Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nəzakət Teymurova: “Ailə qurmaq istəmişəm, ancaq...” - Müsahibə

Psixologiya və Konsultasiya Mərkəzinin (PCC) budəfəki qonağı çox duyğusal, incəqəlbli xanım, Opera və Balet Teatrının solisti, xalq artisti Nəzakət Teymurovadır. Psixoloq Elnur Rüstəmovla xanım Teymurovanın söhbətini sizə təqdim edirik:

- Həyatda musiqi olmasa Nəzakət xanım nə edərdi?

- Riskli insanam, amma təzadlı fikirlərim yoxdu. Konkret qarşıma məqsəd qoyuram və ona doğru hərəkət edirəm. Musiqi olmasaydı, yəqin adi bir ailənin xanımı olardım, övladıma, ailəmə bağlı bir insan olardım, onların qayğısını çəkərdim.

- İndi bu qayğının yetərli dərəcədə olduğunu düşünmürsüz?

- Təəssüf ki, övladıma o istiliyi verə bilmirəm. Həmişə səfərlərdə oluruq, konsertqabağı aylarla məşqlər edirik. Çalışıram, boş vaxt olduqda o qayğını doldurum. Amma görürəm ki, balanslaşdıra bilmirəm...

- İnsan dönüb arxaya baxanda həyatını dəyişən amilləri görür. Sizi bu sahəyə gətirib həyatınızı dəyişən nə oldu?

- Həyatımda musiqi aləminə gələnə qədər çox şeylər olub. Heç vaxt Allah mənə izn verməyib yanlış yola gedəm. Ailə qurmaq istəmişəm, amma qurmamışam. Kariyeram yarımçıq qala bilərdi. O vaxt mən məyus olmuşam, amma irəliləyən illərdə görmüşəm ki, yaxşı ki, o vaxt alınmayıb. Ümumiyyətlə, xərcəng bürcündənəm deyə, duyğusalam, tez ruhdan düşürəm. Yaxşı ki, sənətdəyəm, başım qarışır.

- Musiqi sizi depressiyadan çıxarır?

- Çıxarır, işimdən zövq alıram. Məktəbdə uşaqlarla məşğul oluram. Orada problemlərdən uzaqam, mənəvi dincəlirəm, hansısa uşaq diplom alıbsa ona sevinirəm, amma daxildən ruhum əzilir ve gec bərpa olur.

- Sizi o haldan çıxaran nə olur?

- Elə vəziyyətdən özüm çıxıram. Müəyyən vaxt tələb olunur ki, o hallardan çıxım.

- İşinizdən, tələbələrinizdən rahatlıq tapırsız, bəs övladınızdan necə?

- Qızımı çox istəyirəm, amma işim onu məndən ayırıb. Ona görə də, həmişə deyirəm ki, mən yaxşı ana deyiləm. Yay aylarında boş oluruq, istirahətdə oluruq, istəyirəm ki, hər yerə özümlə getsin. Elə də olur ki, səfərlərim olur, alınmır. Hərdən özümü günahkar sayıram. Özü də deyinir ki, heç olmasa icazə ver uşaqlarla gedim. Onda da icazə vermirəm.

- Ətrafınızda mənəvi rahatlıq tapdığınız insanlar azdı?

- Çox azdı, bəzi insanların aurası məni sıxır, orada qala bilmirəm. Elə bil ki, məndə nəfəs çatışmazlığı olur, enerjimi alır. Tanıdığım adamlardan çox az – iki, üç nəfər var ki, onların yanında çox rahat oluram.

- Oynadığınız hansı obraz ən ürəyinizcə olandır?

- Xanəndəlik sinfini qutardıqdan sonra ilk rolum Leyli olub. Ondan sonra 7 rol oynamışam, amma Leyli rolu daha əzizdi mənə. Leylidə çox həzinlik, yaxınlıq var. Səhnədən çıxdıqdan sonra istəmirəm kimsə məni danışdırsın. O əsərin yazıldığı dövrə çox bağlıyam.

- İndiki dövrdə sizi nə qane etmir?

- Özbaşınalıqlar çoxalıb, insan müasirləşdikcə bir az da cılızlaşıb. Düşüncəli, hörmət qoyan insanlar elə bil ki, yoxdu. Bizim evdə heç vaxt içki içildiyini görməmişəm. Amma indi ata, oğul içirlər. Uşaqları maddi tərəfdən təmin edirlər, amma o köklərə bağlılıq yoxdu, mənəvi boşluqlar çoxdu.

- Yəqin ki, bu çərçivələri, şərtləri öz övladınıza tətbiq edirsiz. Bəs bəhrəsi olurmu?

- Mən öz ailəmlə açıq olmamışam. Amma indi qızımla daha açığam, sözlərimizi bir-birimizə deyə bilirik. Anamla isə bu gün də birgə yaşayırıq. Ancaq bəzi şeylər var ki, bunları onunla danışa bilmərik, bu uşaqlıqdan belə olub.

- Hisslərinizi paylaşmamaq problemini özünüzdə görürsüz, ya ananızda?

- Bilmirəm günah kimdədi. Bəlkə də o dövrdə belə idi, amma ortada olan budur ki, bizdə bu münasibət olmayıb.

- Sənət aləmində adından yaxşı mənada söz etdirmək, sevilmək asan deyil. Bu, nələr verdi, nələri aldı sizdən?

- Sənət mənə çox şey verib. Burada yaxşı insanların mühitindən, yaxşı yoldaşlardan, çox şey asılıdı. Məsələn, insan elə yerə düşə bilər ki, tərbiyəli qalar. Allaha çox şükür, mənim ətrafımda elə insanlar olub ki, məni düz yola çəkiblər. İllər keçir arxaya baxıram ki, etdiyim səhvləri öz üzərimdə düzəldəm. Alın yazısına inanan insanam. Çiyinlərimdəki iki mələk məni həmişə düz yola çəkib. Elə insan var ki, yaxşı oxuyur. Ancaq danışdırırsan, baxırsan ki, bu, bərbad gündədi, dünyası tərsdi. Bunlar üst-üstə düşdükdə yaxşı olur.

- Rejissor olsaydız, Nəzakət Teymurovanın həyatından nələri montaj edərdiz?

- Əlbəttə, belə məqamlar var. Gənclik illərimin səhvini düzəltmək istəyərdim. Elə illərim olub ki, onları qəbul etmirəm. Arxaya baxdıqda düşünürəm ki, Allah çox şeyə icazə vermirdi ki, “sənin səsin var, onunla məşğul ol”. Tələbələrimə də deyirəm ki, bunları etməyin, çünki bəzi məqamlar var ki, onu həyatından çıxara bilmirsən, buna görə, əzab çəkirsən. Gənclik vaxtında bəzi şeylər var ki, həyatımdan onları konkret çıxardardım. Ailə ilə bağlı doğru seçim etmədim, ümumiyyətlə, insanları bir az çətin tanıyıram.

- Anlaşılmazlıqları heç cür düzəltmək olmaz?

- Olmaz. Bir insan ki, yalan üstündə ailə həyatı qursun, o insanı heç cür düzəltmək mümkün deyil. Bir şey də var ki, mən əzildikcə gələcəyə baxan insanam, kimsə məni qıcıqlandırırsa, elə bil işlərimlə, hərəkətlərimlə daha da qabağa getməyə çalışıram.

- 3 qardaş, 7 bacı olmusuz. Sizə dəstək oldular, yoxsa mübarizə aparıb bu sahəyə gəldiz?

- Məni bu sənətə qoymayıblar, texnikuma gizlicə daxil oldum. Qardaşım icazə vermirdi, məni Ukraynaya apardı. Qayıdanda gördüm ki, imtahanların vaxtını uzadıblar. Sənədlərimi gizli vermişəm. Heç vaxt icazə verməyiblər ki, bu sahəyə gəlim.

- Bu sahədə olan insanlardan necə, dəstək görmüsüz?

- Mən energetika təhsili almışam. O vaxt institut və texnikumlararası müsabiqədə birinci yerə çıxmışdım. Lidya Rəsulova gəldi, mənim əlimdən tutdu və dedi ki, “qızım, sən bu aləmdə yoxsan, sənin səsin var, sənətin var”. Məni Asəf Zeynallı adına musiqi texnikumuna göndərdi və onlara da tapşırıldı ki, üzərimdə işləsinlər. Muğam sinfinə getdim. Əməkdar müəllim, Seyid Şuşinskinin tələbəsi olmuş Nəriman Əliyev müəllimim oldu. Beş il orada oxudum. Sonra konservatoriyada professor Arif Babayevin sinfini qurtarıb, magistraturanı da bitirdim. Əhatəmdə yaxşı insanlar olub. O insan məni bura yönəltməsəydi, bəlkə də sənətdə olmayacaqdım.

- Özünüzü şanslı insanlar sırasında sayırsız?

- Şanslıyam, çünki Allah bu səsi verib, bu aləmdəyəm. Təhsilimi başa vurdum, muğamları öyrəndim. Bəzi məqamlarda Allah məni yönləndirdi.

- Səhnəmizin Leylisindən o obraz barədə soruşmamaq günah olar. Leylini oynayarkən rol üçün ağlamısız yoxsa həyatınız üçün?

- Həyatda özün yanmasan, o hissləri qarşındakına verə bilməzsən. Məsələn, Rübabə xanım haqqında həmişə deyirdilər ki, vətəndən o qədər həsrət çəkib ki, onun yanğısı səsinə keçib. Sevgidən insan özü heç vaxt yararlanmasa, daxilən o ifa onun qəlbindən çıxa bilməz. Tamaşa zamanı ağladığım o qədər anlar olub ki...

- Leylini həyatınızda o dərinlikdə yaşamısız?

- Bəli, yaşamışam.

- Əsasən nələrə əsəbləşirsiz?

- Mən Azərbaycan musiqisi üçün yaşayıram. Bəzən musiqimizə qarşı haqsızlıqlar olur. Bu bizim ana laylamızdı. Bəzi insanlar stol üçün yaşayır, stoldan düşdükdən sonra çox dəyişirlər. Kresloda elə bil şir, pələngdirlər. Əvvəllər Qulu Əsgərovun, Rübabə Muradovanın dövründə hansı nazir yaşayıb?! Hansı katib belə hallara qadağa qoyub?! Sənətkarı sənət yaşadır, onun verdiyi konsertlər, tamaşalar yaşadır. Elə bil qısqanclıq yaranıb bəzi məsələlərdə.

- Necə dincəlirsiz?

- Dincəlməyi xoşlamıram, elə bilirəm ki, məni yorur. O qədər işdə oluruq ki, dincəlmək yad gəlir adama. İnsanlardan tez yoruluram. Çox boş qaldıqda da elə bil ki, yaşamıram.

- Sizi sevənlərə nə məsləhət görərdiz? Həyatda nələrə diqqət etsinlər?

- İstəyirəm insanlar hər şeyin yerini bilən, adət-ənənələrimizi qoruyan, böyük-kiçik yeri bilən olsunlar. Çox vaxt özüm-özümlə danışdıqda o fikirləri qura bilirəm, amma insanlarla danışanda bunları ifadə edə bilmirəm. Bəzən deyirlər ki, Nəzakət danışa bilmir. Düzdü, danışamğı heç xoşlayan insan deyiləm. Ona görə ki, elə insanlar görürəm ki...danışdığı yalandı. Çünki onu tanıyıram. Onun daxilini də, xaricini də görürəm. Elə bil mətn əzbərləyib danışır. Məndə elə formal danışmaq alınmır, məcburi heç nə edə bilmirəm.

Aqşin İbrahimi

“Simsar” jurnalı






18 Dekabr, 2014  16:44 Baxılıb: 7656 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner