənilir. Xatırladaq ki, dekabrın 14-də Türkiyə polisi “paralel yapı” əməliyyatı çərçivəsində aparılan istintaqla bağlı aralarında çoxu media nümayəndəsi olan 35 nəfərdən artıq şəxsi həbs edib. Həbs olunanların sırasında “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı, STV-nin baş direktoru Hidayət Karaca, həmçinin bu kanalda yayınlanan bir çox serialın direktoru, rejissoru, ssenaristi və aktyorları olub. Barəsində saxlanma qərarı çıxarılan şəxslərdən biri də “Bu gün” qəzetinin yazarı Nuh Gönültaşdır.

Onlara qarşı "Türkiyə dövlətinin suverenliyini ələ keçirmək üçün təzyiq, qorxutma və təhdid formalarından istifadə edərək, təşkilatlanmaq, eyni zamanda iftira, şəxsi azadlığından məhrum etmə cəhdi və sənədlərin saxtalaşdırılması” iddiası irəli sürülüb. Dərhal da Türkiyə hökuməti həbslərlə bağlı Qərbin tənqid atəşinə tuş gəlib. Bəllidir ki, Türkiyə 50 ildən artıqdır ki, Avropa ailəsinin tamhüquqlu üzvünə çevrilmək üçün mübarizə aparır. Hər dəfə də ən müxtəlif formada bəhanələr gətirilir və açıq şəkildə bildirilər ki, üzvlük mümkün deyil. Son həbslərlə də bağlı antitürkiyə mövqeyində olan qurumların əlinə bəhanə düşüb. Məhkəmə qərarı olmadan eninə-uzununa Ankaranı ittiham etməyə başlayıblar. Türkiyə hökuməti də bu ittihamları cavabsız qoymur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan bəyan edib ki, Avropa İttifaqı Türkiyəyə demokratiya dərsi verə bilməz, lazım gəlsə, belə demokratiya dərsini Türkiyə Avropa İttifaqının özünə verə bilər. Ərdogan deyib ki, Misirdə, Suriyada elədikləri ilə bağlı Avropa İttifaqı əvvəlcə özünə güzgüdə baxsın. Ərdoğan qeyd edib ki, Avropa İttifaqı əvvəl öz içində artan islamafobiya və irqçiliyin hesabını verməlidir. Konya şəhərində çıxış edən prezident bildirib ki, Avropa İttifaqı Türkiyəni üzvlüyə qəbul edir-etsin, etmir-etməsin, ancaq Türkiyə qapıçı olmayacaq. Türkiyə Avropa İttifaqına ölkənin bu struktura qəbul edilməsi üçün yalvarmayacaq. Prezident bildirib: “Aİ fikirləşməsin ki, Türkiyə sonadək onun qapılarını döyəcək”. Ərdogan deyib ki, Türkiyəyə barmaq silkələyənlər bilməlidirlər ki, köhnə Türkiyə artıq yoxdur. Ərdoğan, “ölkəni beynəlxalq dairələrin dəstək verdiyi qruplara və paralel dövlət idarəetməsinə əsla təslim etmərik” deyib.

Türkiyə prezidenti onu da deyib ki, bunların demokratiya ilə heç bir əlaqəsi yoxdur: “Dünyada da demokratiyanı müdafiə edənlərin, bunlara sahib çıxmaq məqsədilə nə qədər anti-demokrat olduqları ortaya çıxır. Ferqyuson hadisələri, Arizonadakı olaylar”. Rəsmi Ankara bu tənqidlərə rəğmən, müasir Türkiyə üçün təhlükə hesab etdiyi “paralel dövlət” problemini birdəfəlik həll etməyə qətiyyətli görünür. Prezident həmçinin Pensilvaniyada olan Fətullah Gülənə Türkiyəyə dönmə çağırışını bir daha təkrarlayıb.

Öz növbəsində, baş nazir Əhməd Davudoğlu da həyata keçirilən əməliyyatı dəyərləndirib. Bunun bir məhkəmə prosesi olduğunu vurğulayan Davudoğlu, heç kəsin hesab verməyəcək bir mövqedə olmadığını deyib. Baş nazir Fətullah Gülənə dair sual qarşısında isə deyib ki, istintaq üçün nə lazımdırsa məhkəmə mütləq onu yerinə yetirəcəkdir. Davudoğlu, Avropa İttifaqının tənqidlərinə də reaksiya göstərərək qeyd edib ki, Avropa İttifaqı istintaq prosesinin detallarını bilmədən və proses davam edərkən açıqlamalar yayır. Məhkəmə prosesinə hər kəs hörmət etməlidir. Türkiyənin baş naziri 14 dekabrda saxlanılan media mənsublarının peşə fəaliyyətinə görə həbs edilmədiklərini deyib: “Hüquq dövləti olan Türkiyədə istintaq prosesləri yalnız qanunun tələbi üzrə aparılır. “Zaman” qəzetinin baş redaktoru, “Samanyolu” TV-nin rəhbəri və digər həbs olunanlar fikirlərinə görə deyil, konkret əməllərinə görə həbs edilib. Zaman gəldikcə istintaqla bağlı vətəndaşlara bilgi veriləcək. Həbslər saxlanan şəxslərin peşə fəaliyyəti ilə bağlı deyil”.

Türkiyənin izahatlarına baxmayaraq, ABŞ və Avropanın rəsmi dairələri Türkiyədə həyata keçirilən həbsləri pisləyən çoxlu bəyanatlar yayıblar. “Sərhədsiz Reportyorlar”, “Human Rights Watch” və digər beynəlxalq təşkilatlar da Türkiyəni qınayan bəyanatlarla çıxış ediblər. Türkiyə hökuməti isə həm beynəlxalq təşkilatların, həm də transmilli medianın məsələyə yanaşmasını ciddi tənqid edib, hadisələrə ikili standartlarla yanaşıldığını bildirib.

Qeyd edək ki, Türkiyənin Aİ-yə daxil olması üzrə rəsmi danışıqlar 2005-ci ildə başlayıb. Bəs Avropanın Türkiyə əleyhinə bəyanatlar səsləndirməsinin kökündə nə dayanır? Şübhəsiz ki, burada Türkiyənin son vaxtlar yeritdiyi aktiv siyasətlə bağlılıq var. Xüsusən də Rusiya ilə yaxınlaşma Avropanı əməlli-başlı özündən çıxarıb. Belə ki, Rusiyanın təklənməsi siyasəti yürüdülən bir vaxtda Ankara qəfildən Rusiya ilə saziş bağlayır. Və Moskvanı yaranmış gərgin vəziyyətdən çıxarır.

Bəli, Ərdoğan bu hərəkatı “paralel yapı” adlandırmaqda müəyyən qədər haqlıdır. Çünki hərəkat həqiqətən dövlət içində dövlətdir, bir növ mason lojasına bənzəyir, yalnız öz tərəfdarlarına dəstək verir, nüfuz yiyəsi olmaq üçün gərəkli maliyyə ayırır, vaxtı gəldikdə isə, bunun əvəzində onlardan hərəkata can-başla xidmət göstərmələrini tələb edir. Ancaq “Zaman” və STV faktiki siyasiləşmiş və birilərinin əlində güclü alətə çevrilmiş media orqanlarıdır. Vaxtilə Ərdoğana xidmət edirdilər, elə ki Gülənin Ərdoğanla yolları ayrıldı, keçmiş baş nazir və indiki prezidenti hədəf götürdülər.

Yeri gəlmişkən, Türkiyənin hüquq və azadlıqları pozduğunu iddia edən Avropa konkret olaraq Almaniyada son vaxtlar insan hüquq və azadlıqlarının pozulmasına göz yumur. Son zamanlar bu ölkədə mühacirlərə qarşı tez-tez yürüşlər təşkil edilir. Və nədən Aİ ölkələri buna qarşı bir fikir səsləndirmirlər? Ümumiyyətlə, təhlilçilər Almaniyada mühacirlərə qarşı hərəkatın uzun zamandır mövcud olduğunu deyirlər. Qərb, eləcə də, Birləşmiş Ştatlar isə bu və buna bənzər digər hallara göz yumaraq Türkiyəni hədəf götürməyə üstünlük verirlər.

 






19 Dekabr, 2014  15:38 Baxılıb: 778 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner