Uşaqlığm sadə, maddi durumu aşağı olan insanların yaşadığı məhəllədə keçib. Özüm də zəngin ailədə böyməmişəm. Amma bayramlarda ailəmizin, qonşularımızın kasıb olduğunu da heç vaxt hiss etməmişəm. Varlısı, kasıbı, hamı bayrama həvəslə hazırlaşardı, yeni ilə şad, firavan daxil olardı. Söhbət keçmiş Sovetlər zamanından gedir. O illər ki, fəhlə ildə bir dəfə sanatoriyaya istirahətə gedər, şəhərin münasib yerində mənzillə təmin olunardı. Həmin illər artıq çox uzaqda qalıb. İndi istirahətə getmək, şəhərdən ev almaq kasıbın, fəhlənin həddində deyil. Bunlar bir yana, bayramı qeyd etmək belə çoxları üçün əlçatmaz olub.
Çörəyini zəhmətdən, əziyyətdən çıxardan sadə vətəndaşların yeni ili necə qarşımalarını öyrənmək üçün paytaxt küçələrini gəzdim. Sadə, maddi imkanı aşağı, lakin zəhmətkeş vətəndaşımızın bayram düşüncələrini öyrənmək istədim.
Qarşıma ilk çıxan gənc bir elektrik oldu. Yol kənarında işıq dirəyində təmir işi ilə məşğul olurdu. Yaxınlaşıb salam verdikdən sonra, bayramı necə qarşılayacağını soruşdum. Mazutlu əllərini, deşik paltarını işarə edib təbəssümlə üzümə baxaraq - “Sən onu get yüzminlik maşın sürənlərdən soruş, mənim üçün nə bayram. Maaşları versələr 1 kilo ət, biraz meyvə alarıq” - dedi. Söhbət zamanı əvvəllər bayramları daha yaxşı keçirdiklərini söylədi: “Əvvəllər kasıbın da, varlını da süfrəsi bol olardı, indi isə bayram ancaq varlılar üçündür. Bolluq olardı, qonum-qonşu biryerə yığılardı. İndi hamının başı bir tikə çörəyə qarışıb. Varlıya isə elə həmişə bayramdır. Mənim üçün yaxşı pul qazandığım gün bayramdır”.
Səmimi həmsöhbətimin şəkilini yaddaşa salmaq istəyimə isə dostcasına etiraz etdi.
“Lavaş al, bu da olsun bayram”
Sağollaşıb üz tutdum “AzDrama”ya tərəf. Yeraltı keçidin qarşısında taxta yeşik üstündə oturub, əynində bir neçə qat geyim olan, belinə “odyal” dolayıb lavaş satan bir qadın gördüm. Yaşı çox olardı. Sual verməyimə peşiman oldum. Deyir əgər istəyirsənsə bayramı necə qarşılayacağımı biləsən, gəl lavaş al: “Bax bu da olacaq mənim üçün bayram. Bizim üçün bayram, alverin yaxşı olmasıdır”. Həmsöhbətim deyi ki, bayram günü də işləməyə məcburdur: “Bizim arxaya atdığımız ehtiyyatmız yoxdur. Bir gün işləməmək, növbəti gün ac qalmaq deməkdir”.
Təbii ki, bir ölkədə hərkəs zəngin ola bilməz və bu mümkün də deyil. Amma imkansızın da, sadə vətəndaşın da xoşbəxt olmağa, ailəsiylə birlikdə bayramı xoş qarşılamağa haqqı var.
Kor peşman yoluma davam elədim, “Torqovu"ya çatdım. Orda bir neçə küçə süpürən insanlara, ayaqqabı təmizləyən yaşlı bir kişiyə yaxılaşsam da, sərt bir şəkildə danışmaq istəmədiyi dedi. Avtomobil dayanacağında nəzarətçi işləyən bir gənc isə - “bizə intervyu verməyə icazə vermirlər” söylədi.
Nizami kinoteatrının qarşısında, yeraltı keçidin çıxışında üz-gözündən qəm-kədər yağan, ağsaqqal bir kişi isə qarşısına iki vedrə mandarin qoyub satırdı. Yaşı 70-dən çox olardı. “Ağsaqqal, salam, bazar olsun, mən jurnalistəm. Maraqlıdır bayramı necə qarşılayacaqsınız? Sualdan sonra onun da üzündə hər iki həmsöhbətimdə yaranan kinayəli, istehzalı, kədərlı bir təbəssüm yarandı: “Mənim pensiya alıb evimdə oturub dincələm vaxtımdı. Burda bütün günü ayaqüstə durub iki vedrə meyvəni nə vaxt satıb qutaracağımı gözləyirəm ki, bir tikə çörək alım evə gedim. İndi sən də soruşursan bayramı necə qarşılayıram?”
Hiss elədim ki, artıq sözə ehtiyyac yoxdur, Allah kömək olsun deyib uzaqlaşdım.
Heydər Əliyev sarayına çatırdım ki, arxadan səs gəldi, “Ay oğul, Allah xatirinə bir çörək pulu ver”. Çevrilib baxanda köhnə, amma səliqəli geyimli, nurlu, təmiz üzlü bir yaşlı qadın gördüm. Cibimdə olan 70 qəpiyin 50-sini ona verdim, daha doğrusu əlimi cibimə atdım 50 qəpiklik gəldi, geri qaytarmağa utandım. Alqış etdikdən sonra ona da ənənəvi sualımı verdim – “Ay xala bayramı necə qarşılayacaqsan? Deyəsən, onunla zarafat elədiyimi düşündü, gülərək çevrilib getmək istədi. Jurnalist olduğumu dedikdən sonra ayaq saxladı. “Tənha insanlar üçün bayram onların qapısın kiminsə döyməsidir, ay bala” deyib gözləri yaşardı. Bu yaşlı tənha qadın təqaüdçüdür, 50 manat pensiya aldığını deyir. Dolana bilmək üçün də, hər gün 1-2 saat dilənir - “Ay bala evə çörəklə qaydanda sevinirəm. Hökumət mənə ayda 50 manat pul verir. Onunla nə bayram edim? Tək adamam, gündəlik təlabatımı ödəmək üçün insanlardan pul istəyirəm. Mən heç bilmirəm neçənci ildir”.
Fikrimdə var idi ki, bir neçə saat şəhəri gəzim, amma əhvalım lap qarşdı. Ətrafımdan sağa-sola şütüyən bahalı xarici maşınlar əsəblərimə toxunurdu. Dəbdəbəli göydələnlər üstümə aşırdı. Və redaksiyaya qayıtdım...
Vüsal Qarayev