Dekabrın 18-də Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “Sumqayıt" komandası “Kapital Bank Arena”da “Qəbələ”ni qəbul edib.
Simsar.az-ın məlumatına görə, oyun 1:1 hesabı ilə heç-heçə başa çatıb.
“Sumqayıt”ın heyətində yeganə qolu 67-ci dəqiqədə Məhəmməd Qurbanov vurub.
Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov jurnalistlərə açıqlamasında deyib: “Oyuna görə öz komandama təşəkkür edirəm. Futbolçular bütün göstərişləri yerinə yetirdilər. Bu heç-heçəni qələbəmiz kimi qiymətləndirirəm”.
“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov isə görüşün yekunlarını belə dəyərləndirib: “Qələbə qazanmaq istəyirdik. Məncə, komandamız “Qarabağ” ilə oyunda yorulmuşdu. “Sumqayıt” ilə oyunda planımız tez qol vurmaq idi. Təəssüf ki, bunu bacarmadıq. Rəqibin təzyiq göstərəcəyini, mübarizə aparacağını bilirdik. Belə də oldu”.